Mərkəzi qərargahı Fransanın paytaxtı Parisdə yerləşən Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu olan UNESCO hazırda özünün ən çətin günlərindən birini yaşayır. İllərdir yığılıb qalmış büdcə zərərləri son 7-8 ildə artaraq ağır maliyyə yükünə çevrilməklə təşkilatı defoltun bir addımlığına yaxınlaşdırıb. Noyabrın 24-də keçirilən fövqəladə iclasda çıxış edən təşkilatın baş direktoru Odri Azule bəyan edib ki, Çin üzvlük haqqını ödəmədiyi təqdirdə UNESCO-nun dekabr ayından etibarən müflis elan edilməsi qaçılmaz olacaq. Xanım Azule bu acınacaqlı durumdan çıxış yolu kimi özəl banklardan borc pul götürməli olacaqlarını, yaxud da Təkilatın Parisin Bonvin zonasında yerləşən möhtəşəm İqamətgahını Fransa hakimiyyət orqanlarına satmaqdan başqa çarə qalmayacağını vurğulayıb. istinad
Çinin üzvlük haqqını yubatması doğrudur, illik ianələrin ödənilməsində Pekin hökumətinin son illərdə durğunluğu müşahidə edilir, ancaq UNESCO-nun maliyyə böhranı keçirməsinin səbəbi bu deyil. Çünki Çinin ödədiyi üzvlük haqqı illik büdcəsi 500 milyon dollardan artıq olan təşkilat üçün hədsiz kiçik rəqəmdir, büdcənin 200-də birindən də azdır. Bu baxımdan Baş direktorun iflas təhlükəsini Çinin üzvlük haqqı ilə əlaqələndirməsi qeyri-ciddi və gülünc arqumentdir. Hərçənd madam Azule təşkilatın hazırkı miskin maddi vəziyyətini qlobal maliyyə böhranı ilə də əlaqələndirməyə cəhd göstərir, ancaq onun bu bəhanələri də əsaslı deyil, beynəlxalq humanitar ictimaiyyət bu arqumentlərə də inanmır.
Ortaya haqlı suallar çıxır, BMT-nin ən mötəbər təşkilatlarından biri olan UNESCO-nun 70 ilə yaxın möhtəşəm və möhtərəm fəaliyyət karyerası niyə birdən-birə darmadağın olmağa doğru istiqamətlənməkdədir?
7-8 il əvvələ qədər nəhəng təhsil və mədəniyyət proqramları ilə dünya irsinə zəngin töhfələr verən, beynəlxalq humanitar missiyası ilə dillərə əzbər olan təşkilat niyə maliyyə sıxıntıları keçirərək kasıb duruma düşübdür?
Bu və digər suallara nüfuzlu araşdırma təşkilatlarının, xüsusilə də ABŞ-ın məşhur “İnner City Press” araşdırma qrupunun tədqiqatları ilə tanış olduqdan sonra cavab tapmaq mümkündür.
“Səriştəsiz kadrların baş Mənzil-Qərargahda işə cəlb edilməsi, tanışlıq və qohumbazlıq, pis və yarıtmaz idarəçilik, maliyyə nəzarətsizliyi və büdcənin şəxsi məqsədlər üçün istifadə olunması, korrupsiya halları UNESCO-nun hazırkı durumla üz-üzə qalmasını səciyyələndirən başlıca amillərdir”-“İnner City Press”in gəldiyi qənaət budur.
Çöküş nə vaxt başladı?
2017-ci ildə təşkilatın gözqamaşdıran taxtında əyləşən mərakeş əsilli fransız xanım Odre Azule Parisin 15-ci rayonunda yerləşən təmtəraqlı iqamətgaha öz yaxın ətrafını toplamaqla UNESCO-nun ağlasığmaz tənəzzülünün bünövrəsini qoydu. Xatırlatma: 1972-ci ildə Mərakeşdə anadan olan O.Azule Fransanın Milli İdarəetmə Məktəbində, sonra Fransanın Milli İdarəetmə Məktəbində politologiya üzrə təhsil alıb. Fransanın mədəniyyət naziri olub. 2017-ci ildən UNESCO-nun baş direktorudur. mənbə
O.Azulenin ali rəhbər posta gəlişindən sonra UNESCO-nun kadr administrasiyası tamamilə dəyişikliyə məruz qaldı, təşkilata əvvəllər ziyalılar və ictimai statuslu şəxslər cəlb olunurdusa, son 7-8 ildə bu qurumun bürokratik məmur aparatı ön plana çıxdı. Bu isə təşkilatın administrativ idarəçiliyində korrupsiya və qohumbazlıq amillərini də özü ilə gətirdi. mənbə
“İnner City Press”in araşdırmalarına görə, UNESCO-nun öz humanitar orbitindən kənara çıxaraq maliyyə fırıldaqlarına və korupsiyaya bulaşmasında, çirkin oyunlara alət olmasında Baş direkorunun Ofisinin rəhbəri Nikolas Kassianidesin “əvəzounmaz xidmətləri” xüsusi diqqətçəkicidir.
