Dünya Bankı (DB) 2021-ci ilin mart ayında Azərbaycanda “ağıllı kənd” modelinin həyata keçirilməsi ilə bağlı mövcud resursları və potensialın təhlili ilə bağlı material dərc etmişdir. Bu hesabatı “Azadlıq radiosu” fərqli foto və başlıqlar, yalnız tənqidi hissələri əsas götürməklə nədənsə iyun ayında yayımlayıb. Bu ilin iyun ayında isə “ağıllı kənd” layihəsinin ilk mərhələsi başa çatıb və ilk mərhələnin nəticələri göz önündədir.

Faktyoxla Lab. Dünya Bankının tədqiqatı və Azadlıq radiosunun özünəməxsus şərhlərini əsas götürərək müqayisəli təhlil aparıb.

Sənəddə kənd yerlərində yaşayan əhalinin qonşu ölkələrlə müqayisədə Azərbaycanda daha çox olmasına diqqət çəkilir. Vurğulanır ki, Azərbaycanda əhalinin 47 faizi kənd sakinləridir. Bu, dünya ortalamasına (49 faiz) yaxın göstəricidir. Cənubi Qafqazın digər ölkələrindən Gürcüstanda əhalinin 42 faizi, Ermənistanda isə 37 faizi kəndlərdə yaşayır. 
Bəllidir ki, şəhərə axının çox olması, yəni kənddə yaşayanların azlıq təşkil etməsinin kökündə şəhərdə gəlir əldə etmək üçün daha çox imkanların möcudluğu dayanır. Çünki, şəhərlər iri sənaye və ticarət mərkəzləridir, meqapolisdir, mal və xidmətlərə tələb kəndə nisbətən qat-qat çoxdur. Bu da sözsüz ki, şəhərdə gəlir imkanlarının üstün olmasına səbəb olur. İnsanlar kənddə iş və normal dolanışıq tapmadığından paytaxta və yaxud iri şəhərlərə üz tutur. 
İndi isə diqqət edək, Azərbaycanda əhalinin 47 faizi kənddə, 53 faizi şəhərlərdə, Ermənistanda 63, Gürcüstanda isə 56 faizi şəhərlərdə yaşayır. Bu o deməkdir ki, Ermənistan və Gürcüstanda əhalinin şəhərlərdə cəmləşməsinin başlıca səbəbi iqtisadi-sosial güzaranın ağırlığıdır, ona görə insanlar kənddən şəhərə axın edir. Azərbaycanda isə kənd və şəhər əhalisinin say nisbəti demək olar ki, eynidir, bu isə bərabər iqtisadi-sosial həyat standartlarının mövcudluğunun göstəricisidir. Yəni, paytaxtla regionlarda yaşayan ev təsərrüfatlarında sosial-iqtisadi tarazlıq, bərabər yaşayış imkanları mövcuddur. Dövlət Statistika Komitəsinin ev təsərrüfatlarında apardığı tədqiqata əsasən, bir il əvvəl Bakı şəhərində muzdlu işləyən şəxslərin orta aylıq əməkhaqqı 927,8 manat təşkil edibsə, müxtəlif iqtisadi rayonlar üzrə orta göstərici 480-550 manata bərabər olub. Məsələn, Naxçıvan Muxtar Respublikasında bu rəqəm 535 manat, Abşeron-Xızı iqtisadi rayonunda 582, Gəncə-Daşkəsəndə 505, Mərkəzi Aranda 440, Şərqi Zəngəzurda 501, Şirvan-Salyan iqtisadi rayonunda 518 manatdır. (Mənbə)
Bu o deməkdir ki, paytaxtda çalışan işçilərlə rayonlarda işləyən insanların əməkhaqqı arasında təxminən 60 faiz fərq var. Ancaq kənd və şəhərlərdə istehlak xərcləri və alıcılıq paritetinin müqayisəsi həmin fərqi də aradan qaldırmış olur. Çünki istehlak xərcləri baxımından kənddə yaşayanların aylıq xərcləri şəhərə nisbətən 2 dəfə azdır. İstehlak xərcləri paritetinə əsasən kənd rayonlarında 500 manatlıq büdcəsi alıcılıq qabiliyyətinə görə, paytaxtdakı 800 manata bərabərdir.

