Azərbaycanda da SAT - Scholastic Aptitude/Assessment Test imtahanları keçirilir. Dövlət İmtahan Mərkəzi (DİM) də olmaqla bir neçə imtahan mərkəzinin bu imtahanları təşkil etməsinə baxmayaraq,  ölkəmizdə deyil, qonşu ölkələrdə imtahan verməyə üstünlük verənlər hələ də kifayət qədərdir. Bunu Azərbaycanda keçirilən imtahanların nəticələrinin beynəlxalq müstəvidə qəbul edilməməsiylə izah cəhdləri isə durmadan artır. Maraqlıdır, Azərbaycanda SAT imtahanlarının şəffaf və ədalətliliyini kölgə altında qoyan bu fikirlərin əsası varmı?

Faktyoxla Lab. imtahanların nəticələrinin güvənilirliyini və bu fikirlərə əsas yaradan səbəbləri araşdırıb.

Məlumat üçün qeyd edək ki, SAT (Scholastic Aptitude/Assessment Test) müxtəlif siniflərdə təhsil alan məktəb şagirdlərinin oxuma, yazma və riyazi, SAT Subject isə müxtəlif məktəb fənləri üzrə bilik və bacarıqları yoxlayan standartlaşdırılmış, yararlılıq müddəti 5 il olan test imtahanlarıdır və hər il imtahanda iki milyondan artıq şəxs iştirak edir.

 

“Test mərkəzimizdə imtahan verib nəticəsinin alınmamasına görə indiyədək şikayət və ya sorğu edən olmayıb”

 

Ölkəmizdə SAT imtahanlarını 2014-cü ildən təşkil edən Dövlət İmtahan Mərkəzinin  (2014-cü ildə Tələbə Qəbulu üzrə Dövlət Komitəsi kimi fəaliyyət göstərirdi – red.) Strateji inkişaf şöbəsinin müdiri Vəli Hüseynin sözlərinə görə, DİM-in təşkil etdiyi hər imtahanda 100 nəfərə yaxın imtahan verənlər olur və hər hansı narahatlıq müşahidə olunmur: “Belə şayiələr həmişə olub, amma test mərkəzimizdə imtahan verib nəticəsinin alınmamasına görə indiyədək şikayət və ya sorğu edən olmayıb. Nəticələr gecikə, gec çıxa bilir, ancaq heç çıxmaması, ya da ləğv olunması indiyədək olmayıb. Hətta deyə bilərəm ki, iştirakçı sayı getdikcə çoxalır. 2014-cü ildən bəri hər il bizim imtahan mərkəzində 250-300 şəxs imtahan verir.

Çox nadir hallarda, əsasən də, avqust ayında keçirilən imtahanlarda təklif etdiyimiz yerlərin dolmadığı vaxtlar olub. Lakin qalan vaxt tələbat çox böyük olur. Hətta son illərdə yerlərin sayını artırmağa çalışmışıq. Nəticədə ortalama 350-400 namizəd imtahan verə bilir. Biz məhz imtahana olan marağı nəzərə alaraq qeydiyyat üçün əlavə yerlər açmışıq. Hal-hazırda mərkəzimiz hər imtahan sessiyası üçün 100 namizədin iştirakını təmin edəcək şəkildə fəaliyyət göstərir”.

SAT imtahanları təkmilləşdiriləcək

V.Hüseynin sözlərinə görə, SAT imtahanları tezliklə təkmilləşdiriləcək: “İndiki halda SAT kağız üzərində keçirilirsə, növbəti ildən artıq kompüterlərdə aparılacaq. Mərkəzimizdə də bu cür keçirilməsi nəzərdə tutulur. DİM-in yeni ikinci binası tikilir, orada elektron imtahanların keçirilməsi imkanları da daha geniş olacaq”.

Mütəxəssisin fikrincə, texnologiyanın tətbiqindən sonra imtahanlara münasibət dəyişəcək: “Hesab edirəm ki, imtahanlara münasibət də dəyişəcək, elə imtahanların özü də. Çünki bütün ölkələrə imtahan materialları kağızla əvvəlcədən göndərilir. Bu, müxtəlif təhlükəsizlik qaydalarına baxmayaraq, tam təhlükəsiz deyil və risk həmişə olub, insan amili öz sözünü deyib. Ancaq onlayn platforma üzərindən keçirilən imtahanlarda bu risk azalır. Misal üçün, DİM TOEFL iBT imtahanlarını da keçirən imtahan mərkəzlərindəndir. Kompüterlər üzərindən təşkil olunan həmin imtahanlarla bağlı qeyd etdiyiniz şübhələr, şayiələr olmayıb”.

