“Beynim saat kimi işləyirdi. Heç nəyi unutmazdım. Verdiyimi, aldığımı çox gözəl bilirdim. İndi reallıqda olanları bəzən xəyal kimi xatırlayıram. Gedirəm, nəyə getdiyimi bilmirəm”.
Xəstəliyi ağır keçirən, sağalma prosesi uzun sürən və çox ağır travmaları qalan Məlahət Osmanova ötən ilin dekabrında yoluxduğu koronanın təsiri altından hələ çıxa bilmədiyini deyir. Nə bədəni, nə də beyni koronanın yorğunluğunu üzərindən atıb. Bu da təəccüblü deyil. Çünki insanların əksəriyyəti COVID-19 xəstəliyi zamanı və sonrasında yaddaş problemlərindən, idrak pozğunluğundan, yuxusuzluqdan, səbəbsiz narahatlıqlardan, eləcə də xarakterik “beyin dumanlanması”ndan şikayətlənir. Yaşlı xəstələrdə koronavirusun Alzaymer və Parkinson xəstəliklərini və digər demansiya təzahürlərini kəskinləşdirdiyi də artıq təsdiqini tapan fəsadlar sırasında yerini alıb.
Faktyoxla Lab. Koronavirusun qeyd edilənlərlə bağlılığını araşdırıb.
İlk başlayanda yeni növ koronavirus infeksiyası şiddətli kəskin respirator sindrom (SARS) kimi təsbit edilmişdi, lakin sonrakı müşahidələr virusun, hüceyrələrə daxil olmaq üçün ACE2 reseptorundan istifadə etməklə, digər orqanlara – böyrəklərə, ürəyə, ağciyərlərə, eləcə də beyinə də təsir etdiyini göstərib.
Beləliklə, COVİD-19-a yoluxan bir çox xəstələrdə, demək olar ki, eyni şikayətlər müşahidə olunur. Simtomlar koronovirusun beyində də dərin iz buraxdığı qənaətini formalaşdırdığı üçün alimlər bu istiqamətdə tədqiqatlara başlayıblar. Xüsusən, koronavirusun beynə vurduğu zərər geniş tədqiqat obyektinə çevrilib. Alınan nəticələr COVID-19 xəstələrində sağalandan sonra müşahidə edilən “beyin dumanlanması” və digər nevroloji problemləri izah edir.
Bir çox tədqiqatlarla alimlər koronanın beynə yolçuluğunu izləməyə çalışıblar. Bu məqsədlə aparılan çoxsaylı tədqiqatlardan biri “Hightech.plus”–da , başqa bir tədqiqat - Sürix və Liverpul Universitetlərinin alimlərinin qənaəti isə “bioRxiv” preprint serverində yerləşdirilən məqalələrdə əksini tapıb.
Qoxu lampasından keçən yol
Məsələn, SARS-CoV-2 koronavirusunun beyinə necə “gedib çıxdığını” britaniyalı və isveçrəli bioloqlar araşdırıb və siçanlar üzərində apardıqları təcrübədən sonra bir qənaətə varıblar. Sürix və Liverpul universitetlərinin alimləri koronavirusun beyinə təsirini öyrənmək üçün HACE2 insan reseptorlu genetik cəhətdən modifikasiya edilmiş siçanlardan istifadə ediblər . Müəlliflər intranazal qaydada heyvanları aşağı və ya yüksək dozada SARS-CoV-2 ilə yoluxdurub və virusun beyinə necə təsir etdiyini araşdırıblar.
Müşahidələr göstərib ki, burundan yeridildikdən yeddi gün sonra virus qoxu lampası vasitəsilə beynə daxil olub. Tədqiqatçılar virusu qoxu epitelində və qoxu lampasının neyronlarında, həmçinin beynin frontal bölgələrində və qoxu lampası ilə əlaqəsi olan bölgələrdə - hipokampus, talamus və hipotalamusda yayıldığını aşkar etdiklərinə görə belə qənaətə gəliblər. Daha böyük dozada virusun baş və onurğa beyində yayıldığını müşahidə ediblər.
Tədqiqatçılar beynin ön hissəsində virusa yoluxma zamanı pozula biləcək və yaddaş, diqqət və icra funksiyalarından məsul olan korteksin bir neçə bölgəsinin olduğunu qeyd edirlər. COVID-19-un bir çox nevroloji simptomlarını onlar məhz bununla izah edirlər.
