ADR Hərəkatının rəhbəri, iqtisadçı Qubad İbadoğlu 2023-cü ildə ölkəmizdə ehtiyac meyarının həddi və yaşayış minimumun artmasına baxmayaraq, pensiya, təqaüd və digər sosial təyinatlı müavinətlərin artmayacağını, bununla hökumətin sosial ədalətsizliyə və iqtisadi uyğunsuzluğa yol verdiyini əsaslandırmağa çalışır. Sitat: “Azərbaycanda 2023-cü il üçün ehtiyac meyarının həddi və yaşayış minimumu ayda 246 manat məbləğində müəyyən edilib. Bu o deməkdir ki,246 manatdan aşağı ödəniş ola bilməz, çünki ondan aşağı məbləğlı bir ayın xərclərini qarşılamaq mümkün deyil. Amma buna baxmayaraq pensiyaların minimum məbləği 240 manat, yaşa görə müavinət 180 manat, müharibə iştirakçılarının müavinəti 80 manat olaraq qalır. Hesab edirəm ki, bu sosial ədalətsizliyi və iqtisadi uyğunsuzluğu aradan qaldırmaq üçün müharibə iştirakçılarının müavinəti 160 manata, yaşa görə müavinət 250 manata, minimum pensiya məbləği isə 300 manata çatdırılmalıdır”.
Faktyoxla Lab. Q.İbadoğlunun dediklərinin əsaslı olub-olmamasını araşdırıb.
İlk olaraq qeyd edək ki, Q.İbadoğlunun qeyd etdiyi sosial göstəricilər 2022-ci ilə aid olsa da, ehtiyac meyarı üzrə sosial göstəriciləri 2023-cü il üçün nəzərdə tutur. Bəllidir ki, 2023-cü ildə pensiya, müavinət, təqaüdlərin artırılması nəzərdə tutulduğundan həmin sosial göstəricilərin ehtiyac meyarını və yaşayış minimumunu üstələyəcək. Məsələn, minimum pensiya məbləği 2022-ci il üzrə 240 manat olsa da gözlənilən artımdan sonra ehtiyac meyarının həddini ötəcəyi istisna deyil. Belə ki, “Əmək pensiyaları haqqında” qanuna yeni dəyişikliklər layihəsinə əsasən, 2023-cü ildən pensiya islahatında yeni mərhələ başlanmaqla pensiyaların indeksləşdirilərək artırılmasında vahid yanaşma tətbiq olunacaq. Yəni, bütün növ pensiyalar indeksasiya olunacaq. mənbə
Bu o deməkdir ki, 240 manat pensiya alan vətəndaşların pensiya məbləği 2023-cü ildə əmək pensiyalarının indeksasiya üzrə qaydalarına əsasən, baza düsturu üzrə artırılacaq. Yəni, artım 2022-ci il üzrə orta aylıq əməkhaqqının illik artımı tempinə uyğun aparılacaq. 2022-ci il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,4 faiz artaraq 827,4 manat təşkil edib. mənbə
İlin sonuna bu rəqəmin 15 faizi ötəcəyi proqnozlaşdırılır. Növbəti ildən pensiyaların üzərinə hazırda əlavə edilən illik 200 manatlıq maddi yardımlar da indeksasiya portfelinə daxil ediləcək. 200 manatın aylıq bölgüsü təxminən 16,7 manat təşkil edir. Bu o deməkdir ki, növbəti ildə 240 manat minimum pensiya məbləği 15 faiz orta illik əməkhaqqının artım tempi və maddi yardım məbləği əsasında (240*15=36+16,7) 292,7 AZN təşkil edəcək. Yəni, minimum pensiya məbləği təxminən 53 manat artacaq. Beləliklə, minimum pensiya məbləği 246 manat nəzərdə tutulan ehtiyac meyarından 47 manat çox olacaq. Bu isə İbadoğlunun minimum pensiyanın ehtiyac meyarından aşağı olması barədə fikirlərinin həqiqəti əks etdirmədiyini təsdiqləyir.
İndi maraqlı bir epizoda diqqət edək. Qubad İbadoğlunun həmin statusuna Xanlar Qasımov adlı pensiyaçı sual edib. X.Qasımov 240 manat pensiya aldığını yazıb soruşur ki, artım ona şamil olunacaq, ya yox? Bu məqamda Qubad İbadoğlu öz-özünü təkzib edir. İqtisadçı alim deyir ki, “sizin 240 manatlıq minimum pensiyanız indeksləşdirməyə məruz qalacaq”.
Halbuki o yazdığı statusunda israrla qeyd edir ki, ehtiyac meyarı 2023-cü ildə 246 manata çatdırılsa da, minimum pensiya 240 manat qalacaq, yəni artmamaqla yaşayış minimumundan az olacaq. Göründüyü kimi özü də etiraf edir ki, X.Qasımovun 240 manat minimum pensiya məbləği təkcə 15 faiz artıma məruz qaldıqda (240*15=36 AZN) 276 manat olacaq. Yəni, ehtiyac meyarı və yaşayış minimumundan 30 manat çox.
