“10 noyabr bəyanatı kommunikasiyaların açılmasını nəzərdə tutur, dəhlizin deyil”. Bu barədə Ermənistanın news.am internet nəşrində dərc olunan məqalədə qeyd edilib. Erməni müəllif Rusiya Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə Komitəsinin sədri Leonid Kalaşnikovun “Zəngəzur dəhlizi üçtərəfli razılaşmada nəzərdə tutulub” fikirini şərh edərkən belə bir iddia irəli sürüb.
Ermənilər bu iddia ilə ilk dəfə çıxış etmirlər. Bu ölkənin mediasında mütəmadi olaraq Zəngəzur dəhlizinin əleyhinə məqalələr dərc olunur, 10 noyabr bəyanatının 9-cu bəndinin bu dəhlizi nəzərdə tutmadığını sübut etməyə çalışırlar. Hətta Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan da bəzi çıxışlarında bu tezisi qabartmağa çalışıb.
Paşinyan: “”Zəngəzur dəhlizi” 10 noyabr bəyanatında qeyd edilməyib və müzakirə olunmur”
Xatırladaq ki, İkinci Qarabağ Müharibəsində ağır məğlubiyyətə uğrayan Ermənistan tərəfi Azərbaycanın şərtləri ilə razılaşaraq üçtərəfli bəyanatı imzalamaq məcburiyyətində qalıb. 10 noyabr 2020-ci il tarixdə Azərbaycan və Rusiya prezidentləri, həmçinin Ermənistanın baş naziri tərəfindən imzalanan bəyanata əsasən İrəvan üzərinə bir sıra öhdəliklər götürüb.
Həmin öhdəliklərdən biri də bəyantın 9-cu bəndində əksini tapıb. Həmin bənd belədir: Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir.
Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir.
Erməni tərəfi bu bənddəki “Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsi” ifadəsinə başqa məna verməyə çalışırlar. Bu mövzuda verilən açıqlamalarda söhbətin “dəhliz”dən və bu dəhlizin bərpasından getmədiyini vurğulayır, daha çox yeni nəqliyyat əlaqəsinin qurulacağını qabardırlar. Hətta bu məsələnin müzakirə mövzusu olmadığını belə iddia edirlər.
Nikol Paşinyan: Ermənistan Azərbaycanla “Zəngəzur Dəhlizi”ni müzakirə etmək niyyətində deyil
İlk növbədə qeyd edək ki, “Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsi” ifadəsi həddindən artıq konkretdir və əlavə şərhə yer qoymur. Üstəlik bu bəndin ilk cümləsində, həmçinin Qarabağ müharibəsindən təxminən 2 ay sonra, 11 yanvar 2021-ci ildə Moskvada imzalanan növbəti üçtərəfli bəyanatda məhz nəqliyyat əlaqələrinin bərpasından söz açılır.
Təbii ki, Azərbaycanla-Ermənistan arasında başqa ərazidən də nəqaliyyat əlaqəsi mövcud olub və bəyanatlarda əskini tapan “bütün nəqliyyat əlaqələrinin bərpası” ifadəsi də elə bunu nəzərdə tutur.
Digər tərəfdən “Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsi” dedikdə Ermənistan Azərbaycan torpaqlarını işğal edənə qədər mövcud olan dəmiryolu xətti nəzərdə tutulur. Bu isə məhz Ermənistanın Mehri rayonundan keçməklə Naxçıvanın Ordubad rayonuna çıxan dəmiryolu xəttidir. Mehridən keçən və 43 kilometr təşkil edən dəhlizin bərpası əslində 1936-cı ildə istismara verilən tarixi Ələt-Mincivan, 1941-ci ildə işə salınan ümumi uzunluğu 126 kilometr olan Mincivan-Culfa, bütövlükdə 445 kilometr uzunluğu olan Ələt-Culfa dəmiryolu xəttinin bərpası deməkdir.
