İranda fəallarla, onların üzləşdiyi problemlərlə bağlı mediada müxtəlif informasiyalar rast gəlirik. Beynəlxalq təşkilatların hazırladıqları hesabatlara görə, güneyli fəalların böyük əksəriyyəti ana dili və mədəni hüquqlarla bağlı apardığı mübarizəyə görə uzunmüddətli həbs cəzasına məhkum edilirlər. Onların bəziləri həbs qərarı olmadan qeyri-müəyyən şəraitdə təcridxanalarda saxlanılırlar.( Mənbə-video) Məsələn, "Ərk- Azərbaycan İnsan Hüquqları Müdafiəsi Cəmiyyəti" 2020 – ci ildə İran zindanlarında məhbus həyatı yaşayan azərbaycanlı fəallar barəsində ingilis dilində klip yayıb. Fəalların səsini dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə hazırlanan hesabatda onların qısa bioqrafiyası ingilis dilində qeyd olunub.
44 günlük Vətən müharibəsində də soydaşlarımız Təbriz və Tehranda kütləvi aksiyalar keçirib hökumətin Ermənistana silah ötürməsinə etiraz edirdilər. Hökumət isə Ermənistana silah ötürülməsi barədə iddiaları rədd edib bu aksiyaları dağıdırdı.
Əslən İrandan olan və hazırda Türkiyədə yaşan jurnalist Taha Kermani deyir ki, həmin dövrdə saxlanan fəalların cinayət işi hələ qapanmayıb və Təbrizdə və digər böyük şəhərlərdə son günlər həmin şəxslər yenidən ya dindirilməyə çağırılıb, ya da saxlanıblar. O deyir ki, İran hakimiyyəti azərbaycanlıların fəallığına həssaslıqla yanaşır:
“İranda bir çox fəal hökumətin Suriyadakı siyasətinə etiraz elədi, amma İran heç bir zaman siyasətini dəyişmədi, amma Qarabağ məsələsində ritorikasını dəyişmək məcburiyyətində qaldı. Yəni, azərbaycanlılar (türklər) İranda son dərəcə önəmli bir gücə sahibdirlər. Bundan başqa, Güney Azərbaycanda olanlar həssaslıqla təqib edilir”.( Mənbə)
Faktyoxla Lab olaraq İrandakı rejimin soydaşlarımıza qarşı zorakılıq, həbs və işgəncə hallarının artmasının səbəblərini oxucularımız üçün araşdırdıq.
Əvvəlcə, onu qeyd etməliyik ki, bu gün İranda yaşayan 40 milyon etnik azərbaycanlı ən çox şovinizmdən əziyyət çəkir. Soydaşlarımız nəinki ən böyük etnik qrup olduğunu, həmçinin ölkə əhalisinin üçdə birindən çoxunu təşkil etdiyini düşünsək, İran hökuməti milli kimliklə birləşən belə böyük bir qrupun həyat şəraitini yaxşılaşdırmaq üçün bütün mümkün üsullara əl atmalı ikən, əksinə, nəinki onların problemlərini həll etmir, hətta açıq şəkildə yeni – yeni problemlər yaradır. Urmiya, Ərdəbil və Təbriz fəallarının “itkin düşməsi” və ya həbs edilməsi, görkəmli alim Əhmədrza Cəlalinin edama məhkum edilməsi, Azərbaycan yazıçısı və şairi Yaqub Əhmədvəndi və azərbaycanlı rejissor Cəfər Pənahinin həbsi, nümayişçilərin zorakılıq və amansızlıqla dağıdılması bunun yalnız bir hissəsidir.( Mənbə)
Son bir neçə ay ərzində güneydə baş verənlər onu göstərir ki, İran yönətimi günü gündən soydaşlarımıza daha da aqressivlik nümayiş etdirir. Məsələn, araşdırmalarımız zamanı Tehranda yaxalanan azərbaycanlı işçi fəalı Rza Şəhabi “Evin zindanının” 209-cu bölməsində qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanıldığını öyrəndik. Tehran Avtobus Şirkəti İşçilərinin Həmkarlar İttifaqının İdarə Heyətinin üzvü olan Rza Şəhabi xəstə olmasına və üç ay yarım bundan öncə həbs edilməsinə baxmayaraq, hələ də haqqında məlumat yoxdur.