İqtisadçi alim bu hesablamada da səhvə yol verir. Məsələ ondadır ki, İbadoğlu həmin şərhində hesablamanı yenə səhv salıb. Axı, X.Qasımovun 240 manat pensiyasına 200 manat maddi yardımın da aylıq məbləği (16,6 AZN) əlavə olunacaq. Yəni, sual verən şəxsin pensiyası (240*15=36+16,7) 292,7 manata çatacaq. mənbə
Q.İbadoğlunun yaşa görə müavinətlərə, yəni qocalıq müavinətləri ilə bağlı hesablamasına gəlincə, belə bəlli olur ki, o, hələ də həmin təqaüdlərin “Əmək pensiyaları haqqında” qanunla tənzimlənmədiyini bilmir. “Sosial müavinətlər haqqında” Qanuna əsasən, əmək pensiyası yaş həddinə çatmış, lakin yaşa görə əmək pensiyası hüququ yaranmayan şəxslərə əmək qabiliyyəti olmayan şəxslər işləmədikdə yaşa görə sosial müavinət (2022-ci ilin yanvarın 1-dən 180 manat) almaq hüququ vardır. Yəni, bu pensiya deyil, təqaüddür, dövlətin heç bir yerdə işləməyən şəxslərə verdiyi sosial dəstəkdir. mənbə
Bütün bunlara rəğmən, hazıra məbləği 180 manata bərabər olan qocalıq müavinətlərinin növbəti ildə artımı nəzərdə tutulub. Belə ki, 2023-cü ilin dövlət büdcəsində sosial müavinətlər, təqaüdlər və digər sosial xarakterli ödənişlərin maliyyə təminatı üçün 2 milyard 598 milyon manat vəsait nəzərdə tutulub. Həmin vəsaitin 372 milyon manat təqaüd xərcləridir. Bu o deməkdir ki, növbəti ildə hazırda 180 manat təşkil edən qocalıq müavinəti də artırlacaq. mənbə
Ən qəribəsi budur ki, Q.İbadoğlu müharibə veteranları ilə bağlı məsələdə də mövzunu qarışdırır. Birincisi, müharibə iştirakcısı olan veteranlar müavinət yox, təqaüd alırlar. İkincisi, müharibə veteranları ilə müharibə əlili anlayışı tamamilə fərqli sosial bölgünü ehtiva edir. Q.İbadoğlu hələ də bilmir ki, müharibə veteranının yaşayış ehtiyacları təkcə 80 manatla kifayətlənmir və veteranlar müharibə iştirakçısı kimi əsas etibarilə sağlamlığı iş və əmək funksiyasını yerinə yetirməyə imkan verən şəxslərdir, müharibə əlili isə fiziki qüsur və sağlamlıq imkanları məhdud olduğundan əmək qabiliyyəti də məhduddur. Ona görə də, veteranların sağlamlığı əmək funksiyasını icra etməyə imkan verdiyindən dövlət onlara təqaüddən başqa, özünüməşğulluq proqramlarına növbədənkənar cəlb edir, vergi və sosial güzəştlərlə əhatə olunan kiçik ailə təsərrüfatları və müəsissələr yaratmalarına şərait yaradır ki, nəticədə onların ayda 500-700 manat gəlir qazanmaları təmin olunur. Həmçinin, müharibə vetearanları müxtəlif sektorlarda, xüsusilə də nəqliyyat, iaşə, ticarət sahələrində qeyd-şərtsiz işlə təmin olunublar və müxtəlif güzəştləri vardır. Təkcə 1000-dən artıq veteran nəqliyyat sektorunda işlə təmin edilib və ayda 700-800 manat maaş alırlar. Veteranlar haqqı ödənilən ictimai işlərə cəlb edilirlər ki, həmin məbləğ də ehtiyac meyarını ən azı 2 dəfə üstələyir. Müharibə veteranlarının sosial iş yerlərində əməkhaqqının birgə maliyyələşdirilməsi proqramına ən qısa zamanda növbədənkənar cəlb edilməsi təmin olunur. istinad
Nəticə:
-
♦ Q. İbadoğlunun pensiya, təqaüd və müavinətlərin ehtiyac meyarından aşağı olması və sosial ədalətsizliyin baş verməsi barədə fikirləri qarışıq, uyğunsuzdur və əsaslı deyil.
-
♦ O, faktlarla manipulyasiya edərək statusunda qeyd etdiyi sosial göstəricilər 2022-ci ilə, ehtiyac meyarı üzrə sosial göstəriciləri isə 2023-cü ilə aid edib.
-
♦ İqtisadçı alim yazdığı statusda ona ünvanlanan sualla özü-özünü təkzib edib. Bu azmış kimi, müraciət edənin pensiyasını yüzlərlə oxucu qarşısında səhv hesablayır.
-
♦ Q. İbadoğlu hələ də yaşa görə müavinətlərin, yəni qocalıq müavinətlərinin “Əmək pensiyaları haqqında” qanunla tənzimlənmədiyini bilmir
-
♦ Q.İbadoğlu hələ də bilmir ki, müharibə iştirakcısı olan veteranlar müavinət yox, təqaüd alırlar.