AXCP Rəyasət Heyətinin üzvü Nemət Əliyev ölkəmizdə bir sıra malların bahalaşmasını birbaşa daxili bazar amilləri ilə izah etməyə çalışaraq hökuməti ittiham edən şərh verib. Sitat: “Bahalaşmanın əsas səbəbini Azərbaycan sərhədlərindən kənarda deyil, hökumətdə axtarmaq lazımdır. Hazırkı qiymət siyasəti əhalini də, ölkəni də dalana dirəyib. Müəyyən təsirləri istisna etmək mümkün olmasa da, bu bahalaşmanı dünya bazarları ilə ələqələndirməyə çalışanlar böyük səhvə yol verirlər. Rəsmi dairələrin bu yöndəki açıqlamaları isə gözə kül üfürmək, hökumətin buraxdığı kobud səhvləri ört-basdır etməyə hesablanıb”.
Faktyoxla Lab. Nemət Əliyevin dediklərinin nə dərəcədə əsaslı olduğunu araşdırıb. Cəbhəçi iqtisadçının düşüncəsi ilə yanaşıb, 2021-ci il başlayandan indiyədək dünya bazarlarında heç bir bahalaşma baş vermədiyini, qiymət artımının yalnız Azərbaycanda qeydə alınmasını yoxladıq.
Əvvəlcə, mötəbər beynəlxalq iqtisadi təşkilatların dünya bazarının vəziyyətinə dair qiymətləndirmələrinə və beynəxlaq bazar indekslərinə diqqət edək və əsil gerçəyin nədən ibarət olmasını ədalətli şəkildə təqdim etməyə çalışaq. Öncə dünya bazarlarında əsas istehlak məhsulları olan qida mallarının qiymət dəyişmələrinin baş verib-vermədiyini araşdıraq.
Dünyada ərzaq bazarı üzrə ən mükəmməl və təfərrüatlı təhlillər aparan Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) bu yaxınlarda dərc etdiyi “Ərzaq proqnozu” adlı hesabata qeyd edilir ki, pandemiyanın ağır dalğalarından sonra qlobal ərzaq bazarında kəskin resurs çatışmazlığı və qarşısıalınmaz qiymət artımları davam etməkdədir. Qlobal ərzaq idxalı 2021-ci ildə rekord həddə çataraq 1,75 trilyon dollar təşkil edəcək ki, bu da 2020-ci ilə nisbətən 14% və 2021-ci ilin iyununda proqnozlaşdırılandan 12% yüksəkdir. Artımın əsas səbəbi isə beynəlxalq bazarda ərzaq məhsullarının bahalaşması, həmçinin nəqliyyat xərclərinin 3 dəfə artması ilə bağlıdır. (Mənbə)
FAO-nun hesabatında qeyd olunur ki, ərzaq idxalının ümumi dəyəri 2020-ci illə müqayisədə ən azı 20% artacqdır. Aşağı gəlirli ərzaq defisiti olan ölkələrdə artan ərzaq idxalından daha yüksək xərclər hesabına daha da sürətli artım gözlənilir. Sitat: “İnkişaf etməkdə olan regionlar taxıl, heyvan mənşəli piylər, bitki yağları və yağlı bitkilər kimi əsas ərzaq məhsullarının qiymətlərində kəskin artımlarla üzləşir, inkişaf etmiş bölgələrdə isə qiymət artımları əsasən meyvə-tərəvəz, balıq məhsulları, içkilər və digər yüksək əlavə dəyərli məhsul kateqoriyalarında müşahidə olunur. Avqustda ardıcıl üçüncü aydır ki, davam edən artım tendensiyası daha da sürətlənib. Artan enerji və ərzaq qiymətlərinin birləşməsi narahatlıq doğurur və uzunmüddətli perspektivdə problemlərə səbəb ola bilər”. (Mənbə: FAO-nun hesabatı)
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən tərtib edilmiş “İqtisadi mənzərə” analitik icmalında da qeyd edilir ki, iqtisadi bərpa prossesləri, fiskal dəstəklər, peyvəndlənmənin sürətlə həyata keçirilməsi iqtisadi artımın sürətlənməsinə təsir edib və nəticədə qlobal tələb yüksəlib, bu isə dünya üzrə ərzaq və qeyri-ərzaq mallarının bahalaşmasını, kommunal tariflərin xeyli yüksəlməsini labüd edib.