Köhnə düşüncəli və səriştəsiz kadr kimi qələnə verilən, adı müxtəlif korrupsiya ittihamlarında hallandırılan Lixtenşteyn Baş Prokurorunun kürəkəni olan Kassiandesin Parisdəki İqamətgaha asanlıqla yol tapmasının sirri nədir? Baş Prokurorun kürəkəni hara, UNESCO hara? Əslində burada heç bir sirr axtarmağa ehtiyac yoxdur, xanım Odrenin ailəsi ilə Kassiandesin ailəsini sıx tellər bağlayır. Odri Azulenin atası Andre Azule Mərakeş kralı VI Məhəmmədin iqtisadi məsələər üzrə baş müşaviri vəzifəsində çalışır. O, əvvəllər Məhəmmədin atası Kral II Həsənin məsləhətçisi olub. Eyni zamanda, Parisdə “BNP Paribas” aviaşirkətinin vitse-prezidenti olub. istinad
Cənab Andre nüfuz və maliyyə reputasiyasından istifadə edərək müxtəlif məmurlarla, hüquq-mühafizə orqanları ilə yaxınlıq qurmağı bacarıb. Onun yaxın dostlarından biri Lixtenşteynin Baş Prokuroru Uolnerdir, aralarında çoxillik dostluq münasibətləri vardır. Məsələ ondadır ki, bu dostluğun arxasında qaranlıq biznes dayanır, hər ikisinin uzun illər şübhəli biznes layihələrində ortaqlığından danışılır. Lixtenşteyn və Mərakeşin monarxiya qanunları ilə idarə olunması bəllidir, bu isə hər iki ölkənin qeyri-şəffaf maliyyə əməliyyatları üçün geniş meydan olduğunu göstərir. Təsadüfi deyil ki, beynəlxalq hesabatlarda Mərakeş və Lixtenşteyn vergidən yayınma və çirkli pulların yuyulması üçün münbit şəraiti olan yerlərdən hesab olunurlar. Təsadüfi deyil ki, 2015-ci ilin iyununda Avropa Komissiyası Lixtenşteni yenidən vergi cənnətlərinin qara siyahısına daxil edib. (mənbə) Bu baxımdan Andre və Uolnerin “cənnət vergi adasında” yer almaları təəccüb doğurmur. Ancaq bu cinayətlərdə Mərakeş kralının müşaviri və Lixtenşteynin Baş Prokurorunun adları gizli qaldı. Sözsüz ki, yüksək məmur postu onları sığortalaya bilib.
Beləliklə, Lixtenşteyn Baş Prokurorunun kürəkəni Nikolas Kassianides qayınatasının ortağı Andre Azulenin xeyir-duası ilə qızı Odrenin Ofisinin rəhbəri kimi olduqca məsuliyyətli yüksək vəzifəyə təyin olunub. Qayınatasının beynəlxalq miqyaslı trans-milli iqtisadi fırıldaqçılıq, vergidən yayınma, qeyri-qanunu pulyuma və sair “bacarıq və təcrübəsinin” mənimsəyən Kassianides bu diribaşlığını təsdiqləmək üçün UNESCO-nun dəbdəbəli qərargahını əsil fürsətə çevirir. Cənab Kassianides mədəniyyət sektoru üçün nəzərdə tutulan irihəcmli vəsaitləri təyinatından kənar səmtlərə yönəldərək faktiki olaraq mənimsəyib.
