Sosial şəbəkələrdə bank kartlarından vəsait çıxarılarkən, təhlükə və soyğunla üzləşən müştəri kiçik bir aldadıcı hərəkətlə özünü təhlükədən sığortalaya bilməsi haqda tez-tez paylaşımlar olur. İddia edilir ki, bank kartının PİN kodu (şifrəsi) bankomata əksinə (misal üçün, 2345 əvəzinə 5432) daxil edilən zaman ATM dərhal bu barədə hüquq mühafizə oqranlarına məlumat göndərir.

Faktyoxla Lab. bu məsələnin həqiqətə uyğun olub-olmamasını araşdırıb.

Məlum olduğu kimi hazırda bir çox bankların müştəriləri PİN kodlarını özləri təyin edirlər. Əvvəllər bu prosses banklar tərəfindən avtomatik qaydada aparılırdısa indi banklar bu məsuliyyəti müştərilərin öz ixtiyarına buraxıb.

Özü üçün kart şifrəsi təyin edən müştəri bilmədən və ya təsadüfən 1441 PİN-ini seçərsə o, soyğun zamanı polisə necə məlumat verə biləcək? Aydın məsələdir ki, 1441-in əksi də elə 1441 olduğu üçün bu halda bankomatın hansının doğru, hansının yalnış olduğunu müəyyən edə bilməz.

Təkcə bu misalla yayılan bu məlumatın həqiqətə uyğun olmadığını müəyyən etmək mümkündür. 

Hər ehtimala qarşı mütəxəssis rəyinə də diqqət edək.

Mütəxəssislər soyğun zamanı ən optimal variantın müqavimət göstərməmək olduğunu qeyd edirlər. Yəni, mal, mülk, pul candan, həyatdan öndə deyil.

Bununla belə, mütəxəssislər əlavə bir neçə  “hiylə”dən də yararlanmağın faydalı ola biləcəyini qeyd bildirirlər.

Həmin “hiylə”lərdən biri kart şifrəsinin 3 dəfə səhv yazılmasıdır. Belə olan halda bankomat kartı sahibinə qaytarsa da kart bank tərəfindən avtomatik olaraq 24 saatlıq bloklanır.

Digər üsul soyğunçunun fikrini yayındırmaqdır. Belə ki, kartı bankomata daxil etdikdən sonra 30-50 saniyə ərzində orada hər hansı əməliyyat aparılmazsa kart bankomatda qalır və onun üzərindən hər hansı əməliyyat aparmaq mümkünsüzə çevrilir.

Nəticə: Soyğunla üzləşmiş kart sahibinin pin-kodu əksinə yığmaqla vəziyyətdən çıxa biləcəyi haqda yaradılan “mif” yalnışdır.