Hüceyrədən hüceyrəyə
“Hightech.plus”–da bəhs edilən tədqiqatda alimlərin qənaəti budur ki, beyinə daxil olmaq üçün koronavirus burunun selikli qişasının hüceyrələrindən istifadə edir. Bu qənaətə elm dünyası koronavirus səbəbilə həyatını itirən 33 nəfərin toxumalarını analiz edəndən sonra gəliblər. Belə ki, alimlər virusun DNT-ni neyroanatomik strukturlarda aşkar edblər. Həmin strukturlar gözləri, ağzı və burnu beynin kökü ilə birləşdirir. Virusun ən çox cəmləşdiyi mühit isə burnun selikli qişası olub.
Alimlər düşünürlər ki, koronavirus beyinə daxil olmaq üçün qoxu siniri kimi neyroanatomik əlaqələrdən istifadə edir. Lakin dəqiq mexanizm hələ təsdiq edilməyib. Alimlərin fikrincə, virus bir sinir hüceyrəsindən digərinə keçir.
Qana qarışıb axır
Korona beynə qan damarları vasitəsilə də daxil ola bilər. Virusun qan damarlarının divarlarında yerləşdiyi ilə bağlı artıq çoxdan bir qənaət vardı. Bu hal koronavirus yoluxmasını ağır keçirən insanlarda müşahidə edilib. Buna görə də sözügedən mexanizmin yoluxmanı yüngül keçirən pasientlərdə də olub-olmadığını söyləmək hələ tezdir.
Yoluxmaq qorxusu
Koronavirusun insan beynində səbəb olduğu fəsadlar, sadəcə yuxarıda göstərilənlərlə də məhdudlaşmır. Virusun insan beyninə təsiri hətta yoluxmayanları da əhatə edir. “COVID-19 pandemiyasının insanların nəinki həyat və sağlamlığı üçün təhlükə yaradıb, hətta hər kəsi olduqca çətin psixoloji vəziyyətə salıb”- deyən Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin rəhbəri Fuad İsmayılov bu təsirin nəticələrindən danışıb.
Onun sözlərinə görə, COVID-19 virusunun yaratdığı narahatlıq və qorxu milyonlarla insanın ruhi sağlamlığına mənfi təsir edib. Özünütəcrid rejimi insanların həyat tərzini dəyişib, psixoloji qeyri-sabitliyini üzə çıxarıb. Pandemiya səbəbindən iflic olan qarşılıqlı sosial əlaqələr insan psixikasına dərin mənfi təsir göstərib.
Ölmək qorxusu
Xəstələrdə müxtəlif psixoloji və psixiatrik pozuntular, sayıqlamalar, kəskin stress reaksiyası və depressiya sindromları müşahidə olunur, belə xəstələr ölməkdən qorxur, daim stresli olurlar. Yoluxanlar kimi, yoluxma qorxusu olanlarda da obsessiv- kompulsiv pozuntular artır. O, panik atak və generalizə olunmuş təşviş pozuntuları olan, az sosiallaşan, ailədaxili münaqişələri və başqa qorxuları olan xəstələrdən danışaraq deyib ki, posttravmatik stress pozuntularını yaşayan xəstələrın sayı da az deyil. Onun sözlərinə görə, bu xəstəlikləri ən kəskin şəkildə keçirənlər COVID-19-a yoluxanlar və yaxınlarıdır.
Psixiatr deyib ki, 65 və yuxarı yaş qrupuna aid olanlarda da depressiya və tənhalıq hissi müşahidə olunub, çünki onlar ciddi karantin rejimində özünü təcrid olunmuş hesab edərək yaxınları ilə görüşə bilməyiblər.
Psixoloji sarsıntı keçirmiş ən böyük qrupun isə həkimlər və tibb personalından ibarət olduğunu bildirən professor səhiyyə işçilərinin streslərə daha az davamlı olduqlarını vurğulayıb.
Nəticə. Artıq təsdiq olunub ki, koronavirus insanın bir çox orqanları ilə yanaşı, beynə də təsir edir. Yaddaş pozulur, yuxusuzluq əmələ gəlir, səbəbsiz narahatlıqlar, eləcə də xarakterik “beyin dumanlanması” şikayətləri baş qaldırır. İnsanın psixologiyaı alt-üst olur. Adı belə insanın qorxularının baş qaldırmasıyla nəticələnir.