Korrupsiya sxemlərindən biri UNESCO-nun maliyyə və inzibati sistemlərinin müasirləşdirilməsi, yeni texnologiyaların tətbiqi, infrastrukturun dizaynının yenilənməsi adı altında vəsaitlərin silinməsi olub. Bu “layihə” üzrə adı gizli saxlanılan Fransa şirkəti ilə dəyəri 1 milyon 536 min və 180 min avro olan 2 müqavilə bağlanılıb və məbləğlər tam şəkildə şirkətin hesabına köçürülüb. Ancaq layihədə nəzərdə tutulan işlərin böyük əksəriyyəti icra olunmayıb. Yəni, pullar təyinatı üzrə sərf olunmayıb. Kassianides təşkilatın Maliyyə İdarəetmə Bürosunu baş direktorunun köməyi ilə italiyalı bir xeyriyyəçinin UNESCO-ya ödədiyi 600 min avro ianəni də yoxa çıxarıb və təşkilatın hesabında belə bir vəsaitin mədaxilinə dair heç bir sənəd tapılmayıb. Böyük Britaniyadan ianə edilmiş digər 430 min dollar həcmində vəsaitin hara və necə xərclənməsin də məlum deyil. Yaxud, 2 milyon dollar məbləğində əsassız və spekulyativ xərcləmələrə görə cavabdeh tapmaq da müşkülə çevrilib. istinad
Nikolas Kassianides üzv ölkələrin ianələrini təmtəraqlı ziyafət və kef məclislərinə, eyş-işrətə, bahalı fransız şərablarına da xərcləyib. Onun Baş direktor Odre Azulenin şəxsi həyatı və ailəsinin məsrəflərini, gəzinti və səyahətlərini də UNESCO-nun büdcəsi hesabına təmin etdiyinə dair iddialar mövcuddur. “İnner City Press” qeyd edir ki, beynəlxalq səviyyədə qalmaqala səbəb olmuş, hələ də söz-söhbəti səngiməyən “Venesiya layihəsi”nə 100 minlərlə dollar israf edilib. Belə ki, baş direktorun dünya okeanlarında üzən ən dəbdəbəli kruiz gəmisinin icarəsi və Venesiya gəzintisinin bütün xərcləri UNESCO-nun büdcəsindən xərclənib. Kruizi təşkil edən gəmiçilik şirkətinin Rusiyanın yüksək ranqlı məmurlarına aid olduğu da bildirilir. Bu isə Ukrayna müharibəsi ilə bağlı Rusiya Federasiyasına tətbiq edilən sanksiyalar rejiminin pozulması deməkdir. Bu, Fransada yerləşən dünya çaplı təşkilatın ABŞ və Aİ-yə qarşı xəyanəti deyilmi? UNESCO-nun reputasiyasına xələl gətirən bu qalmaqallı hadisəyə BMT niyə göz yumur?
“Inner City Press” onu da xatırladır ki, Nikolas Kassianides törədilən digər saysız maliyyə və inzibati pozuntuların da əsas icraçılarından biri olub.
Şəxsi münasibətlər, ailə dostluğu əlbəttə ki, Azulenin ailə biznesini qorumaqda N. Kassianides üçün UNESCO-nun daxili nizam-intizam qaydalarından, Nizamnaməsindən daha üstündür. O, ağır maliyyə yeyintilərində birbaşa iştirak etməsinə baxmayaraq, beynəlxalq hüququn sorğu-sualından kənarda qalmaqda, cəzasızlıq mühitində fəaliyyətini davam etdirməlkdədir. istinad
Madam Azulenin komandasında maliyyə fırıldaqçılığı sahəsində adları hallandırılan kadrlar 2018-ci ildə UNESCO-ya səfir təyin edilmiş, nüfuzlu lobbiçisi kimi tanınan Çinli Du Yue və onun “xaç atası” sayılan Firmin Matokodur.
Araşdırmada qeyd edir ki, hər iki kadr UNESCO-nun təhsil və mədəniyyət layihələrinə maddi dəstək proqramları adı altında nəzərdə tutulan vəsaitləri müxtəlif korrupsiya sxemləri əsasında mənimsəyiblər.
Fırmin Eduard Matoko baş direktorun Xarici əlaqələr üzrə köməkçisi, Afrika departamentinin rəhbəridir. istinad
Firmin Matoko xarici proqramlar üçün ayrılmış vəsaitlərin mənimsəmə faktlarının üstünü ört-basdır etməkdə çox zirək kadrlardan hesab olunur. Onun Londonda naməlum maliyyə institutuna təxminən 450 min dollar ödəməsi, ödəniş həyata keçirildikdən sonra vəsait kimin cibində yoxa çıxması hələ də şübhəli qalmaqdadır. Yaxud, son iki ildə Cenevrədə itən 1,5 milyon dolların xərc mənşəyi də qaranlıq qalır.