Şəhabi ailəsinin verdiyi məlumata görə, o, 42 gün aclıqdan sonra kəskin arıqlayıb. Təzyiq altında saxlanılan fəal ürək çatışmazlığı, yüksək qan təzyiqi və diyabetdən əziyyət çəkdiyi və ciddi sağlamlıq problemlərinin yarandığı bildirilir. Lakin ona müayinə və müalicə olunmaq imkanı verilmir. Qeyd edək ki, əslən Güney Azərbaycanın Şəbistər bölgəsindən olan Rza Şəhabi mayın 12-də həbs edildikdən sonra qeyri-müəyyən şəraitdə saxlanılmasına, ailəsi ilə əlaqəyə və vəkillə təmin olunmasına imkan verilmədiyinə görə 42 gün aclıq aksiyası keçirib.( Mənbə)
Bundan başqa, bir neçə gün öncə İran prukuroru yenicə əməliyyat olunaraq zindandan xaric müalicəyə etiyacı olduğu bildirilən azərbaycanlı siyasi məhbus Abbas Lisaninin də zindana qaytarılmasını tələb edib. Avqustun 25-də azərbaycanlı siyasi məhbus Abbas Lisaninin oğlu Əli Lisani son tibbi sənədləri Ərdəbil prokuroruna təqdim edib və prokurorluqdan Ərdəbil Tibb Ekspertiza İdarəsinin rəyinə uyğun hərəkət etmələrini istəyib. Lakin İranın Ərdəbildəki prokuroru Abdullah Təbatəbai Ədliyyə Tibb Ekspertiza Komissiyasının rəyinin Abbas Lisaniyə verilməyəcəyini deyib və onun şənbə günü zindana qayıtmalı olduğunu bildirib. Qeyd edək ki, tibbi məzuniyyətdə olan azərbaycanlı siyasi məhbus Abbas Lisani avqustun 23-də üçüncü dəfə Təbrizin "Vəliəsr" xəstəxanasında qapalı bel diski əməliyyatı olunub.
Həkimlər cərrahi əməliyyatından sonra azərbaycanlı siyasi məhbusa təxminən 1 aya yaxın hərəkət etməməyi və əməliyyatın nəticəsindən arxayın olmaq üçün yenidən müayinədən keçməyi tövsiyə ediblər. Lakin elə həmin gün azərbaycanlı siyasi məhbus Abbas Lisanidən məhkəmənin elektron sistemi vasitəsilə həbsinin qalan hissəsini çəkmək üçün 5 gün içində Ərdəbildəki İnqilab Məhkəməsinin Hökmləri İcra şöbəsinə müraciət etməsi tələb olunub. Xatırladaq ki, 2019-cu ilin iyul ayında rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilən Lisaniyə daha sonra Ərdəbil Apellyasiya Məhkəməsi tərəfindən cəzasına daha 2 il sürgün və 7 il həbs cəzası əlavə olunub.( Mənbə)
Həmçinin, gələn xəbərlər arasında fars rejiminin həbs etdiyi Təbrizdə yaşayan azərbaycanlı milli-mədəni fəal Yaşar Pirinin 200 milyon tümənlik girov qarşılığında məhkəməyə qədər zaminə buraxılması da var. Bu barədə Yaşar Piri özünün sosial şəbəkə səhifəsində yazıb: "Qardaşımın məhkəmə işi ilə bağlı tanımadığım bir şəxsə 30 saniyəlik zəng etdiyim üçün məni "məhkəmə orqanı işçilərinə təsir etmək" ittihamına görə yaxalayıblar. Həmin şəxs prokurorluqda dediyim məsələni olduğu kimi dedikdən sonra məni 200 milyon tümən girov qarşılığında zaminə buraxıblar".
Yaşar Piri ilə eyni gündə yaxalanan azərbaycanlı fəal Siyavuş Əlizadənin yaxınlarının verdiyi məlumata görə, həmin fəal da, 300 milyon tümənlik girov qarşılığında zaminə buraxılıb.
