Şengen vizası almaq məqsədilə səfirliklərdə görüş götürmək üçün yerlər satılır. Bir müddət öncə ortaya çıxan iddialara görə, turizm şirkətlərinin bu məsələdə müstəsna rolu var. Müraciətlərə cavab olaraq yalnız VİP yerlərin mövcud olduğunu bildirərək  200-300 AZN əlavə ödəniş tələb edirlər. Təcili uçuşlarda qiymət daha da qalxır. 

Problemin sosial şəbəkələrdə əks-sədası 

Yeni “bazar”ın formalaşmasında xarici ölkələrin səfirlikləri və konsulluqları ilə yanaşı, yerli turizm və vasitəçi şirkətlərin də adı hallandırılır. Sosial şəbəkədəki fikir və rəylər məhz bunu deməyə əsas verir: “Xahiş edirəm, viza üçün rüşvətsiz görüş götürməyin yolları haqqında məlumat verəsiniz”, “Səfirliklərə görüş yeri üçün pulsuz yaxın düşmək mümkün deyil” və s. 

Sosial şəbəkələrdəki narazılıqlar elm adamlarına qədər uzanıb. Məsələn, biologiya elmləri doktoru Elimxan Cəfərov  “Siz oranı da ələ keçirdiniz! Afərin sizlərə. Qabaqlar çətin də olsa səfirliklə görüş vaxtı tapa bilirdik, indi isə bütün vaxtları zəbt etmisiniz və buranı da bazara çevirmisiniz. Yəqin ki, bu işlərə də bir əncam tapılar. Ancaq başa düşün ki, belə pul qazanmaq ...” – deyə vəziyyətə etiraz edib. 

Səyahət blogeri Elşən İsmayılov özünün facebook profilində Almaniyanın ölkəmizdəki səfirliyini xəbərdar etməyə çalışıb: “Hazırda may ayından etibarən yerlər satılır. Səfirliyə dəfələrlə zəng edərək şikayətlər edilsə də, əhəmiyyət verilmir. Şəxsən mən 300-400 manata yer almağa məcbur olan onlarla adam tanıyıram. Ya konsul, ya da “Vizametrik” şirkəti sizə xəyanət edir”.   
 

200 AZN əlavə ödəniş etdilər, ilk dəfə olmasına baxmayaraq, 1 illik viza aldılar  

Faktyoxla Lab.-ın araşdırmasına qatılan səyahət həvəskarı A.Allahverdiyeva bu yaxınlarda Almaniyaya, daha sonra isə Avstriyaya gedib, təbii ki, 400 manat əlavə ödəniş edərək yoldaşı ilə özünə aldığı 1 illik viza ilə: 1 adama 200  AZN ödədik. Tanış-bilişin məsləhəti ilə səyahət şirkətlərindən birindən bir nəfər tapdıq. O dedi ki, rəsmi yer açılan kimi bizə bildirəcək. Biz müraciət edəndə iyul idi və avqust ayında getmək üçün mövcud bütün imkanları araşdırırdıq. “Vizametrik”in rəsmi səhifəsini özüm də izləyirdim və noyabra kimi yerlər dolu idi. Sonradan səyahət bələdçimiz dedi ki, 200 manatdan yerləri satırlar, istəyirsiz alaq, əvvəlcə razılaşmasam da, sonradan məcburən almalı olduq. Hər birimizə 200 manat ödəyib yoldaşımla Avropa səyahətimizi reallaşdırdıq”. 

Bakı sakini A.Allahverdiyevanın sözlərinə görə, bir neçə ildir getmək istəsələr də, cəhdləri boşa çıxır, Avropaya səyahətləri baş tutmurmuş: “Böyük haqsızlıqdır. Yerlər açıq olanda, sadəcə rüsum ödəyərək səyahət şirkətinin nümayəndələrinin köməyi, bələdçiliyi olmadan da istəyən viza üçün müraciət edib yer ala bilir. Amma yeri açmır, əl altdan satırlar. Nəticədə bütün rüsumlardan əlavə 200 AZN əlavə xərcimiz çıxdı. Bir yaxşı hal o oldu ki, ilk başvurumuz olmağına baxmayaraq, vizanı bizə 1 il müddətinə verdilər. Gələn ilin avqustuna qədər Şengen ölkələrinə səfər edə bilərik”. 

Pulsuz mümkün olduğu halda niyə əlavə ödəniş edəsiniz ki? 

Səyahət şirkətlərindən birinin əməkdaşı Nərmin xanım deyir ki, A.Allahverdiyevanın 1 illik viz ala bilməsində şansı rol oynayıb: “Hər halda konsulun əhval-ruhiyyəsinin yaxşı vaxtına düşüb”. 

