Milli Şuranın üzvü Gültəkin Hacıbəyli qlobal miqyasda davam edən qiymət artımlarının Azərbaycanda daha çox hiss edildiyini və qiymətlərin Avropadan daha baha olduğunu, habelə inflyasiyanın əhalinin gəlirlərinin kəskin şəkildə azalmasına təsir göstərdiyini bildirib. O, qiymətlər od tutub yanır, ərzaq və digər məhsulların qiymətləri vətəndaşına 5-6 min Avro maaş, 1800-2000 Avro minimum əmək haqqı verən Avropadan bahadır və digər fikirləri səsləndirib.
Faktyoxla Lab. bu iddiaları araşdırıb.
İddia 1. Əvvəlcə, G.Hacıbəylinin iqtisadiyyat nazirinin açıqlamasına istinad edərək yürütdüyü mühakiməyə aydınlıq gətirək. İqtisadiyyat naziri “Azərbaycanda ən son statistikaya görə əhalinin gəlirlərinin artım tempi inflyasiyanın tempini üstələyir” fikrini səsləndirmişdi.
Nazirin əhalinin gəlirlərinin ölkə üzrə inflyasiya göstəricisini üstələməsi barədə dedikləri nə dərəcədə əsaslı olduğunu araşdıraq. Bunun üçün 2022-ci ilin yanvar-oktyabr ayları ərzində əhalinin gəlirlərinin artım tempi, orta aylıq əməkhaqqının dinamikası, ölkədəki digər iqtisadi göstəricilər və inflyasiya ilə bağlı rəqəmlərə diqqət edək. 2022-ci ilin yanvar-sentyabr aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən nominal ifadədə 20,2 faiz artaraq 50 milyard 951,5 milyon manata çatıb. Qeyd edilən dövrdə əhalinin hər nəfərinə orta hesabla 5 min 064,6 manat olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 19,7% çoxdur. istinad
Bununla yanaşı, 2022-ci ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,4 faiz artaraq 827,4 manat təşkil edib. istinad
2022-ci ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri indeksi, yəni inflyasiya 2021-ci ilin yanvar-oktyabr aylarına nisbətən 13,7 faiz artıb. istinad
Beləliklə, qeyd edilən dövrdə əhalinin gəlirləri 20, nominal əmək haqı 14,4 faiz, inflyasiya isə 13,7 faiz təşkil edib. Yəni, əhalinin gəlirləri qiymət indeksini 6,3 %, əməkhaqqını isə 0,7 faiz-bənd üstələyib.
Bu isə o deməkdir ki, iqtisadiyyat naziririn ölkədəki iqtisadi gəlirlərin artım dinamikası barədə dedikləri gerçək iqtisadi faktlara əsaslanır.
İddia 2. Gültəkin Hacıbəylinin sanksiyalar altında əziyyət çəkən Rusiyada, yaxud müharibə sarsıntıları yaşayan Ukraynada qiymətlərin bizim ölkədən xeyli ucuz olması barədə dediklərini incələyək.
Başı siyasi proseslərə hədsiz qarışan G.Hacıbəylinin diqqətinə çatdıraq ki, Rusiyada ərzaq malları 2022-ci ilin əvvəllərindən dayanmadan bahalaşmaqdadır. Ölkənin iri şəhərlərində qiymət artımları daha çox yüksəlib. Ümumilikdə son aylarda ərzağın və gündəlik tələbat mallarının qiyməti 13-17 faizə qədər artıb. mənbə1 mənbə2
Ümumdünya İqtisadi Forumu bu ölkənin maliyyə sisteminin defolta uğradığını rəsmən elan edib. Rusiya 1918-ci ildən bəri ilk dəfə xarici maliyyə öhdəliklərini ödəyə bilmir. Hazırda borc öhdəlikləri faizlərin ağır şərtləri altında daha da artır və Rusiya qlobal investorlara çıxışını itirməkdədir. “Moody's” reytinq agentliyi bu ölkənin investisiya sisteminin ağır defolt notları ilə qiymətləndirir. istinad
Yaxud, Ukrayna əhalisinin zəruri qida malları və vacib istehlak məhsulları ilə təminatı xarici ölkələrin göndərdiyi mallar, o cümlədən də bir neçə dəfə yardım etmiş Azərbaycanın hesabına tənzimlənsə də, ölkədə sosial-iqtisadi vəziyyətin hansı durumda olmasını izah etməyə ehtiyac yoxdur. Ukrayna hökuməti insanların sosial öhdəliklərini yerinə yetirə bilmədiyindən xaricdən edilən maliyyə yardımlarına möhtacdır. Ancaq bütün bunlara baxmayaraq, Ukraynada qiymət bazarı səngimir, inflyasiya ilin əvvəlinə nisbətən 24,8% yüksəlib. İlin sonuna 40 faizi ötəcəyi gözlənilir.
