Rus bloqer Sergey Vasilyev öz dostu ilə Azərbaycanın Qarabağ bölgəsinə gəlib və burada çəkilişlər aparıb. Əvvəlcə Ermənistana gələn bloqer və dostu buradan Laçın dəhlizi vasitəsilə Qarabağa keçib. Videonun youtube-a 24 iyun 2021-ci ildə yerləşdirilməsi rus bloqerin Qarabağa az əvvəl gəldiyini deməyə əsas verir. Bloqer qeyd edib ki, rus sülhməramlıların olduğu ilk yoxlanış məntəqəsindən maneəsiz keçiblər. İkninci buraxılış məntəqəsində sülhməramlılar onlara Qarabağa xaricilərin buraxılmadığını desələr də, sonradan fikirlərini dəyişərək onların Xankəndi şəhərinə getməsinə şərait yaradıblar.
Əvvəlcə qeyd edək ki, Laçın dəhlizi (Şərqi Zəngəzur) boyunca, həmçinin Xankəndi tərəflərdə çəkiliş aparan bloqer sadəcə səyahət videosu hazırlamayıb. Arada “Böyük Ermənistan” tarixinə də ekskurs edib və Qarabağın 4-cü əsrdə “Böyük Ermənistan”a daxil olduğunu iddia edib, həm də sadəcə eşitdiklərinə əsasən. Təbii ki, bu məqam rus bloqerin video hazırlayarkən sadəcə səyahətə gəlmədiyini, eyni zamanda ermənilərin diqqətini cəlb etmək niyətində olduğunu göstərir. Onun ermənipərəst bloqer Semyon Peqov kimi bank hesabını paylaşması da bu fikri qüvvətləndirir.
Bloqerin Azərbaycan əleyhinə süjet hazırlamaq niyyəti ilə Qarabağa buraxıldığını da istisna etmək olmaz. Çünki çəkilişdən belə aydın olur ki, bloqer və dostuna Qarabağ ərazisində sərbəst hərəkət üçün şərait yaradılıb. Bununla bağlı rusiyalı sülhməramlılara xüsusi tapşırıq verilib-verilmədiyini birmənalı şəkildə demək çətindir. Amma onların bloqeri, bir qədər də konkret desəlk xarici vətəndaşı Azərbaycan ərazisinə buraxmaq səlahiyyətinin olmadığı birmənalıdır.
Məsələ burasındadır ki, İkinci Qarabağ Müharibəsinin nəticəsi olaraq Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin 10 noyabr 2020-ci il tarixdə imazladığı üçtərəfli bəyanatda Rusiya sülhməramlı kontingentinin vəzifə və səlahiyyətləri konkret olaraq əksini tapıb. Bu sənədə əsasən Laçın dəhlizi boyunca və Qarabağda bir sıra ərazilərə yerləşdirilən sülhməramlılara Azərbaycanın Qarabağ bölgəsinə xarici vətəndaş buraxmaq səlahiyyəti verilməyib. Üsətlik bəyanatın 6-cı bəndinə əsasən Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə, təhlükəsizliyinə məhz Azərbaycan tərəfi zəmanət verir.
Qeyd edək ki, Laçın dəhlizi Qarabağda yaşayan ermənilər üçün humanitar koridor rolunu oynayır. Yəni, söhbət məhz Qarabağda yaşayan ermənilərin bu dəhlizdən istifadəsindən, onların təminatı üçün yüklərin daşınmasından gedir.
Xatırladaq ki, bu, sülhməramlıların yol verdiyi ilk özbaşınalıq deyil. Bundan əvvəl onlar Ermənistanın sabiq xarici işlər naziri Ara Ayvazyanın, həmçinin fransalı deputatların Laçın dəhlizi vasitəsilə Xankədinə girişinə şərait yaradıblar. Həmin vaxt sülhmərmalıların bu addımı Azərbaycan tərəfinin kəskin etirazına səbəb olub. Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə bu məsələyə toxunub: “Biz bu sülhməramlı qüvvələr qarşısında məsələ qoymuşduq ki, bizim icazəmiz olmadan heç bir xarici vətəndaş Dağlıq Qarabağa gedə bilməz. Heç bir beynəlxalq təşkilat, - ancaq Qırmızı Xaç istisna olmaqla, - oraya gedə bilməz. Bu, bizim ərazimizdir. Bütün dünya bu ərazini Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır”.