Qeyd edək ki, azərbaycanlı fəallar Yaşar Piri və Siyavuş Əlizadə avqustun 17-də Təbriz ETTELAAT İdarəsinin 37-ci otağına çağırıldıqdan sonra həbs edilmişdilər. Ayrıca, Yaşar Pirinin qardaşı Ruzbeh Piri də 3 il 8 ay müddətinə azadlıqdan məhrum olunub.
Azərbaycanlı hüquq müdafiəçilərinin yaydığı digər bir məlumata görə, Təbrizdəki Ümumi və İnqilab Prokurorluğu Mustafa və Əhməd Əşrəfi Liqvan qardaşlarına da çağırış vərəqəsi göndərib. “Amerikanın Səsi”-nin də surətini əldə etdiyi çağırış vərəqəsində yazılanlara görə, Əşrəfi Liqvan qardaşlarından “son müdafiə üçün” beş gün ərzində ümumi və inqilab prokurorluğunun 15-ci şöbəsinə müraciət etmələri tələb edilib. İki fəalın “İslam Respublikası nizamına qarşı təbliğat fəaliyyəti” göstərməkdə ittiham olunduğu bildirilib. Xatırladaq ki, Mustafa və Əhməd Əşrəfi may ayının 22-də nəzarət altına alınmışdılar. Onlar daha sonra təqribən 15 gün sorğu-sual edildikdən sonra 100 milyon tümənlik mülki zəmanət qarşılığında məhkəmə prosesi tamamlanana qədər müvəqqəti azadlığa buraxılıblar.( Mənbə)
Bundan başqa, Təbrizdə yaşayan azərbaycanlı milli-mədəni fəal Siyamək Fərəczadə (Qaradağlı) da prokurorluğa çağrılıb. Bununla bağlı azərbaycanlı fəala bildiriş göndərilib. Bildirişdə fəaldan istənilib ki, müəyyən edilmiş müddət ərzində o rejimin Təbrizdəki Ümumi və İnqilab Prokurorluğunun 15-ci bölməsinə müraciət etsin. Qeyd edək ki, Siyamək Fərəczadə (Qaradağlı) iyulun 1-də İran təhlükəsizlik qüvvələri tərəfindən Kəleybər şəhərində yaxalanaraq ETTELAAT İdarəsinin Təbrizdəki təcridxanasına köçürülmüşdü. Siyamək Fərəczadə həbsindən bir neçə gün sonra ailəsi ilə qısa müddətli telefon əlaqəsində iyulun 16-da prokurorluğa aparıldığını və yenidən təcridxanaya qaytarıldığını demişdi. Əhər şəhərindən olan azərbaycanlı milli fəal Təbrizdə yaşayır və elektrik mühəndisliyi üzrə təhsil alıb. Azərbaycanlı fəalın Babək Qalası Qurultayına qatıldığı üçün yaxalandığı bildirilir.( Mənbə)
Urmiya şəhərindən olan və 3 aya yaxındır Tehranın “Evin zindanı”nın 209-cu bölməsində həbsdə saxlanılan azərbaycanlı işçi fəal Valeh Zamani qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır. Xəstə olmasına baxmayaraq Valeh Zamaniyə müalicə üçün də icazə verilmir. İşçi fəallarının Evin zindanıdakı mənbələrə istinadən verdiyi məlumata görə, Valeh Zamaninin sağlıq durumu ağırdır və qaraciyər xəstəliyindən əziyyət çəkən məhbus möhkəm arıqlayıb. Azərbaycanlı işçi fəalının ağır xəstə olmasına baxmayaraq rütubətli yerdə saxlanılması onun həyatını təhlükəyə salır deyə onun haqqında verilən məlumatda bildirilir. Fəal iki dəfə müayinə olunmasına yalnız ona ağrıkəsicilər verməklə kifayətləniblər.
