“Azadlıq” radiosu və ona istinad edən “Azadlıq” qəzeti Cənubi Qafqaz ölkələrində büdcə xərclərinin vəziyyətinə dair yaydığı məlumatda iddia edir ki, Azərbaycan bölgə ölkələri içərisində adambaşına düşən büdcə xərclərinə görə sonuncudur.
Videosüjetdə qeyd edilir ki, 2024-cü ildə Azərbaycanın dövlət büdcəsinin xərcləri 21,6 milyard, Gürcüstanda isə büdcə xərcləri 9,1 milyard, Ermənistanda isə 7,9 milyard dollar olması proqnozlaşdırılır. Ancaq adambaşına düşən büdcə xərclərində Azərbaycan 3-cü yerdədir.
Faktyoxla Lab. “Azadlıq” radiosu və ona istinad edən “Azadlıq” qəzetinin bu iddialarını araşdırıb.
Əvvəlcə, büdcə xərclərinin hər nəfərə düşən həcmi, həmin xərclərin sosial yükü və digər məqamları uzlaşdırmağa çalışaq.
2024-cü ildə Ermənistanın dövlət büdcəsinin gəlirləri 2 trilyon 566 milyard dram (6,7 milyard dollar), xərcləri isə 3 trilyon 17 milyard (7,8 milyard dollar) proqnozlaşdırılıb. Yəni, bir nəfərə düşən gəlirlər (3 milyon nəfər əhali üzrə) 2,2 min, xərclər 2,6 min dollara yaxındır. mənbə
Xüsusi qeyd: Ermənistanda büdcədə adambaşına düşən gəlir və xərcləri arasındakı 400 dollar fərq var və həmin vəsait yerli milli məhsul deyil, xarici ianə və yardım, borcdur. (Bu məsələyə bir qədər sonra daha ətraflı toxunacağıq).
Digər Cənubi Qafqaz ölkəsi olan Gürcüstanda 2024-cü il üzrə proqnozlaşdırılan büdcənin gəlir və xərcləri 24,5 milyard lari təşkil edəcək. istinad
Bir gürcü larisinin 0,36-0,37 dollara bərabər olduğunu nəzərə alsaq, bu dollar ilə ekvivalentində təxminən 8,5 milyard dollar deməkdir. Yəni, “Azadlıq” radiosunun iddia etdiyi kimi 9,1 milyard dollar deyil. Əhalisinin sayı 3,9 milyon nəfərə yaxın olan Gürcüstanda adambaşına düşən büdcə xərci isə 2160-2170 dollar təşkil edir. Demək, “2435 dollar” rəqəmi də saxtadır.
Azərbaycanda isə 2024-cü ilin dövlət büdcəsinin xərcləri 36,8 milyard manata və ya 21,7 milyard dollara bərabərdir. Adambaşına düşən büdcə xərcləri isə 2165-2170 dollar təşkil edir. Yəni, hər nəfərə düşən büdcə xərcləri Gürcüstandakından az deyil. istinad
2024-cü il üzrə Cənubi Qafqaz ölkələrinin birlikdə büdcə xərcləri 38 milyard dollar təşkil edir ki, onun 22 milyard dolları və ya 60 faizi Azərbaycanın, qalan 40 faizi digər 2 ölkənin payına düşür. Bu isə bölgədəki iqtisadi-fiskal mənbələrin əsas mərkəzi kimi Azərbaycanın xüsusi üstün paya malik olduğunu göstərir.
İkincisi, büdcə xərclərinin hər nəfərə düşən xərcinə əhalinin sayı təsir edir. Bəllidir ki, iki qonşu respublikanın birlikdə əhalisi 6,8 milyon, yəni ümumilikdə Azərbaycan əhalisindən 3,3 milyon nəfər azdır. Bu baxımdan say dinamikası adambaşına düşən xərclərin həcminə təsir edir. Əgər Ermənistanda və ya Gürcüstanda əhali sayı Azərbaycandakı kimi 10 milyon nəfər olsaydı, onda bu ölkələrdə adambaşına düşən büdcə xərcləri 600 dollardan da aşağı olardı.
Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan həm büdcə xərclərinin ümumi həcminə, həm də adambaşına düşən məbləğinə görə, Ermənistan və Gürcüstandan irəlidədir.
Büdcə xərclərinin formalaşması ilk növbədə maliyyə-fiskal mənbələrə, yəni yığım gəlirlərinə əsaslanır. İqtisadiyyatı güclü və dayanıqlı olan ölkələrdə büdcə gəlirləri həmin ölkənin birbaşa yerli yığım resurslarına söykənir, iqtisadiyyatı asılı və zəif olan dövlətlərin büdcəsi isə xarici faktorlara, yəni beynəlxalq təşkilatların kreditləri, xarici fondların ianə və qrantları, borc vəsaitlərinə əsaslanır.
Üçüncüsü, müqayisə olunan hər üç Cənubi Qafqaz ölkəsinin büdcə yığımlarının hansı mənbələr hesabına formalaşması ilə yanaşı, hansı dövlətin dayanıqlı, hansının isə xarici yardımlardan asılılığına da diqqət etmək lazımdır.
Azərbaycan dövlət büdcəsinin gəlirləri birbaşa yerli fiskal mənbələr, yəni 100 faiz vergi, gömrük və sair daxili mənbələr hesabına formalaşır. Belə ki, büdcəmizin gəlirlərinin 17 milyard manatı vergi, gömrük rüsumları, özəlləşdirmədən daxilolmalar, büdcədənkənar fondların yığımları, 17,1 milyard manatı isə Dövlət Neft Fondunun transfertləri hesabına formalaşacaq, bir manat belə xarici qrant, maliyyə instutlarından borc və s. yoxdur. (2024-cü il üzrə dövlət və icmal büdcə layihələrinin təqdimatı. Səh 8-12)
Amma Gürcüstan və Ermənistanın isə dövlət büdcəsinin təxminən 20-25 faizi xarici maliyyə qaynaqları və ya xarici borc hesabına təmin edilir. Məsələn, Gürcüstan hökuməti büdcənin gəlir və xərclərini nizamlamaq üçün xarici institutlardan əlavə borclar alacaq, nəticədə xarici öhdəlikləri yenidən artacaq. Bunun nəticəsidir ki, bu ölkənin xarici dövlət borcu 2023-cü ilin sonunda əvvəlki illə müqayisədə 600 milyon dollara yaxın artaraq 8,3 milyard dollardan 8,9 milyard dollara yüksəlib. Yəni, hökumət büdcəni artırmaq üçün yerli mənbələrə deyil, xarici borclanmaya üz tutur. istinad
Ermənistanda isə vəziyyət daha acınacaqlıdır: bu ölkənin maliyyə xərcləri və büdcəsi 2018-ci ildən sonra yalnız xarici borcların artımı hesabına “böyüyüb”. Hətta cəlb olunan xarici borcun məbləği büdcə xərclərinin artımından da yüksəkdir. Paşinyan hökuməti hər il saxta rəqəmlərlə imitasiya edərək ölkənin “iqtisadi göstəricilərinin” artdığını və bunun hesabına guya büdcənin böyüdüyünü təbliğ edir. Əslində isə Ermənistanın son 5-6 illik maliyyə vəziyyəti daha da pisləşib, büdcə xərcləri əlavə borclanmalar hesabına süni yolla şişib. Hər il büdcə 400-500 milyon dollar artırılır ki, bu da məhz xaricdən alınan ianə və borclar hesabına mümkün olur. Məsələn, 2018-ci ildə dövlət borcu 6,9 milyard, 2019-ci ildə 7,3 milyard dollar, 2020-ci ildə 7,7 milyard dollar, 2021-ci ildə 9,2 milyard dollar, 2022-ci ildə isə 10,6 milyard təşkil edib. istinad