İlham Əliyev 26 fevral 2021-ci il tarixdə yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında bu məsələyə bir daha qayıdıb, bildirib ki, rusiyalı sülhməramlılar tərəfindən əcnəbilərin gizlicə Qarabağa buraxılması ilə bağlı anlaşılmaz hərəkətlər bizi heyrətləndirir: “Biz Rusiya tərəfi ilə razılığa gəlmişik ki, əcnəbilər oraya yalnız bizim icazəmizlə daxil ola bilərlər. Lakin razılaşma pozulur”. Azərbaycan Prezidenti qeyd edib ki, Azərbaycan praktiki olaraq kimin oraya gəlməsini və kimin oradan getməsini adbaad bilir.
Göründüyü kimi Azərbaycan tərəfinin tələbi konkret və aydındır: İcazəmiz olmadan heç bir xarici vətəndaş Dağlıq Qarabağa gedə bilməz. Yəni, bu o deməkdir ki, Laçın dəhlizinə müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarət etməsi Azərbaycanın suveren huquqlarının pozulması ilə nəticələnə bilməz. Azərbaycanın dünya tərəfindən tanınan sərhədlərindən daxil olan şəxslər barədə Azərbaycanın məlumatı olmalıdır. Yeri gəlmişkən, Azərbaycanın Respublikasının Dövlət Sərhədi Haqqında Qanununun 12-ci maddəsinə (Şəxslərin, nəqliyyat vasitələrinin və digər əmlakın Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılması) əsasən Azərbaycan Respublikasının dövlət sərhədindən keçmək üçün etibarlı sənədlərə malik olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olduqda dövlət sərhədindən buraxılmaya bilərlər.
Bundan başqa “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının qanununun 12-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Qanunda nəzərdə tutulmuş qaydada xüsusi ayrılmış nəzarət məntəqələrindən keçmək şərtilə şəxsi pasportları və beynəlxalq müqavilələrə uyğun olaraq rəsmiləşdirilmiş icazə-viza əsasında Azərbaycan Respublikasına gələ və Azərbaycan Respublikasından gedə bilərlər.
Azərbaycanla Ermənistanda arasında diplomatik münasibətlər və başqa müstəvilərdə əlaqə qurulmadığından sərhəddə bu prosedurları icra etmək mümkün deyil. Amma bu amil humanitar məqsədlər üçün açıq saxlanılan Laçln dəhlizindən xarici vətəndaşların keçməsinə şərait yaratmağa əsas vermir.
Yeri gəlmişkən, Qarabağa qanunsuz səfər edən şəxslərin adları Azərbaycan Xarici İşlər Nazirliyinin “ölkəyə girişi qadağan olunan xarici vətəndaşlar siyahısı”na salınır. Yerli medianın məlumatlına görə, indiyə qədər bu siyahıya 1040 nəfərin adı salınıb. Rəsmi Bakı bununla bağlı dəfələrlə xəbərdarlıq edib. Sonuncu dəfə 2020-ci ilin oktyabrında, İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qarabağa gələn əcnəbi jurnalistlərə xəbərdarlıq etmişdi.
Xatırladaq ki, əcnəbi jurnalistlərin Azərbaycan ərazisində fəaliyyətini tənzimləmək üçün akkreditasiya qaydaları da mövcuddur. 18 mart 2015-ci ildə təsdiqlə0nən qaydalara görə xarici jurnalistlər Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən akkreditə edilməlidir.
Bu qənaətə gəlirik ki, sülhməramlıların xarici ölkə vətəndaşını Qarabağa buraxmaq səlahiyyəti yoxdur, rus bloqerin Qarabağa Ermənistandan gəlməsi isə Azərbaycanın ərazi bütövlüyünün pozulmasıdır.