Məmməd İbrahim, Tofir Yaqublu və Qəhimət Zahid öz feysbuk səhifələrində iddia ediblər ki, Laçın rayonunun Zabux kəndində 223 evin tikintisi üçün dövlət büdcəsindən ayrılmış 41 milyon 808 min manat vəsaitin xərclənməsində korrupsiya hallarına yol verilib. Bu kənddə inşa edilən bir ev üçün 187 min 482 manat xərclənir ki, bu da qiymətlərin şişirdilməsi, korrupsiya və yeyintinin miqyasından xəbər verir.
Faktyoxla Lab. adıçəkilən şəxslərin iddiasının nə dərəcədə əsaslı olub-olmadığını, Zabux kəndində inşa edilən 223 evin hər birinə həqiqətənmi 187 min manat xərc çəkildiyini araşdırıb.
Məlumat üçün bildirək ki, Zabux kəndində işlər Prezident İlham Əliyevin “Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun işğaldan azad olunmuş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi işləri ilə bağlı tədbirlər haqqında” 20 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən həyata keçirilib.
Sərəncamdan irəli gələn tədbirlərin icrası və şəffaflığı, hesabatlılığı təmin etmək məqsədilə tenderlər elan edilib, işlərin sifarişçisi olan Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tenderlərin qalibi olan şirkətlərlə müqavilə bağlayıb. “GM Construction” MMC, “Tunel-Metro Inşaat” ММC, “Kür-Araz Şirkəti” MMC, “AS-Təmir Tikinti” MMC, “Konsept Holding” MMC və “Minera” MMC ilə təxminən 33,7 milyon manatlıq müqavilə, rabitə-kommunikasiya işləri ilə əlaqədar “Rabitəinşaat” ASC ilə 8,1 milyon manat dəyərində tender müqaviləsi imzalanıb.
Beləliklə, ümumilikdə bütün iş və xidmətlərin, tikinti-quraşdırma və digər təminatların icrası üçün cəmi 41,8 milyon manat vəsait ayrılıb. Tenderdə qalib gəlmiş şirkətlərin ad və fəaliyyət profilindən də göründüyü kimi onların hər biri öz ixtisaslaşmış sahəsi üzrə işlərə cəlb edilib.
Tenderdə tərəfdaş seçilmiş şirkətlərin hər birinin fəaliyyət sahəsindən də aydın olur ki, Zabuxda evlərin tikintisi ilə bərabər, digər infrastrukturların yaradılması, sosial obyektlərin, kommunikasiyaların qurulması, təmir, yol-nəqliyyat təsərrüfatı, texnologiyaların quraşdırılması və s. işləri əhatə edən çoxsaylı layihələr həyata keçirilib.
Bu işlərin hər birinin konkret olaraq ayrı-ayrı detallarına diqqət edək.
Bütün bu işlərdən əvvəl kəndin ərazisi ANAMA-nın əməkdaşları tərəfindən minalardan təmizlənib, bunun ardınca, 2023-cü il fevralın 1-də əvvəllər ermənilərin yaşadığı 63 evin söküntüsü həyata keçirilib. Sonra layihələndirmə və Baş Plan sənədləri hazırlanıb. Kənddə tikinti-quruculuq işlərinə martın 1-də start verilib. Baş Plana əsasən, 223 evin 53-ü 2 otaqlı, 116-ı 3 otaqlı, 28-i 4 otaqlı, 26-ı 5 otaqlı fərdi evlərdən ibarətdir.
Zabuxda inşa edilən evlərin yerləşdiyi ərazinin relyef və coğrafi şəraiti, dağətəyi və çayın sahilində yerləşməsi, yaşayış sahəsinin həcmi, quraşdırılmış texnoloji avadanlıqlar və ləvazimatlar, ağıllı texnologiyalar təminatı və digər xüsusiyyətlər evlərin xərclərinə təsir edən amillərdəndir. Kənddə hər bir sakinə 9 sot həyətyanı torpaq sahəsi ayrılıb. Hər bir ev üzrə 9 sotun ərazinin hasarları və yardımçı hissələrinin çəkilişi, mühafizə qurğuları və s. də bu xərclərə təsir edir. mənbə
Kəndi 2 hissəyə bölən Minkənd (Zabux) çayının sahilində sel sularından qorunmaq üçün 3200 metr uzunluğunda istinad divarı, 73 metr uzunluğunda üç aşırımlı avtomobil körpüsü və ayrıca piyada körpüsü də inşa olunur.
Kənddə böyük park-istirahət kompleksi salınıb. Kəndə çəkilən bütün kommunikasiya xətləri yer altından keçir ki, bu da az xərcə başa gəlməyib. Bundan başqa, hər bir evdə isti və soyuqdan qorunmaq üçün termoizolyasiya sistemləri çəkilib.
Hər bir evin həyətində günəşdən qorunmaq üçün kiçik istirahət meydançası salınıb. Bütün evlərin beton zirzəmi-sığınacağı vardır. Evlərin, sosial obyektlərin və küçələrin işıqlandırılmasında “yaşıl enerji”dən istifadə edilir, hər bir evin damında günəş paneli quraşdırılıb, digər texnoloji qurgular yerləşdirilib.
Həmçinin, küçələr asfalt döşəmə ilə yanaşı, səkilərdə xüsusi daş üzlüklər salınıb.
Zabuxda inşa edilən evlərin hər biri xüsusi memarlıq üslubu və müasir şəhərsalma prinsiplərinə əsaslanmaqla ən müasir tikinti xüsusiyyətlərini özündə birləşdirir. 81 hektar ərazidə yaşıllıq zonalarının və parkların salınması, ağacların əkilməsi istiqamətində də işlər görülür. mənbə
Beləliklə,
✅ Yaqublu və Q.Zahid hələ tam başa düşməyiblər ki, Zabux kəndinin yenidən qurulmasına sərf edilən 41,8 milyon manat təkcə ev tikintisi ilə yekunlaşmır. Yəni, bütün bu tikili və qurğular, avadanlıq və kommunikasiya təminatları 223 evin inşası üçün nəzərdə tutulmuş 41,3 milyon manat dəyərində ümumi xərc portfelinin tərkibində yer alır.
✅ Xərc smetasına 20-dən çox iş və xidmətləri əhatə edən digər layihələr daxildir. Ona görə də, 41,3 milyon manat təkcə bu evlərin dəyərini deyil, ümumi xərc smetasını əks etdirir.
✅ Yəni, bir evin tikintisinə 187,4 min manat vəsait xərclənmir, həmin vəsait ərazidə həyata keçirilən bütün işlərin ümümi yekun məbləğidir.