Firmin Matoko maliyyə fırıldaqlarını yaxın dostu De Yue adlı “lobbiçi” ilə həyata keçirib. Cənab Yue UNESCO ilə müxtəlif şirkətlər arasında vasitəçilikdə rol almaqla korrupsiyaya öz müjdəsini veribdir. O, dünyada humanitar təbliğat kampaniyaları adı altında müxtəlif fondlardan ianələrin cəlb edilməsində və baş donor kimi saxtakar vədləri ilə “məşhurlaşıb”. De Yue Çin Dəmir Yolu Əmlak Şirkəti arasında maliyyə tutumu 5 milyon dollar olan Əməkdaşlıq Memorandumu imzalanmanı rəsmiləşdirsə də, əslində həmin məbləğ təşkilatın xəzinəsinə deyil, müxtəlif şəxsi hesablara (?) yönləndirilib. Matoko və Yue Çinin müxtəlif yardım fondlarını aldadaraq İrs Komitəsinə hər il 500 min dollar köçürməsinə nail olublar, ancaq həmin “humanitar töhfə”dən hər il 200 min dollar onlara “otkat” kimi geri qayıdıb.
F.Matoko UNESCO-nun rəsmi nümayəndəsi olsa da, həm də Fransa hökumətinin müxtəlif sifarişlərini icra edib. Məhz Fransa hökumətinə “xüsusi sadiqliyinə” görə, Parisdə yerləşən “Hautes Etudes İnternationales” təşkilatının diplomu ilə mükafatlandırılıb.
Maliyyə pozuntularında UNESCO-nun İnsan resursları üzrə rəhbəri Honq Kvonun “əməyi” xüsusilə böyükdür. Təşkilata işçilərin işə qəbulu, kadr seçimi, ştat vahidləri, işçilərə ezamiyyə xərcləri və s. məsələlər onun imzası ilə rəsmiləşdirilib. mənbə
Honq Kvon müxtəlif ölkələrin vəzifəli dövlət məmurlarının övladlarını da Parisdəki İqamətgaha yerləşdirib. Braziliyanın UNESCO-dakı səfirinin oğlu üçün məsləhətçi ştat yeri yaradıb. UNESCO-nun sərəncamında olan avtomobilləri şəxsi məqsədlər və fərdi səyahətlər üçün istifadə edib. Filippindən olan köməkçisini öz ailəsində qulluqçu kimi işlədib. istinad
H.Kvon UNESCO-nun İcraiyyə Şurasının aprel ayında keçirilən sessiyasında vəzifəsini itirməklə perspektiv korrupsiya planlarından məhrum olub.
UNESCO maliyyə fırıldaqçılığı, vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə yanaşı, məşuqələrin irəli çəkilməsi və s. qanunsuzluqların ünvanına çevrilib. İqamətgahda baş verən seks skandallarında aparıcı fiqur kimi Ernesto Ottone Ramirezin adı xüsusi olaraq hallandırılır.
Çili mənşəli Ramirez və Azule hələ UNESCO-dan əvvəl yaxşı dost kimi “səmimi münasibətlərə” malik olublar. Yaraşıqlı görkəmi ilə seçilən Ramirez madam Aluzenin diqqətində olub və UNESCO-nun baş direktoru seçilkdikdən sonra onu özünə mədəniyyət üzrə köməkçi təyin edib. mənbə
İlk baxışdan mədəni və ədəbli, xoş simpatiyalı təsiri bağışlayan Ramirez əslində kobud və qaba davranışı ilə fərlənir, öz işində səriştəsizliyi ucbatından mütəmadi olaraq tabeliyində olanları incitməklə təcrübəli yüksək səviyyəli menecerlərin təşkilatdan istefa verməsinə nail olub. Ottone Ramirez mədəniyyət sektorunda islahatları pozmaq və dünya mədəni irsinin qorunmasında UNESCO-nun fəlaiyyət planını dağıtmaqla məşğul olub. Təşkilatın mənzil-qərargahını öz məşuqələrinin yuvasına çevirib, əvvəlki məşuqəsini sektorun icra ofisinə cavabdeh olan vəzifəyə, yeni ispan məşuqəsini isə mədəniyyət sektorunda daimi işə təyin edib. mənbə
Sara Qarsia De Ugarte adlanan həmin ispan xanımın öz sosial media səhifəsində Ramirezi xüsusi olaraq diqqətdə saxlaması da təsadüfi deyil.