Zamani iyunun 30-da Tehranın "Evin zindanı"ndan ailə üzvlərindən biri ilə saxladığı qısa müddətli telefon əlaqəsi zamanı təzyiqlərə məruz qaldığını bildirmişdi. Bildirilir ki, Azərbaycanlı məhbusa kiminləsə görüşünə icazə verilmir, vəkil tutmaq haqqından məhrum edilib və barəsində irəli sürülən qondarma ittihamları qəbul etmədiyi təqdirdə yenidən zindanın 240 nömrəli təhlükəsizlik bölməsinə təkadamlıq kameraya qaytarılacağı ilə bağlı hədələnir. Zamani isə özünü günahkar hesab etmədiyini deyərək, istənilən təzyiqlər qarşısında saxta ittiham aktına qol çəkməyəcəyini deyib. Valeh Zamaninin ailəsi də onun sağlıq durumundan nigarandır.( Mənbə)
Təqribən bir neçə gün öncə daha bir azərbaycanlı milli-mədəni fəal Şahin Bərzgər məhkəməyə çağırılıb. Bununla bağlı azərbaycanlı fəala rejimin Təbrizdəki Ümumi və İnqilab Prokurorluğu tərəfindən məhkəmənin elektron sistemi vasitəsilə bildiriş göndərilib. Bildirişə görə Şahin Bərzgər rejimin Təbrizdəki Ümumi və İnqilab prokurorluğunun 15-ci şöbəsinə müraciət etməlidir. Qeyd edək ki, iranlı məmurlar iyulun 13-ü günorta saatlarında azərbaycanlı milli fəal Şahin Bərzgərin evinə hücum çəkərək, onu həbs etmək istəmişdilər. Fəalın evdə olmadığını görən rejimin qüvvələri evin qapısını zorla qırıb mənzilə daxil olaraq, fəalın qardaşı və bacısını vəhşicəsinə döymüşdülər. Şahin Bərzgər bundan öncə də Azərbaycan uğrunda milli-mədəni fəaliyyətlərinə görə İranın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və müxtəlif basqılara məruz qalıb. (Mənbə)
Araşdırmalarımız zamanı həmçinin, Azərbaycanlı milli fəalların Urmiya gölünün acınacaqlı vəziyyətinə və İran rejiminin gölü bilərəkdən qurutmaq siyasətinə etiraz etmək üçün ötən şənbə gününə aksiya çağırışından sonra, təhlükəsizlik qüvvələrinin azərbaycanlı fəallara qarşı repressiyaya başladıqlarını da müəyyənləşdirə bildik. İran rejimi azərbaycanlı milli-mədəni fəallar Hüseyn və Məhəmmədrza Əmani qardaşlarını yaxalamağa çalışıb. Lakin azərbaycanlı qardaşlar evdə olmadıqları üçün onları yaxalaya bilməyiblər. Ona görə məmurlar Əmani ailəsindən qardaşların bir sıra suallara cavab vermək üçün Mərənd şəhərindəki ETTELAAT İdarəsinə getmələrini istəyiblər. Qeyd edək ki, Hüseyin Əmani politologiya və Məhəmmədrza Əmani isə psixologiya üzrə təhsil alıblar, hazırda isə "Mişov Qartaları" Azərbaycan rəqs qrupunun rəhbərləridirlər.( Mənbə)
Araşdırmalarımız zamanı Əllamə Təbatəbayi Universitetinin jurnalistka fakültəsinin tələbəsi, gənc fəal Melika Qaragözlünün də 34 gün qeyri-müəyyən şəraitdə həbsdə saxlanıldıqdan sonra 1 milyard 600 milyon tümənlik girov qarşılığında məhkəməyə qədər zaminə buraxıldığını da öyrəndik. Melika Qaragözlü 13 iyulda hicab məcburiyyətinə etiraz olaraq yaylığını başından açıb atdığı videonu paylaşdıqdan sonra İranın ETTELAAT məmurları tərəfindən həbs edilmişdi. Bundan öncə isə Melika Qaragözlü 2019-cu ilin noyabrın 18-də Tehranda benzinin qiymətinin kəskin bahalaşmasına qarşı keçirilən kütləvi etirazlar zamanı tutulub 6 ay həbsə məhkum edilsə də, dekabrın 1-də 600 milyon riallıq vəsiqə girovu qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdı. Qaragözlünün vəkili Məhəmmədəli Kamfiruzi müvəkkilinin həbsinin qanunsuz olduğunu və insan haqları prinsiplərinin kobudca pozulmasına yol verildiyini bildirmişdi.( Mənbə)