Onu da unutmaq lazım deyil ki, gəlirlərin paytaxt və rayonlar arasında qeyri-bərabər bölgüsü klassik iqtisadiyyatın ana qanunlarından biri kimi bu gün də aktualdır. Bu gün də gəlir bərabərsizliyi Lorens əyrisi və Cini indeksinə əsaslanır. Bu baxımdan bütün dünya ölkələrində paytaxt və iri şəhərlərlə kənd rayonları arasında gəlirlərdə 80 faiz, ən 1 dəfəyə yaxın (bəzən 2-3 dəfə) fərqlər mövcud olaraq qalmaqdadır. (Mənbə). 
Gəlirlərin müxtəlif şəhər və regionlar üzrə mütənasibliyi regionun əsas inkişaf qütbü oaln Avropa Birliyi ölkələrində, Almaniya, Fransa, Norveç, İtaliya və digər dövlətlərdə də eynidir

DB-nin təqdiqat müəllifləri isə Cənubi Qafqazdakı digər ölkələrin əsl sosial-iqtisadi mənzərəsini gizlədərək iddia edirlər ki, Azərbaycanda kənd sakinləri üçün yoxsulluq təhdidləri qalmaqdadır. Guya yoxsul əhalinin 60 faizindən çoxu kəndlərdə yaşayır. Ümumiyyətlə, kənd yerlərində yaşayan əhalinin 57 faizi isə yoxsulluq riski daşıyır.

Diqqət edək, Azərbaycan üçün 57 faiz 3,5 milyon nəfər insan deməkdir. Bu gün ölkədə mövcud iqtisadi fəal əhalinin sayı 5,3 milyon nəfərdən çoxdur, onların təxminən 5 milyon nəfəri məşğul əhalidir. (Mənbə)
Həmin məşğul əhalinin təkcə 2 milyon nəfəri kənd təsərrüfatında çalışır. Yəni rayonlarda yaşayan 6 milyon insanın 2 milyonu birbaşa kənd təsərrüfatına bağlıdır və gəlirlər əldə edir. Bundan başqa kənd və rayonlarda emal, turizm və s. sahələrdə on minlərlə insan çalışır. Rayonlarda müəllim, həkim, polis, hüquq-mühafizə, məhkəmə, icra, iqtisadi strukturlar və digər dövlət təşkilatlarında çalışanların sayı isə 400 min nəfərə yaxındır. 700 mindən çox pensiyaçı və müavinət alanlar kənd sakinləridir. Beləliklə, onların cəmi sayı 3,5 milyon nəfəri ötür. Hesabat müəlliflərinin hesablamasından belə çıxır ki, kəndlərdə yaşayan həmin 3,5 milyon nəfərin heç biri işləmir və gəlirləri yoxdur, buna görə yoxsulluq riski ilə üzə-üzədir?

