REAL partiyasının katibi, iqtisadçı Natiq Cəfərli Azərbaycan hökumətini qonşu ölkələrlə sərhədləri açmamaqda və sərhəd-keçid məntəqələrində sərnişinlərdən “Covid Pasportu” və testi tələb etməkdə ittiham edib. Sitat: “Virus gorbagor olub, bunlar isə hələ də kovid-pasport kimi rasist yanaşmanı ləğv etmir, quru sərhədləri açmırlar. Quru sərhədlər bir kənara, təyyarə ilə ölkəyə gələn vətəndaşlardan hələ də kovid-test istəyirlər. Gürcüstan və Türkiyə artıq testsiz ölkəyə qəbul edir, test vermədən getmək olur, dönəndə isə bizimkilər test istəyirlər. Yaxşı, ölkədən çıxanda test tələbinin məntiqi bildik, məmurların labaratoriyaları qazanırdı, bəs Gürcüstandan dönəndən niyə test istəyirlər?! Axı 80-120 lari test pulunu gürcü biznesmenlər qazanır, bəli, biznesdi, heç kimi yoxlayıb etmirlər, yalandan, güya yoxlayırlar, “neqativ” yazıb kağızı çap edib verirlər”. N. Cəfərli deyir ki, pandemiya bitib, tamam yoxa çıxıb.
Həqiqətənmi belədir, virus “gorbagor olubmu”, dünyada epidemioloji vəziyyət 100 faiz sabitləşibmi? Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qlobal miqyasda Covid-19 pandemiyasının və onun yeni ştammlarının tamamilə yoxa çıxdığı, bütün planetar coğrafiyada epidemioloji vəziyyətin 2019-cu ilin sonlarından əvvəlki sabit dövrə qayıtdığı barədə təşkilata üzvü olan ölkələrə məktub ünvanlayıbmı? Faktyoxla Lab. bu məsələlərə aydınlıq gətirib.
Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun direktoru Hans Kluge bir müddət əvvəl bildirib ki, koronavirusun Omicron ştamının pandemiyaya son qoya biləcəyinə dair səslənən fikirlər həqiqəti əks etdirmir və ÜST 2022-ci yaxın aylarında pandemiyanın bitəcəyinə dair qəti bəyanat və yaxud məlumat yaymayıb. Təşkilat pandemiyanın bitəcəyinə dair ümidlərin olduğunu açıqlayıb və bunu üç başlıca faktor – kütləvi vaksinasiya, yoluxma səbəbindən ümumi immunitetin yaranması, tam şəkildə peyvənd olunmuş insanların Omicronu daha yüngül keçirməsi ilə əlaqələndirərək yay mövsümündə sona yaxınlaşmağı ehtimal edib. Mənbə: euro.who.int
ÜST rəsmisinin sözlərinə görə, yuxarıdakı qeyd edilən bütün faktorlara əsasən, yay mövsümündə pandemiyanın bitib-bitməyəcəyinə qərar veriləcək.
Həmçinin, Birləşmiş Millətlər Təşkilatı (BMT) Antonio Quterreş də bəyan edib ki, bütün qitələrdə qüvvələri birləşdirərək COVID-19 pandemiyasına qalib gələ bilərik, hələ də bir çox ölkələrdə peyvənd bərabərsizliyinin davam etdiyi indiki zamanda isə qəti əminlik vermək çətindir.
Beləliklə, Azərbaycan hökuməti ilk gündən BMT və ÜST-nin tövsiyələrinə olduqca ciddi və həssas yanaşaraq xəstəliyin ölkəmizdə geniş yayılmasının qarşısını aldığından və epidemioloji vəziyyəti tam nəzarətdə saxladığından hazırda yenə də qlobal tendensiyalara xüsusi əhəmiyyət verir. Məhz bu baxımdan beynəlxalq təşkilatların rəhbər heyətinin tövsiyələri əsas götürülərək “COVID-19” infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin müddəti 2022-ci il mayın 1-i saat 06:00-dək uzadılıb. (Mənbə)
İndi isə N. Cəfərlinin başqa bir iddiasına - qonşu Gürcüstan və Türkiyədə sərhəd-keçid zonalarında karantin qaydalarının vəziyyəti, Covid pasportunun tələb edilib-edilməməsi və digər prosedurların tətbiqinə diqqət edək.