Sosial şəbəkələrdən daha bir Azərbaycanlı milli fəalın - Şükrüllah Qəhrəmanifərdinin avqustun 1-i səhər saatlarında həbs edildiyini öyrəndik. Belə ki, Azərbaycanlı fəalın yaxınlarının verdiyi məlumata görə, İranın ETTELAAT İdarəsinin 8 məmuru Şükrüllahın evinə hücum edərək onun evində axtarış aparıblar. Məmurlar azərbaycanlı fəalın mobil telefonunu, kompüter və kitablarını, eləcə də başqa şəxsi əşyalarını müsadirə edərək özləri ilə aparıblar. Şükrullah Qəhrəmanifərdin Əhər şəhərində kəşfiyyat qurumuna məxsus həbsxanaya aparılaraq sorğu-sual edildiyi, avqustun 10-da Əhərin mərkəzi həbsxanasına köçürülüb. Daha sonra isə ailəsinin verdiyi məlumata görə, 11 avqustda azadlığa buraxılıb. Qeyd edək ki, Şükrüllah Qəhrəmanifərd bundan öncə də dinc mədəni fəaliyyətlərinə görə dəfələrlə həbs və təzyiqlərlə qarşılaşıb.( Mənbə)
Həbslər və zorkılıq halları jurnalist və Azərbaycanlı mədəni fəal Behnam Zareinin də tez – tez üzləşdiyi hallardan biridir. Belə ki, Zarei sonuncu dəfə 15 avqust 2022-ci ildə 200 milyon tümənlik girov qarşılığında müvəqqəti olaraq Əhər həbsxanasından məhkəməyə qədər sərbəst buraxılıb. Bu qərar Əhər şəhərinin İnqilab Məhkəməsi tərəfindən Vərziğan ümumi və İnqilab Prokurorluğunun 1-ci şöbəsinn bu fəalın həbsi barədə qərarı pozduqdan sonra verilib. Şərqi Azərbaycan İnsan Haqları Mərkəzinin üzvü, hüquqşünas Əsgər Məhəmmədinin vəkili olduğu bu fəala qarşı dövlət ittihamı məhkəmə prosesinin ilkin mərhələsində “rejimə qarşı olan qrupların xeyrinə rejim əleyhinə təbliğat” olaraq səsləndirilmişdi.
Qeyd edək ki, “Ərk” dərgisinin keçmiş baş redaktoru olan Behnam Zarei 9 iyul 2022 – ci il tarixində günorta saatlarında Vərziğanın Köhnəli kəndindəki evində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi. Həbs zamanı onun telefonu və bəzi şəxsi əşyaları müsadirə edilərək Əhər Şəhər Kəşfiyyat İdarəsinin təcridxanasına təhvil verilmişdi.( Mənbə)
Bundan başqa, İranın Muğan (Parsabad) bölgəsindən olan azərbaycanlı milli fəal Şəhruz Süleymanianın da mühakimə ediləcəyi gələn xəbərlər arasındadır. Bununla bağlı rejimin məhkəməsi azərbaycanlı fəala elektron sistem vasitəsilə çağırış göndərib. Azərbaycanlı fəaldan istənilib ki, çağırışın dərc edildiyi gündən başlayaraq 5 gün içində rejimin Parsabaddakı Ümumi və İnqilab Prokurorluğunun 4-cü bölməsinə müraciət etsin. Məhkəmədən göndərilən çağırışda Şəhruz Süleymanianın "İctimai rəyi çaşdırmaqla ictimai asayişi pozmaq"da ittiham olunduğu bildirilib.( Mənbə)
Nəticə etibarı ilə, Güneydəki soydaşlarımızla bağlı əldə etdiyimiz məlumatlara əsaslanaraq, deyə bilərik ki,
-İran rejiminin güneyli fəalları həbs etməsi, oğurlaması və işgəncə verməsi ilə bağlı iddialar tamamilə həqiqətdir,
-İran Güneydəki soydaşlarımızın problemləri ilə qətiyyən maraqlanmır,
-Güneydəki siyasi fəalların həyatının təhlükədə olması ilə bağlı iddialar həqiqəti əks etdirir,