BMT-nin metodologiyasına əsasən, gündəlik gəlirləri 3,2 dollardan az olan insanlar yoxsul hesab edilir. Azərbaycanda bu ( 96 dollar * 1.7 AZN = 163 manat) məbləğdə gəliri olanların sayı 5-6 faizə bərabərdir.
Yuxarıda vurğuladığımız kimi bölgələrdə yaşayan insanların - dövlət təşkilatları, özəl sektor və pensiyaçıların ümumi orta aylıq gəlirlərinin nisbəti 450-500 manata bərabərdir. Həmçinin, Azərbaycanda 110 mindən çox ailə ünvanlı sosial yardım alır ki, onların böyük əksəriyyəti bölgələri əhatə edir, təxminən regionlarda 80-90 min ailə yardım alır ki, bu da say etibarilə 400 mindən çox əhali deməkdir
Həmçinin, on minlərlə ailə özünüməşğulluq proqramına cəlb edilərək dövlətin maliyyə təminatı ilə əhatə olunub.
Azərbaycanda yaşayış minimumu hazırda 210 manat təşkil edir ki, bu da dollar ekvivalenti ilə 123 dollara bərabərdir. Bundan başqa, ölkəmizdə minimum əmək haqqı 300 manat təşkil edir, ən həssas sosial qrup olan aztəminatlı ailələrə verilən ünvanlı sosial yardımın məbləği isə 334 manat təşkil edir.
Beləliklə, kənd yerlərində yaşayanların orta aylıq gəlirləri 400-500 manat, ən həssas sosial qrupların isə ən aşağı gəliri yaşayış minimumuna, yəni 210 manata bərabərdir. Bütün bunlar isə yoxsulluq riski göstəricici (163 manat) kimi irəli sürülən iddiaları tamamilə sıfıra endirir.
Yeri gəlmişkən,
bu günlərdə BMT-nin “Dayanıqlı inkişaf-2022” hesabatında Azərbaycan mümkün 100 baldan 73,5 bal toplayaraq Dayanıqlı İnkişaf Məqsədləri İndeksi üzrə hesabatda sosial göstəricilər üzrə ən yaxşı ölkələr qrupunda yer alıb. 163 ölkə arasında 50-ci pillədə qərarlaşan respublikamızda Dayanıqlı İnkişaf Məqsədləri indeksinin orta göstəricisi 71,6 təşkil edib. Dayanıqlı İnkişaf Məqsədləri dedikdə, yoxsulluğun azaldılması, təmiz su təminatı və səhiyyə xidmətləri, dayanıqlı istehsal və istehlak səviyyəsi, keyfiyyətli təhsil, dayanıqlı şəhər və kənd icmalarının bərabərliyi və digər indikatorlar nəzərdə tutulur. (Mənbə)
Beləliklə, BMT-nin sözügedən hesabatı da mühüm ictmai və iqtisadi əhəmiyyət kəsb etməklə DB-nin sözügedən komandasının apardığı araşdırmanın tamamilə heçə endirir, qeyri-obyektiv, fərdi maraqlara xidmət edən özfəaliyyət nümunəsi olduğunu təsdiqləyir.

 
Hesabatda kənd bölgələrində insanların iqtisadi fürsətlər və və sosial xidmətlərə çıxışında bərabərsizliyin olması barədə qeydlər də var. Bu gün Azərbaycanda iqtisadi fəaliyyətlə məşğul olanların əsas ağrlıq mərkəzi regionlardır. Ölkədə fəaliyyət göstərən 1 milyon 195 mindən artıq fərdi sahibkarların cəmi 27,9 faizi Bakıda, qalan sahibkarlar bölgələrdə (10 faiz Lənkəran-Astara, 7,6 faiz Qazax-Tovuz, 6,6 faiz Mərkəzi Aran və digər iqtisadi rayonlar) fəaliyyət göstərirlər. Yəni, sahibkarlıq subyektlərinin bölgüsündə iqtisadi rayonların payı 70 faizdən də çoxdur.
Həmçinin, birbaşa dövlətin maliyyə dəstəyi ilə, Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlara verilən güzəştli kreditlərin cəmi 0,7%-i Bakı şəhərinin, 99,3%-i isə regionların payına düşür. Məbləğ üzrə isə kreditlərin 0,3%-i Bakı şəhərində, 99,7%-i digər regionlarda fəaliyyət göstərən sahibkarlara verilib
Bu fakt da təsdiqləyir ki, regionlarda iqtisadi imkanlar daha genişdir və dövlət maliyyə təminatı xüsusi üstündür.  

