Rusiyanın Matç TV-nə açıqlama verən Qazaxıstanın “Kayrat” komandasının erməni yarımmüdafiəçisi Bakıda keçiriləcək “Qarabağ” FK ilə matçı buraxması, daha dəqiq desək, Bakıya getməməsinin səbəbini bəlli etmişdi. O, bildirib: “Mən yalnız onu deyə bilərəm ki, Bakı mənim təhlükəsizliyimə təminat verə bilmir. Mənim onsuz da Bakıya getmək həvəsim yox idi. Kayrata isə yalnız qələbə arzulayıram. Bizim yaxşı komandamız var, onlar istənilən rəqibə qalib gələ bilərlər”

Eyni məlumatı Rusiyanın sportbox.ru saytı da verib, bu dəfə erməni Ararat Mamberyanın müəllifliyi ilə.

Lakin saytın digər əməkdaşı Aleksandr Trotskinin müəllifi olduğu yazıda futbolçunun etnik kimliyi və siyasi məsələlər qabardılıb. Məqalədə deyilir: “Kayrat: Ohanesyan Bakıya Azərbaycan klubunun təşəbbüsü ilə getməyib”. Bu haqda məlumatı “Kayrat” klubundan veriblər. “Oyunçunun təhlükəsizliyinin təminatı üçün bu təşəbbüs Azərbaycan klubundan gəldi. Klubumuz isə bu təlimatı əsas tutaraq bu qərarı verdi.

Bu məlumatı yayan Rusiyanın Matç Tv kanalının mövqeyi maraq doğurur. Bu kanalın, Avropa futbol standartlarına görə elə də diqqət cəlb etməyən Qarabağ-Kayrat qarşılaşmasına, elə də məşhur olmayan Ohanesyana görə belə səs-küy salması təəccüb doğrumaya bilməz. Amma nəzərə alsaq ki, son illərdə ən məşhur idman kanalına məhz erməni əsilli Tina Kandelaki rəhbər təyin olunandan sonra tanınmış futbol şərhçiləri, icmaçlılar kanalı tərk edibllər, situasiya təxminən bəlli olar. Kanalı tərk edənlər xanım rəhbərin idarəçiliyindən, qərəli mövqeyindən və neqativ münasibətlərindən bezdiklərini dəfələrlə dilə gətiriblər.

O da məlumdur ki, kanalda erməni əsilli işçilər çoxdur. Təbii ki, bu Qazprom Mediaya daxil olan Rusiya kanalının öz işidir. Amma yenə təkrar edirik, nə Rusiya azarkeşləri, nə də Avropa futbolsevərləri üçün elə də əhəmiyyət kəsb etməyən Qarabağ-Kayrat matçının məhz Kayratın azarkeşlərindən başqa heç kimin tanımadığı Kamo Ohanseyana görə belə haray-həşir qoparması, kanalın əməkdaşı Ararat Mamberyan tərəfindən hekayə uydurulması bu məsələyə reaksiya verilməsini istəyir.

Faktyoxla Lab. erməni əsilli futbolçunun Bakıya gəlməməsinin səbəbini araşdırıb.

“Qarabağ” FK-nın qonağı olan “Kayrat” komandasının Ohanesyan Bakıya Azərbaycan klubunun təşəbbüsü ilə getməyib” fikrinə aydınlıq gətirək.

Bu haqda qonaq klubun baş məşqçisi Kurban Berdiyevin matçöncəsi mətbuat konfransında söylədiyi fikirlərə diqqət edək:

Sual: Siz, erməni səilli futbolçu Kamo Ohanyanın Bakıya gəlməməsinin səbəbini deyə bilərsinizmi?

Kurban Berdiyev: Bu, Kamonun öz qərarıdır.

