Elmi araşdırmalar nəticəsində sübut olunub ki, sosial mediada çox vaxt keçirmək inkişaf mərhələsində olan uşaqların beyin hüceyrələrinə olduqca pis təsir edir. Amma yeni araşdırmalar daha təhlükəli tendensiya haqda xəbərdarlıq edib: sosial mediada çox vaxt keçirən orta yaşlı insanlar da depressiyaya meyilli olurlar.
Bu barədə Daily Mail-in məqaləsində deyilir.
Məqalədə qeyd olunur: “Harvard Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, böyüklər gənclərin üstünlük verdiyi “TikTok” və “Snapchat” kimi platformalardan istifadə edərkən, daha çox kədərlənirlər. Çünki onlar bu platformada özlərinin qoca olduğu qənaətinə gəlirlər”.
Alimlər orta yaşı 56 olan 5395 amerikalı arasında iki dəfə sorğu keçiriblər. İlk sorğu 2020-ci ilin mayında, ikincisi isə bir il sonra keçirilib. İştirakçılardan tələb olunub ki, psixi sağlamlıqla bağlı 9 sualdan ibarət anketi doldursunlar və hansı sosial şəbəkədən istifadə etdikləri barədə məlumat versinlər.
Tədqiqatın aparıcı müəllifi, professor Roy Perlis “NBC News”a deyib: “Facebook”, “TikTok” və “Snapchat”dan istifadə edənlər ikinci dəfə anketi doldurarkən bildirirdilər ki, sanki yükləniblər, yorğundurlar”.
Amma alimlər həm də o ehtimalı irəli sürürlər ki, depressiyadan əziyyət çəkən insanlar sosial şəbəkələrdən ona görə çox istifadə edə bilərlər ki, bunu, özləri üçün xilas yolu da sayarlar. Üstəlik, onu da nəzər almaq lazımdır ki, sorğu pandemiya zamanı, depressiya səviyyəsinin bu və ya digər səbəblərdən yüksək olduğu dövrdə keçirilib”, - deyə nəşr qeyd edir.
“Depressiyaya düşmə riski “Snapchat”da daha çox olub. 1,5 dəfə daha artıq sorğu iştirakçısı bildirib ki, bu platformada yaxşı əhval-ruhiyyədə olmurlar. Sonrakı yerlərdə isə “Facebook” və “TikTok” qərarlaşıb.
Sorğu iştirakçılarının orta yaş həddi 56 olsa da, tədqiqatçılar nəticələri ayrı-ayrı iki qrupda da araşdırıblar: 35 yaşa qədər və 35 yaşdan yuxarı. 35 yaşdan yuxarı istifadəçilərdə depressiyanın “Snapchat” və “TikTok” ilə əlaqəsi ümumi göstəricidən yüksək, amma “Facebook”la aşağı olub.
35 yaşdan aşağı olanlar arasında isə bunun əksi olub. “Snapchat”ın orta yaşlı istifadəçilərinin, bu platformadan istifadə etməyən həmyaşıdlarına nisbətən depressiyaya düşmə ehtimalı 2 dəfə yüksək olub. “TikTok” istifadəçiləri isə həmyaşıdlarına nisbətən özlərini 1,5 dəfə daha artıq yüklənmiş hiss ediblər.
Amma “Facebook”da tamamilə əks göstərici olub. 35 yaşdan aşağı insanların “Facebook”da depressiyaya meyilliliyi 2,5 dəfə çoxdur”, - qəzet yazır.
Məqalədə qeyd olunur ki, müxtəlif yaş qruplarının sosial mediadan istifadə edərkən depressiyaya düşməsinin dəqiq səbəbləri məlum deyil: “Bir nəzəriyyə odur ki, insanlar yaş profillərinə uyğun olmayan sosial mediadan istifadə edərkən, orada özlərini daha çox yersiz hiss edirlər. Bu da onların sinxronizasiyadan çıxmasına səbəb olur. “Snapchat”dan, əsasən 35 yaşdan aşağı insanlar istifadə edirlər. “TikTok”un demoqrafik göstəricisi isə daha gəncdir: əksər istifadəçilərin yaşı 20-dən bir qədər yuxarıdır. Sosial şəbəkələrin ilk nəhənglərindən olan “Facebook”un isə daha yaşlı istifadəçiləri var”.
Bununla belə, tədqiqatın nəticələrini tam hesab etmək olmaz. Bu araşdırmada insanların sosial mediadan nə qədər istifadə etdikləri və əsasən hansı məzmunlara baxdıqları müəyyən olunmayıb.