Hesabat müəlliflərinin, kənd sakinlərinin maliyyə resurslarına çıxış imkanlarının məhdud olması barədə qeydlərinə diqqət edək. Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilən güzəştli kreditlərin layihə sayı üzrə 92,8%-i birbaşa kənd təsərrüfatı məhsullarının istehsalını nəzərdə tutur ki, bu da regionlarda fəaliyyət göstərən aqrar sektorun nümayəndələrini əhatə edir
Bundan başqa, Aqrar Kredit və İnkişaf Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən müxtəlif layihələr çərçivəsində kənd mülkiyyətçilərinə kreditlər verilir. Büdcədən kənd təsərrüfatına hər il 900 milyon manatdan çox vəsait ayrılır ki, onun da son təyinatı fermerlərdir. Təkcə Azərbaycanda kənd təsərrüfatına yönələn maliyyə vəsaitlərinin məbləği Gürcüstan və Ermənistanın birlikdə cəmi iqtisadi sahəyə ayırdığı vəsaitlərin həcmindən çoxdur.
2022‐ci ilin dövlət büdcəsində kənd təsərrüfatına 997,3 milyon manat vəsait ayrılıb ki, 477,5 milyon manatı birbaşa kənd təsərrüfatı tədbirləridir, həmin vəsaitin yarısı isə fermerlərə çatan subsidiyalardır. (Vətəndaşın Büdcə Bələdçisi. Səh 41.). 
Hesabat müəlliflərinin
kənd rayonlarında vətəndaşların xidmətlərə çıxışının məhdud olması barədə iddialarını elə Dünya Bankının özünün rəsmi hesabatı təkzib edir. Belə ki, Dünya Bankının 2 il əvvəl dərc etdiyi “Doing Business 2020” hesabatında Azərbaycanda biznesin əlverişliliyi, iqtisadi fürsətlərin əlçatanlığı, investorların hüquqlarının maraqlarının qorunması indikatorları ilə yanaşı, xidmətlərə çıxış indikatorları üzrə əldə etdiyi irəliləyişləri yüksək dəyərləndirib. Bank paytaxtla yanaşı, bölgələrdə kiçik biznesin və insanların xidmət növlərinə, elektrik təchizatına və kommunla xidmətlərə çıxışı, əmlakın qeydiyyatı, müqavilələrin icrasının təmin edilməsi və s. göstəricilər üzrə əhəmiyyətli nəticələri təqdir edir
Əgər iqtisadi və sosial xidmətlərə əlçatanlıq məhdud olsaydı, Dünya Bankı Qrupunun rəsmi beynəlxalq hesabatında Azərbaycanın reytinqi yüksək qiymətləndirilə bilərdimi?
Hesabatda subsidiyaların verilməsində şəffaflığlığın təmin edilməsini şübhə altına alan fikirləri də obyektivlikdən uzaq yanaşma hesab edilə bilər. Belə ki, Azərbaycanda subsidiyaların verilməsi tam rəqəmsallaşıb, dövlət başçısının “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” fərmanına əsasən, 2020-ci ildən subsidiyaların fermerlərə vahid mexanizm vasitəsilə çatdırılması təmin edilib. Fermerlər subsidiyaları əldə etmək üçün  Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçərək torpaq sahəsi, əkin və fəaliyyətlə bağlı zəruri məlumatları yerləşdirirlər. Bütün proses  elektronlaşmış şəkildə Aqrar Subsidiya Şurası tərəfindən nizamlanır və subsidiya alan şəxslərin siyahısı, məbləği və digər məlumatlar Elektron Hökümət Portalında rəsmiləşdirilir
Portalda kənd mülkiyyətçilərinin şəxsi kabinetinə subsidiyaların verilməsi barədə məlumatlar göndərilir, bundan sonra onlar “Fermer kartı” ilə təmin olunurlar, subsidiyalar bank hesabları hesab edilən həmin kartlara köçürülür. Burada hansısa məmurun təması sıfıra bərabərdir, proses tam şəffaf mühitdə aparılır, “A”dan “Z”yə hər şey elektronlaşıb. Belə olan halda şəffaflığa şübhə doğuran hansı məqam, hal var ki, DB tövsiyələr verir.
Hesabatda digər bir məqam kommunal xidmətlərlə təminetmə səviyyəsi ilə bağlıdır. Qeyd olunur ki, Bakı və Abşeron ərazisində içməli su və istilik sistemi ilə təminat maksimuma yaxın olsa da, kənd yerlərində vəziyyət fərqlidir. Kəndlərdəki ev təsərrüfatlarının cəmi 76 faizinin içməli suya, 82 faizinin isə təbii qaza çıxış imkanı var.