İqamətgahda ehtiraslar o qədər alovlanıb ki, Ramirez UNESCO-nun baş direktorunun ofisinin rəhbəri Nikolas Kassianidesin Lili Neyestani Hailu adlı məşuqəsini əlindən alaraq öz cazibəsinə daxil edib, əvəzində həmin qadını təhsil sektorunda yüksək posta ( bölmə rəisi) irəli dartıb. mənbə
Bir sözlə, işdə əsas şüar kimi tez-tez təkrarladığı “Nümunə ilə liderlik” prinsipi ilə çalışan Odrenin “mədəniyyət köməkçisi” UNESCO açıq-aydın cinsi məkana çevirməklə əxlaqsızlığı bu qurumun liderlik keyfiyyəti elan edib.
Beləliklə,“Inner City Press” araşdırma materialları UNESCO-nun Baş direktoru və komandasının mandat və səlahiyyətlərindən sui-istifadə edərək mötəbər təşkilata şəxsi mağaza və ailə əmlakına çevriməsinin, dərin kök salmış korrupsiya şəbəkəsinin sxemini bütün çılpaqlığı ilə ifadə edir.
Dəhşətlisi odur ki, son illərdə Fransa hökumətinin müxtəlif siyasi dairələri, bürokratları UNESCO-nun daxili işlərinə qarışır, həm kadr təyinatında təzyiqedici rol tutur, həm də təşkilatın fəaliyyətini izləmə təhdidlərini genişləndirib.
“Inner City Press” müntəzəm, hətta Fransız məxfi xidmət agentləri UNESCO-nun Baş Offisinə daxil olaraq səfirlər və yüksək rütbəli diplomatların danışıqlarını izləməkdə, informasiya axını üzərində nəzarət cihazları quraşdırdığını iddia edir.
Ən acınacaqlısı isə fransızların kadr aparatın pul və rüşvətlə ələ alaraq hakim gücə çevrilməsidir. Bu, ənənənin əsası əslində ötən əsrin sonlarında qoyulub. “The Guardian” hələ 1999-cu ildə qeyd edirdi ki, Fransanın hökumət kabinetində təmsil olunan 2 nazir keçmiş prezidentin köməkçilərinin UNESCO-da yüksək vəzifə tutmaları üçün Katibliyə sərt müdaxilələr ediblər. istinad
Bir sözlə, fransızlar UNESCO-nu qohumbazlıq təsərrüfatına çeviriblər. Fransa hökumət kabinetinin keçmiş üzvlərindən biri kimi xanım Azure sələflərindən geri qalmayıb və “ənənəni” daha da möhkəmləndirib.
Təşkilatın Baş direktorunun yaxın çevrəsi ilə birlikdə “fəaliyyəti” artıq UNESCO daxilində kəskin narazılıqlarla qarşılanmaqdadır. Bir müddət əvvəl İcraiyyə Şurasının üzvləri Baş direktoruna qarşı iddia qaldıraraq maliyyə intizamının araşdırılmasını tələb ediblər. Təxminən ay yarım əvvəl, oktyabrın 5-19 tarixində UNESCO-nun 215-ci sessiyasında çıxış edən Türkiyənin UNESCO yanında daimi nümayəndəsi səfir Gülnur Aybetin açıq tənqidləri xanım Azulenin bürokratlaşmış və korrupsiyalaşmış komandasına sanki sərt sillə təsiri bağışladı. G.Aybet Baş direktorun səfirlərlə görüş üçün sanki sədd çəkdiyini, onunla görüşərək problemləri müzakirə etməyin son dərəcə çətin olduğunu bildirib.
Digər etirazlar dünyanın nüfuzlu ictimai xadimlərinin UNESCO-nu tərk etmələrində özünü göstərməkdədir. Təbii ki, dünyanın nüfuzlu ictimai xadimləri etibarını və etimadını itirən təşkilatın sıralarında qalmağı özünə rəva bilmir. Məhz bu səbəbdəndir ki, böyük nüfuza malik elm və mədəniyyət xadimləri dözülməz və yarıtmaz idarəçiliyə etiraz əlaməti olaraq UNESCO-dan istefa verməkdədirlər.
