“Azərbaycanda pulsuz ali təhsil demək olar ki, ləğv edilib”. Bu iddianı Milli Şuranın üzvü Gültəkin Hacıbəyli irəli sürüb.
Ümumiyyətlə yaxın illərdə Azərbaycanda ödənişsiz təhsil alan tələbələrin sayının ümumi tələbə sayına olan nisbətini 50 %-dən az az olmayan səviyyəyə çatdırmaq vəzifəsi qoyulub. ”Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Prezidentinin 14 fevral 2019-cu ildə imzaladığı sərəncama əsasən təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin hazırkı 31 %-dən 2019/2020-ci tədris ilində 45 %-ə, 2020/2021-ci tədris ilindən başlayaraq 50 %-dən az olmayan səviyyəyə çatdırılması təmin edilməlidir.
Son 2-3 ilin statistikasına əsasən Azərbaycanda pulsuz ali təhsil alanların sayının artıdğını demək olar.
Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, 2018-ci ildə dövlət sifarişli yerlərin sayı 12204 olub. 2020-ci ildə bu rəqəm 20189-a qədər artırılıb. Beləliklə, dövlət sifarişli yerlərin sayı 7985 yer, 65,43 % qaldırılıb. Artım bütün ixtisas qruplarını əhatə edib. (cədvəl 1-ə bax )
Cədvəl 1
2020/2021-ci tədris ili üçünsə ali təhsil müəssisələrinə dövlət sifarişi əsasında 21370 nəfər (əlavə olaraq 105 yer müsabiqədənkənar) tələbə qəbulu nəzərdə tutulub. DİM-in 2020-2021-ci il üzrə hesabatına əsasən bu yerlərin 42.70%-i I qrupun, 19.13%-i II qrupun, 19.74%-i III qrupun, 11.70%-i IV qrupun, 6.73%-i V qrupun payına düşüb. 2019-2020-ci tədris ili ilə müqayisədə 2020-2021-ci tədris ilində dövlət büdcəsinin vəsaiti hesabına tələbə qəbuluna ayrılan yerlərin sayı 8.24% (1626 yer), ümumi qəbul planındakı payı isə 41.34%-dən 44.04%-dək artıb.
Ümumiyyətlə, son iki ildə dövlət sifarişi üzrə ayrılan yerlərdə artım müşahidə olunub. Belə ki, 2018-ci illə müqayisədə 2020-ci ildə dövlət sifarişi üzrə ayrılan yerlərin sayı 81.02% (9565 yer) təşkil edib.
Aşağıdakı cədvəldə 2016-2020-ci illər üzrə dövlət sifarişi əsasında ayrılan yerlərin payı ilə tanış olmaq mümkündür.
Yuxarıda qeyd edildiyi kimi, 2020-ci ildə dövlət sifarişi üzrə ayrılan yerlərin sayı 2019-cu illə müqayisədə artıb və ümumi qəbul planındakı payı 41.34%-dən 44.04%-ə yüksəlib. Bu isə öz növbəsində həmin yerlərə qəbul olanların sayının artması ilə nəticələnib. DİM-in hesabatına görə, 2020-ci ildə dövlət sifarişi əsasında qəbul olanların ümumi qəbul olanların içərisindəki payı 44.90%-dən 54.48%-dək artıb. Bunu aşağıda təqdim olunan şəkildə də görmək mümkündür.
Yeri gəlmişkən, Azərbaycanda sosial baxımdan həssas əhali qrupuna aid edilən tələbələrin də təhsil haqqı dövlət hesabına ödənilir. Məsələn, 2020-2021-ci tədris ili üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi məqsədi ilə sosial həssas əhali qrupuna aid edilən 24 147 tələbə hökumətə müraciət edib. Təhsil Nazirliyindən verilən məlumata görə, onlardan 15 900 nəfərin ödənişi ali təhsil müəssisələrinə artıq ödənilib. Bu proses Nazirlər Kabineti tərəfindən “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərar əsasında həyata keçirilir. Qərar 30 mindən artıq tələbəni əhatə edib. Qərarın icrası üçün dövlət büdcəsindən 40 milyon manat maliyyə vəsaiti ayrılıb.
Sadalanan faktlar göstərir ki, Azərbaycanda ödənişsiz təhsil ləğv edilməyib, əksinə son illərdə dövlət hesabına təhsil alan tələbələrin sayı artıb.
Bu qənaətə gəlirik ki, Gültəkin Hacıbəylinin açıqlaması əsassızdır.