Bəli, Gürcüstanda bir sıra koronavirus məhdudiyyətləri ləğv edilib. Yeni qərara əsasən martın 28-dən Gürcüstanda açıq havada maska taxmaq tələbi ləğv olunub. Bundan əlavə, eyni tarixdə Gürcüstanda ictimai iaşə obyektlərinə, eləcə də idman, incəsənət və digər tədbirlərlə bağlı say məhdudiyyətləri aradan götürülb. Həmçinin PCR test olmadan Gürcüstana qayıdan ölkə vətəndaşları özünütəcrid öhdəliyindən azad olunublar.
Amma Gürcüstan hökuməti martın 1-dən etibarən sərhədlərini bütün ölkələr üçün açsa da, karantinlə bağlı qaydalardan imtina etməyib. Gürcüstan Qurumlararası Koordinasiya Şurasının qərarına əsasən, martın 1-dən etibarən xarici ölkə vətəndaşları Gürcüstana gələrkən ya iki doza ilə peyvənd olunmalarına dair sənədi, ya da son 72 saat ərzində verdikləri PCR testinin neqativ nəticəsini təqdim etməlidirlər. (Mənbə)
Türkiyədə də sərhəd məntəqələrində “Covid pasportu” və eyni zamanda, PCR testi tələbi qüvvədədir. (Mənbə) Türkiyə İstanbul Hava Limanında bütün sərnişinlər üçün “Covid-19” peyvəndi və test nəticələri barədə sənədlər məcburidir.
Türkiyənin ən rentabelli aviakompaniyalarından biri olan “Pegasus” şirkəti tərəfindən qonaqların hər birindən 72 saat ərzində mənfi PCR test nəticəsini və ya 48 saat ərzində sürətli antigen testi nəticəsini təqdim etmək tələbi qoyulub. Covid testindən azad olan sərnişinlər yalnız “Johnson & Johnson” peyvəndi olan sərnişinlərdir. Qeyd edək ki, Türkiyədə bu qaydalar təkcə hava limanında deyil, dəniz və quru nəqliyyatında da qüvvədədir. (Mənbə)
Avropa Birliyi ölkələrində vəziyyət fərqlidir. Bəzi ölkələr bir-birinə Covid pasportu olmaqla, Rəqəmsal COVID sertifikatına (EUDCC) qoşulmuş səyahətçilərin maneəsiz gedişi təmin edir. Belə ki, İsveç hökuməti aprelin 1-dən Avropa İttifaqına daxil olan səyahətçilərin ölkəyə giriş qadağasını aradan qaldırıb, eləcə də Danimarka, Hollandiya, Norveç, Belçika, Polşa, Latviya da bu sistemə qoşulub. Finlandiya AB və Şengen səyahət zonasından kənardan gələn peyvənd sertifikatı olan ziyarətçilər üçün qapılarını açıbdır. Ancaq qeyd etdiyimiz kimi onların hər biri üçün EUDCC sistemindən keçmək mütləqdir. Göründyü kimi bu güzəştlər yalnız Avropa Birliyi regionunun bir neçə ölkəsini nəzərdə tutur, qalan bütün dövlətlərin sərnişinləri üçün ənənəvi karantin qaydaları vacibdir. (Mənbə)
Almaniyada 12 yaşdan yuxarı şəxslər Almaniyaya daxil olarkən ilk növbədə COVID testinin nəticələrini, peyvənd sertifikatını təqdim etməlidir. PCR testi bu ölkəyə giriş vaxtından 48 saat əvvəl aparılmalıdır. Sadəcə, əvvəllər 0-6 yaşlı uşaqlar üçün tətbiq edilən karantin tətbiqi ləğv edilib. Bütün bu sənədlər ölkənin səhiyyə və sərhəd-miqrasiya xidməti tərəfindən izlənilən Rəqəmsal Qeydiyyat Sisteminə inteqrasiya olunub və bu, o deməkdir ki, Almaniya hökuməti ölkəyə daxil olan və ölkədən çıxan hər bir vətəndaşı test nəzarətində saxlayır.
