Azərbaycanda polis əməkdaşını döyən millət vəkilini hansı cəza gözləyir? Axar.az internet nəşrinin bununla bağlı sualını cavablandıran hüquqşünas Anar Qasımlı bildirib ki, deputatın polis əməkdaşını döyərək xəsarət yetirməsi faktı təsdiq olunsa, o, hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə maddəsi üzrə ittiham oluncaq. Bu halda isə həmin şəxsi 2 ildən 5 ilə qədər azadlığın məhdudlaşdırılması, yaxud da 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Anar Qasımlı
Xatırladaq ki, hadisə iyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında qeydə alınıb. Məlumata görə, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimov karantin rejimi qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edən polis əməkdaşı Zaur Mirzəyev döyərək ona xəsarət yetirib. Artıq fakt üzrə Azərbaycan Daxili İşlər Nazirliyindən Baş Prokurorluğun İstintaq İdarəsinə göndərilən materiallar araşdırılıb. Baş Prokurorluqdan verilən məlumata görə, toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.
Bu arada Azərbaycanın Baş Prokuroru Kamran Əliyev deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi üçün Milli Məclisə təqdimat verib. Yerli medianın məlumatına görə, təqdimat artıq Milli Məclisə daxil olub.
Artıq Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova parlamentin 53 deputatının tələbi ilə 2021-ci il avqustun 3-də Milli Məclisin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb. Növbədənkənar sessiyanın gündəliyinə Milli Məclisin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında prokurorluğun göndərdiyi təqdimata baxılması məsələsi daxil edilib.
Eldəniz Səlimov
Təqdimata Milli Məclisin Daxili Nizamnaməsinin 22-ci maddəsinə (Milli Məclisin deputatının toxunulmazlığına xitam verilməsi qaydası) əsasən 7 gün müddətində baxılır. Prosedura əsasən Milli Məclisin Sədri Milli Məclisin deputatı haqqında təqdimatı əvvəlcə İntizam komissiyasına göndərir. İntizam komissiyası təqdimata baxaraq deputatın toxunulmazlığına xitam verilib-verilməməsi barədə rəy qəbul edir. Deputatın toxunulmazlığına xitam verilməsi barədə Milli Məclisin qərarı azı 63 səs çoxluğu ilə qəbul olunur.
Yeri gəlmişkən, Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddəsinin II hissəsinə görə, Milli Məclisin deputatının toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Milli Məclisin qərarı ilə xitam verilə bilər.
Bəs deputat toxunlmazlığı dedikdə nələr nəzərdə tutulur, bu status götürülməzsə deputat məsuliyyətə cəlb edilə bilərmi? Azərbaycan Konstitusiyasının 90-cı maddəsinin (Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının toxunulmazlığı) I hissəsinə əsasən səlahiyyət müddəti ərzində deputatın şəxsiyyəti toxunulmazdır. Səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa, deputat cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz.
Araşdırmamızın əsas mövzusuna, deputatın əməlinə görə nəzərdə tutulan cəzaya gəlincə, xəbər verildiyi kimi artıq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə cinayət işi başlanıb. Cinayət Məcəlləsinin sözügedən maddəsində (Vəzifə səlahiyyətlərini aşma) qeyd edilir ki, məcəllənin 309.1-ci maddəsində nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda
üç ilədək müddətə müəyyən vəzifə tutma
və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə
əmlakı müsadirə olunmaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Məcəllənin 309.1-ci maddəsində nəzərdə tutulan əməllər isə vəzifəli şəxsin xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurması kimi təsbit olunub.
Hüququşünasın nəzərdə tutduğu hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmədə ittihamına gəlincə, qeyd edək ki, bu hal Cinayət Məcəlləsinin 315-ci maddəsində (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) təsbit edilib. Sözügedən maddədə qeyd edilib ki, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və ya xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı zor tətbiq etmə
iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması
və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd edək ki, hüquqşünaslar qeyd edirlər ki, deputatın toxunulmazlığı ləğv edildikdən sonra istintaqın gedişində Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə açılan cinayət işi məcəllənin başqa bir maddəsinə tövsif oluna bilər. Belə ki, hadisədə xuliqanlıq tərkibinin olub-olmaması araşdırılacaq. Bundan başqa xəsarətin hansı dərəcədə olması, hadisənin hansı şəraitdə baş verməsi tam dəqiqləşmədiyindən hansı cəzanın veriləcəyi də hələ məlum deyil. Burada polis əməkdaşının aldığı xəsarət də məsuliyyətə təsir edən amil kimi çıxış edir.
Şamil Paşayev
"Norma" hüquq mərkəzinin rəhbəri Şamil Paşayev mətbuata açıqlamasında bildirib ki, əgər ictimai məkanda şəxsi döymək motivsizdirsə, Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsilə məsuliyyətə cəlbetmə nəzərdə tutulur. Burada xəsarətin dərəcəsi nəzərə alınır. Hüquqşünas əlavə edib ki, polis əməkdaşı hakimiyyət nümayəndəsi kimi iştirak etdiyi halda deputat Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə məsuliyyətə cəlb oluna bilər.
Sadalananlara əsasən bu qənaətə gəlib ki, hüquqşünas Anar Qasımlının açıqlaması əsasən doğrudur.