Son günlər Avropa ölkələrində ciddi dərman çatışmazlıqları müşahidə olunmaqdadır. Ötən ilin sonlarından başlayan dərman qıtlığı son bir neçə həftə ərzində daha da dərinləşib. Beynəlxalq mediada yer alan xəbərlərə əsasən, Avropa bazarlarında tənəffüs, allergik və yoluxucu xəstəliklər üzrə dərman preparatlarının və antibiotiklərin çatışmazlığı hiss olunur.
Belçika rəsmiləri apteklərdə 300-ə yaxın dərmanın çatışmadığını, Almaniya 408 preparatın, Avstriya isə 600-dən çox dərmanın qıtlığının yaşandığını bildirir. Ümumilikdə, Avropa İttifaqı ölkələrində bir sıra apteklərdə aparılan monitorinqin nəticələrinə əsasən, 600 növdən çox dərman preparatının çatışmazlığı qeydə alınıb ki, bu da ümumi dərman vasitələrinin dörddə biri deməkdir. mənbə
Böyük Britaniya və Fransadakı apteklərdə əsas antibiotiklər tükənir, streptokok və digər boğaz dərmanları, qışda yayılan infeksiyalardan qorunmaq üçün tələb olunan preparatlar isə tükənmək üzrədir. Britaniyada Müstəqil Çoxsaylı Apteklər Assosiasiyası ölkədə qırmızı qızdırma və artıq doqquz uşağın ölümünə səbəb olan ciddi “Strep A” infeksiyasının yaşandığı dövrdə amoksasillin və digər antibiotiklərin çatışmazlığını “çox narahatedici” vəziyyət adlandırıb. Səhiyyə mütəxəssisləri İtaliya, Kanada və ABŞ-da da potensial çatışmazlıqlar barədə xəbərdarlıq edirlər. mənbə
Vəziyyətin mürəkkəbliyi Avropa Komissiyasını da ciddi narahat etməyə başlayıb. Bir neçə gün əvvəl Avropa Parlamentinin plenar iclasında çıxış edən Avropa Birliyinin Səhiyyə məsələləri üzrə komissarı Stella Kiriakides bildirib ki, AB regionunda parasetamol, antibiotiklər və digər dərman vasitələrinə çıxış getdikcə çətinləşir, tibbi bloklarda ciddi dərman çatışmazlığı müşahidə olunur. Ələxsus da son aylarda bir sıra bakterial infeksiyaların müalicəsində istifadə edilən amoksasillin və digər antibiotiklər, uşaqların müalicəsi üçün tələb olunan yoluxucu infeksiyalara qarşı dərmanlarda qıtlıq yaranıb.
İtaliyanın Avropa Parlamentindəki üzvü Laura Ferrara isə bildirib ki, İtaliya 3000 əczaçılıq məhsuluna olan mövcud tələbatı ödəyə bilmir. Aİ-nin digər ölkələrində - Bolqarıstan, Yunanıstan, Sloveniya və digərlərində də yüzlərlə dərman preparatının apteklərdə yoxa çıxdığı müşahidə olunmaqdadır.
Bəs dərman çatışmazlığının səbəbi nədir?
AB-nin Səhiyyə komissarı dərman qıtlığının əsas səbəblərindən biri kimi “COVİD-19” pandemiyası dövründə və eləcə də son 2 ildə tənəffüs orqanlarının yoluxucu infeksiyalarına qarşı dərmanlara gözlənilməz kəskin tələbatın artmasını göstərib. Eləcə də, postpandemiyanın ilk mərhələsində müxtəlif xəstəliklərin sayının artması da bir sıra dərman preparatlarına ehtiyac artdığından Avropanın dərman sənayesinin imkanları tələbatı qarşılamaqda çətinliklərlə üzləşib. Həmçinin, tibbi preparatların çatışmazlığının səbəbləri sırasında istehsal gücünün qeyri-kafi olması, yəni azalmasıdır. Ukraynada davam edən müharibə, enerji böhranı, yüksək inflyasiya, həmçinin bir sıra geosiyasi hadisələr də səbəblər sırasında sadalanan amillərdəndir. Dərman sənayesinə mənfi təsirlər göstərən digər amillər istehsalda gecikmələr və fasilələrin baş verməsi, xammal çatışmazlığı, tədarük-paylanma problemləri ilə bağlıdır. Habelə dərman sənayesində lazım olan maddələrin tədarük olunduğu bəzi bölgələrdə təbii fəlakətlərin baş verməsi də problemin meydana çıxmasına səbəb olub. Bundan əlavə, Avropadakı dərman çatışmazlığında şüşə və karton kimi qablaşdırma materiallarının çatdırılmasındakı çətinliklər də rol oynayır.
Dərman istehsalında meydana çıxan çətinliklərindən biri də istehsal üçün lazım olan komponentlərin 90 faizinin Hindistan və Çindən gətirilməsi ilə bağlıdır ki, həmin ölkələrin özündə aktivlərin tədarükündə risklər yaranıb. Çində “COVID-19”-la bağlı bütün məhdudiyyətlər götürüldükdən sonra xəstəliyin yenidən sürətlə yayılması nəticəsində dərmanlara tələbat qat-qat artdığından aktiv maddələr istehsal edən şirkətlər yerli tələbatı ödəmək məqsədilə ixracı azaldıbdır.
Dərman istehsalı həm də böyük enerji tələb edir. İspaniyanın ümumi dərman və əczaçılıq inqrediyentləri istehsalçısı “Medichem SA” şirkətinin baş icraçı direktoru Elisabet Stampa isə artan enerji xərclərinin birbaşa və dolayı təsiri səbəbindən bir neçə adda məhsulun istehsalının dayandırlmasını istisna etməyib. İtaliya əczaçılıq sənayesi assosiasiyasının prezidenti Marcello Cattani enerji xərclərinin ötən illə müqayisədə 7 dəfə artdığını, eləcə də inqrediyentlərin alınması üçün ödənilən ABŞ dollarının məzənnəsinin avroya nisbətdə bahalaşdığını xatırladaraq nəticədə bu amillərin dərman sənayesinə ağır təsirlər göstərdiyini bildirib.
Çıxış yolunu nədə görürlər?
Avropalı mütəxəssislər deyirlər ki, yaranmış problemi bir günə həll etmək, dərman çatışmazlığını aradan qaldırmaq mümkün deyil. Bunun üçün ən azı 3-4 il vaxt lazımdır. Hollandiyanın “Centrient Pharmaceuticals” şirkətinin baş icraçı direktoru Rex Clements isə etiraf edib ki, Avropa istehsalında azalma var və hazırda bu vəziyyətdə çatışmazlıqlara cavab vermək üçün ehtiyat potensial yoxdur. Dərman sənayesi bazarının 60 faizinə sahib olan iri şirkətlər - Britaniyanın “GSK”, Amerikanın “Viatris”, Hindistanın “Aurobindo”, Fransanın “Servier” kimi qlobal təchizatçıları hasilat və tədarük məsələlərində yeni strateji planın hazırlanmasını vacib hesab edir.
Aİ-nin Əczaçılıq Qrupunun baş katibi İlaria Passarani iri dərman istehsalçılarını diversifikasiyaya çağırıb. mənbə
Beləliklə, mövcud narahalıqları nəzərə alan Avropa Komissiyası mart ayında iri dərman şirkətlərinin təkliflərini nəzərə alaraq əczaçılıq qanununa düzəlişlər etməyi nəzərdə tutur. Dəyişikliklər tender və qiymət sistemləri ilə bağlıdır. Belə ki, dərman qiymətlərinin inflyasiya və artan enerji xərclərinə uyğun indeksləşdirilməsi gözlənilir.
AB-nin Səhiyyə komissarı vəziyyətdən çıxış yolllarından biri kimi tibbi gigiyenaının daha da gücləndirilməsini, insanların yoluxucu xəstəliklərə yoluxmamaq üçün maska və digər qoruyucu vasitələrdən istifadə etməsini tövsiyə edib. Sitat: “Avropa Birliyi üzv ölkələrə peyvəndləməyə və gigiyenik vasitələrin geniş istifadəsinə, eləcə də maskalardan istifadəyə xüsusi diqqət yetirilməli olduğunu xəbərdar edir. Virus infeksiyalarının artmasının qarşısını almaq üçün qoruyucu vasitələrdən istifadə pandemiya dövründəki kimi prioritet olmalıdır”. mənbə
Bu vəziyyət Azərbaycana necə təsir edə bilər?
Azərbaycanda dərman sənayesi hələ ki, formalaşmayıb, əksər preparatlar xarici ölkələrdən idxal olunur. 2022-ci ildə ölkəmizə 26,8 min ton əczaçılıq məhsulları idxal olunub ki, pul ifadəsi ilə bu, 652 milyon 936 min dollar deməkdir. (Mənbə: Azərbaycan Respublikası Xarici Ticarətinin Gömrük Statistikası. 2022. Səh 22).
Ölkəmizə dərman vasitələri əsasən Türkiyə, Rusiya, Almaniya, Hindistan, Fransa, Çin, İsveçrə, İtaliya, Ukrayna, Avstraliya, Polşa və digər ölkələrdir. istinad
Yuxarıda qeyd etdiyimiz ölkələrdən Almaniya, Fransa, İsveçrə, İtaliya, Ukraynada dərman qıtlığının yaşandığını vurğuladıq. Bu o deməkdir ki, həmin ölkələrdəki mövcud vəziyyət və mart ayında gözlənilən tarif tənzimlənməsi qarşıdakı aylarda Azərbaycanın daxili bazarlarında da qiymətlərə təsir edə bilər. Ötən il Rusiya, Ukrayna və digər ölkələrdə bir sıra dərmanların qiymət artımlarından sonra Azərbaycanın apteklərində bahalaşmanın baş verməsi bu versiyanı da istisna etmir.
Məsələ ondadır ki, ölkəmizdə dərmanların qiymətləri ucuz deyil. Ona görə də yenidən qiymət artımlarının baş verməməsi üçün Tarif Şurası dərman idxalı ilə məşğul olan şirkətlər və əczaçılıq şirkətləri ilə çıxış yolunu tapa bilər.
Qeyd edək ki, Milli Məclisin Səhiyyə komitəsinin üzvü Rəşad Mahmudov bir müddət əvvəl qiymət problemlərini həll etmək üçün xüsusi qurum yaradılmasını təklif edib. Həmin qurumun dərmanların sertifikatlarının alınmasından tutmuş onun qiymətinin tənzimlənməsinə qədər bütün proseslərə nəzarət etməli olduğunu bildirib.
Millət vəkili Əhliman Əmiraslanov da dərman preparatlarının qiyməti, keyfiyyəti və əldə olunması ilə bağlı problemləri həll etmək üçün idxalçı şirkətlərin və apteklərin nümayəndələrini, bu sahə ilə məşğul olan qurumların üzvlərinin iştirakı ilə birgə məsləhətləşmələr keçirərək vəziyyəti həllinə nail olmaq üçün xüsusi işlək mexanizmin qurulmasını təklif edib.