Eləcə də, Avropa İttifaqı dövlətlərinin inflyasiya proqnozu Azərbaycanla nisbətdə daha yüksəkdir. Avropa regionunda 2022-ci ilin ötən ayları ərzində inflyasiya 14-43 % nisbətində olub. Məsələn, Avstriyada bu rəqəm 14,4 %, Belçikada 13%, Bolqarıstanda 26,3%, Xorvatiyada 19,1%, Danimarkada 15,7%, Estoniyada24,4 %, Finlandiyada 15,8%, Almaniyada 17,7%, Macarıstanda 43%, Litvada 31%, Niderlandda 12,7%, Norveçdə 13,6%, Polşada 22 %, İspaniyada 15,4%, İsveçdə 17,3 % təşkil edir. Yəni, ümumi götürdükdə, Avropa İttifaqının bütün ölkələrində inflyasiya Azərbaycandan daha yüksəkdir. mənbə
Avropanın bir nömrəli iqtisadiyatı olan Almaniyada inflyasiya 1951-ci ildən bəri ən yüksək həddə çatıb. Federal Statistika İdarəsinin məlumatına görə, qiymət dalğalanmaları hələ davam edəcək.
İddia 3. Dünya Bankının Cənubi Qafqazda ən aşağı maaş və pensiya alan ölkəsinin Azərbaycan olması barədə heç bir hesabatı açıqlanmayıb. Dünya Bankının Azərbaycanda inflyasiyanın 22,5 % olması barədə statistik rəqəmi və ya proqnozu yoxdur. Gültəkin Hacıbəyli bu statistikanı haradan götürüb? Bank Azərbaycanda inflyasiyanın 2022-ci il üzrə 12,5 % səviyyəsində olacağına dair proqnozunu dərc edib.
İddia 4. O ki, qaldı Cənubi Qafqaz ölkələrində orta aylıq əməkhaqqı, minimum əməkhaqqı, orta və minimum pensiya məbləği göstəricilərinə, həmin göstəricilər üzrə Azərbaycanda mütləq və nominal ifadədə daha irəlidə dayanır.
İlk növbədə, müqayisə edilən 3 ölkənin əsas makroiqtisadi göstəricisi olan Ümumi Daxili Məhsul (ÜDM) istehsalının həcminə diqqət edək. 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda ÜDM 111 milyard manat və ya 65,5 milyard dollara bərabər olub. Ölkəmizdə hər nəfərə düşən ÜDM 11, 3 min manat, yaxud, 6,5 min dollar təşkil edir. mənbə
Gürcüstanda ÜDM qeyd edilən dövrdə 64 milyrad lari, yəni 19 milyard dollara bərabər olub, adambaşına düşən ÜDM 4,8 min dollardır. mənbə
Ermənistanda isə ÜDM 2022-ci ilin ötən dövründə 2, 3 trilyon dram, yəni 5,7 milyard dollar təşkil edib. Adambaşına düşən ÜDM 1900 dollara bərabərdir. armenianreport
Ümumi həcmi 90 milyard dollar təşkil edən Cənubi Qafqaz iqtisadiyyatının 73,4 %-i Azərbaycanın payına düşür. Azərbaycanda dövlət büdcəsinin həcmi 33,2 milyard manat və ya 19,5 milyard dollar, Gürcüstanda 5,8 milyard dollar, Ermənistanın büdcəsi 3,5 milyard dollardır. Yəni, Cənubi Qafqazın 29 milyard dollara bərabər olan büdcəsinin 70,9 faizi Azərbaycanın payına düşür.
2022-ci ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 827,4 manat olub ki, bu da dollar ifadəsi ilə 487 dollardır. Minimum əməkhaqqı 300 manat, yəni 177 dollar təşkil edir. mənbə
Ölkəmizdə minimum pensiya 240 manat (142 dollar), orta aylıq pensiya məbləği təxminən 371 manat təşkil edir ki, bu 218 dollar deməkdir. istinad
Gürcüstan Milli Statistika İdarəsinin rəsmi məlumatına görə, 2022-ci ildə ölkədə orta əmək haqqı ayda 1463,8 lari təşkil edir ki, bu da 480 ABŞ dollarına bərabərdir. Gürcüstanda minimum əmək haqqı 20 laridir ki, buda 7 dollar , dövlət qulluqçuları üçün isə 350 lari (115 dollar) təşkil edir. Eyni zamanda ölkədə yaşa görə pensiya ayda 180 lariyə (60 dollar) bərabərdir. istinad
Ermənistanda minimum əmək haqqı 68 min dram, yəni 172 dollar, orta aylıq əmək haqqı sənayedə 195 min (492 dollara) bərabərdir. istinad
Bu ölkədə minimum pensiya məbləği sentyabrda 31,6 min dram səviyyəsinə qaldırıldıqdan sonra 75 dollar təşkil edir. Orta aylıq pensiya isə təxminən 53 min dram, yəni 106 dollardır. mənbə
Göründüyü kimi, G.Hacıbəylinin Azərbaycanın Cənubi Qafqazda sosial-iqtisadi göstəricilərə görə ən sonda dayanması barədə fikirləri əsassız və saxtadır.