Bununla yanaşı ermənilər “Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsi” ifadəsinə başqa məna verərkən bir məqamı, Azərbaycanın qərbi ilə Naxçıvanı birləşdirən bölgədə başqa nəqliyyat dəhlizinin olmadığını “unudurlar”. Ona görə də bu ifadənin məhz Azərbaycanla Naxçıvan arasında dəhlizin açılmasını nəzərdə tutduğu inkar olunmaz faktdır.
Railfreight: Naxçıvandakı dəmir yolları Qafqazın nəqliyyat qovşağı olacaq
Mehridən keçən dəmiryolu xətti isə Ermənistanın Azərbaycana torpaq iddiası və ardınca hərbi təcavüz etməsi nəticəsində bağlanıb. Demək olar ki, 1991-ci ildən Ələt-Culfa yolunun Mehirdən keçən hissəsi fəaliyyətini dayandırıb. Daha sonra Ermənistanın Füzuli, Cəbrayıl və Zəngilan rayonlarını işğal etməsi nəticəsində Azərbaycan dəmiryolunun Horadiz-Ordubad sahəsi üzrə 144 km. (o cümlədən Mehri rayonu üzrə 43,4 km) hissəsi Ermənistanın nəzarətinə keçib.
Ermənilər dəmir yolunun Mehridən keçən hissəsini də talan ediblər
İşğal müddətində ermənilər sözügedən dəmiryolu xəttini tamamilə dağıdıblar. Ermənilər hətta dəmiryolu xəttinin Mehridən keçən hissəsini, o cümlədən buradakı infrastrukturu da dağıdaraq sıradan çıxarıb.
Nəqliyyat dəhlizinin bərpası dedikdə məhz yuxarıda qeyd edilən xəttin və infrastrukturun bərpasından söhbət gedir. Artıq Azərbaycan tərəfi ilkin işlərə start verib. Belə ki, 2021-ci ilin fevral ayının 14-də Azərbaycan Prezidenti İlham Əliyev Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoyub. Uzunluğu 100 kilometr təşkil edən yolda hazırda tikinti işləri aparılır. Dəmiryolu xəttinin Zəngilanın Ağbənd kəndindən sonrakı hissəsinin, yəni Mehridən keçən 43 kilometrlik hissəsinin tikintisi isə Azərbaycanla-Rusiya arasında əldə olunacaq razılaşmaya əsasən bərpa ediləcək. Bu isə Ermənistan dəmiryolu sisteminin Rusiyanın mülkiyyətində olması ilə bağlıdır.
Azərbaycan Prezidenti ermənilərin işğal zamanı dağıtdığı Mincivan stansiyasını göstərir
Ermənilərin bəyanatda əksini tapan ““Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası” ifadəsinə gəlincə, Azərbaycan tərəfi bu şərti inkar etmir. Azərbaycan Prezidenti Qarabağa səfəri çərçivəsində Naxçıvana dəmiryolunun bərpası ilə yanaşı yeni avtomobil yolunun açılacağını da bəyan edib.
Bu mənada “yeni nəqliyyat kommunikasiyalarının inşası” ifadəsi Mehridən keçən və Zəngəzur dəhlizi adlandırılan dəmiryolu xəttinin bərpasını istisna etmir. Çünki nəqliyyat əlaqələrinin bərpası məsələsi yuxarıda qeyd etdiyimiz kimi, həm 10 noyabr bəyanatının 9-cu bəndində, həm də 11 yanvar 2021-ci ildə Moskvada imzalanan növbəti üçtərəfli bəyanatda əksini tapıb. Ona görə də ermənilərin yalnız “yeni kommunikasiyalar” məsələsini qabartması reallığı dəyişmir.
Sadalanan fakt və arqumentləri əsas götürərək bu qənaətə gəlirik ki, 10 noyabr bəyanatında dəhlizin nəzərdə tutulmamasına dair erməni mediasının iddiası faktlarla manipulyasiya, ictimai rəyi çaşdırmaq cəhdidir.