Elm və təhsil naziri Emin Əmrullayev doktorantların və gənc tədqiqatçıların XXV Respublika Elmi Konfransında mətbuata açıqlama verərək hazırda ibtidai sinif müəlliminin əməkhaqqının hər hansı tədqiqat institutunun direktorunun maaşından çox olduğunu bildirib. “Bu, elə-belə nəticə deyil” – deyən nazir bu nəticəni müəllimlərin sertifikasiya prosesi ilə əlaqələndirib.
Faktyoxla Lab. nazirin dediklərinin nə qədər əsaslı olub-olmadığını araşdırıb.
Bunun üçün ilk növbədə müqayisə olunanların vəzifə maaşlarını, gəlirini müəyyənləşdirməyə çalışaq. Öncə Azərbaycan Milli Elmlər Akademiyasının institutlarında qüvvədə olan tarif planına nəzər salaq.
Cədvəldən göründüyü kimi, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəlinə əsasən elmi tədqiqat institutlarının direktorları, əsasən 19-cu dərəcəyə uyğun maaş alır. Həmin dərəcə ən yüksəkdir və vəzifə maaşı 979 manatdır.
Bəs, müəllimlər? Bu yay ölkəmizdə ilk dəfə sertifikasiya imtahanları keçirildi və 11757 nəfər ibtidai sinif müəllimi sertifikasiyaya cəlb olundu. Onların 75 faizi uğur qazandı. Uğur qazananların əmək haqqı müvafiq qaydada artdı. Elm və Təhsil naziri ötən həftə keçirdiyi brifinqdə yeni əmək haqqı sistemi ilə maaş alan müəllimlərlə bağlı məlumatı ictimaiyyətlə paylaşıb. Onun verdiyi məlumata görə, sertifikasiya imtahanlarında 3163 nəfər 51 baldan yuxarı nəticə göstərib. Həmin müəllimlər vergilər çıxıldıqdan sonra 831 manat maaş alıb. 5624 nəfər, yəni sertifikasiyaya cəlb edilən müəllimlərin 48 faizi 30-50 bal toplayıb. Onların maaşlarına 10 faiz əlavə olunub. Bu kateqoriyadan olan müəllimlərin orta aylıq maaşı 686 manat civarındadır. Sertifikasiyada uğur qazana bilməyən müəllimlərin maaşı dəyişməyib və onlar 623 manat pul alırlar.
Nazir bildirib ki, müəllimlərin əmək haqqısı həm də onların dərs dediyi saatlardan asılıdır. Sertifikasiyada iştirak edən müəllimlər əsasən 18-24 saat dərs deyir və müəllimlərin 75 faizini təşkil edir. Həmin müəllimlərin əmək haqqı 856 manatdır. 24 saatdan çox dərs aparan 682 müəllim sertifikasiyada yüksək nəticə göstərib və onların maaşı 35 faiz əlavədən sonra 1140 manata çatıb.
Nazirin sözlərini müəllimlər də təsdiqləyib. Bakı şəhəri 26 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Xanımana Məlikova sertifikasiya imtahanlarında ən yüksək nəticə göstərənlərdən olub.
61 yaşlı müəllim 56 bal toplayıb. “Bu il dərsim I siniflərdə olduğu üçün 21 saatdır. Bu dərsə görə artımdan sonra 940 manat maaş alıram. II-III sinifdə dərs yükü 23 saat olduğundan həmin siniflərdə dərs deyən həmkarlarım məndən daha çox maaş alırlar. Nə əlavə dərslərim, nə də məktəbəhazırlıq qruplarım var”.
Bu məsələdə Bakı məktəbi ilə rayon məktəbi arasında fərq varmı?
Samirə Cəbiyeva Xızı rayonu Giləzi qəsəbə tam orta məktəbin ibtidai sinif müəllimidir. 2022-ci ildə keçirilən sertifikasiya imtahanlarında 60 bal toplayıb.
S.Cəbiyeva IV sinifdə dərs aparır: “IV sinifdə 20 saat dərs var. 20 saat dərsə görə 805 AZN, məktəbəhazırlıq qrupu üçün isə 285 manat alıram”.
Xatırladaq ki, sertifikasiyanın test imtahanı mərhələsində 51 və yuxarı nəticə göstərənlərin vəzifə maaşlarına 35 faiz, keçid balını toplayan digər təhsilverənlərə isə 10 faiz aylıq əlavələr edilir. Sorğu ünvanladığımız müəllimlərin maaşı da məhz 35 faiz əlavədən sonrakı rəqəmlərdir.
Beləliklə, Vahid tarif cədvəlinə əsasən elmi tədqiqat institutlarında ən yüksək aylıq vəzifə maaşı 970 manat, ibtidai sinifdə 21 saat dərs aparan müəllimin maaşı isə 940 manatdır. İnstitut direktorlarından çox maaş alanlara gəlincə, sertifikasiyadan sonra müəlimlərin maaşında 200 manata qədər, yəni 20 fazi artım olduğunu vurğulayan elm və təhsil nazirinin verdiyi rəqəmlərə əsasən, cəmi 682 müəllim var ki, həm yüksək nəticə göstərib, həm də dərsi çoxdur. 24 saatdan çox dərs aparan həmin müəllimlər hazırda ən yüksək maaş alan qrupdur və 35 faiz əlavə ilə 1140 AZN pul alırlar. Onların maaşı institut direktorunun vəzifə maaşından çox görünsə də, sualı fərqli qoymaqla reallıq dəyişir. Ayın sonunda kim evə daha çox pul aparır, elmi tədqiqat institutlarının direktorları, yoxsa ibtidai sinif müəllimləri? – bunu araşdırsaq, institut direktorları müəllimləri geridə qoyar. Belə ki, institut direktorlarının böyük əksəriyyəti elm sahəsində də irəlilədiyindən, illərlə qazandıqları elmi adlara görə də pul alır və aldığı hər elmi ada görə nəzərdə tutulan pulları üst-üstə gələndə, dövlət büdcəsindən maaş olaraq aldığı vəsait 2000 manata qədər artır.
Nəzərə alsaq ki, ölkədə sertifikasiyada yüksək nəticə qazanan və 24 saatdan çox dərs aparan cəmi 682 müəllim var və onlar 35 faiz əlavədən sonra 1140 manat maaş alır, demək, müəllimin maaşı dərs dediyi saatlardan asılı olaraq, ən yaxşı halda 1140 manatadək yüksələ bilər. Dolayısı ilə ayın sonunda institut direktorları evə ibtidai sinif müəllimindən daha çox pul aparır.
Bizi
izləyin