Demək, “Kayrat” komandasının açıqlaması yalandır. Ya açıqlamanı yayan saytın erməni əsilli işçisi yalan məlumat yayıb, ya klubun media təmsilçiləri baş məşqçinin fikirlərinə əhəmiyyət vermədən özbaşına hərəkət ediblər. Əks halda belə təzadlı, fərqli fikir səsləndirmək heç bir kluba hörmət gətirməz.

“Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə isə məsələ ilə bağlı ən doğru olanı açıqlayıb. G. Abbaszadənin sözlərinə görə, “Kayrat”ın Azərbaycana səfər edəcək heyətinin siyahısı həftələr öncədən onlara göndərilibmiş. “Həmin siyahıda isə hazırda siyasiləşdirilən bu futbolçunun adı ümumiyyətlə olmayıb. Kimin Bakıya gətiriləcəyinə klub özü qərar verib. Onlardan “niyə filan futbolçu siyahıda yoxdur?” soruşmaq etik cəhətdən düzgün olmaz. Bu bilirsiniz nəyə bənzəyir? Kayratın baş məşqçisi Qurban Berdıyevə niyə hansısa futbolçunu start heyətdə oynatmırsız sualını verə bilərik? Əlbəttə, xeyr! Bu klubun daxili işinə qarışmaq olar. Bu məqamı fürsət bilib idmanı siyasətə qatırlar. Biz hər zaman bunun əlehinə olmuşuq”.



Ağdam klubunun mətbuat xidmətinin rəhbəri idmanı siyasətə qatmaqları deyərkən nəyi nəzərdə tutur?

Azərbaycan idman ictimaiyyəti oxşar situasiya ilə 3 dəfə rastlaşıb və hər üç halda Henrix Mxitaryan baş rolda olub. Belə ki, o, ilk dəfə “Borusiya Dortmund”un heyətində çıxış etdiyi zaman Avroliqa oyunları çərçivəsində “Qəbələ” ilə, daha sonra “Arsenal”da oynayarkən “Qarabağ” FK-ya qarşı və nəhayət, Bakıda keçirilən Avroliqanın final qarşılaşmasında “Çelsi”-“Arsenal” matçına gəlməkdən imtina etmişdi. Təbii ki, hər üç halda Mxitaryan qorxaqlıq nümayiş etdirməklə yanaşı, erməni diasporunun böyük PR -kampaniyasında baş rolu oynayırdı.

Məlumatı olmayanlar üçün xatırladaq ki, Henrix Mxitaryan 2009-cu ildən Dağlıq Qarabağa qanunsuz səfərlər edib. Müharibədə iştirak edən veteranlara yardım üçün Xankəndinə baş çəkən futbolçu, onlara müxtəlif məişət texnikaları hədiyyə verib. Səfərlərin birində işğal altında olan bölgədəki separatçı rejimin başçısı Bako Saakyan regionda idmanın inkişafı və müxtəlif xeyriyyə layihələrinin həyata keçirilməsinə görə, Mxitaryana "Ayrenyats Paştpan” ("Xalq müdafiəçisi") ordeni verib. O, vaxt isə Qarabağa Azərbaycanın icazəsi olmadan səfər edən xarici ölkə vətəndaşlrı Azərbaycan XİN-in “qara siyahısına” salınırdı.  

Maraqlıdır ki, həmin dövrdə Mxitaryan “Arsenal” klubunun əsas heyətinin oyunçusu da deyildi. Sadəcə Bakıya səfər və matçla bağlı süni ajiotajın yaranması, beynəlxalq ictimai rəydə anti-Azərbaycan təsəvvürlərinin formalaşması üçün əlinə keçən unikal şansdan istifadə etdi. İndi də Kamo Ohanesyan eyni yolu gedir. Kayratda keçirdiyi 57 matçda cəmi 4 qol vuran erməni futbolçu Qarabağ klubu üçün nə təhlükə törədə bilər ki? Nə istedadı var? Sadəcə Azərbaycana qarşı kampaniyaya qatqısını verir.