2021-ci ildə elektrik enerjisi, qaz, yanacaq və sair malların dünya bazarındakı qiymət dalğalanmaları inkişaf etmiş və inkişaf etməkdə olan bütün ölkələri əhatə edib. 2021-ci ilin əvvəlindən etibarən benzin, dizel və digər yanacaq məhsullarının qiyməti bir neçə dəfə artıbdır. Bahalaşma ən çox Avropa ölkələrində, Honk-Konq və İsraildə qeydə alınıb. Hazırda Avropada benzinin orta qiyməti təxminən 2,2 dollar təşkil edir. (Mənbə: globalpetrolprices.com)
Təbii qazın qiymət artımı barədə isə izah verməyə ehtiyac yoxdur. 20220-ci ildəki qiymətlə hazırkı birja qiymətlərini ümumiyyətlə müqayisə etdikdə dəhşətli mənzərə yaranır. Ötən il 350-470 dollara təqdim edilən birya indeksləri hazırda 1200 dolları da ötüb. Beynəlxalq birjada qaz fyuçersləri qiymətləri gün ərzində deyil, artıq hər saatda bahalaşır. (Mənbə: rbc.ru)
Son bir ildə Avropanın əsas ölkələrində elektrik enerjisinin qiymətləri bir neçə dəfə artıb və təbii qaz tədarükünün azalması, təchizatçı bazarında rəqabət və külək enerjisi yaratmaq üçün küləyin olmaması fonunda çoxillik rekordlara çatıb. Məsələn, Almaniyada topdansatış elektrik təchizatının qiyməti bir meqavat/saat üçün 90 avroya çatıb ki, bu da 2021-ci ilin ilin əvvəlindəki qiymətlərdən iki dəfə çoxdur. Böyük Britaniyada elektrik stansiyalarından elektrik enerjisinin alınmasının dəyəri hər meqavat/saat üçün 4000 funt-sterlinq (MVt/saat üçün 3,750-4,950 funt-sterlinq) kimi yüksəkdir. Bu baxımdan, hətta Böyük Britaniyada yaxın illərdə bağlanacaq olan kömürlə işləyən enerji blokları belə yüksək alış qiymətləri təklif edir. Belçika, Hollandiya və digər ölkələrdə də enerji daşıyıcıları ilin əvvəlindən 50 faizdən çox bahalaşıb. (Mənbə: vedomosti.ru)
Göründüyü kimi qlobal bazarlarda dayanmadan əmtəələrin bahalaşması baş verir, ağır pandemiyadan sonra qlobal iqtisadiyyatın özünə gəlməsi və nəticədə tələbin artmasından meydana çıxan sənaye əmtəələrinin, mal və avadanlıqların bahalaşması, həmçinin nəqliyyat- logistika və təchizat xərclərinin artması qlobal zəncirin üzvü olan bütün ölkələrə təsir edir. Azərbaycan dünya bazarının ayrılmaz üzvü olduğundan xaricdən idxal edilən sənaye-energetika sektoru üçün zəruri avadanlıqlar və ərzaq malları bahalaşır. Azərbaycanın yanacaq-enerji kompleksində istifadə olunan mal-materiallar, avadanlıqların böyük bir qismi Cənubi Koreya, Almaniya, Yaponiya, Finlandiya və digər ölkələrdən idxal olunur. Energetika və yanacaq kompleksləri elə bir sahədir ki, hər il enerji güclərinin dayanıqlılığı və emal proseslərinin rentabelliliyi üçün davamlı cari təmir işləri tələb olunur. Nəticədə həmin mal və avadanlıqların xaricdən baha qiymətə alınması ölkəmizdə elektrik enerjisi və yanacaq istehsla edən qurumların maya dəyərini artırır və məhz bu nöqteyi-nəzərdən 2021-ci ildə Azərbaycanda elektrik enerjisi və qazın qiymətinin 12-18 fazi bahalaşması həmin istehsalçı şirkətlərin xərclərinin artmasından meydana çıxıbdır.
Bu məqamda N.Əliyevin “Azərbaycan hökumətinin “dünya bazarları”na söykənən arqumentləri əsaslı deyil, boğazdan yuxarıdır və reallıqla təsirli dərəcədə əlaqəsi yoxdur” fikrinə qiymət vermək doğrudan da çətindir, ən azından yalana başqa qiymət vermək mümkün deyil.
AXCP Rəyasət Heyətinin üzvü onu da iddia edir ki, Azərbaycandan başqa MDB regionu ölkələrində də qiymətlər sabit qalıb. Rusiya, Ukrayna, Belarus və digər birlik ölkələrində qiymətlərdə yanvar ayından bu yana artmayıb. Ancaq MDB Statistika İdarəsinin 2021-ci ilin yanvar-sentyabr ayları üzrə sosial-iqtisadi inkişaf göstəricilərindən də aydın şəkildə görmək mümkündür ki, cari ildə qlobal bazar zəncirinin üzvü ölan bütün ölkələrə bahalaşma sirayət edib.