Həmçinin, Almaniyada sərt məhdudiyyətlərin üç mərhələdə aradan qaldırılması qərara alınıb. İlk növbədə koronovirusa qarşı peyvənd olunanlar və bu xəstəliyə yoluxanlar üçün sosial təmas məhdudiyyətləri ləğv edilib. Hələ qüvvədə olan mağaza və mağazaların girişində tətbiq edilən 2G tətbiqi isə ölkə daxilində yaxın vaxtlarda aradan qaldırılacaq, lakin maska taxmaq məcburiyyəti davam edəcək. Bundan əlavə, hazırda restoran və kafelərdə 2G+ tətbiqi qüvvədə olduğu halda, 3G tətbiqi 4 mart 2022-ci il tarixindən etibarən qüvvəyə minir. (Mənbə)
İtaliya hökuməti isə martın 31-dən etibarən “sərt karantini” ləğv edib, lakin səyahət məhdudiyyətləri aprelin 30-dək uzadıb. İspaniyaya giriş qaydaları isə belədir: COVID testləri, peyvənd qaydaları və maskalar əvvəlki kimi qalır, digər məhdudiyyətlər aradan qaldırılır. Bütün quru sərhədləri açıqdır və ölkə daxilində heç bir məhdudiyyət yoxdur. Andorraya giriş İspaniya və Fransadan maneəsiz keçmək mümkündür, digər ölkələrdən səfər edənlərdən PCR testi mütləqdir. Avstriya isə Aİ ölkələri istisna olmaqla, digər regiondan gələn qonaqların hər birindən peyvənd sertifikatı ilə bərabər, 72 saatdan çox olmayan mənfi PCR testi tələb edir. Bununla belə, istənilən növ yaşayış yeri, restoranlar, barlar, gecə klubları, teatrlara daxil olmaq və kanat avtomobilləri və ya xizək liftlərindən istifadə etmək üçün peyvənd və ya immun sertifikatı əsas şərt kimi qəbul edilir. Bosniya və Herseqovina da səyahətdən ən azı 48 saat əvvəl verilmiş mənfi PCR nəticəsini tələb edir.
Fransa Aİ ölkələri arasında məhdudiyyətsiz səyahət etməyə imkan verən AB Rəqəmsal COVID Sertifikatına qoşulsa da, digər ölkələrin vətəndaşları üçün COVID testini vacib hesab edir. Aİ-dən kənar, “narıncı siyahıya” aid ölkələrdən gələnlərin hər birindən səyahətdən 24 saat əvvəl alınan mənfi test nəticəsini təqdim etməlidirlər. (Mənbə)
Yəni, N. Cəfərlinin iddia etdiyi kimi Avropada da “buraxmaçılıq deyil”, karantin rejimindən irəli gələn bir sıra qaydalara əməl edilməsi qüvvədə qalır. Azərbaycan da məhz dünyanın əksər ölkələrində mövcud olan eyni prosedurları – peyvənd sertifikatı və ya Covid testinin tələb edir.
Yeri gəlmişkən, Avropa İttifaqı ölkələrində hazırda bəzi məhdudiyyətlər hələ də qüvvədədir. Belə ki, peyvənd olunmayanlar restoran, kafe və otellərə qəbul edilmir, diskoteka və gecə klublarının girişində nəzarət var, qapalı məkanlarda keçirilən irimiqyaslı tədbirlərdə ziyarətçi sayında limitlər mövcuddur və.s. Məsələn, Almaniyada isə gecə saat 23:00-dan səhər 6:00-a qədər komendant saatı, qapalı yerlərdə və ictimai nəqliyyatda məcburi maskaları da daxil olmaqla, COVID-19-la bağlı bütün məcburi tədbirlər qüvvədə qalır. (Mənbə)
Halbuki Azərbaycan hökuməti martın 6-dan etibarən qapalı məkanlarda maska taxmaqdan başqa, əvvəllər qüvvədə olan bütün məhdudiyyətləri ləğv edibdir. Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 24 fevral 2022-ci il tarixli qərarına əsasən, 2020-ci ildə sərt karantin dövründə tətbiq olunmuş qadağaların hamısı götürülüb.
Yəni, Azərbaycan hökuməti qlobal miqyasda yumşalmaları nəzərə alaraq vəziyyətə uyğun addım atır və məhduddiyyətləri aradan götürür, hətta bəzi Aİ ölkələrində hələ də qüvvədə qalan qadağalara rəğmən, daha artığını edir.
Nəticə: Natiq Cəfərlinin “Gürcüstan və Türkiyə artıq testsiz ölkəyə qəbul edir” iddiaları yanlışdır.
N.Cəfərli və digərləri hansısa ölkəyə səyahət və digər məqsədlər üçün gediş-gəliş zamanı karantin rejimi qaydalarını öz şəxsi həyatları və sağlamlıqları baxımından bəlkə də əhəmiyyətsiz saya bilərlər, ancaq Azərbaycan üçün əhalinin sağlamlığının etibarlı şəkildə qorunması milli təhlükəsizlik konseptinin başlıca hədəflərindən biridir və epidemioloji nəzarətin diqqətdə saxlanılması da bu məqsədlərə xidmət edir.