Bu rəqəmlərdə yanlışlıq var. Azərbaycanda əhalinin qazlaşdırma səviyyəsi 97 faizə yaxındır, təbii ki, işğaldan azad edilmiş ərazilər istisna olmaqla. Ölkədə əhali qrupu üzrə abonentlərin sayı isə 2 milyon 400 mindən çoxdur. Bu da dünya miqyasında ən yüksək göstəricilərdən biridir. Belə olan halda "82 faiz" rəqəmi haradan götürülür, necə hesablanır?
Su təminatına gəlincə, su çatışmazlığı hazırda bütün dünyanın bir nömrəli problemlərindən biridir. BMT, Böyük İyirmilik ölkələri davamlı olaraq İqlim sanmitlərində dünya ölkələrinin su çatışmazlığı məsələlərini qabardır, həlli yollarını axtarır. (Mənbə) 
Yaddan çıxarmayaq ki, Azərbaycanda su çatışmazlığının başlıca səbəblərindən biri Ermənistanın 30 il ərzində işğal altında saxladığı ərazilərimizdəki su mənbələrimizi də mənimsəməsi olub. Ancaq ərazilərimiz azad edildikdən sonra su ehtiyatlarımıza da sahib çıxmışıq, Suqovuşanda, Fərrux dağının ətəyindəki Xaçınçay su anbarında və Qarabağ və Şərqi-Zəngəzurdakı digər  su resursları 20-yə yaxın rayonun su təminatında xüsusi rol oynayacaq. Habelə iyunun 27-də Cənab Prezidentin Laçın rayounna səfəri zamanı tanış olduğu  “Həkəriçay” su anbarı layihəsi 90 milyon kubmetr su tutumuna malik olmaqla nisbətən hündür coğrafi ərazidə yerləşən 7 rayona suyun verilməsini təmin edəcək. Layihənin istifadəyə verilməsi nəticəsində 3 milyona yaxın insanı içməli su ilə təmin etmək mümkün olacaq. (Mənbə)
Bu ölkə əhalisinin 30 faizi, kənd əhalisinin 60 faizi deməkdir. Deməli, Azərbaycanın su çatışmazlığında bilavasitə əsas maneə təcavüzkar Ermənistan olub və artıq su problemi də tədricən aradan qalxmaqdadır. Təəssüf ki, DB-nin sözügedən hesabat komandasının üzvlərinin bu ölkənin Azərbaycana qarşı törətdiyi “su soyqırımını” etiraf etməyə cürətləri çatmayıb.


