«Bildiyiniz kimi, Xurşidbanu Natəvanın heykəli vandalizm aktına məruz qalıb. Heykəlin burnu sındırılıb, həmçinin, üzərinə qırmızı maye tökülüb. Şəhərimizin bu sahəyə məsul xidməti heykəli qorumaq üçün onu bürüyüb. Bu, şəhərimizin mövqeyidir”
Bu sözləri AZƏRTAC-ın sualına cavabında Evian-Le-Ben şəhər meriyasının attraktivlik üzrə direktor müavini Kristel Okler söyləyib.
K.Okler vandalizm aktı ilə bağlı hər hansı təhqiqat işinin aparılması haqda suala cavabında orada videomüşahidə sisteminin olmadığını və vandalizm aktını törədənlərin tapılmasının çətin olacağını qeyd edib.
Faktyoxla Lab. bu hadisəni törədənlərin kimliyi ilə bağlı öz versiyasını irəli sürür.
Fraqment 1. Azərbaycan televiziyalarının əməkdaşlarının abidə ətrafında çəkilişləri zamanı diqqətimizi bir detal çəkdi. Bu kadrlarda şairənin abidəsinə həkk olunmuş “Azərbaycan” sözünün üzərinin qırmızı boya ilə rənglənməsi görüntülənir.
Bu detal bizə 2010-cu ildə Ermənistanın paytaxtı İrəvan şəhərində digər abidəyə qarşı törədilmiş vandallıq aktını xatırlatdı.
Belə ki, 20.10.2010-cu il tarixində İrəvanın mərkəzində (Dairəvi Bulvar) "Holokost qurbanlarının şərəfinə ucaldılmış abidə"nin eyni formada təhqir olunması baş verib. Məlumat üçün bildirək ki, memorial iki daş lövhədən və onları birləşdirən nardan ibarətdir. Lövhələrin üzərində erməni və ivrit dillərində “Yaşa və xatırla” yazılıb.
Jurnalist Nelly Madatyanın (RFI) hazırladığı reportajda bildirilir ki, bu abidənin yerində əvvəllər Holokost qurbanlarının xatirəsinə həsr olunmuş postament olub və dəfələrlə hücuma məruz qalıb. “İlk vandal hücum 2004-cü ilin sentyabrında -"Yəhudi Yeni ili"nin sonuncu günü törədilib. O vaxt naməlum vandallar postament üzərində ağ rənglə xaç çəkmiş və “şeytan rəqəmi” "666" yazmışdılar. Növbəti aylarda ən azı 4 dəfə postament aşırılıb”-deyə yazan erməni jurnalist əlavə edib ki, bu dəfə daş lövhənin ivrit dilində yazılan hissəsinə erməni dilində “Yəhudilərə ölüm!” (əslində yəhudi xalqının adı daha təhqirli ifadə edilib-red.) yazılıb.
Fraqment 2. Bildirək ki, abidələrin maye rənglərlə çirkləndirilməsi Ermənistanda qeydə alınan ilk və yeganə hadisəsi deyil. 2019-cu ildə rus dramaturqu və diplomatı Aleksandr Qirboyedovun da heykəli təhqir olunmuşdu.
Bu aktı törədən isə radikal erməni “Tseqakron” partiyasının sədri, siyasi məhbus olmuş Şant Arutunyanın oğlu Şaqen Arutunyan olub. newsarmenia.am yazırdı ki, Şaqen Arutunyan törətdiyi vandal aktının fotosunu facebook profilində paylaşmış və “Njdenin lövhəsinin Rusiyada rənglənməsinə cavab olaraq Rusiya İmperiyasının səfiri, yazıçı Qriboyedovun abidəsini qırmızı rəngə boyadım” yazmışdır. O, canlı yayım açaraq deyib ki, "Njdenin “Tseqakron” ideologiyası onun üçün sadəcə sözlər deyil.".
Njdenin kimliyi haqda ətraflı məlumat verməyəcəyik, faşizm ideyalarının daşıyıcısı haqda yetərli qədər məlumat əldə etmək mümkündür.
Natəvanın abidəsinin təhqir olunmasına oxşar digər faktlara diqqət edək.
Fraqment 3. Qeyd etdik ki, Evian-Le-Bən şəhər meriyasının rəsmisi AZƏRTAC-a müsahibəsində “heykəlin burnu sındırılıb” deyib. Bu detal da bizə Ermənistanda abidələrə qarşı baş verən daha 2 hadisəni xatırlatdı.
Bunlardan biri, 2022-ci ilin aprel İsa Məsihin abidəsinin təhqir olunması faktıdır. "Sputnik-Armenia" müxbiri Lilit Arutunyanın müəllifi olduğu materialda bildirilir ki, aprel ayında iki ayrı-ayrı şəhərdə İsa Məsihin abidəsinə qarşı vandallıq aktı törədilib. 23 apreldə İrəvanda David-Bek küçəsində Xilaskarın bazalt heykəlinin ayağını sındırmış, barmaqlarını qopartmışdılar.
Digər hadisə isə Kotayk rayonu, Crarat kəndində "Tux Manuk" kilsəsinin həyətində İsa Məsihin qırmızı tufdan hazırlanan abidəsinin burnunu qoparmış, sağ əlinin barmaqlarını sındırmışlar.
Fraqment 5. Oxşar hadisə 14 aprel 2022-ci ildə İrəvan şəhərində qeydə alınıb. Bu dəfə ermənilər Qarabağda azərbaycanlılara qarşı amansızlıqlar və qəddarlıqlar törətmiş, “qəhrəman” Leonid Azgəldiyanın abidəsinə qarşı vandallıq aktı törədib, büstün burnunu sındırıblar.
Statistikaya baxsaq görərik ki, 2021-ci ildə Cinayət Məcəlləsinin 260-cı (Abidələrə qarşı vandalizm) maddəsinə əsasən 6 cinayət işi başlanıb, onlardan birinin üstü açılıb. 2022-ci ilin yanvarından isə anoloji iki hal baş verib. Eyni zamanda, 2021-ci ildə 264-cü maddəsinə uyğun olaraq ("Tarix və mədəniyyət abidələrinin dağıdılması və ya zədələnməsi") 30 hal qeydə alınıb, onlardan yalnız ikisinin üstü açılıb. 2022-ci ilin yanvarında isə 4 hal baş verib.
Fraqment 6. Xatırladaq ki, 2016-cı ildə Ermənsitan Prezidenti Serj Sarqsyanın Fransaya səfəri zamanı, (Vaterloya getdiyi gün) Xurşidbanu Natəvanın bu şəhərdə ucaldılmış abidəsi də təhqirə məruz qalmışdı.
Göründüyü kimi,
- Bütün Şərqdə və İslam dünyasında görkəmli şairə, rəssam, maarifçi və xeyriyyəçi, qadın azadlığı, qadın hüquqları uğrunda mübariz kimi tanınan Azərbaycan şairəsi Xurşidbanu Natəvanın 2017-ci ildə Evian-Le-Ben şəhərində ucaldılan abidəsinin vandallıq aktına məruz qalması ilə bağlı şübhələrin yalnız bir ünvanı var: erməni faşizmi, irqi-dini ayrıseçkiliyi və vandallığı!
-Səbəb isə Şuşa şəhərinin əsasını qoymuş və Xankəndinin isə mülkiyyətçisi olan nəslin yeganə davamçısı olmuş Xurşidbanudan qisas almaq, onu tarixdən silməkdir.