Məlum olduğuğu kimi Prezident İlham Əliyev “Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında” Sərəncam imzalayıb, Nazirlər Kabineti isə həmin sərəncamın icrasına dair qərar qəbul edib. Məqsəd ölkəmizdə su ehtiyatları mənbələrinin dayanıqlılığının təmin edilməsi və gələcəkdə etibarlı su ehiyatları fondunun formalaşdırılmasıdır.

Tarixçi Cəmil Həsənli isə hökumətin bu layihəsinin icrasına şübhə ilə yanaşaraq dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalının mümkün olmadığını iddia edir. Sitat: “Yetərli dərəcədə içməli su ehtiyatları olan bir ölkədə şor suyu “təmizləyib” millətə versinlər. Paytaxtın suya olan ehtiyacı Xəzəryanı ölkələrin axıntı yerinə çevrilən, okeana çıxışı olmayan dəniz suyu hesabına ödənilməməlidir”.

Faktyoxla Lab.
dəniz suyunun duzsuzlaşdırılması və bunun şirin su probleminin həllinə verəcəyi töhvəni araşdırıb.  

Əvvəlcə Cəmil Həsənlinin 105 il əvvəl çəkilmiş “Şollar-Bakı” və 15 ilə yaxındır ki, fəaliyyət göstərən “Oğuz-Qəbələ-Bakı” su kəmərlərinin niyə paytaxtın suya olan ehtiyacını ödəməməsi barədə şübhə və tərəddüdlərinə aydınlıq gətirək.

Tarixçi alim özü də bilir ki, “Şollar-Bakı” su kəməri Bakıya veriləndə paytaxtın əhalisi 300 min nəfər idi, indi say 12 dəfə artıb. Həmçinin, Bakı və Abşeronda son 100 ildə minlərlə sənaye və emal müəssisəsi yaradılıb, onların da suya tələbatında Şollar suyundan istifadə olunur. Ona görə də bu kəmərin gücü 200-300 min nəfərə və sənayenin bir hissəsinə çatır.

 
“Oğuz-Qəbələ-Bakı” su kəmərinə gəlincə, bu kəmərin suburaxma qabiliyyəti saniyədə 5 kubmetrdir. Su Oğuz rayonu ərazisindəki quyulardan çıxarılaraq magistral su kəməri vasitəsilə paytaxta ötürülür. Bu kəmərin suyu Abşeron, Yasamal, Nəsimi və Səbail rayonlarının bir hissəsini, eləcə də magistral xəttin keçdiyi rayonların bir sıra kəndlərini su ilə təmin edir. istinad
Oğuz-Qəbələ kəmərinin paytaxtın su təminatında payı təxminən 40 faiz təşkil edir. Belə ki, Bakı və Abşeron yarımadasına gündəlik saniyədə 15-20 k.metr su tələb olunur. Həmin tələbatı ödəmək üçün əsas su mənbəyi Taxtakörpü su anbarından qıdalanan Taxtakörpü-Ceyranbatan su xətti və Ceyranbatan su anbarıdır. Bakı, Sumqayıt və Abşeronun içməli su ilə təmin edilməsində əsas pay məhz bu su mənbədir, saniyədə 18 kub.metr (Oğuz-Qəbələdən 3,7 dəfə çox) su ötürür.

 
Digər mənbələr olan Oğuz-Qəbələ, Bakı-Şollar su kəmərləri və Kür çayı isə qalan 48-50 faizi ödəyir. Şəhərin içməli su ilə təminatında Kür çayının payı çox azdır, bu çay əsasən bölgələrdə təsərrüfatların suvarma işini təmin edir. Bakıya Kür çayı vasitəsilə verilən suyun həcmi saniyədə 1 kub.metrdir. Kür çayı əsasən Qaradağ rayonunun böyük bir hissəsini, Səbail və Binəqədi rayonlarının isə az hissəsini su ilə ödəyir. Əsas yük Ceyranbatan xəttidir ki, şəhərin Sabunçu, Suraxanı, Xəzər, Pirallahı qəsəbələrini, Abşeronu, Xırdalan şəhərini, Nizami, Nərimanov və Xətai rayonlarının bir hissəsini su ilə təmin edir.
“Oğuz-Qəbələ-Bakı” su kəməri isə “Ceyranbatan” su anbarından gələn su ilə birlikdə Yasamal, Nəsimi, Nərimanov istiqamətlərində su təminatına yönəldilir. Şollar-Bakı kəməri vasitəsilə su Sulutəpə anbarına qədər gəlir, ordan isə həmin suyun kiçik bir qismi Oğuz-Qəbələ kəməri və Kür çayının suyu ilə qarışaraq şəhərə verilir. mənbə

Göründüyü kimi Bakı-Şollar paytaxtın su tələbatını təxminən 7-8, Oğuz-Qəbələ 40 faiz, Kür 1-2 faizini təmin edir, qalan 50 faizi Ceyranbatan su mənbəyi ödəyir.

