AXCP sədri Əli Kərimli bu dəfə də yetərli bilgisi olmayan iqtisadi-sosial sahədən yazıb, dövlətin yürütdüyü sosial siyasətin nöqsanlarını tənqid edib, “uşaq pulu” ilə bağlı hökumətə iradlarını bildirib.“Dövlətimizin pulu varmı? Var. Bütün oğurluq və israfdan sonra yenə də valyuta rezervimiz 51 milyard dollardan artıqdır. Dövlətin builki icmal büdcəsində isə profisit 3.5 milyard manatdan artıqdır. Xalqımızın uşaq puluna ehtiyacı varmı? Var. Ölkədəki 2.6 milyon uşağın yarıdan çoxu yoxsulluq içində böyüyür. 2.6 milyon uşağın azı 90 faizinin dövlətin qayğısına - uşaqpuluna ehtiyacı var”
Faktyoxla Lab. AXCP sədrinin iddialarını araşdırıb.
İlk olaraq qeyd etmək lazımdır ki, status sahibi uşaq, yeniyetmə və gənc məvhumlarını ayırd edə bilmir. Müsahibədə deyilir ki, ölkədəki uşaqların sayı 2.6 milyon nəfərdir və onların yarıdan çoxu, yəni orta hesabla 1,4 milyon nəfəri ehtiyac içərisində yaşayır.
Halbuki, Azərbaycanda ailələrin sayı 2,5 milyondur. Hər ailədə orta hesabla 2 uşaq varsa və bu məntiqlə hesablanarsa belə çıxır ki, Azərbaycanda hər iki ailədən biri yoxsuldur? İnandırıcıdırmı? Qətiyyən, beynəlxalq hesabatlarda açıq qeyd olunur ki, ölkədə yoxsulluq həddinin 5% təşkil edir. Bunu nəzərə alsaq belə rəqəmin səsləndirilməsi manipulyasiya xarakterlidir və faktlar təhrif olunur. Həm də AXCP sədrinin fikirləri ona dəlalət edir ki, ölkədə ümumiyyətlə dövlət tərəfindən uşaqlara heç bir sosial qayğı göstərilmir, uşaqların sosial müdafiəsinə büdcədən pul ayrılmır.
Əvvəla, bunu qəbul etmək lazımdır ki, 2,6 milyona aid edilən uşaqların sırasında 16-18 yaşlarında yüz mindən artıq tələbə də yer alır və onların da 50 faizi dövlət tərəfindən təqaüdlə təmin edilib. (mənbə) Yaxud, orta məktəbi bitirib ali məktəblərə daxil ola bilməyən on minlərlə yeniyetmə və gənc müxtəlif sahələrdə çalışaraq aylıq qazanc əldə edirlər. 18 yaşı tamam olmuş 40 mindən artıq gənc Ordu sıralarında xidmət edir və dövlət tərəfindən onlara aylıq müavinət verilir.
Azərbaycanda aparılan sosial siyasətin mühüm istiqamətlərindən biri də müvafiq kateqoriyalardan olan, sosial müdafiəyə ehtiyac duyan uşaqların ünvanlılıq, effektiv və optimal təminat prinsipləri əsasında etibarlı sosial təminat sistemi ilə dolğun şəkildə əhatə olunmasıdır. Azərbaycanda aztəminatlı ailələrə verilən ünvanlı dövlət sosial yardımının da birbaşa əsas təyinat obyektlərindən biri məhz uşaqların sosial müdafiəsidir. Aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən bu pul yardımının təxminən 60%-i uşaqların payına düşür. Bu vəsait ehtiyac meyarına əsasən və ailənin gəlirləri həmin həddən aşağı olduqda yardım məbləği buna uyğun hesablanır. Dörd nəfərlik bir ailəyə 2021-ci il üzrə təyin edilmiş 280 manat həcmində yardımın 2 uşaq nəzərə alındıqda bir uşağa düşən məbləği 70 manat təşkil edir. İki uşağa isə dövlət bu sosial proqram çərçivəsində 140 manat verir. (Mənbə)
Ölkədə il ərzində təxminən, 100 min ailə sosial yardım alır, bu, orta hesabla 400 min insan deməkdir, onların yarısını, yəni 200 min nəfərini uşaqlar təşkil edir. Beləliklə, dövlət təkcə bu istiqamət üzrə hər il 200 mindən artıq uşağın sosial müdafiəsini təmin edir.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəyli dövlətin uşaqların sosial müdafiəsi sahəsində həyata keçirdiyi proqramlarla bağlı izahatında bildirib ki, Azərbaycanın sosial müdafiə sistemində uşaqların müavinət almasına dair kifayət qədər sosial istiqamətlər mövcuddur. Dövlət hər ay müxtəlif növ müavinətlərlə (şəhid uşaqlarına, müharibə əlillərinin uşaqlarına, sağlamlıq imkanları məhdud uşaqlara və onlara qulluq edənlərə müavinət və ÜDSY proqramı çərçivəsində sosial yardım) uşaqların sosial müdafiəsini təmin edir. Həmin sosial kateqoriyalara aid olmayan uşaqlara ayrıca “uşaq pulu”nun verilməsi üçün demoqrafiya problemi olmalıdır. Azərbaycanda isə demoqrafik problemi yoxdur.
