“Bu ilin   5 ayında ölkəyə xaricdən 31 220 ədəd avtomobil gətirilib və bunun cəmi 29 ədədi müasir, ekoloji cəhətdən təmiz, elektriklə işləyən avtomobillərdir”. Bu açıqlama ilə REAL partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli öz feysbuk səhifəsində çıxış edib.  İqtisadçının fikrincə  bu göstərici  Azərbaycanın  “yaşıl iqtisadiyyat” qurmaq planını şübhə altına salır.   

Faktyoxla Lab.Natiq Cəfərlinin bu açıqlamasının reallıqla uyğun olub-olmadığını yoxlayıb.

Azərbaycan Dövlət Gömrük Komitəsinin statistik məlumatları iqtisadçının dedikləri ilə qismən üst-üstə düşür.  

Cədvəldən də  göründüyü kimi, ilin əvvəlindən etibarən, yanvar-may ayları ərzində Azərbaycana  yalnız elektriklə işləyən 29 nəqliyyat vasitəsi, 3719 ədəd həm elektriklə, həm də daxili yanma mühərriki ilə  işləyən hibrid  avtomobil idxal olunub.  Hibrid avtomobillərin ekoloji təmizliyi təmiz elektomobillərlə müqayisə edilə bilər. Benzin və dizel avtomobillərindən isə dəfələrlə yüksəkdir.

Qeyd edək ki, Azərbaycanda ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin istifadəsi vəzifəsi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”  adlı sənəddə əksini  tapıb.  Sənəddə  indiki və gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyaların tətbiqinin genişləndirilməsi məsələsi qarşıya vəzifə qoyulub. Həmçinin ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə edilməsinin ətraf mühitə və atmosfer havasının keyfiyyətinə müsbət təsir göstərəcəyi qeyd edilib.

Bu kurs artıq özünü dövlətin stimullaşdırmaq siyasətində göstərir. Belə ki, Azərbaycana idxal olunan elektromobillər  üçün aksiz vergisi və əlavə dəyər vergisi ləğv edilib. Ekspertlər  əlavə olaraq 15 faiz gömrük rüsumunun  ləğv edilməsi təklifini də fəal şəkildə təbliğ edirlər.

Elektriklə işləyən nəqliyyat vasitələrinin  tətbiqi üçün infrastrukturun formalaşması da az əhəmiyyət daşımır. 2021-ci ilin sonunadək Azərbaycanda bir çox yanacaqdoldurma məntəqəsində  elektromobillər üçün enerji doldurma məntəqələrinin quraşdırılması planlaşdırılır. “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq bir neçə il ərzində ölkədə elektrik nəqliyyatı üçün lazım olan  infrastrukturun qurulması nəzərdə tutulub. 2021-ci il ərzində  SOCAR Petroleum-un qırx yanacaqdoldurma məntəqəsi elektromobilərin enerji təminatı üçün yenidən təchiz ediləcək.

Azərbaycana kiçik həcmli elektromobillərin idxalı ilə dövlətin “yaşıl iqtisadiyyat” planının əlaqələndirilməsinə gəlincə,  bu yanaşma məntiqli deyil.  Məsələ burasındadır ki,  avtomobil satıcıları və fərdlər  bu və ya digər məhsulu əsasən iqtisadi məqsədəuyğunluq prinsipinə və mövcud iqtisadi vəziyyətə əsaslanaraq idxal edirlər. Bu  istiqamətdə isə məlumdur ki,  koronavirus pandemiyası ilə əlaqədar təkcə Azərbaycanda deyil,  ümumiyyətlə  dünyada  vəziyyət pisləşib.

Azərbaycanda iqtisadi vəziyyət:  koronavirus pandemiyasından əvvəl və sonra.  Mənbə: Azərbaycanın İqtisadiyyat Nazirliyi, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu.