Xaricdə imtahan vermək maraqlı təcrübədir

“Hər hansı bir hadisənin adətən bir neçə səbəbi olur”, - deyən V.Hüseyn hesab edir ki, SAT imtahanlarıyla bağlı şübhə yaradan səbəb ilk növbədə onun hələ də kağız üzərində aparılması ilə bağlı ola bilər: “Biri bu ola bilər, digərləri haqqında sadəcə ehtimal etmək olar, amma dəqiq fikir söyləmək çətindir. Ola bilər ki, xaricdə imtahan vermək maraqlı təcrübədir. Adətən, SAT imtahanını vermək istəyənlər imkanlı şəxlərin övladları olur, bu da bir səbəbdir ki, xaricə səfər təşkil olunsun”.

Ancaq bu da bir faktdır ki, SAT imtahanlarıyla bağlı şübhələr həmişə olub, özü də təkcə Azərbaycanda yox: “Azərbaycan deyil, nəticələri həmişə şübhə altında olan ölkələr var. Bir neçə il öncə SAT böyük bir regionda imtahan nəticələrini ləğv etdi. Məsələn, 2013-cü ildə Cənubi Koreya, Misir və Səudiyyə Ərəbistanında testlərin sızdığı müəyyən edildi. Nəticədə  SAT administrasiyalarını altıdan dördə endirdi. Onda nəticələrin Azərbaycanda da ləğv olunduğu ilə bağlı bir ajiotaj yaranmışdı. Amma o zaman bizdə nəticələr ləğv olunmadı”.

V.Hüseyn SAT imtahanını təşkil edən “College Board”un imtahan nəticələrini ləğv etmə səbəblərinə də toxunub: “SAT hər hansı ölkə üzrə imtahan verən namizədlərin nəticələrini ləğv edə bilər. Hər hansı test mərkəzi üzrə imtahan verən namizədlərin nəticələrini və həmçinin şübhəli görünən namizədlərin imtahan nəticələrini ləğv edə bilər. Tutaq ki, şagird birinci imtahanda az hazırlaşıb, ciddi yanaşmayıb, aşağı bal yığıb, növbəti imtahana çox çalışıb, daha ciddi yanaşıb, çox bal yığıb. Bir şagirdin iki imtahanda göstərdiyi nəticələr arasında ciddi fərq ortaya çıxarsa, bu, həmin namizədin imtahan nəticələrinin araşdırılmasına, hətta ləğvinə tam əsas ola bilər. Belə hallar hər zaman şübhəli nəticə kimi əlavə yoxlamalara cəlb olunur”.

V.Hüseyn fərdi qaydada hansı şagirdlərin nəticələrinin ləğv olunduğu barədə məlumatları olmasa da, əminliklə bildirib: “Amma dəqiq deyə biləcəyim odur ki, nə Azərbaycan üzrə, nə də ki, DİM-in SAT test mərkəzi üzrə nəticələri tam ləğv olunub”.

 

Nəticələr hər yerdə satıla bilər

Riyaziyyat müəllimi, SAT üzrə hazırlıq mütəxəssisi Davud Qurban-zadə Faktyoxla Lab-a açıqlamasında SAT  imtahanlarıyla bağlı deyilənləri əsaslandırıb. Onun fikrincə, imtahan suallarını və doğru cavabları imtahandan əvvəlki gecə əldə edənlər olur: “İmtahandan əvvəlki gün, gecədən imtahanın doğru variantlarını müəyyən yollarla əldə edirlər. Məsələn, 1000 manata 1300 ballıq cavablar, yaxud bir az çox pul verərək 1400 ballıq cavablar alır, həmin cavabları əllərinə, ayaqlarına, su şüşələrinə və s. yazaraq imtahan binasına keçirir, imtahanda olduğu kimi köçürürlər. Bu məsələdə şagirdlər çox kreativdirlər, istifadə etdikləri variantlar həddən çoxdur.  Bu imtahanlarda şagirdin şagirddən köçürməsi çox nadir hallarda müşahidə oluna bilər”.