Son illərdə yürüdülən sosial siyasət tədbirləri çərçivəsində uşaqlara verilən müavinətlərin əhatəsi genişləndirilib: Uşağın anadan olmasına görə, 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə və 3 yaşınadək uşağa qulluğa görə müavinətlər verilib.
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının 16 yaşına çatmamış və müharibə əlillərinin, 20 Yanvar hadisələri zamanı əlil olanların 16 yaşına çatmamış uşaqlarına, I və II dərəcə əlilliyi müəyyən edilmiş valideynlərin uşaqlarına aylıq müavinətlər müəyyənləşdirilib. Həmçinin, beşdən çox uşağı olan qadınlara müavinət təyin edilib, müavinətin həcmi müxtəlif illər ərzində artırılaraq 2019-ci ilin aprelin 1-dən hər uşağa görə, 55 manat məbləğində müəyyənləşdirilib. Bundan başqa, digər güzəştli kateqoriyalar üzrə də uşaqlar üçün müavinətlər mövcuddur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, ümumilikdə il ərzində Azərbaycanda 565 minədək uşaq birbaşa və müxtəlif sosial proqramlar vasitəsilə maddi formada dəstəklə əhatə olunur. Belə ki, il ərzində aylıq sosial müavinət və ya əmək pensiyası ödənilənlərin 166 min nəfəri, ünvanlı dövlət sosial yardımı ilə təmin olunan ailələrdəki ailə üzvlərinin 140 minə qədəri uşaqlardır. Həmçinin yeni doğulan uşaqlara görə ailələrə birdəfəlik müavinət verilir və təkcə ötən il ərzində 130 minə yaxın uşağa görə birdəfəlik müavinət ödənilir. O cümlədən, şəhid ailələrinin, müharibə səbəbi ilə əlaqədar əlilliyi olanların, Çernobıl AES qəzası ilə əlaqədar I və II dərəcə əlilliyi olan, yaxud vəfat etmiş valideynlərin, müddətli həqiqi hərbi xidmət qulluqçularının, həmçinin beşdən çox uşağı olan qadınların uşaqları, aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrin 1 yaşadək və valideynlərini itirmiş və sağlamlıq imkanları məhdud 92.8 min uşağın sosial müdafiəsi üçün aylıq sosial müavinət verilir. İl ərzində 35 minə yaxın 3 yaşadək uşağa qulluğa görə onların sığortaolunan valideynlərindən birinə müavinət ödənilir.
AXCP sədrinin sözlərinə görə, onun başlatdığı hansısa aksiyadan sonra hökumətin bu tələblərə əməl edir. Qəribə məntiqdir. Bunu anlamaq lazımdır ki, Azərbaycanda yürüdülən sosial siyasət sifariş və bəyanatlarla aparılmır. Sosial siyasət düşünülmüş təmkin və iqtisadi reallıqlar, maliyyə imkanları nəzərə alınmaqla böyük bir iqtisadi komandanın dərin elmi-iqtisadi təhlilləri əsasında tərtib edilən paketə əsasən tənzimlənir. 2019-cu ildəki 2 sosial paketin hazırlanması və həyata keçirilməsi də bu reallıqların praktiki nəticəsi idi. Və həmin paket çərçivəsində uşaqlara yönələn sosial ödənişlər də ciddi şəkildə artırıldı. 2019-cu ilin aprelin 1-dən uşağın anadan olmasına görə müavinət 200 manat məbləğində müəyyənləşdirilb. Sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar üçün sosial ödənişin məbləği 82 manatdan 2,4 dəfə artırılmaqla 200 manata çatdırılıb. Onlar üçün müavinətin məbləği 82 manatdan 150 manata çatdırılmaqla yanaşı, həmin uşaqlara qulluq edənlər üçün 50 manat məbləğində aylıq təqaüd təsis edilib. Həmçinin beşdən çox uşağı olan qadınların hər uşağına görə müavinət 33 manatdan 55 manata, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları üçün hər uşağa görə müavinət 68 manatdan 100 manata, uşaqların qəyyumları (himayəçiləri) üçün müavinət 61 manatdan 100 manata, ailə başçısını itirməyə görə müavinət hər ailə üzvü üçün 68 manatdan 80 manata, yeni doğulan uşaqlara görə birdəfəlik müavinət 109 manatdan 200 manata çatdırılıb. (Mənbə)
Və bu sosial siyasət davamlı xarakter daşıdığından sosial artım proqramları hər il icra edilir. 2020-ci ildə qlobal iqtisadi tənəzzül və ağır pandemiya, 44 günlük Zəfərlə başa çatan çətin müharibə bu siyasəti müvəqqəti təxirə saldı.
