“Bəzi şəxslər alqı-satqı saytlarında hər hansı bir mənzili dəyərindən çox aşağı qiymətə elana qoyurlar. Zəng vurduqda isə evin başqasına verilməməsi üçün bank hesabına beh və ya kirayə pulunun göndərilməsini bildirirlər. Təhsil ilinin başlaması ilə əlaqədar məlumatsız vətəndaşlarımız daha çox bu dələduzların qurbanına çevrilirlər”.
Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) yaydığı açıqlamada qeyd olunub. Vətəndaşlara səslənən dövlət qurumu bildirib ki, belə şəxslərə inanıb əvvəlcədən, mənzilə baxış keçirmədən heç bir halda ödəniş etməsinlər. Rəsmi qurum bu halla üzləşən şəxsləri DİN-in 102 Zəng-Mərkəzinə, ərazi polis orqanına və ya sosial şəbəkələrdəki səhifələrinə müraciət etməyə səsləyib.
Faktyoxla Lab. mövzu ilə bağlı ekspert rəyini öyrənib.
Normativ hüquqi aktlardakı boşluq
Mövzuya dair fikirlərini bölüşən əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı cəmiyyətdə olan bu kimi informasiyalar barədə məlumatlı olduğunu deyib. O, bildirib ki, daşınmaz əmlak bazarında müxtəlif istiqamətlərdə daim spekulyativ addımlara, hərəkətlərə yol verilir: “Hazırda bəhs edilən dələduzluq halı ilə bağlı məsələyə gəlincə, doğrudan da bu hadisəni yaşayan insanlar var. Fikrimcə bu, Azərbaycanda müəyyən normativ hüquqi aktlardakı boşluqdan qaynaqlanır.
Məsələn, Azərbaycanda realtor fəaliyyətinin hüquqi tənzimlənməsi mövcud deyil. Realtor fəaliyyəti haqqında qanunvericilik yoxdur. Buna görə də, kortəbii şəkildə bu sahəyə gələn, bu fəaliyyət növü ilə məşğul olanlar var. Hətta bəzi fiziki şəxslər var ki, hər hansı tənzimləmənin olmamağından sui-istifadə edir, vətəndaşları aldadır, onların pulunu mənimsəyir, bu yolla “qazanc” əldə edirlər. Son nəticədə ayrı-ayrı vətəndaşlara ciddi maddi ziyan vurulur. Hüquqi baxımdan bu, dələduzluq əməli sayılır. Hesab edirəm ki, Daxili İşlər Nazirliyi belələrinə qarşı ciddi tədbirlər görməlidir. Belə dələduzluq əməlinə yol verənlərin “fəaliyyətinin” qarşısı zamanında alınmalı, genişlənməsinə imkan verilməməlidir”.
O realtorlarla işləmək lazımdır ki...
Ekspert dələduzların toruna düşməmək üçün vətəndaşlara tövsiyələrini də çatdırıb: “Vətəndaşlara tövsiyəm ondan ibarətdir ki, VÖEN-i olmayan, yəni fəaliyyəti rəsmiləşməyən, vergi ödəyicisi sayılmayan, iş ofisi olmayan realtorlarla işləməkdən, sövdələşmədən uzaq dursunlar. İstər behin verilməsi, istərsə də ümumi vəsaitin ödənilməsi zamanı tələskənlik etməsinlər. Əvvəlcə seçilən evə baxış keçirsinlər, vizual olaraq onun ünvanı, mövcud şəraiti ilə yaxından tanış olsunlar.
Daşınmaz əmlakın onların tələblərinə nə dərəcədə cavab verib-vermədiyini əyani şəkildə görsünlər. Yalnız bundan sonra tərəflər yazılı razılaşmaya, beh müqaviləsinə qol çəksinlər, məsuliyyət altına girsinlər. İstər evin kirayələnməsi, istərsə də alqı-satqısı üçün mütləq yazılı razılaşma olmalıdır. Yəni bu məsələyə ciddi yanaşılmalıdır. Yalnız bu proseslərdən sonra kiməsə vəsait ödəsinlər, beh versinlər. Əks halda, prosesdən kənarda dayansınlar. Kimlərəsə kart vasitəsilə, onlayn qaydada pul ödəyib sonradan onların axtarışına çıxmasınlar. Nəzərə almaq lazımdır ki, müvafiq dövlət qurumlarının, o cümlədən də hüquq-mühafizə orqanlarının işi həddən artıq çoxdur. Hər hansı bir formada tələskənlik, diqqətsizlik, məsuliyyətsizlik edib onların iş yükünü daha da artırmayaq”.
Nəticə: DİN-in ev alqı-satqı saytlarında verilən elanlarla bağlı xəbərdarlığının ciddi əsasları var, vətəndaşlar tövsiyələri nəzərə alsalar, bir çox problemlərlə üzləşməzlər.