Bu isə, sadəcə Azərbaycanda yox, dünyanın hər yerində mümkündür: “Bu il bir şagirdim Gürcüstanda imtahan verdi. Azərbaycanda imtahan verən şagirdlərin cavabları çıxıb, ancaq onun nəticələri hələ çıxmayıb. Eşitdiyimə görə, o da daxil olmaqla onun imtahan verdiyi otaqda imtahan suallarının cavablarını əldə edib köçürənlər olub. Ona görə də, sadəcə bizdə belə olmasıyla bağlı deyilənlər doğru deyil. Hər yerdə bu cür problemlər var. Sadəcə olaraq ölkəmizdə SAT-a maraq daha böyükdür. Məsələn, martda və mayda keçiriləcək imtahanlara bizdə artıq yer yoxdur. Yerlərimizin hamısı dolub. Halbuki Türkiyədə, Gürcüstanda hələ də yer tapmaq mümkündür”.

SAT üzrə hazırlıq mütəxəssisinin xaricdə imtahan verməyə gedənlərin kimliyi, məqsədləri barədə də öz mülahizəsi var: “Maraqlı bir neçə hal da müşahidə etmək olur. Türkiyədə imtahan verməyə gedənlər ilk növbədə yaxşı hazırlaşan, özünə güvənən şagirdlərdir ki, onlar daha böyük xərc çəkməyə razı olur və xaricdə imtahan verir. Məqsəd nəticələri daha tez əldə etməkdir. İkinci qrup da var ki, onlar maddi vəziyyəti yaxşı olan, amma hazırlaşmaq istəməyənlərdir. Həmin qrup sualların cavablarını əldə etməyə üstünlük verirlər və bu mənbənin etibarlılığına güvənirlərsə, rahatlıqla xaricdə imtahan vermək üçün əlavə xərc çəkirlər. Bununla da əmin olurlar ki, imtahanla bağlı hər hansı problem olmayacaq, əldə etdikləri cavabları köçürəcək və rahatca imtahandan keçəcəklər. Ancaq bu, sərfəli yol deyil. Biz də onları inandırmağa çalışırıq ki, cavabları alıb SAT imtahanlarında uğur qazanmaq əsas deyil. Çünki bu imtahandan keçsələr də, universitet proqramını ödəyə bilməyəcək və nəticə yenə uğursuz olacaq. Riyaziyyat və öhdəsindən gələ bilmədikləri proqramları növbəti semestrə saxlamalı olacaqlar”.

Azərbaycanın nəticələri şübhəli...

NƏTİCƏ etibarı ilə Azərbaycan da daxil olmaqla dünyanın hər yerində SAT imtahanlarının nəticələrini əvvəlcədən əldə etmək və hazırlaşmadan tələb olunan balı toplayıb imtahanda uğur qazanmaq mümkündür. Davud müəllim deyir: “Nəticədə bu, hazırlaşan şagirdləri demotivasiya edir, söz-söhbətlərə rəvac verir. Mənim bir şagirdim hazırlaşaraq 1380 bal toplayıb, onun atasının dostunun ingilis dilində adını belə yaza bilməyən oğlu hətta ondan 10 bal yuxarı toplamışdı. Bu tək bizdə deyil, dünyada belədir. Yaponiyada tutmuş Amerikaya qədər bu proses gedir”.

Azərbaycanın keçirdiyi imtahanların nəticələrinin qəbul edilməməsiylə bağlı deyilənlər isə doğruyu əks etdirmir. Nə Azərbaycan üzrə, nə də ki, DİM-in SAT test mərkəzi üzrə nəticələr ləğv olunub. İndiyədək nəticəsinin hər hansı səbəbdən qəbul edilməməsi faktı qeydə alınmayıb. Nəticələr gecikə, gec çıxa bilir, ancaq heç çıxmaması, ya da ləğv olunması indiyədək baş verməyib.

Belə şayiələr həmişə olub. Şübhə daha çox ona görə yaranır ki, nəticəsi çox aşağı olan şagird qaydalara zidd olan yollara əl ata bilər və bu, çox vaxt uğurla nəticələnir. Ancaq saxtakarlıqda uğursuzluq da mümkündür və hər hansı şagird və ya şagirdlərin nəticələrinin ləğvi ilə bağlı qərarlar da təcrübədə var. Lakin bu cür faktlar bütövlükdə hansısa imtahan mərkəzinin, ya da ölkəmizin nəticələri ilə bağlı olmayıb və Azərbaycanda keçirilən SAT imtahanlarının nəticələrinə beynəlxalq güvənsizlik yoxdur.