Dünya Bankı Azərbaycan iqtisadiyyatının 2022-ci ilin sonuna pandemiyadan əvvəlki səviyyəyə qayıdacağını proqnozlaşdırır. Bankın hesabatında qeyd olunur ki, 2021-ci ildə daxili tələbatın sürətlənməsi iqtisadi böyüməni dəstəkləyəcək, lakin bu, sağlamlıq vəziyyətinin yaxşılaşdırılması və dövlət xərclərinin artması ilə şərtlənəcək. Yüksək neft qiymətlərinin maliyyə kəsirini azaldacağını və cari əməliyyatlar hesabın profisitə qayıtmasına kömək edəcəyi proqnozlaşdırılır. 2021-ci ildən sonra böyük struktur islahatları olmadan iqtisadi dirçəlişin sürətinin neft hasilatındakı uzunmüddətli bərpa və gözlənilən fiskal siyasətin sərtləşdirilməsi  nəticəsində orta səviyyədə olacağı ehtimal edilir".

Belə bir şəraitdə, aydındır ki, qiyməti karbon yanacağı ilə işləyən ənənəvi avtomobillərdən əhəmiyyətli dərəcədə yüksək olan elektromobillərin hətta dövlət  stimullaşdırması nəticəsində belə ticarət cəlbediciliyini itirir.  Bu cür avtomobillərin elektrik enerjisinin nisbi ucuzluğu səbəbindən benzinlə və dizellə işləyən avtombillərlə müqayisədə daha sərfəli olmasına dair irəli sürülən dəlil qüsursuz deyil. Çünki iqlimdən asılı olaraq həm sərnişin bölməsinin istiləşməsi, həm də soyudulması  əlavə enerji istehlakı  tələb edir.

Elektromobillərin müsbət və mənfi cəhətlərini müzakirə edərkən başqa bir vacib faktoru nəzərdən qaçırırıq. Doğrudanmı, bu cür nəqliyyat vasitələri ətraf mühitin qorunması baxımından xilas yoludur?

Mütəxəssislərin fikrincə, akkumulyatorla işləyən nəqliyyat vasitələrinin ekoloji cəhətdən təmizliyi bir qədər şübhəlidir. Bunun səbəbi elektrik enerjisinin generatorlardan (əsasən istilik elektrik stansiyalarından) yaşayış məntəqələrinə, daha sonra paylayıcı şəbəkələr daxilində (cəmi 15-20%) daşınması zamanı itkilər nəzərə alınmaqla, elektromobillərin qiyabi olaraq “yanması ”dır.  Bu mənada  hidrogen mühərrikli  – fuel cell electric vehicle (FCEV)  avtomobillər  ekoloji cəhətdən daha çox təmiz hesab olunur. Əslində bu avtomobillərin iki mühərriki  var. Biri yanacaq - hidrogen yandırır və akkumulyatorları doldurur, ikincisi - elektrik, akkumulyatorlarla işləyir və avtomobili hərəkətə gətirir.

Bəzi mütəxəssislərin fikrincə, bu cür "hidrogen" avtomobillər nəqliyyat vasitələrini tamamilə (99,6%)  neft asılılığından azad edə bilər.  Bütün dünyada  avtomobil parkının  tam şəkildə elektromobillərlə əvəzlənməsi isə  (onların "yanacağının" - mənşəyi nəzərə alınmaqla) bu asılılığı yalnız  25 % azalda bilər.

Bir daha qeyd edək ki,  Azərbaycan dövlətinin elan etdiyi “yaşıl  iqtisadiyyat”  kursunu  ölkəyə az sayda elektromobil idxalı ilə bağlayaraq tənqid etmək  cəhdi obyektiv deyil.  Təbii ki, heç bir iqtisadi model yalnız nəqliyyat vasitələrinə istinadən qiymətləndirilə bilməz. Bu şox sadədir və  iqtisadçı Cəfərlinin  bunu bilməməsi  inandırıcı deyil.

Faktyoxla Lab. bu qənaətə gəlib ki,  iqtisadçının açıqlaması  faktlarla manipulyasiya cəhdidir.