Hazırda Azərbaycan post-pandemiya dövrünə qədəm qoyur, iqtisadiyyat bərpa olunur, iqtisadi fəallıq artıb, 2021-ci ilin 9 ayında ÜDM 4,8% yüksəlib. Ölkənin maliyyə imkanları da artır və hökumətin nəzərdə tutduğu sosial prioritetlərin yenidən gerçəkləşdirilməsi üçün əlverişli fürsət, iqtisadi imkanlar yaranıb. Məhz bu səbəbdən Prezident İlham Əliyev tərəfindən bir neçə gün əvvəl “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalanıb və sənədə əsasən, 2022-ci il yanvarın 1-dən yeni sosial artımlar paketi qüvvəyə minəcək. Artımlar əməkhaqlarını, əmək pensiyalarını və sosial müavinətləri, eləcə də təqaüdləri və digər sosial ödənişləri əhatə edəcək. Hazırda hökumətin müvafiq iqtisadi bloku bu layihə üzərində çalışır. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib ki, 1 milyon 800 min nəfərədək vətəndaşımız bu artımdan yararlanacaq. (Mənbə)
Həmin sənəddə uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı mühüm müddəalar əksini tapacaq. Uşaqlara verilən müxtəlif növ müavinət və təqaüdlərin, eləcə də ünvanlı sosial yardımların məbləğinin 20-25% artırılması nəzərdə tutulur.
Və onu da unutmaq lazım deyil ki, inkişaf etmiş Qərb və Avropa Birliyi ölkələrində, həmçinin Rusiya Federasiyasında ailələrə verilən müavinətlərin təyinatı birbaşa uşaqlara qayğı məqsədi daşımır, həmin ölkələrdə “uşaq pulu” ilə bağlı vahid sistem yoxdur, sadəcə, ölkələrə görə qoyulan fərqli kriteriyalar və yardım növləri var. Avropa Birliyi ölkələrində ev təsərrüfatlarına, yəni ailələrə verilən müavinətlərin əsas təyinatı ölkədəki sosial riskin – demoqrafik problemin həllinə əsaslanır. Yəni, Avropa ölkələrinin bu siyasətinin kökündə əsas etibarilə bu cür maddi yardım və sosial dəstəklərlə ailələri motivasiya etmək, uşaqların ehtiyaclarını öz üzərinə götürməklə təbii artıma stimaul vermək dayanır. Bunu açıq şəkildə Avropa sosial müdafiə statistikası sistemindən də görmək mümkündür.
Rusiya hökuməti əhalinin və doğum göstəricilərinin azalmasından son illər dərin narahatçılığını nəzərə alaraq ailələrə məqsədli müavinətləri verməklə uşaqların doğum əmsalını artırmağa çalışır. RF təkcə, ölkədə doğum səviyyəsinin azalması ilə mübarizə üçün 144 milyard rubl ayrılmasını planlaşdırıb. Yəni, hökumət birbaşa ölkənin gələcəyi olan uşaqların təbii artımının azalmasının qarşısını almaq məqsədilə bu tədbirləri görür və əslində bu sosial siyasət yox, milli təhlükəsizlik məsələsidir. (mənbə)
Nəticə: Göründüyü kimi, dünyada “uşaq pulu” təsnifatına uyğun xüsusi aylıq müavinət yoxdur və həmin ödənişlər sosial mahiyyət kəsb etmir, həmin ölkələrdə təbii artımı təşviq etməyə xidmət edir. Demoqrafik problemi olmayan Azərbaycanda isə dövlətin müxtəlif sosial proqramlar çərçivəsində uşaqların sosial müdafiəsində olduqca həssas siyasəti ortadır. Siyasətçilərin və müxaliflərin isə “uşaq pulu” üzərindən çıxışları populizm xarakterlidir, mövzunu tam anlamadan kütlə şüuru ilə manipulyasiya cəhdi və belə məqamlardan xal qazanmaqla siyasi divident niyyətlidir.