İlk olaraq qeyd etmək lazımdır ki, MDB Statistika İdarəsinin hesabatında bəzi rəqəmlər tam səhihliyi ilə öz əksini tapmayıbdır. Azərbaycanda ötən 9 ayda istehlak qiymətləri indeksi cəmi 5,2 faiz təşkil etdiyi halda MDB Statistika qurumu bu rəqəmi 1,7 faiz-bənd artırıbdır. (Mənbə)
Yəni, ölkəmzinin inflyasiya gösərici həmin hesabatda 6,9 faiz kimi təqdim edilir. Halbuki, Ermənistanın statistikası da sübut edir ki, ən yüksək inflyasiya bu ölkədə qeydə alınıb. Ötən ilin 9 ayı ilə nisbətdə qiymət indeksi 8,9 faiz artıb. (Mənbə: arka.am)
Yanvar-sentybar aylarında Ermənistanda bütün idxal malları, o cümlədn ərzaqla yanaşı, neft məhsulları və enerji daşıyıcılarının qiymətləri yükəslib, milli valyuta dramın məzənnəsi zəifləyib ki, bu da istehlak bazarında alıcılığa mənfi təsirlər edib. (Mənbə: armeniasputnik.am)
Əsas mövzudan yayınmadan MDB regionunda inflyasiya göstəricilərinə nəzər salaq. Birlik daxilində ötən 9 ayda bütün ölkələr üzrə 5-7 fazi aralığında inflyasiya baş verib. Nemət Əliyevin qiymət artımlarının baş vermədiyi ölkələr kimi təqdim etdiyi Ukrayna və Belarusda daha çox inflyasiya qeydə alınıb – 7,5 faiz. Eləcə də “heç bir bahalaşmanın” olmadığı kimi səciyyələndirilən Rusiyada da inflyasiya 6 faizdən az olmayıb. (Mənbə: cisstat)
2020-ci ildə pandemiya səbəbindən topdansatış bazarında elektrik enerjisinə tələbat azalsa da, Rusiyanın enerji bazarlarında topdansatış qiymətlərinin ciddi şəkildə aşağı düşməsinə səbəb olmayıb. Ekspertlər qeyd edirlər ki, bunda qeyri-bazar qiymətləri rol oynayıb. Yəni, enerji istehsal edən sənaye komplekslərinin mal və avadanlıqlarının maya dəyərinin artması enerji dəyərinin də artmasını labüd edib. (Mənbə)
Rusiyada oktyabr-noyabr aylarında inflyasiya daha da artaraq 8,02%-ə qədər sürətlənib. Bu, 2016-cı ilin fevralından bəri maksimum rəqəmdir. Rusiyanın iqtisadi analitiklərinin fikirlərindən görmək olar ki, ölkədə qiymətlərin artım tempi ötən ildən o zaman zəifləyən rubl və dünyada bəzi ərzaq və xammalın qiymətlərində müşahidə olunan artımla əlaqədar olaraq sürətlənməyə başlayıb. (Mənbə: ria.ru) Rusiyada benzin üçün noyabrın 2-dən 8-ə keçən həftə 0,1% artıb, 26 oktyabrdan 1 noyabra qədər 0,2%, əvvəlki həftə isə 0,1% artıb.
Qlobal sənaye əmtəələrinin və yanacaq-enerji kopmlekslərində istifadə edilən sənaye avadanıqlarının bahalaşaması da Rusiyada enerji daşıyıcılarının qiymətlərinin artmasına təsir göstərib. Rusiyada sənaye müəssisələri üçün elektrik enerjisinin topdansatış qiyməti 2019-cu ildən sonra bir neçə dəfə artıb. Pandemiya dövründə elektrik enerjisinin topdansatış bazarında qiyməti 1Mt üçün 53 min rubla çatıb. Rusiyada elektrik enerjisinin beş illik maksimum topdansatış qiyməti 2020-ci ilin fevralında qeydə alınıb - 2,54 min rubl. 1 MVt üçün 2021-ci ilin birinci yarısında isə topdansatış bazarında isə artıq bu göstərici 2,75-ə çatıb. (Mənbə)
Mart ayından başlayaraq ölkədə benzinin qiyməti də artıb və noyabrın ilk həftəsində ölkədə orta hesabla bir litr 49-59 rubl təşkil edib. Aİ-92 benzini 48,50 rubla (1 manat 19 qəpik) satılır. Yəni, Rusiyada benzin Azərbaycandan ucuz deyil. (Mənbə: interfax.ru)
Göründüyü kimi, N.Əliyevin Rusiyada enerji-yanacaq məhsullarının bahalaşmadığına dair fikirləri yalandır. Beləliklə, real qlobal bazar mənzərəsi açıq diqtə edir ki, bahalaşma beynəlxalq bazarın bütün iştirakçıları üçün xarakterik və qaçılmaz bir haldır və bütün ölkələdə bahalaşmalar baş verməkdədir.
Yeri gəlmişkən, Azərbaycan hökuməti məhz həmin qlobal proseslərin ölkədaxili qiymətlərə sirayət etməsindən ciddi narahat olaraq bu mənfi təsirlərin ölkə əhalisinə, xüsusilə həssas əhali qruplarına fəsadlarını yumşaltmaq və əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə 2022-ci il yanvarın 1-dən yeni sosial paketin tətbiqinə qərar verib. Əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasının təmin edilməsi üçün 2022-ci il dövlət büdcəsində 1,7 milyarda manata yaxın əlavə maliyyə təminatı öz həllini tapıbdır.
Nəticə: N.Əliyevin və digərlərinin “dünya ölkələrində və MDB-də qiymətlər artmayıb, bahalaşma Azərbaycanın daxili problemidir” və s. heç bir elmi-iqtisadi izahı olmayan iddiaları siyasi manipulyasiyadır, tam yanlış iqtisadi şərhlə müşahidə olunur.