Şirkət əməkdaşının sözlərinə görə, hər hansı əlavə ödənişə ehtiyac yoxdu: "Pulsuz mümkün olduğu halda niyə əlavə ödəniş edəsiniz ki? Onsuz da müraciət edəndən sonra hamısında 1 həftə ərzində cavab çıxır”. 

Görüş vaxtı eyni günə təyin edilir: “Sənədlərinizi hazırlayıb gözləyəcəyik, nə vaxt görüş çıxdı, dərhal sənədlərinizi götürüb görüşə girəcəksiniz. Almaniya üçün görüş, demək olar ki, gündəlik çıxır. Bir həftə öncədən bunu bilmək mümkün deyil. Axşamdan, ya da elə həmin gün bu barədə məlumat alırıq”. 

Nərmin xanım da təsdiq edir ki, artıq 2 ildir görüşlər pulla satılır. 

Viza prosedurları optimallaşdırılır? 

Mətbuatdakı məlumatlardan görünür ki, Dövlət Turizm Agentliyi məsələnin  həllini tapmasını ikitərəfli turizm əlaqələrinin inkişafı üçün vacib sayır və hətta xarici ölkə səfirləri ilə ikitərəfli görüşlərdə viza prosedurlarının optimallaşdırılması istiqamətində iş aparıldığını iddia edir.  

Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Emil Səfərov “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” Saziş əsasında təsis edilmiş Avropa İttifaqı-Azərbaycan arasında Birgə Viza Sadələşdirilməsi Komitəsində, o cümlədən Avropa İttifaqına üzv dövlətlərlə keçirilən ikitərəfli görüşlərdə gündəmə gətirildiyini bildirib: “2013-cü il 29 noyabr tarixində imzalanmış Sazişin 6-cı maddəsinin 3-cü bəndinə əsasən üzv dövlətlər vizanın rəsmiləşdirilməsi üçün kənar xidmət təchizatçısı ilə əməkdaşlıq etdiyi halda, kənar xidmət təchizatçısı xidmətlər üçün rüsum ala bilər. Bu rüsum öz işlərinin icrası zamanı üzləşdiyi xərclərə mütənasib olmalı və 30 avrodan artıq olmamalıdır. Həmçinin sazişə tərəf olan ölkələr ərizəçilərə öz ərizələrini birbaşa onların konsulluqlarına təqdim etmək imkanını saxlamalıdırlar. Sazişin 7-ci maddəsinin 1-ci bəndinə əsasən, sazişə tərəf olan ölkələrin diplomatik missiyaları və konsulluq bölmələri vizanın rəsmiləşdirilməsi üçün ərizənin və tələb olunan sənədlərin qəbul tarixindən 10 təqvim günü ərzində vizanın rəsmiləşdirilməsi müraciəti ilə əlaqədar qərar qəbul etməlidir. Həmin maddənin 3-cü bəndinə əsasən, ərizəçilərdən ərizənin təqdim edilməsi üçün görüş təyin edilməsi tələb olunduğu təqdirdə görüş edilmiş müraciət tarixindən etibarən 2 həftə ərzində baş tutmalıdır”.  

İdarə rəisi qeyd edib ki, qeyd olunan məsələlərlə əlaqədar XİN Avropa İttifaqına və üzv dövlətlərinə müraciət ünvanlayıb. 

NƏTİCƏ 

Şengen vizası almaq məqsədilə səfirliklərdə görüş üçün yerlər satılır. Azərbaycandakı səyahət şirkətlərindən birinin nümayəndəsi təsdiq edir ki, artıq 2 ildir görüşlər pulla satılır.  

Azərbaycan Xarici İşlər Nazirliyi isə 2013-cü ildə imzalanmış Sazişə əsas tutaraq deyib ki, sazişə tərəf olan ölkələrin diplomatik missiyaları və konsulluq bölmələri vizanın rəsmiləşdirilməsi üçün ərizənin və tələb olunan sənədlərin qəbul tarixindən 10 təqvim günü ərzində vizanın rəsmiləşdirilməsi müraciəti ilə əlaqədar qərar qəbul etməlidir. Həmin maddənin 3-cü bəndinə əsasən, ərizəçilərdən ərizənin təqdim edilməsi üçün görüş təyin edilməsi tələb olunduğu təqdirdə görüş edilmiş müraciət tarixindən etibarən 2 həftə ərzində baş tutmalıdır. Qeyd olunan məsələlərlə əlaqədar XİN Avropa İttifaqına və üzv dövlətlərinə müraciət ünvanlayıb.