REAL Partiyasının katibi, iqtisadçı Natiq Cəfərli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Euronews” televiziyasında yayımlanan müsahibəsində Azərbaycan iqtisadiyyatındakı mövcud vəziyyətə, xüsusilə də risklərin olub-olmamasına dair fikirlərinə diqqət yönəldərək iddia edib ki, Azərbaycan iqtisadiyyatı üçün əslində ciddi risk təhlükələri mövcuddur. Cəfərli bu iddiasını bir cümləyə - 2023-cü ilin dövlət büdcəsində hüquqi şəxslərin mənfəət vergisindən daxilolmaların azalmasına diqqət çəkməklə əsaslandırmağa çalışıb.
Faktyoxla Lab. bu iddianı əsaslı olub-olmamasını araşdırıb.
Qeyd edək ki, “Euronews”-un jurnalistinin “Ölkənizin iqtisadi inkişafı ilə bağlı risklərə dair narahatlığınız nədən ibarətdir?” sualına cavabında Cənab İlham Əliyev iqtisadiyyatla bağlı heç bir problem, hər hansı bir risk görmədiyini bildirib.
Sitat: “Səmimi desəm, mən hər hansı bir risk görmürəm. Çünki bu günədək bizim iqtisadi inkişafımız müsbət olub, hətta daha mürəkkəb geosiyasi vəziyyətdə belə. Hətta işğal dövründə bizim iqtisadiyyatımız inkişaf edib. İndi isə ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etmişik. Biz genişmiqyaslı iqtisadi islahatlar aparırıq ki, büdcədə daha çox vəsait toplansın. Biz gömrük və vergi inzibatçılığı sahəsində olduqca uğurlu islahatlar həyata keçirmişik. Biz bütün dövlət şirkətlərimizdə korporativ idarəçilik sistemi yaratmışıq və bunun bəhrəsini görürük”.
Sözsüz ki, N.Cəfərli Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin iqtisadiyyatla bağlı fikirlərini təftiş edəcək potensiala və lazımi iqtisadi biliyə sahib olmadığından onun söylədiklərinin ciddi əsasları da ola bilməz. Ancaq onun ölkə ictimaiyyətini qəsdən çaşdırmaq, iqtisadiyyatın riskli olmasını iddia etməklə ictimai rəydə məqsədli şəkildə süni ajiotaj yaratmaq cəhdlərini nəzərə alaraq digər məsələlərə də aydınlıq gətirməyi lüzum gördük.
Əvvəla, dünya iqtisadi praktikasından məlumdur ki, iqtisadi risk qiymətlənməsi geniş iqtisadi spektrləri əhatə etməklə ölçülür və hüquqi şəxslərin mənfəət vergisinin azalması bu qiymətləndirmədə ən son yerlərdən birini tutur.
İqtisadi risklər dedikdə ölkənin milli gəlir əldəetmə imkanlarının tükənməsi, öz resurslarını tədricən itirməsi və fiskal yığımların azalması, maliyyə dayanıqlılığını təmin etmək üçün xarici aktivlərdən asılı vəziyyətə düşməsi nəzərdə tutulur. Bunu isə əsas etibarilə belə təsnifləşdirmək olar:
- Ölkənin iqtisadi artımının geriləməsi və ÜDM-də tənəzzül meyillərinin baş verməsi,
- Dövlətin yığım mənbələrinin zəifləməsi və öz maliyyə-büdcə öhdəliklərini yerinə yetirməkdə çətinliklə üzləşməsi,
- Tədiyyə balansının cari hesabının zəifləməsi və mənfi saldonun artması,
- Ölkənin valyuta gəlirlərinin azalması, milli valyutanın dəyərinin kəskin ucuzlaşması,
- Hökumətin öz öhdəliklərini icra etmək üçün davamlı xarici borca getməsi və digər amillərdir.
İndi yuxarıda sadalanan faktorlar üzrə Azərbaycan iqtisadiyyatında müşahidə edilən vəziyyətə nəzərə salaq.
İqtisadi artım. 2023-cü ilin yanvar-noyabr aylarında ölkəmizdə iqtisadi artım 0,8 faiz yüksəlib, ümumi daxili məhsulun (ÜDM) əsas artım mənbəyi qeyri neft sektoru olub (3,2 faiz artım). mənbə
Yaxın beşillik proqnozlara əsasən, Azərbaycan iqtisadiyyatında iqtisadi artımın əsas mənbəyi qeyri-neft gəlirləri olacaq və məhz həmin resurslar əsasında ÜDM-in həcmi 135,6 milyard manata çatacaq. Belə ki, ÜDM-də 2023-cü il üzrə qeyri-neft gəlirlərinin 77,6 milyard manat və ya 64,9 %, 2024-cü ildə 84,2 milyard manat və ya 71,1 faiz təşkil edəcəyi gözlənilir. 2027-ci ildə isə bu rəqəmin 106,8 milyard manat və ya 78,7 %-ə çatacağı proqnozlaşdırılır. mənbə
Risk amili hesab edilən digər istiqamət dövlətin yığım mənbələrinin, fiskal resursların azalması və hökumətin maliyyə-büdcə öhdəliklərini yerinə yetirə bilməməsidir. Həmin yığım mənbələri isə neft gəlirlərindən başqa, vergi-gömrük daxilolmaları və digər mənbələrdir. Azərbaycanın dövlət büdcəsinın yığım mənbələrinə baxsaq, əsas baza kimi vergi-gömrük və digər fiskal gəlirlərin həcminin artdığını görə bilərik. Bu günlərdə təsdiq edilən 2024-cü ilin dövlət büdcəsi layihəsində nəzərdə tutulmuş 34.2 milyard manat gəlirlərin də əsas yığım resursları vergi-gömrük daxilolmalarıdır. Təkcə həmin 2 mənbə üzrə yığımlar 2015-ci ildə 9,4 milyard manat təşkil etmişdisə, 2023-cü ildə bu rəqəm 22,2 milyard manata çatır. Yəni, vergi və gömrük orqanlarının yığımları son 9-10 ildə 2,5 dəfə çoxalıb.