Hesabatda qeyd edilir ki, Azərbaycanın bölgələrində intenetin sürəti və təmin olunma səviyyəsi ilə bağlı problemlər var, bu səbədən regionlarda insanların sosial mediadan istifadə imkanları məhduddur. Diqqət edək: DB-nin tədqiqatı təqdim etdiyi 2021-ci ildə Azərbaycanda əhalinin 81,1 faizi (8,26 milyon) internet istifadəçisi olub, hazırda bu rəqəm 85 faizə çatıb. Ötən il internet istifadəçilərinin sayı əvvəlki ilə nisbətən 202 min nəfər, yəni 2,5 faiz artıb. Həmçinin, internet istifadəçilərinin sosial şəbəkə platformalarından istifadə aktivliyi ilə bağlı keçirilmiş sorğuda iştirak edən respondentlərin rəyi onların sosial şəbəkələrdə hədsiz dərəcədə aktiv olmasını təsdiqləyir. İştirakçıların 91,4 faizi gün ərzində bir neçə dəfə sosial şəbəkələrdən gündə bir dəfə istifadə edir. (Mənbə)
Dünya Bankı hesabat müəliflərinin fikrincə, “ASAN” Xidmət mərkəzlərinin yaradılması yerlərdə vətəndaşların əldə etdiyi xidmətlərin sadələşdirilməsi baxımından önəmli addımdır. Ancaq kənd sakinləri bu xidmətlərdən istifadə etmək üçün müəyyən maneələrlə də qarşılaşırlar. “Bu maneələr, əsasən, bir çox xidmətlərin rəqəmsallaşmamasından qaynaqlanır. Bir çox dövlət xidməti hələ də lisenziya və icazələrin verilməsi üçün vətəndaşlardan və sahibkarlardan yazılı ərizə tələb edir.
İzah edirik
: “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, lisenziya verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 oktyabr tarixli 650 nömrəli Fərmanına uyğun olaraq, İqtisadiyyat Nazirliyi tərəfindən dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla lisenziyaların “ASAN xidmət” mərkəzləri vasitəsilə verilməsi təmin edilib. “Asan Xidmət” mərkəzlərində isə ümumiyyətlə kağız daşıyıcılarından, kargüzarlıqdan istifadə yoxdur, bütün əməliyyatalar  elektronlaşdırılıb. Belə olan halda, kənd sakinlərindən hansı ərizə tələb oluna bilər? (Mənbə)
DB-nin virtual rəy üzrə püxtələşmiş eksperlərinin başqa bir iradı səhiyyə xidmətləri ilə bağlıdır. Araşdırmaçılar üzə çıxarıblar ki, Azərbaycanın kəndlərində səhiyyə xidmətinin səviyyəsi o qədər yüksək deyil. Burada göstərilən tibbi xidmətlər ilkin tibbi yardım və peyvəndləmə ilə məhdudlaşır.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları çərçivıəsində son 17 il ərzində 750-dən çox xəstəxana ya yenidən tikilib, ya da ki, əsaslı şəkildə təmir edilib. Rayonlarda yüzlərlə tibb məntəqəsi bərpa olunub. 
Kənd səhiyyəsinin ilkin tibbi yardımdan ibarət olmasına gəlincə, bütün dünya ölkələrində ucqar kəndlərdə tibb müəssisələrinin profili yalnız ilkin səhiyyə xidmətləri göstərməyə hesablanıb. Hansı ölkədə kənd yerində tibb məntəqəsində stasionar xidmət çeşidləri, cərrahiyyə, KT, digər xüusisi yüksək təyinatlı səhiyyə avadanlıqları var? Axı bütün kənd bölgələrində səhiyyə ocaqları adi tibbi xidmətlər üzərində qurulub, daha yüksək səhiyyə xidmətləri qəsəbə və rayon mərkəzi xəstəxanalarında göstərilir.

Nəticə:

  • ♦Tədqiqat qrupu hesabat sənədini birbaşa bölgələrdə yaşayan kənd əhalisinin rəyləri əsasında hazırladığından ciddi şəkildə təhriflərə və kobud səhvlərə yol verib.
  • ♦Beynəlxalq praktikada istənilən araşdırma, tədqiqat əhali qrupu ilə yanaşı, həmin ölkənin müvafiq qurumlarının təqdim etdiyi sənədlərə, sosial mənbələrə əsaslanır, DB kimi nüfuzlu bir qurumun birtərəfli və fərdi mülahizələr əasında belə tədqiqat aparması isə təəccüb doğurur.
    Hesabatı hazırlayan komandanın üzvlərindən heç biri Azərbaycan hökumətinin nümayəndələri, o cümlədən İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliklərinin, Dövlət Statistika Komitəsinin, yaxud da ölkəmizdə iqtisadi və sosial sahələrdə tədqiqat aparan təşkilatların dərc etdiyi statistik-analitik materiallarla tanış olmayıb, istinad etməyiblər.
  • ♦Regionlardakı sosial inkişaf göstəriciləri, həyat səviyyəsini ölçən meyarlar və digər indikatorlar, statistikaya istinad edilmədən, Azərbaycan hökumətinin mövcud məluamta bazaları nəzərə alınmadan şəxsi mülahizələrə əsaslanan hesabat hazırlanıb.
  • Beləliklə, Dünya Bankının Azərbaycan kəndinin mövcud resursları və potensialını təhlil edən hesabatı ziddiyətli və qeyri-obyektiv tədqiqlər üzərində qurulduğundan Azərbaycanın regional inkişaf mənzərəsini əks etdirməkdən tamamilə uzaqdır.