“Qarabağ” FK-nın mətbuat katibi mediaya açıqlamasında onu da xatırladıb ki, ölkəmizdə keçirilmiş mötəbər yarışlarla bağlı Bakıya dəfələrlə erməni idmançılar səfər edib. Bu məsələ ilə bağlı bir dəfə də olsun problem yaşanmayıb. “Ölkəmizdə hazırda on minlərlə erməni əsilli vətəndaşımız yaşayır. Biz qonaqpərvər xalqıq. Milli mənsubiyyətindən, dinindən, irqindən asılı olmayaraq, ölkəmizə səfər edən, Azərbaycanın qanunlarına, ənənələrinə hörmət edən hər kəsə xoş gəldiniz deyirik!”

Maraqlıdır, Azərbaycan tərəfi Ohanesyan üçün hansı təhlükəsizlik tədbirləri görməli idi? Arxasınca Falkom F-16 göndərməli, ya xüsusi təyinatlı dəstə ayırmalı idi? Axı, indiyə qədər Bakıda keçirilən bütün beynəlxalq tədbirlərdə təhlükəsizlik baxımından bütün tədbirlər yüksək səviyyədə görülüb. Hələ bir dəfə də olsun insident baş verməyib. Eləcə də erməni idmançıların iştirak etdikləri Azərbaycanda keçirilən yarışlarda da hər hansı problem yaşanmayıb.

Məlumat üçün xatırladaq ki, 2007-ci il güləş üzrə dünya çempionatında, Avro Oyunları-2015-də və şahmat üzrə dünya çempionatında erməni idmançılar bütün heyətlə turnirlərə qatılmış və problemsiz vətənlərinə dönmüşdülər. Hətta erməni şahmatçı Levon Aronyan Bakını gəzib, ləziz Azərbaycan mətbəxindən dadmışdı.

Ən maraqlı hadisə isə 2015-ci ildə Bakıda keçirilən ilk Avropa Oyunlarında baş vermişdi. Boks üzrə 91 kq çəki dərəcəsində çıxış edənlərin mükafatlandırılması zamanı yaşananları hamı xatırlayır. Ukraynanı təmsil edən Gevork Manukyan zədəsini əsas gətirərək Azərbaycanlı boksçu Əbdülqədir Abdullayevlə final görüşündən imtina etmişdi. Medalların təqdimatı zamanı Ukrayna idmançısının adı çəkiləndə zalda fit səsləri, uğultu qopmuşdu. (Kim bilir, seyrçilər arasında Xocalıda həlak olanların yaxın qohumları, Ermənistanın işğalı nəticəsində dədə-bab torpaqlarındna qovulmuş nə qədər azərbaycanlı var idi).

Bu zaman idmançılara medalları təqdim edən Azərbaycan Prezidenti İlham Əliyev kübarcasına əl hərəkəti ilə zaldakıları idmançıya hörmət etməyə çağırmış, zal susandan sonra yenə eyni jestlə onlara təşəkkür etmişdi. Prezidentin bu hərəkəti azarkeşlər və eləcə də erməni idmançı tərəfindən alqışla qarşılanmışdı.

Bəli, erməni idmançılara belə məqamları xatırlamaq sərf etmir.  Onlara hər addımda Azərbaycana qarşı kampaniya aparmaq, ələ düşən ilk imkandaca “böyük erməni arzusu”nu yerinə yetirmək daha vacibdir.

Nəticə: “Qarabağ” futbol klubu ilə qarşılaşacaq Qazaxıstanın Kayrat klubunun oyunusu Kamo Ohanyanın Bakıya səfərdən imtina etməsi erməni əsilli futbolçunun öz istəyi olub. Bunu komandanın baş məşqçisi Kurban Berdiyev də təsdiqləyib. Rusiyanın Matç Tv kanalının yaydığı məlumat isə yalandır. Erməni əməkdaşlar Rusiyanın dövlət kanalından çirkin əməllərini nmayiş etdirmək üçün istifadə ediblər.