Daxili İşlər Nazirliyi “Instagram”da geniş vüsət almış dələduzluq halı ilə bağlı əhaliyə müraciət edib.

Müraciətdə deyilir: “Son günlər sosial mediada, əsasən “Instagram” platformasında yaradılmış saxta (məs: giveaway qalibləri) səhifələrdən vətəndaşların istifadə etdikləri sosial media hesablarının mesaj bölməsinə yazılaraq iştirak etdikləri “giveaway” yarışlarının qalibi olduqları barədə məlumat verilir və hədiyyənin çatdırılması üçün onların bank hesablarına ödəniş edilməsi tələbi hallarına rast gəlinir.

Vətəndaşlarımızın diqqətinə bir daha çatdırırıq ki, bu tipli mesajlara inanmasınlar və heç bir halda ödəniş etməsinlər”.

Nazirliyin müraciətindən aydın olur ki, müəyyən şəxslər və ya qruplar yaratdıqları saxta hesablar vasitəsilə hər hansı “giveaway” yarışmasında iştirak etmiş şəxsləri hədəf seçərək onları yarışmanın qalibi olduqlarına inandırmaqla bank kartlarındakı məlumatları ələ keçirməyə çalışırlar.

Yəni, burada əsas hədəf “giveaway” yarışmasında nə zamansa iştirak etmiş şəxslərdir. Belə olan halda onları yarışmanın qalibi olmağa inandırmaq daha asan başa gəlir.

Bəs “giveaway” nədir? Sosial şəbəkə istifadəçiləri, şirkətlər və təşkilatçılar bu yarışma üsulundan nə əldə edib, nə itirirlər? Bu suallara müəyyən qədər cavab tapmağa çalışacağıq.

Əslində “giveaway”i marketinq addımı hesab olunur. Belə ki, yarışma vasitəsilə bir çox şirkət və ya məhsullar, yəni markalar daha geniş potensial alıcı kütləsinə tanıdılmış olur.

“Giveaway” yarışmasında əsasən 3 tərəf olur: təşkilatçı, sponsor və qalib.

Burada təşkilatçı anlayışı yarışmanın təşkililini öz üzərinə götürən və sonda uduşu qaliblərə verən şəxsdir. Sponsor təşkilatçının çağırışına qoşularaq yarışmaya öz məhsulunu təqdim edən və bunun qarşılığında müəyyən məbləğ ödəyən marka sahibidir. Qalib isə heç bir ödəniş etməyən, sadəcə olaraq təşkilatçının iki və ya üç şərtini yerinə yetirən, bunun müqabilində müəyyən uduş əldə edən potensial alıcıdır.

Yarışmanın qaydalarına görə, avtomobil, zinət əşyaları, mobil telefon və başqa bahalı hədiyyələr, eləcə də pul mükafatı uduşa qoyulur. "Giveaway" əsasən təşkilatçılar tərəfindən təşkil edilir və bu oyuna instaqram və ya digər platformalarda izləyici sayı çox olan məşhurlar və səhifələr cəlb olunurlar. Tələblərə əsasən, izləyicilər qoyulan vaxt ərzində statusda qeyd edilən sponsor şirkətlərin səhifələrini izləməlidirlər. Verilən müddət bitdikdən sonra təşkilatçılar canlı yayım vasitəsilə müəyyən proqramlardan istifadə edərək təklif olunan şərtləri yerinə yetirən istifadəçilər arasından təsadüfü qalibləri seçirlər.

Yarışmanın keçiriləməsində məqsəd təşkilatçı üçün müəyyən qazanc əldə etmək, sponsor üçün səhifənin izləyici sayını artıraraq, potensial müştərilər cəlb etmək, qaliblər üçün isə sadə üsulla hədiyyə qazanmaqdır.

Amma hər şey bu qədər göründüyü kimi asan başa gəlmir. Ölkədə keçirilən bir çox “giveaway” yarışmalarından sonra təşkilatçılara qarşı müəyyən iradlar bildirib, narazılıqlar baş verib. Əsas iradlar ondan ibarət olur ki, random proqramlar vasitəsilə aparılan seçimlərdə proqramlara və ya saytlara müdaxilələr edilir və təşkilatçılar öz yaxınlarını qalib elan edirlər.

Azərbaycanda keçirilən “giveaway”in qalibləri əsasən “random.org” proqramında təsadüfi rəqəm proseduru ilə seçildiyindən saxtakarlıq faizi yüksəkdir. Çünki bu proqramın qeyd olunan bölməsinə kənardan müdaxilə etmək mümkündür.

Yarışmadan şikayət edənlər yalnız qalib seçilməyən şəxslər olmur, eyni zamanda onun keçirilməsin sponsorluq edənlər də öz etirazlarını təşkilatçılara bildirirlər. Sponsorların onlara vəd olunan izləyici sayının onların səhifələrinə gəlməmələri ilə bağlı olur.

Nəticə olaraq qeyd edək ki, DİN tərəfindən yayılan xəbərdarlıqda əsas fikir “giveaway” yarışının təşkilatçılarına, sponsorlara deyil, bu yarışmadan sui-istifadə edən fırıldaqçılara, vətəndaşlardan heç bir əsası olmadan vəsait qopartmaq istəyənlərə qarşı ayıq-sayıq olmaq, onların təkliflərinə inanmamaqdır.