7 iyul 2023-cü il tarixdə Azərbaycanın Qarabağ iqtisadi rayonunun Ağdərə şəhərində 2 azyaşlı uşağın faciəli sürətdə həlak olması xəbəri yayıldı. Məlumatda bildirilirdi ki, analarının evdə olmaması səbəbindən uşaqlar təkbaşına Ağdərə şəhərinə gedərək, yol qırağında dayanan bir avtomobildə minmiş və orada günvurmadan, hava çatışmazlığından həlak olmuşlar. Əgər Ermənistanın xarici işlər naziri A.Mirzoyan, xüsusi məsələlər üzrə səfir Edmon Manukyan, “Le fiqaro” qəzetinin əməkdaşı J-Christophe Buisson və digərləri tvitləri ilə günahı Azərbaycanın üstünə atmasaydılar, mövzunu yenidən qabartmazdıq. Təəssüf ki, erməni tərəfi uşaqların faciəsindən də təbliğat metodu kimi istifadə etdilər.
Faktyoxla Lab. Ağdərədə həlak olan 2 azyaşlı uşağın ölüm səbəblərini yalnız açıq mənbələrə istinadən araşdırıb.
Hadisə ilə bağlı Ermənistan mediasının yazdıqlarını xronoloji ardıcıllıqla izləyək.
8.07.2023, Ağdərə rayonunda 3 və 6 yaşlı uşaqlar həlak olub. Həmin gün bir vətəndaş "polisə" müraciət edərək uşaqları evdə nəzarətsiz qoyduğunu, iş üçün Ağdərəyə getdiyini, qayıdanda isə uşaqları evdə tapmadığını bildirib. Daha sonra başqa bir vətəndaş uzun müddət işlətmədiyi avtomobilində iki ölü uşaq tapması haqda "polisə" məlumat verib. (istinad)
9.07.2023, Ağdərədə iki azyaşlı uşağın ölümü ilə bağlı qondarma "cinayət məcəlləsinin" 108-ci maddəsinin 2-ci hissəsi (ehtiyatsızlıqdan ölümə səbəb olma) və 176-cı maddəsinin 1-ci hissəsi (uşaq böyütmək vəzifəsini yerinə yetirməmə) ilə cinayət işi başlanıb. (istinad)
12.07.2023. Maşında boğulan iki uşağın anası Vera Narimanyan deyir ki, o, yağ və şəkər dalınca Ağdərə rayon mərkəzinə gedib, uşaqları isə Ağdərədən bir neçə kilometr aralıda yerləşən Ağabəkəlinc (Ağabəyyalı) kəndində evdə qoyub (Qeyd edilən kənd Ağdərə şəhərindən 1 km-dən az məsafədədir, demək olar ki, rayon mərkəzinə bitişik kənddir-red.).
Ana bildirib ki, oğlu yatdığı üçün qızına qardaşına baxmağı tapşırıb və "mən gedib yardım alım, tez gələcəm. Həmin yarım saat ərzində uşaqlar itiblər”, -deyib.
13 iyul 2023-cü il tarixinə qədər istintaq ölüm hadisəsini adi məişət problemləri motivində araşdırıb. Elə həmin gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan məlum faciə ilə bağlı tvit yazıb və nə qədər qəribə də olsa, uşaqların ölümündə Azərbaycanı günahlandırıb. “Laçın dəhlizinin 7 aylıq blokadası və Dağlıq Qarabağ əhalisinin tam mühasirəyə alınması əhalinin həyatına dönməz və sarsıdıcı təsir göstərir”. (mənbə)
Bundan sonra ssenari qəfil dəyişir, sanki Ermənistan cəmiyyətinə, mediasına və xaricdə erməni lobbisinin təsiri altında olanlara komanda verilir ki, diqqətsizlikdən baş vermiş faciəni Azərbaycanın üzərinə atsınlar.
Hadisənin ehtimal olunan versiyası isə belədir: Evdə tək buraxılan uşaqlar analarının arxasınca Ağdərəyə gediblər. Onların rayon mərkəzinə tərəf getdikləri şəhər kameralarına düşüb. Küçədə iki tənha uşağı görən bir dondurma satıcısı onları dondurmaya qonaq edib. Sonradan etirafına görə, onlardan hara getdiklərini soruşub və səbəbi öyrənəndən sonra "polis"ə xəbər edib analarını tapacaqlarını deyib. Lakin heç 5 dəqiqə keçməmiş uşaqlar gözdən itiblər.
Uşaqların meyitlərini səhər saatlarında 40 yaşlı Ara Qriqoryan öz avtomobilində tapıb. O, “BMW” markalı avtomobilini 2 ay əvvəl alıb, yanacaq (propan qazı nəzərdə tutur-red.) olmadığı üçün sürməyib. Dediyinə görə, avtomobilin 4 qapısından biri- sürücünün qapısı açıq olub. Yorğun uşaqların yatmaq üçün həmin qapıdan maşına daxil olduqları güman edilir.
Hadisə ilə bağlı diqqətimizi çəkən şübhəli məqamlar:
1. Hadisə baş verəndən sonra erməni mətbuatında yayılan ilk məlumatlarda, Vera Nərimanyanın (uşaqların anası-red) Ağdərə şəhərinə iş üçün getdiyi yazılırdı. Doğrudan da Vera Nərimanyan Ağdərə şəhərində xadimə vəzifəsində çalışıb. Qadın "iş üçün Ağdərəyə" getdiyini desə də, sonradan xəbərlərə maddi yardım almaq, blokadaya görə maşınların işləməməsi və imkansızlıq ibarələri əlavə olundu və beləliklə, motiv dəyişdi.
2. Vera Nərimanyan bildirir ki, o, saat 11-12 arası yardım paylanılan yerdə olub və ona saat 14-dən sonra gəlməyi məsləhət görüblər. Maraqlıdır ki, 2 saat həmin idarədə gözləməkdənsə, ürəyində qüsur olan (mediaya açıqlamasında ana etiraf edib-red.) 3 yaşlı uşaqla, 30 dərəcə istidə 3 km yolu piyada niyə qayıdıb? Hər-halda 2 saat gözləmək mümkün idi.
Qeyd edək ki, erməni mənbələri həmin gün Ağdərədə havanın temperaturunun çox isti- 30 dərəcəyə qalxdığını yazırlar.
3. Bir-birilə kəskin fərqlənən bu açıqlamalara diqqət yetirək:
a) “kizaket” saytı yazır ki, “Qadın Ağabəyyalı istiqamətində yolla gedəndə ona zəng edib deyiblər ki, uşaqlar yoxdurlar. “Bütün gecəni axtardıq, yalnız səhəri gün uşaqlarımın meyitini gördüm”.
b) Daha bir müəmmalı açıqlama: “Bazar ertəsi səhər zəng vurdular, çağırdılar ki, get oğlunun meyitini gətir...”. Halbuki hadisə 7 iyulda (cümə günü) baş verib. Əgər qadın tarixləri səhv salırsa, bu anlaşılandır. Yox, əgər qadın tarixləri olduğu kimi deyirsə, maşın sahibi Ara Qriqoryan 8 iyul, səhər saat 07:30-da “BMW” markalı maşınında uşaq meyiti aşkar edibsə, niyə valideynə 10 iyulda, yəni 3 gün sonra xəbər verilib? Nəyi gizlədirmişlər, nəyi dəyişirmişlər?
Bundan başqa, qadın "mən gedib yardım alım, tez gələcəm. Həmin yarım saat ərzində uşaqlar itiblər”, -deyib. Söhbət hansı yarım saatdan gedir? Axı, o, evə 17-30 radələrində qayıtdığını bildirib. Bəlkə, qadın uşaqları özü ilə Ağdərədəki işinə aparıb, orada yarım saatlıq başı qarışdığı vaxt uşaqlar gözdən itiblər?
4. Bir daha “BMW” markalı maşın barədə. Məlumatda qeyd olunur ki, videokameralar izləndikdən sonra uşaqların sərbəst şəkildə Ağdərə şəhərinə gəldikləri, yolun kənarında dayanan köhnə maşının arxa qapısını açaraq içəri daxil olduqları görünür.
Amma ilkin versiyada maşının sahibi yalnız sürücü tərəfdən qapının açıq olduğunu bildirmişdi. “4 qapıdan biri, sürücünün qapısı bağlanmayıb, yorğun uşaqların yatmaq üçün maşına o tərəfdən mindiyi güman edilir”. istinad
Bundan başqa, düşündürücü sual yaranır: Ara Qriqoryan 2 ay müddətində istifadə etmədiyi avtomobilini səhər saat 07-30-da niyə yoxlasın ki? Axı, qaz (propan qazı) və ya benzin olmadığı üçün avtomobili alandan bəri 2 ay müddətində sürmədiyini özü etiraf edir.
5. 12 iyulda yayımlanan məqalədə yazılıb: “Ağabəyyalıdan Ağdərəyə...Uşaqları heç kim görməyib, çünki Qarabağda benzin də tapılmır, sürücü də. Axşam saat 11-ə 15 dəqiqə qalmış bir satıcı onları görüb və uşaqlara pulsuz dondurma verib”.
Diqqət etdinizsə dondurmasatan uşaqları “axşam 11-ə 15 dəqiqə qalmış”, yəni 22-45-də gördüyü yazılır. Belə bəlli olur ki, uşaqlar həlak olduqları avtomobilə minəndə gecə vaxtı imiş. Sonradan şəhər qondarma adminstrasiyasının rəhbəri Arsen Avanesyan da “News.am”-a açıqlamasında bu faktı təsdiqləyib. “Analarını axtaran uşaqlar Ağdərə şəhərinə qədər gəlib çıxıblar, gecə vaxtı olub və məlum dəhşətli hadisə baş verib”- deyə o, bildirib. istinad
Demək, uşaqların həlak olmasına səbəb kimi gətirilən havanın isti olması, maşında hava çatışmazlığı ehtimalları heçə enir. Bəs, saat 14-00-dan gecə saatlarına kimi uşaqlar harada olublar? Digər tərəfdən, erməni mənbələr bildirirlər ki, uşaqların avtomobilə əyləşdikləri təhlükəsizlik kameralarına düşüb. Dondurmasatanın söylədiyi faktı nəzərə alarıqsa bu məlumatın da yalan olduğu ortaya çıxır.
6. 9 iyul 2023-cü il tarixli məlumatda deyilir ki, Ağdərədə iki azyaşlı uşağın ölümü ilə bağlı "Cinayət Məcəlləsi"nin 108-ci maddəsinin 2-ci hissəsi (ehtiyatsızlıqdan ölümə səbəb olma) və 176-cı maddəsinin 1-ci hissəsi (uşaq böyütmək vəzifəsini yerinə yetirməmə) ilə cinayət işi başlanıb. Xüsusən də 2-ci maddəyə diqqət edək.
Qondarma "istintaq komitəsinin" təmsilçisi Feliks Arutunyan lazım olan ekspertiza işinin aparıldığını, aktiv "məhkəmə"-"istintaq" fəaliyyətinin həyata keçirildiyini deyib. Amma maraqlı və müəmmalıdır ki, o, “təqsirləndirilən şəxs yoxdur” deyə bildirib. Yəni doğrudanmı ermənilər “uşaq böyütmək vəzifəsini yerinə yetirməmə” ifadəsinin kimə aid olduğunu ayırd edə bilmirlər?
7. Ekspertiza doğrudanmı hərtərəfli aparılıb? Uşaqların üzərində hər hansı zorakılıq, zədə əlamətləri olmayıb ki? Təəssüf ki, ekspertizanın nəticələri qəsdən gizlədilir.
8. Sosial mediada Vera Nərimanyanın profillərini (onun 2 profili var) araşdırdıqda rastımıza bu foto çıxdı.
2022-ci ilin avqust ayında “facebook” profilinə yüklənmiş foto üzərində kiçik araşdırma apardıqda ərazinin geolokasiyası Ağdamın Şelli kəndini göstərdi. Bu kənd işğaldan sonra ermənilərin Ağdam rayonu ərazisində yaşadıqları yeganə yaşayış məskəni olub. Ermənilərin "Uxtasar" qondarma adı qoyduğu Şelli kəndi 10 noyabr 2020-ci il üçtərəfli razılaşmasına uyğun olaraq 20 noyabr 2020-ci ildə Azərbaycana geri qaytarılıb. Vera Nərimanyan da qanunsuz məskunlaşanlardan biri olub.
Belə çıxır ki, foto 2020-ci ildə çəkilib. Qeyd etdik ki, kənddə qanunsuz məskunlaşmış ermənilər 20 noyabr 2020-ci ildə buranı tərk ediblər. Bu fotoda görüntülənən uşağın 3-4 yaşı olduğunu ehtimal etmək olar. Bu tarixlə götürsək uşağın indi 6-7 yaşı olmalı idi. Elədirsə, niyə 3 yaşlı kimi təqdim edirlər? Ümumiyyətlə, həlak olan uşaq doğrudanmı Vera Nərimanyanın övladlarıdır və yaxud doğrudanmı bu faciəvi hadisə baş verib?
Bizdə bu şübhələrin yaranmasına səbəblər var. Belə ki, Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın Azərbaycanı günahlandıran tvitində istifadə etdiyi hər iki foto Vera Nərimanyanın 2 fərqli “facebook” profilindən götürülüb.
Ermənistan xarici işlər nazirinin Ağdərədə xadimə işləyən bir qadının profilini qısa bir zamanda, çevik formada axtarıb tapması və məhz iki fərqli profildə olan fotoları yayması şübhəlidir. Bu şübhələri artıran bir məqam isə Ararat Mirzoyanın 2 azyaşlının "həlak olmasında" Azərbaycanı günahlandırması ilə bağlı yazdığı tvitin 15 iyulda Brüsseldə keçiriləcək üçtərəfli görüşdən əvvələ təsadüf etməsidir. A.Mirzoyanın bu tvitinin Brüssel görüşü öncəsi Azərbaycanın imicinə xələl gətirmək məqsədilə yazdığına heç bir şübhə yeri qalmır.
Bizdə də aşağıdakı foto-skrində rəy yazan ermənilər kimi şübhələr var və erməni tərəfi “blokada” bəhanəsini kənara qoyub, əsl həqiqətləri üzə çıxarmayana qədər araşdırmalarımızı davam etdirəcək, erməni tərəfindən də bunu tələb edəcəyik.
Nəticə:
✅ Ağdərədə 2 azyaşlı uşağın həlak olması faktı tam araşdırılmayıb, ekspertiza dəqiq aparılmayıb. Uşaqların həlak olması faciədən çox, səhnələşdirilmiş ssenariyə oxşayır.
✅ Ananın müxtəlif vaxtlarda fərqli açıqlamaları, erməni mətbuatının iddiaları bir çox hallarda üst-üstə düşmür.
✅ Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Ağdərədə xadimə işləyən qadının 2 fərqli facebook profilini cəld tapması və uşaqların fotolarını götürərək yazdığı tvitə əlavə etməsi ənənəvi Ermənistan siyasətnin bariz nümunəsidir. Belə ki, onlar ailə faciəsindən məkrli məqsədləri üçün hər zaman istifadə edirlər. Bu dəfə bu məkrli planın reallaşması üçün 2 azyaşlı uşağın faciəvi taleyindən 15 iyul Brüssel görüşü ərəfəsində yararlanmağa cəhd ediblər.