Ermənistan hakimiyyəti 2023-cü ildə dövlət büdcəsini yenidən 600 milyon dollar artırdı, ancaq əvəzində xarici borc daha 1,3 milyard artaraq 4 trilyon 659 milyard drama (11,6 milyard dollar) yüksəldi ki, bu da ÜDM-in 49,3 faizi deməkdir. Paşinyan hökuməti 2024-cü ildə büdcənin xərclərini təxminən 700-750 milyard dram, yəni 230 milyon dollar artırdı. Bu vəsaitin də arxasında xarici borc dayanır. Yaxud, büdcənin gəlir və xərcləri arasında 500 milyard dram, yəni 1,2 milyard dollar fərq və ya kəsir var. Bu səbəbdən büdcə kəsiri xaricdən alınan qrant və ianələr, yardımlar, borclar hesabına bağlanacaq. Bunun nəticəsində bu ölkənin 2024-cü ildə xarici borcu 5 trilyon 314 milyard drama və ya 13 milyard dollara (ÜDM-in 50,5%-i) yüksələcək. Yəni, xarici borc daha 650 milyard dram artacaq. mənbə
Ümumilikdə, Ermənistanın xarici borcları 5 trilyon dramdan çox olmaqla 3 trilyona bərabər olan dövlət büdcəsini 2 trilyon dram üstələyir. Sadə dillə desək, Ermənistanın borcu dövlət büdcəsinin 180 faizinə bərabərdir. Bu gün Ermənistanda adambaşına düşən borcun həcmi 5 min dollar təşkil edir ki, bu da hər nəfərə düşən büdcə xərcindən 2 dəfə çoxdur. Bu göstərici onu deməyə əsas verir ki, bu ölkə defolt həddini çoxdan keçib, acınacaqlı vəziyyətdən çıxmaq şansı çox azdır.
Yuxarıda da vurğuladıq ki, Azərbaycan 20 ildən artıqdır ki, büdcə xərclərinin tərtibatında xarici qrant, borc amilindən tamamilə imtina edib, büdcə hər il 100 faiz yerli fiskal resurslar hesabına böyüyür. Bunun nəticəsidir ki, hər il xarici borc azalır, 2023-cü il 31 dekabr tarixinə olan məlumata əsasən, xarici dövlət borcumuz 6,5 milyard dollar və ya 11 milyard manat təşkil edib. mənbə
Dördüncüsü, qeyd etməliyik ki, büdcə siyasətində adambaşına düşən büdcə xərclərinin həcmi ilə yanaşı, həmin xərclərin sosial-iqtisadi təyinatı da rol oynayır. Yəni, həmin xərcin neçə faizinin birbaşa vətəndaşın özünün sosial həyatına aid olması əsas amildir. Bu baxımdan, Cənubi Qafqaz ölkələrində büdcə xərclərinin tərkibində hər nəfərə düşən sosial yükü də nəzərə almaq lazımdır.
Gürcüstanda büdcə xərclərinin 8,6 milyard larisi, yaxud 2,9 milyard dolları sosial yönlü proqramların maliyyələşdirilməsinə yönəldilir ki, bu da ümumi xərclərin təxminən 36 %-nə bərabərdir.
Ermənistanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 745 milyard dram, Səhiyyə Nazirliyinə 168 milyard dram, Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə 345 milyard dram ayrılıb ki, cəmi sosialyönlü xərclər 1,2 milyard dram olmaqla ümumi büdcə xərclərinin 36,6 faizini təşkil edir. istinad
Azərbaycanda isə 2024-cü il üçün dövlət büdcəsinin sosialyönlü xərcləri 15 milyard 772,9 milyon manat olmaqla ümumi büdcə xərclərinin 42 faizinə bərabərdir.
Büdcədə adambaşına düşən sosialyönlü xərclərin həcminin çox olmasının nəticəsidir ki, Azərbaycanda pensiya, minimum əməkhaqqı, müavinət, təqaüd və digər sosial ödənişlərin məbləği Ermənistan və Gürcüstandan yüksəkdir.
Ermənistanda pensiya və təqaüdlərin orta aylıq məbləği təxminən 53 min dram, yəni 106 dollardır. Minimum pensiya məbləği təxminən 31,6 min dram və ya 75 dollar təşkil edir.
Ermənistanda minimum əmək haqqı 68-75 min dram və ya 168-185 dollara çatıb. istinad
Gürcüstanda isə 2024-cü ildə pensiyaların 315-415 lari olacağı proqnozlaşdırılır. Bu, dollar ifadəsi ilə 110 dollara bərabərdir.
Azərbaycanda isə pensiyaların orta məbləği 423 manat (249 dollar), yaşa görə pensiyaların orta aylıq məbləği 456 manat (268 dollar), minimum pensiya 280 manat (142 dollar) təşkil edir.
Azərbaycanda minimum əməkhaqqı 345 manat, yəni 203 dollara bərabərdir.
Qeyd edək ki, Azərbaycanın bu sosial göstəriciləri 2023-cü ilə aiddir, yaxın günlərdə pensiyaların orta hesabla 11-12 faiz artacağı nəzərdə tutulur ki, bununla da ölkəmizdə orta aylıq pensiya məbləği ən azı 490 manat və ya 290 dollara çatacaq.
Nəticə
“Azadlıq” radiosunun Cənubi Qafqaz ölkələrində büdcə xərclərinin həcmi və tərkibi ilə bağlı təqdim etdiyi süjetdə
- Azərbaycanla bağlı qeyd edilənlər qeyri-dəqiq və yanlış müqayisədir, həqiqəti əks etdirmir;
- Radio Gürcüstanla bağlı saxta rəqəmlər təqdim edib. Belə ki, Gürcüstanda 2024-cü il üzrə proqnozlaşdırılan büdcənin gəlir və xərcləri 9,1 milyard dollar deyil, 8,5 milyard dollardır. Eyni zamanda bu ölkədə adambaşına düşən büdcə xərcləri radionun göstərdiyi kimi “2435 dollar” deyil, 2160-2170 dollar təşkil edir;
- “Azadlıq” radiosu faktlarla manipulyasiya edib. Radio əməkdaşları bu rəqəmləri çıxardarkən büdcə xərclərinin hər nəfərə düşən xərcinə əhalinin sayının təsirini qeyd etməyiblər. Əgər Ermənistanda və ya Gürcüstanda əhali sayı Azərbaycandakı kimi 10 milyon nəfər olsaydı, onda bu ölkələrdə adambaşına düşən büdcə xərcləri 600 dollardan da aşağı rəqəmlə görünərdi;
- Radio əməkdaşları Paşinyan hökumətinin hər il saxta rəqəmlərlə imitasiya edərək ölkənin “iqtisadi göstəricilərinin” artdığını və bunun hesabına büdcənin böyüdüyü təbliğatına qoşulublar edir. Əslində isə Ermənistanın son 5-6 illik maliyyə vəziyyəti daha da pisləşib, büdcə xərcləri əlavə borclanmalar hesabına süni yolla şişib. Hər il büdcə 400-500 milyon dollar artırılır ki, bu da məhz xaricdən alınan ianə və borclar hesabına mümkün olur;
- Radio əməkdaşları Azərbaycanı sonuncu yerdə göstərmək üçün büdcə xərclərinin tərkibində hər nəfərə düşən sosial yükü nəzərə almadan bu rəqəmləri təqdim ediblər. Büdcə siyasətində adambaşına düşən büdcə xərclərinin həcmi ilə yanaşı, həmin xərclərin sosial-iqtisadi təyinatı da əsas rol oynayır. Yəni, həmin xərcin neçə faizinin birbaşa vətəndaşın özünün sosial həyatına aid olması əsas amildir.