İddia 5. G.Hacıbəylinin “Azərbaycanda əmək qabiliyyətli əhalinin 70 faizinin daimi işi yoxdur” fikrini tam anlamaq üçün belə bir mənzərəni təsəvvür etmək lazımdır: ölkəmizdə qeydə alınmış 5 milyon 355 min nəfər əmək qabiliyyətli iqtisadi-fəal əhalinin 3,7 milyon nəfəri işsizdir. Açıq-aşkar absurd düşüncə və iddiadır. Çünki 5 milyon 355 min nəfər iqtisadi fəal əhalinin (ticarət, ictimai iaşə,turizm, tikinti, sənaye, xidmət, kənd təsərrüfatı. emal və s. sahələrdə çalışanlar) 5 milyon 53,8 min nəfəri faktiki olaraq məşğul əhalidir. Bu isə fəal məşğul əhalinin 94,5 faizi deməkdir. istinad
Bundan başqa, ölkədə 2,5 milyon nəfər uşaq, 1,5 milyon nəfər pensiyaçı, əlil və s. sosial kateqoriaylar üzrə insanların sayı birlikdə 4 milyondan çoxdur. Müdafiə, daxili işlər, sərhəd qoşunları, ədliyyə, milli təhlükəsizlik, prokurorluq, hüquq-mühafizə, təhsil, səhiyyə, kənd təsərrüfatı, elm, mədəniyyət, incəsənət, sosial və digər sahələrdə çalışanların sayı təxminən 2,2 milyon nəfərdir. Yuxarıdakı 4 milyon nəfəri də nəzərə aldıqda rəsmi maaş və dövlətin sosial müdafiə tədbirləri ilə əhatə olunmuş insanların sayı 6,2 milyon nəfər təşkil edir. Bundan başqa, ölkəmizdə 800 mindən çox özəl müəssisə və təşkilatlarda çalışan, 1 milyon nəfərə yaxın kiçik və orta, fərdi sahibkar mövcuddur ki, bu insanlar da aktiv məşğul əhali qrupuna aiddir.
Beləliklə, aktiv əmək fəaliyyəti ilə məşğul olan və dövlətin sosial təminatı ilə əhatə edilmiş insanların sayı 9 milyon nəfəri ötür. Demək, Hacıbəylinin 3,7 milyon insanı işsiz kimi qələmə verməsi, onun kütlə düşüncəsi ilə manipulyasiya, saxta rəqəmlərlə izləyicilərini çaşdırmaq məqsədinə xidmət etdiyinə işarədir.
İddia 6. G.Hacıbəyli ölkəmizdə işləyən 1,8 milyon insanın əksəriyyətinin 400 manat maaş alması barədə də fikir bildirib.
Ölkəmizdə 1,8 milyon nəfərə yaxın muzdlu işçinin maaşı 400 manatı 2 dəfədən də çox üstələyir. Belə ki, 2022-ci ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,4 faiz artaraq 827,4 manat təşkil edib. Yəni, ölkədə insanların əksəriyyətinin maaşı iddia olunan 400 manat rəqəmindən 427 manat daha çoxdur. mənbə
Beləliklə,
- ♦ İqtisadiyyat nazirinin əhalinin gəlirlərinin ölkə üzrə inflyasiya göstəricisini üstələməsi barədə dedikləri əsaslıdır. G.Hacıbəyli isə bunu yalan adlandırmışdı.
- ♦ Gültəkin Hacıbəylinin sanksiyalara məruz qalmış Rusiyada, yaxud müharibə sarsıntıları yaşayan Ukraynada qiymətlərin bizim ölkədən xeyli ucuz olması barədə dedikləri yalandır. Rusiya tarixinin ən böyük defoltunu yaşayır, Ukrayna isə xarici dövlətlərin yardımına möhtacdır. Manipulyasiya edir.
- ♦ Dünya Bankının Cənubi Qafqazda ən aşağı maaş və pensiya alan ölkəsinin Azərbaycan olması barədə heç bir hesabatı olmadığı halda Gültəkin Hacıbəyli bu təşkilatın adından yalan danışır, saxtakarlığa yol verir.
- ♦ Cənubi Qafqaz ölkələrində orta aylıq əməkhaqqı, minimum əməkhaqqı, orta və minimum pensiya məbləği göstəricilərinə görə digər respublikalardan geri qalmağımız haqda məlumat saxtadır, heç bir əsaslandırması yoxdur. G.Hacıbəyli burada da yalan danışır.
- ♦ Hacıbəylinin “Azərbaycanda əmək qabiliyyətli əhalinin 70 faizinin daimi işi yoxdur” fikri də gerçək statistikanı təhrif etməkdir. G.Hacıbəylinin səsləndirdiyi “70 faiz işsiz” o deməkdir ki, ölkəmizdə qeydə alınmış 5 milyon 355 min nəfər əmək qabiliyyətli iqtisadi fəal əhalinin 3,7 milyon nəfəri işsizdir. Saxta məlumatdır.
- ♦ Hacıbəylinin ölkəmizdə işləyən 1,8 milyon insanın əksəriyyətinin 400 manat maaş alması barədə fikri də səhvdir.