Bunlarla bərabər, hazırda Bakı şəhərinin əhalisi 3 milyon nəfəri ötübdür. Urbanizasiya, şəhərdə yüksəkmərtəbəli yaşayış binalarının sayının durmadan artması, həmçinin Abşeron yarımadasında məskunlaşmanın hədsiz dərəcədə böyüməsi su ehiyatlarını artırmaqdadır. Nəticədə suya olan tələbat son illərdə ən azı 2 dəfə artıb. Həmçinin, 20-30 il əvvəl Bakının bir çox ərazilərinə su fasilə ilə, günün müxtəlif saatlarında verilirdisə indi fasiləsiz verilir, ona görə də bu amil də, suya tələbatı artırıb. Nəticədə hər il suya tələbat artır, bir neçə il əvvəl istifadəyə verilmiş su xətləri və anbarlar və su mənbələri isə daimi deyil, bir neçə ildən sonra ehtiyatların azalması proqnozlaşdırılır.

 
Hazırda qlobal istiləşmə və iqlim dəyişiklikləri ilə bağlı olaraq bütün regionlarda yeraltı su quyularında azalmalar baş verməkdədir. Eləcə də dağlardakı bulaq və yeraltı su mənbələri azalır, iri çaylarda, Araz və Kürdə suyun səviyyəsi aşağı düşür. Azərbaycan Cənubi Qafqada ən az su ehtiyatına malik ölkədir, şirin su ehtiyatlarının 29,9 %-i ölkə ərazisində formalaşır, qalan 70,1 %-i isə xaricdən axan transsərhəd çayları (Samur, Kür və Araz, Qanıx, Astara) vasitəsi ilə Azərbaycan ərazisinə gəlir. Həmin çayların başlanğıcı (mənbəyi ) olan ölkələrin, xüsusilə də Rusiya, Gürcüstan və İranın suya tələbatının artması nəticəsində ölkəmizə gələn sular da azalmağa başlayıb. Samur, Kür və Araz çaylarında son illərdə azalmanın bir səbəbi də budur. istinad


Nəzərə alsaq ki, Bakı şəhəri və Abşeron yarımadasının suya tələbatı ödəmək üçün əsas mənbə olan Taxtakörpü su anbarını Rusiya ərazisindən axan Samur çayı təmin edir. Su anbarına ildə 1 milyard 190 milyon kub.metr su toplanır ki, həmin ehtiyatlar hesabına həm şimal zonasının kənd təsərrüfatı sahələrinin su təminatı, həm də Bakı, Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının əhalisinin içməli su təchizatı həll olunur. Ehtiyatların təkcə 877 milyon kub.metri, yəni 82 faizi paytaxt və Abşeron yarımadasına yönəlir. istinad

Son illərdə Samur çayında su ehtiyatlarının azalması da müşahidə edilməkdədir ki, bu da gələcəkdə paytaxtın içməli su ilə təmin edilməsində 50 faiz payı olan Taxtakörpü su anbarının mənbələrinə də təsir edə bilər. Ümumiyyətlə, Azərbaycan regionda su ehtiyatları baxımından ən az paya malik olan ölkələrdən biridir.
Dünya Resursları İnstitutunun apardığı araşdırmalara görə, qlobal istiləşmənin təsiri olaraq 2040-cı il ən azı 33 ölkə su qıtlığı ilə üzləşəcək və onların sırasında Azərbaycan 18-ci yerdə qərarlaşır. mənbə


Məhz yuxarıda sadaladığımız mühüm amilləri və beynəlxaql ekoloji təşkilatların ciddi xəbərdarlıqları, qlobal çağırışları nəzərə alan Azərbaycan hökuməti gələcək təhlükələri görərək tədbirli tərpənir və indidən 20-30 il sonra yaşana biləcək qıtlığın qarşısını almaq üçün etibarlı su təminatları formalaşdırır. Xəzər dənizinin suyunun şirin mənbə kimi içməli su istehsalına yönəldilməsi də qabaqlayıcı addım, uzaqgörən siyasət hesab oluna bilər.

Cəmil Həsənlinin “...amma heç vaxt, heç kəsin ağlına gəlməyib ki, yetərli dərəcədə içməli su ehtiyatları olan bir ölkədə şor suyu "təmizləyib" millətə versinlər” sitatına da aydınlıq gətirək.

Dünyada dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli suya çevrilməsi təcrübəsi mövcuddurmu və hansı ölkələrdə bu layihələr icra olunur?
Yaxın illərin təcrübəsinə baxsaq görərik ki, dünyanın 40-dan artıq ölkəsi dəniz suyunun içməli suya çevrilməsi üçün ən müasir texnologiyaların tətbiqini genişləndirməkdədir. Ərəb regionu ölkələri, Afrika dövlətlərinin bir qismi, eləcə də İsrail, Çin, Malayziya, Sinqapur, ABŞ, Avstraliya və başqa ölkələrdə dəniz suyunun duzsuzlaşdırılmasından geniş istifadə olunur. Dünyada 177 ölkədə 16 mindən artıq dəniz suyunu təmizləmə xüsusi qurğularla təmin olunmuş müəssisə fəaliyyət göstərir. Bu cür müəssisə-stansiyaların gücü illik 1-3 milyon k.metrə bərabərdir. Məsələn, Səudiyyə Ərəbistanının Ras-Al-Xair zavodu gündə 1 milyon, Birləşmiş Ərəb Əmirliyindəki Tavil zavodu gündə 900 min kub.metr suyu təmizləyir. Hazırda Əlcəzairin ümumi gücü gündəlik 2,1 milyon kubmetr olan 9 qurğusu, Avstraliyanın gündəlik gücü 1,6 milyon kubmetr olan 5 qurğusu, İsrailin 1,7 milyon kubmetrlik 4 qurğusu, Küveytin gündəlik 2,3 milyon kubmetr gücü olan 5 qurğusu, Səudiyyə Ərəbistanının isə ümumi gücü  3,1 milyon kubmetr olan 5 qurğusu var. Ümumilikdə gün ərzində dünyada 95 milyon kub.metr dəniz suyu şirinəşdirilir və dünya əhalisinin təxminən 5 % şirinləşdirici qurğularla alınan sudan istifadə edir. istinad


Yeri gəlmişkən, dəniz suyundan şirin su istehsal edən qurğu Xəzər dənziində də fəaliyyət göstərir. Qazaxıstanın Aktau limanında qurulmuş Xəzər zavodunda dəniz suyunun duzsuzlaşdırma qurğusu sutkada 40 min m3-ə qədər şirin su emal edir. mənbə

Azərbaycan da məhz beynəlxalq təcrübəyə istinad edərək belə bir layihənin tətbiqini məqsəduyğun sayır. Məsələ ondadır ki, dəniz suyunun duzsuzlaşdılması ilə bağlı təşəbbüs Azərbaycanda da ilk deyil, hələ 2010-cu ildə bu layihə gündəmə gətirilib və dövlət başçısının tapşırığı ilə Salyan rayonunun Xıdırlı kəndində belə bir layihəyə start verilib. 2013-ci ildə Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması Kompleksi istifadəyə verilib və müəssisə 50-70 min nəfəri içməli su ilə təmin edir. Sonarkı illərdə bu müəssisədə əlavə qurğular quraşdırılmaqla texniki imkanlar daha da artıb. Dövlət başçısı bu kompleksinin fəaliyyəti ilə tanış olduqdan sonra bu tipli layihələrin genişləndirilməsi qərara alınıb. mənbə


Bu xüsusda onu da vurğulayaq ki, dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı olduqca bahalı layihədir, hər ölkənin buna gücü çatmır. Gürcüstan bir neçə il əvvəl bu layihəni icra etmək istədi, ancaq iqtisadi imkanları buna yol vermədi. Azərbaycanın isə yerli maliyyə imkanları belə bir unikal və xərctutumlu layihəni icra etməyə imkanları çatır.

Məlumat: 2012-ci ildə ABŞ Müdafiə Nazirliyi araşdırma dərc etmişdi. Bu araşdırmada yaxın 10 ildə bəşəriyyətin su müharibələri (hidrowars) ilə üzləşəcəyi haqda məlumatlar əks olunmuşdu. Çünki bir çox dövlətlərin içməli suya olan tələbatını tam ödəyə bilməyəcəyi proqnozlaşdırılırdı. Araşdırmada ehtimal edilirdi ki, bu cür münaqişələr həm qonşu və də digər dövlətlər arasında olacaq

Beləliklə, Azərbaycanda şəhər əhalisinin əksəriyyətinin Bakı və Abşeron yarımadasında yaşaması, urbanizasiyanın artması və su ehtiyatlarına tələbatın artması fonunda mənbələrin azalması gələcəkdə içməli su ilə təminatın ciddi problemə çevriləcəyini proqnozlaşdırır. Belə bir vəziyyətdə Prezident İlham Əliyevin 2023-cü il 12 aprel tarixli “Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında” Sərəncamı gələcəkdə yarana biləcək su qıtlığının qarşsının almaq üçün indidən görülən uzaqgörən addım, gələcək nəsillərin su ehtiyatları ilə dayanıqlı təminatı üçün indidən bünövrəsi qoyulan zəmanətdir.