2020-ci ilin noyabr ayında UNESCO-nun Ümumdünya İrs Mərkəzinin keçmiş direktoru, ictimai xadim kimi xüsusi hörmətə malik Françesko Bandarin və irs sektorunun 26 digər peşəkar əməkdaşı təşkilatın tənəzzülə uğrayan mədəniyyət siyasətinə etiraz əlaməti olaraq “Bizim Dünya İrsimiz” adlı müxalif təşkilat yaradıblar. Təşkilatın missiyası beynəlxalq ictimaiyyətin, peşəkar kadrların, QHT-lərin, alimlərin və medianın köməyilə onlayn böhran mərkəzi vasitəsilə risk altında olan mədəni irslərə diqqəti cəlb etmək və sağlam məlumatın gücündən istifadə etməklə köməklik göstərməkdir. mənbə
Ən sarsıdıcı etiraz isə Azərbaycanın UNESCO-dakı Xoşməramlı səfiri, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın xoşməramlı səfiri kimi fəaliyyətinə xitam verilməsi barədə təşkilatın Baş direktoru Odri Azulaya ünvanladığı məktub oldu, bu, UNESCO üçün sanki öldürcü zərbə təsiri bağışladı. mənbə
Azərbaycanın Birinci vitse-prezidenti Azərbaycan dövlətinin beynəlxalq hüququ və ədaləti bərpa etməsindən sonra azad edilmiş ərazilərdə erməni vandalizminə qiymət verilməsi üçün UNESCO-dan obyektiv, ədalətli və vicdanlı yanaşma gözləyirdi. Çünki Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu UNESCO-nun çağırışlarına qoşularaq dünya mədəni irsinin qorunması və bərpasına ən çox töhfə verib, o cümlədən Fransada dini-mədəni, tarixi abidələrin bərpasında əvəzedilməz xidmətləri vardır.
Təəssüf ki, son illərdə dünyada siyasi münasibətlərdə ayrı-seçkiliyin və ikili standartların dərin kök salması UNESCO-nun da fəaliyyətinə sirayət etdiyindən Odre Azule Fransa hökumətinin siyasi təsiri altında qərarlar qəbul edir. Onun Parisin siyasi tədqiqatlar İnstitutunda təhsil alması və mədəniyyət naziri vəzifəsində çalışması Fransanın mövcud siyasi kursunu tam mənimsəməsində, UNESCO-nun siyasiləşməsində də xüsusi rol oynamaqdadır. O.Azule rəhbəri olduğu beynəlxalq təşkilatın statusundan sui-istifadə edərək Fransanın Azərbaycana qarşı qərəzli siyasətində alət kimi istifadə edir, UNESCO-nun iqamətgahı erməni yas mərasimlərinin xoruna çevrilib, “xristian abidələri”nə yarana biləcək xəyali təhlükədən “narahatlıq ifadə edilir”, ermənilərin məskunlaşdığı ərazilərə missiya göndərilməsi tələb edilir. Azərbaycanın haqlı tələblərinə isə laqeyd yanaşılır, Ermənistanın 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarında dağıtdığı 63 məscid, mədəni soyqırıma məruz qalmış minlərlə tarixi abidə barədə düşünmək istəmir, ermənipərəsət mövqe sərgiləməklə açıq-aşkar dini zəmində ayrı-seçkilik etməkdədir.
Cənab Prezident İlham Əliyevin dəfələrlə müraciətinə baxmayaraq, UNESCO-nin missiyası Azərbaycanın işğaldan azad edilmiş ərazilərində darmadağın edilmiş mədəni-tarixi irslə tanış olmayıb. 2022-ci il fevralın 4-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Prezident İlham Əliyev və Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşdə UNESCO-nun Azərbaycan və Ermənistana missiya göndərməsinə dair razılıq əldə edilmişdi. Ancaq təşkilatın missiyası Fransanın və bu ölkədəki erməni lobbisinin təzyiqi altında olduğundan gəlmədi. mənbə
Baş verən ədalətsizliklər, UNESCO-nun qərəzli fəaliyyəti və riyakarlığı Mehriban Əliyevanın Xoşməramlı səfiri adından imtina etməsinə səbəb olmalı idi və oldu.
Reallıq budur ki, UNESCO son 7 ildə korrupsiyanın, qohumbazalığın, nepotizmin, sui-istifadənin çiçəkləndiyi münbit ünvan təsiri bağışlayır. On illiklər ərzində dünya elm və mədəniyyətinə əvəzsiz töhfələr vermiş nəhəng bir humanitar instutut Fransanın keçmiş mədəniyyət nazirinin kirli korrupsiya şəbəkəsinin, Paris hökumətinin maraqlarının və çirkin regional siyasi oyunlarının qurbanına çevrilib. Bu cür idaretmə və rejimin mövcudluğu isə UNESCO-nun etibar və hörmətinin itməsi ilə yanaşı, dünya təşkilatı kimi mövcudluğunu da birdəfəlik itirmək təhlükəsi ilə üz-üzə qoymaqdadır.