Büdcədə birbaşa vergi daxilolmalarına gəlincə, vergilərin bütün tədiyyələr üzrə artma tendensiyasını görmək olar. 2024-cü ilin büdcə zərfində gəlirlərin 13,9 milyard manatı Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar təşkil edəcək. Həmin gəlirlərin isə cəmi 4 milyard manatı neft gəlirləri təşkil edəcəkdir, qalan 9,9 milyard manat qeyri-neft vergi yığımlarıdır. Yəni, gələn il neft sektorundan vergi gəlirləri 2 milyard manat azalmış olacaq. Halbuki 2023-cü ildə neft gəlirləri 6 milyard manat proqnozlaşdırılıb. N.Cəfərlinin risk hesab etdiyi hüquqi şəxslərin mənfəət vergisinin payının aşağı düşməsi də məhz neft sektorunda çalışan şirkətlərin (hüquqi şəxslər) mənfəət vergisinin azalması sayəsində baş verəcək. Bu isə iqtisadiyyat və büdcə yığımları üçün risk yox, əksinə müsbət tendensiyadır. Ona görə ki, iqtisadiyyat neft asılılığından uzaqlaşır, qeyri-neft iqtisadiyyatı güclənir və gələcək iqtisadi inkişaf məhz qeyri-neft yığım mənbələri üzərində qurulur. Bu prosesdə isə vergi yığımları aparıcı rol oynayacaq. Belə ki, 2023-cü ildə vergi gəlirlərinin büdcədəki payı 12,9 milyard manat proqnozlaşdırılıbsa, 2024-cü ildə bu rəqəm 1 milyard manat artaraq 13,9 milyard manat nəzərdə tutulub. mənbə
Onu da xatırladaq ki, yuxarıdakı gəlir resursları azad edilmiş ərazilərin iqtisadi potensialı nəzərə alınmadan pronozlaşdırılmış mənbələrdir. Həmin ərazilərdə zəngin iqtisadi potensialı, o cümlədən mədənçıxarma, turizm, kənd təsərrüfatı ilə bağlı fəaliyyət sahələrinin hərəkətə gətirilməsini nəzərə alsaq, yaxın 4-5 ildə bu bölgənin ölkə üzrə əlavə dəyərin yaranmasında əhəmiyyətli rolu olacaqdır. Cənab Prezident “Euronews” televiziyasına müsahibədə gələcək iqtisadi artım və maliyyə imkanları ilə bağlı gözləntilərdən danışarkən məhz Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda əlavə aparıcı qüvvə olacağına diqqət çəkib. Dövlət başçısı, həmçinin gələcək iqtisadi gündəlikdə regional nəqliyyat tranzitlərinin - Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərindən də böyük həcmdə mənfəət əldə olunacağına əminliyini ifadə edib.
Bir sözlə, ölkəmizin iqtisadi-maliyyə dayanıqlılığını təmin edəcək qeyri-neft mənbələri çox güclüdür. Bu baxımdan, Azərbaycan Prezidentinin gələcək iqtisadi yığım resurslarına əsaslanaraq iqtisadiyyatla bağlı hər hansı bir riskin gözlənilmədiyinə dair sərrastlıqla cavabı dərin iqtisadi təfəkkürün, təmkinli proqnozlaşdırma istedadının və iqtisadi uzaqgörənliyin təzahürüdür.
Beləliklə,
- N.Cəfərlinin Azərbaycan iqtisadiyyatında risk faktorlarının olması və ya gözlənilməsi ilə bağlı bütün iddiaları əsassızdır, heç bir fakt, arqument və proqnoza söykənmir;
- N.Cəfərlinin hakimiyyətin yürütdüyü indiki iqtisadi siyasətlə rifah dövlət qurmağın mümkün olmadığına və Azərbaycanın gələcək inkişafı üçün “rifah dövləti” konsepsiyası qəbul edilməsinin vacibliyinə dair fikirləri isə məlumatsızlığın və hökumətin iqtisadi islahatlarından xəbərsizliyin nümunəsidir. Çünki həmin konsepsiya hələ bir il əvvəl təsdiqlənib, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində “sosial rifah dövləti konsepsiyası” ilə bağlı mühüm hədəflər yer alıb;
- N.Cəfərlinin gələn il keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı YAP-ın namizədi, hazırkı dövlət başçısı Cənab İlham Əliyevin prezidentliyə namizəd kimi öz iqtisadi proqramını açıqlamaması barədə “irad”ı isə gülüncdür. N.Cəfərli hələ bilmir ki, prezidentliyə namizədlərin Seçki Proqramı, o cümlədən iqtisadi proqramı təbliğat-təşviqat kampaniyası mərhələsində açıqlanır. Cənab İlham Əliyevin "Seçki və İqtisadi Proqramı" seçki təşviqatı start götürəndə bütün ictimaiyyətə açıqlanacaq və müxaliflər bu proqramda qeyd olunan tezislərdən gələcəkdə yararlana bilərlər.
Bizə yazın: