REAL Partiyasının rəhbərliyi son günlərdə Azərbaycan iqtisadiyyatını hədəfə alan açıqlamlarla çıxış etməkdədirlər. Onlar sosial media hesablarında iqtisadi resessiya yarandığını və sosial-iqtisadi rifahın pisləşdiyini iddia edirlər.
Faktyoxla Lab. bu iddialara aydınlıq gətirməyə çalışıb.
2023-cü ilin yanvar-noyabr aylarında (dekabr hələ açlıqlanmayıb-red.) Azərbaycanda ÜDM 0,8 faiz artaraq nominal dəyər baxımından 110,2 milyard manata çatıb. İqtisadi artımın əsas mənbəyi qeyri-neft sektoru olub ki, bu bölmədə ÜDM 3,2 faiz təşkil edıb. Yəni real iqtisadiyyatda artım templəri ümumdünya göstəricisindən (Dünya Bankının rəyinə əsasən, hazırda dünya üzrə artım göstəricisi təxminən 1,5-2%-ə bərabərdir) az qala 2 dəfə yüksək olub. Eyni zamanda, əvvəlki ilə nisbətən əhalinin hər nəfərinə düşən ÜDM təxminən nominal dəyər baxımından 1000 manatdan çox artaraq 10 min 856 manata bərabər olub. (mənbə)
11 aylıq göstəricilərə əsasən, kənd təsərrüfatı məhsulu istehsalı 11,5 milyard manat olmaqla 3,1 faiz artıb. Əhalinin hər nəfərinə düşən nominal gəlirləri 12,2 faiz artaraq hər nəfərə 6,9 min manat təşkil edib, əhalinin banklardakı əmanətləri isə 9,3 faiz artıb. Ölkə iqtisadiyyatına kredit qoyuluşları 15,9 faiz artaraq 23,2 milyard manata çatıb. istinad
Müqayisə üçün qeyd edək ki, Avropa İttifaqında iqtisadi artım 2023-cü il üzrə 0,6 faiz, 2024-cü il üzrə isə 1,3% olacağı proqnozlaşdırılır.
Əgər N.Cəfərli 0,8 faiz iqtisadi artımı resessiya hesab edirsə, onda belə çıxır ki, 0,6 faiz artım tempi ilə "Avrozona" ölkələri defolta məruz qalmalıdır. Sözsüz ki, bu cür müqayisə ilə iqtisadiyyatın ümumi vəziyyətinə qiymət vermək yersizdir.
Azərbaycanda qeyri-neft resursları və ixracının tükənməsini iddia edən REAL rəhbərləri anlamırlar ki, 2023-cü ilin 11 ayında 10,5 faiz artaraq dəyər baxımından 3 milyard dolları ötən qeyri-neft ixracındakı böyümə məhz qeyri-neft iqtisadiyyatının inkişafının nəticəsidir. Hətta N.Cəfərlinin resurs ixracı kimi təqdim etdiyi elektrik enerjisi və qızılın çəkisi (hərçənd ki, hər iki sahə birbaşa əksər dünya ölkələrində qeyr-neft ixracının əsas sütunlarından hesab olunur) ümumi ixracın (379+143 = 523 milyon dollar) 17,5 faizinə bərabərdir. İxracda əsas pay isə real iqtisadiyyatın əsas bölmələrində - yeyinti sənayesi, metallurgiya və digər sənaye sahələrində istehsal olunmuş mallardır. Təkcə aqrar və aqrar-sənaye sektorunun ixrac həcmi 853,62 milyon dollar təşkil edir. istinad
2023-cü ildə ən mühüm iqtisadi uğurlardan biri pandemiyadan sonra bir neçə il davam edən ikirəqəmli inflyasiyanın birrəqəmli həddə - 9,4 faizə endirilməsi olub. mənbə
Başqa bir müsbət amil 2023-cü ilin yanvar-oktyabr aylarında orta aylıq əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,3 faiz artaraq 921,1 manat təşkil edib.
Həmçinin, ötən il orta aylıq pensiyanın məbləği 435 manata, yaşa görə orta aylıq pensiya məbləği 466 manata, ünvanlı sosial yardımın aylıq məbləği 478 manata çatdırılıb. Ehtiyac meyarının həddi 246 manata qaldırılıb.
Şəhid ailələri üçün təyin edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü 500 manatdan 600 manata, müharibə əlilləri üçün təqaüdün həcmi
1-ci qrup üzrə 450 manatdan 500 manata,
2-cü qrup üzrə 350 manatdan 400 manata,
3-cü qrup üzrə 300 manatdan 330 manata çatdırılıb.
mənbə
2023-cü ildə Azərbaycan iqtisadiyyatına xarici və daxili investisiyaların qoyuluşunda da artımlar baş verib. Yanvar-noyabr aylarında əsas kapitala 15,7 milyard manat məbləğində sərmayə yönəldilib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,5 faiz çoxdur. Təkcə, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 12,5 faiz artıb.
N.Cəfərlinin vergi yığımlarının 2023-cü ilin əvvəllərində daha yüksək, ilin son rübündə az olması barədə fikirlərinə də aydınlıq gətirək.
Əvvəla, vergilərin üç, altı aylıq yığımı deyil, ümumi yığım həcmi mövcud fiskal potensialı əks etdirir. Belə ki, 2023-cü ilin yanvar-mart ayları ərzində Dövlət Vergi Xidməti tərəfindən dövlət büdcəsinə 4,9 milyard manat vergi daxil olubsa, ilin 11 ayında toplanan vergilərin həcmi 15 milyard 337,7 milyon manat təşkil edib. Yəni yığımlar hər ay artaraq proqnoza qarşı aylıq 1,4 milyard manat təşkil edib və azalma yox, artımlar baş verib.
İkincisi, 2023-cü ilin ilk rübündə qeyri-neft vergiləri 2,6 milyard manat təşkil edib və 2022-ci ilin eyni dövrü ilə nisbətdə daxilolmalar 16,4 faiz çox olubsa, 11 ayda qeyri-neft sektoru üzrə vergi yığımları 9 milyard manatı ötüb və artım əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18,9% artıb. Yəni müasir fiskal yığımda dominant olan qeyri-neft vergi daxilolmaları hər rüb artır. istinad
Hökuməti biznesin fəaliyyətini məhdudlaşdırmaqda, tütün məmulatları və spirtli içkilərə tətbiq olunan yeni aksiz və vergiləri üzərində manipulyasiya edərək vergi yükünü artırmaqda ittiham edən N.Cəfərli vergi siyasətində aparılan əhəmiyyətli optimallaşdırma tədbirlərini, yeni vergi güzəşt və azadolma addımlarını xatırlamaq istəmir, özünü isə qərəzsiz, ədalətli və savadlı iqtisadçı hesab edir.
Xatırladaq ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, 2024-cü ildə həm sahibkarlıq sektoru üçün, həm də iqtisadi və sosial xarakterli vergi güzəştləri siyasəti davam etdirilib. Belə ki, sosial məqsədlər üçün ödənilən mənfəət vergisinin azad olunan hissəsi bir qədər də artırılıb, bir sıra təsərrüfat sahələri, mülkiyyət vergiləri üzrə əlavə güzəştlər verilib, elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara, ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara köçürülən vergilərin azad olan hissəsi 10 faizdən 15 faizə qaldırılıb. Hədiyyələrin və təhsil haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin gəlir vergisindən azad olunan hissəsi 1000 manatdan 2500 manata qaldırılıb ki, bu da həmin sahələrdə vergi yükünün 2,5 dəfə endirilməsi deməkdir. Həmçinin, fiziki şəxslərin ödədiyi ƏDV-nin qaytarılmasına (ƏDV "cash-back") görə əldə olunan gəlirlər gəlir vergisindən azad edilib.
Ən böyük güzəştlərdən biri sahibkarların daxili istehsal prosesində istifadə etdiyi xammal və aralıq mallarına tətbiq olunan idxal gömrük rüsumlarının dərəcəsinin 2024-cü il yanvarın 1-dən 7 il müddətinə “0” dərəcəyə endirilməsi, eləcə də bir sıra əsas vəsaitlərin idxalına ƏDV və gömrük güzəştlərinin tətbiqidir. Bu, minlərlə sahibkara idxal və istehsal üçün geniş vergi azadolmaları deməkdir. Göründüyü kimi, 2024-cü ildə 10-dan çox istiqamət üzrə vergi güzəştləri olacaq, eləcə də əvvəlki illərdə tətbiq olunan güzəşt və azadolmaların əhatəsi genişlənəcək, bütün bunlar isə son nəticədə on minlərlə sahibkarın vergi yükünün aşağı salınmasında mühüm təsiredici rol oynayacaq. (“2024-cü ildə vergi gəlirləri sahəsində həyata keçiriləcək əsas istiqamətlər. Səh 6-7)
İlqar Məmmədovun 2023-cü il və əvvəlki illərdə Azərbaycan hökumətinin sosial dövlət modelini inkişaf etdirməməsi, sosial rifahla bağlı heç bir tədbir görməməsi barədə fikirləri təəccüblüdür.
Partiya sədri unudur ki, son 5 ildə Azərbaycanda 4 sosial paket icra olunub ki, 4 milyondan çox vətəndaşı əhatə edən həmin sosial islahatlar nəticəsində minimum aylıq əməkhaqqı 2,7 dəfə, minimum pensiya 2,5 dəfə, orta aylıq əməkhaqqı 65 faiz, median əməkhaqqı 2,1 dəfə, əməkhaqqı fondu 2,5 dəfə, orta aylıq pensiya 2,1 dəfə, sosial müavinət və təqaüd ödənişləri 5 dəfə, ünvanlı sosial yardımın orta aylıq məbləği 2,5 dəfə artıb. istinad
Təkcə yola saldığımız 2023-cü ildə 2 milyondan çox insanı əhatə edən sosial paket icra olunub, pensiya, müavinət, təqaüd, əməkhaqqı, sosial yardımlar 20-25 faiz artırılıb.
Bu siyasət yeni başladığımız il üçün də əsas prioritet təşkil edir və 2024-cü ilin dövlət büdcəsində sosialyönümlü xərclərin ümumi məbləği 15 milyard 772,9 milyon manat olmaqla 2023-cü illə müqayisədə 1 milyard 34,5 milyon manat artırılıb və büdcədə sosialyönümlü xərclərin çəkisi 42,9 %-ə çatdırılıb.
Bütün bu müqayisələrdən donra İ.Məmmədovun və N.Cəfərlinin Azərbaycanda əmək məhsuldarlığı və iqtisadi resursların artımının zəifləməsi, ölkədə neftdən başqa sərvətlərin olmadığı və qarşıdakı illərdə iqtisadi artımın və gəlir əldəetmə mənbələrinin tükənəcəyi barədə ittihamlarına da aydınlıq gətirək.
Bizə yazın:
Yaxın beşillik proqnozlara diqqət etsək görərik ki, Azərbaycan iqtisadiyyatının gələcək inkişafı, ÜDM-in real artımı birbaşa qeyri-neftin üzərində təşəkkül tapacaq. Belə ki, ölkə üzrə iqtisadi artım 2,5-3,6 faiz civarında olacağı, qeyri-neft ÜDM-nin isə 4,6-5% olacağı gözlənilir.
İqtisadi artımın əsas mənbəyi olan qeyri-neft resursları və gəlirləri sayəsində qeyri-neft ÜDM-nin həcmi 2024-cü ildə 84,2 milyard manat və ya 71,1 faiz təşkil edəcək. 2025-ci ildə bu rəqəm nominal ifadədə 91,1 milyard manat və ya 73,2 faiz, 2026-cı ildə 98,6 milyard və ya 76,6 faiz, 2027-ci ildə isə bu rəqəmin 106,8 milyard manat və ya 78,7%-ə çatacağı proqnozlaşdırılır. mənbə
Məhz qeyri-neft sektorunda inkişafın və artımın məntiqi nəticəsidir ki, fıskal yığımlarda qeyri-neft mənbələri davamlı yüksəlir, növbəti illərdə isə bu artım bir qədər də böyüyəcək. Təkcə 2024-cü ildə qeyri-neft sektoru üzrə gəlirlər 1 milyard manata yaxın artaraq 17 milyard manata çatacaq. mənbə
Qarşıdakı 4 ildə isə dövlət büdcəsinin gəlirləri hər il təxminən 1.5 milyard manat artacaqdır ki, həmin gəlirlərin əsas baza mənbələrindən biri vergi yığımları, o cümlədən qeyri-neft vergiləri olacaq. Qeyri-neft gəlirləri hazırkı 9 milyard manatdan 2027-ci ildə 13.2 milyard manata çatacaq. mənbə
Nəticə:
- Bütün bunlar REAL Partiyasının rəhbərliyinin 2023-cü ildə Azərbaycan iqtisadiyyatında heç bir müsbət nəticə əldə olmadığı barədə fikirlərinin yanlış və qərəzli olmasını təsdiqləyən faktlardan bir qismidir;
- REAL komandasından İlqar Məmmədovun və Natiq Cəfərlinin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələri ilə bağlı iddialarının demək olar ki, hamısı əsassızdır, heç bir həqiqəti əks etdirmir, ölkə iqtisadiyyatının uğurlarına məqsədli şəkildə kölgə salmaq niyyəti güdür;
- Ələlxüsus da ölkədə mühüm siyasi proseslərin – seçki təşviqatının başlanması ərəfəsində seçkilərdə REAL namizəd ortaya çıxara, normal seçki proqramı tərtib edə bilməyən İ.Məmmədov özünü sığortalamaq, cəmiyyətdə mövcudluğunu isbat etmək üçün dövlətin iqtisadi siyasətini hədəfə almağı çıxış yolu kimi görür.
Bizə yazın: