“Gürcüstan artıq bir neçə ildir ki, Avropa Birliyi ilə üst səviyyəli əməkdaşlıq sənədini imzalayıb. Ermənistan 27 fevral 2017-ci ildə daha aşağı səviyyəli, amma yenə də AB ilə ortaq sənəd imzalayıb. Azərbaycan Avropa Birliyi ilə ortaq sənəd imzalamaq istəmir”. Bu fikirləri REAL Partiasının icra katibi, iqtisadçı Natiq Cəfərli bildirib. O iddia edib ki, Azərbaycan tərəfi sənədin razılaşdırılmasını uzadır, halbuki, 90%-dən çox məsələlər artıq razılaşdırılıb.
Öncə qeyd edək ki, Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında əməkdaşlıq 1991-ci ildə yaranıb. Tərərflər arasında 1996-cı ildə imzalanan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (1999-cu ildə qüvvəyə minmişdir) siyasi dialoq, ticarət, sərmayə, qanunvericilik, elm və mədiyyət sahəsində əməkdaşlığı əhatə edib. 1998-ci il tarixində Aİ Azərbaycana xüsusi elçi təyin edib. 2000-ci ildə Azərbaycanın Aİ yanında Nümayəndəliyi təsis olunub. 2003-cü ilin iyul ayında Aİ Cənubi Qafqaz üzrə xüsusi nümayəndə təyin edib. Bundan başqa 2004-cü ildə Azərbaycan Avropa Qonşuluq Siyasətinə, 2009-cu ildə Şərq istiqaməti üzrə çoxtərəfli əməkdaşlıq formatı olan Şərq Tərəfdaşlığı proqramına daxil edilib.
Azərbaycanla Aİ arasında ticarət əlaqələri Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ilə tənzimlənir. Aİ Azərbaycanın ticarət tərəfdaşları arasında birinci yeri tutur. Aİ Azərbaycanın həm ixracda, həm də idxalda ən böyük ticarət tərəfdaşıdır.
18 iyul 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin birgə mətbuat konfransında Azərbaycan Prezidenti bu məqamla bağlı son ststistik məlumatları diqqətə çatdırıb. O bildirib ki, Azərbaycanın ticarətinin demək olar ki, 40 % Avropa İttifaqı ilə aparılır. 2020-ci ildə ittifaqla ticarət dövriyyəsi demək olar ki, 9,5 milyard dollar olub. Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə ixracının həcmi 6,8 milyard dollar təşkil edir. İttiqfaq üzv dövlətlərdən 1700-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir. Bundan başqa Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb və ya qəbul edib.
Bu kontekstdə Azərbaycanın Aİ ilə ticarət dövriyyəsi, ittifaq ölkələrinin Azərbaycama yatırımları Gürcüstan və Ermənistanla müqayisədə dəfələrlə çoxdur. Məsələn, 2020-ci ildə Aİ ilə Ermənistan arasında ticarət dövriyəsi 1 milyard dollardan bir qədər çox olub.
Bundan başqa, Azərbaycan Avropanın enerji təhlükəsizliyi məsələsində mühüm rol oynayır. Xatırladaq ki, ötən ilin sonunda Cənub Qaz Dəhlizinin dördüncü seqmenti olan Trans-Adriatik kəməri istismara verilib. Yanvarın 1-dən bu günədək Azərbaycandan Avropa İttifaqına üzv dövlətlərə, xüsusilə İtaliya, Yunanıstan və Bolqarıstana 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunub.
Bundan başqa 2018-ci ilin iyul ayının 11-də “Azərbaycan-Avropa İttifaqı Tərəfdaşlıq Prioritetləri” sənəd paraflanıb.
Natiq Cəfərlinin barəsində söz açdığı sənədə gəlincə, söhbət Aİ ilə Azərbaycan arasında yeni tərəfdaşlıq sazişindən gedir. Son illərdə bu saziş üzərində hər iki tərəfdən işlər intensivləşdiriib və qeyd edildiyi ki, sazişlə bağlı məsələlərin 90 %-i razılaşdırılıb. Düzdür, Azərbaycan bu sazişin imzalanmasında maraqlı olduğunu dəfələrlə bəyan edib, amma bu prosesin bir sıra şərtlər daxilində yerinə yetirilməsi şərti qoyub. Bu mənada rəsmi Bakının ortaq sənədi imzalamamasına dair fikir doğru olsa da, bunun bir sıra səbəbləri var və bu səbəbləri qeyd etmədən məsələyə obyektiv qiymət vermək düzgün olmazdı.
Səbəblərə gəlincə, Azərbaycan tərəfi bəyan edib ki,
saziş hər iki tərəfin maraqlarını təmin etməlidir
sazişdə həm strateji əhəmiyyət daşıyan məsələlər, həm də Azərbaycanı maraqlandıran məsələlər öz əksini tapmalıdır.
saziş bərabərhüquqlu tərəflər arasında imzalanmalıdır
saziş bütün bərabərhüquqlu əməkdaşlığa zidd olan məqamlardan azad olmalıdır.
Saziş üzrə razılıq əldə olunmayan, müzakirə mövzusu olaraq qalan konkret məsələlərə gəlincə, bunlardan biri Azərbaycanın Dünya Ticarət Təşkilatına (ÜTT) üzv olmaması ilə bağlıdır. Rəsmi Bakı ÜTT-yə üzvlükdən imtinasını onunla əsaslandırır ki, Azərbaycanın ixracının əsas hissəsi hələ ki, neft-qaz məhsullarıdır və bu məhsulları ixrac etmək üçün sözügedən təşkilata üzv olmaq lazım deyil.
Digər arqument qeyri-neft sektorunun inkişafı, yəni yerli istehsalın artımıdır ki, bunun üçün də daxili bazar qorumalıdır. Azərbaycan tərəfi hesab edir ki, əgər ölkə indi ÜTT-yə üzv olsa, sənaye, kənd təsərrüfatı sektorundakı yerli istehsalçılar problemlərlə üzləşə bilərlər. Yəni, ÜTTÜyə üzvlük nəticəsində Azərbaycana böyük həcmdə idxal məhsulları gələcək və bu da öz növbəsində yerli istehsala ziyan vuracaq.
Tərəflər arasında müzakirə mövzusu olaraq qalan digər məsələ energetika sektoru ilə bağlıdır. Avropa İttifaqı (Aİ ) Azərbaycana təbii qazın daxili qiyməti ilə ixrac qiymətini bərabərlişdirməyi təkilf edir. Azərbaycan tərəfi isə bəyan edib ki, təklif qəbul olunsa Azərbaycan qazın daxili qiymətlərini ən azı on dəfə qaldırmalıdır. Bu isə qəbul edilməzdir. Bu mənada rəsmi Bakı bəyan edib ki, Azərbaycan üçün sənədin keyfiyyəti onun nə qədər vaxtda razılaşdırılmasından daha vacibdir.
Sadalananlara əsasən belə demək olar ki, Azərbaycanla Avropa İttifaqı arasında yeni sazişin ləngiməsində Azərbaycan tərəfinin rolu olsa da bunun obyektiv səbəbləri var.
Bu qənaətə gəlirik ki, Natiq Cəfərlinin açıqlaması əsasən yanlışdır.