Məlum olduğu kimi Ermənistan Azərbaycanın Naxçıvan bölgəsi ilə Türkiyə sərhəddinə yaxın ərazidə - Ararat vilayətinin Yerasx kəndində (əvvəlki adı Arazdəyən-red.) yeni metallurgiya kompleksinin inşasına başlayıb. Metallurgiya zavodunun tikintisi Ermənistanda ABŞ sərmayəsi əsasında ötən il yaradılmış “GTB STEEL MMC” ilə əldə olunmuş razılaşma əsasında həyata keçirilir. Ermənistanın Hüquqi Şəxslərin Dövlət Reyestrində yer alan məlumata əsasən, “GTB STEEL” müəssisəsinin səhmdarları ABŞ vətəndaşı Bobbi Kanq və Ermənistan vətəndaşı Nono Sarkisyandır. Müəssisənin direktoru Tiqran Akopyandır. istinad
Maraqlıdır ki, Ermənistan hökuməti zavodun inşasına beynəlxalq hüquqi normativlərdən irəli gələn tələbləri, ətraf mühitlə bağlı konvesnsiyaları nəzərə almadan tələm-tələsik razılıq verib. Müəssisənin tikintisi üçün bütün beynəlxalq ekoloji normalara əməl olunduğu (?) və Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) prosedurlarından müsbət rəy alındığı bildirilir.
Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyanın özünün “facebook” səhifəsində metallurgiya zavodunun inşasının aparıldığı ərazidən videgörüntüləri təqdim edərək Yerasxdakı (Arazdəyən) zavodun qara metal, fitinq, polad künclər və borular istehsal ediləcəyinin anonsunu veribdir. V. Kerobyan qeyd edir ki, 70 milyon ABŞ dolları sərmayəsi hesabına başa gələcək erməni-amerikan birgə layihəsi olan Metallurgiya Zavodu 16.500 kv. metr sahəni əhatə edir. Hazırda tikinti işlərinə 200 nəfər cəlb olunub, müəssisə işə salındıqdan sonra işçi sayı 1000 nəfər nəzərdə tutulur. Zavodun illik istehsal gücünün 180 min ton olacağı gözlənilir.
Ermənistanın icra etdiyi həmin layihənin ətraf mühitə mənfi təsirləri varmı və ƏMTQ rəyi beynəlxalq normalara cavab verirmi? Faktyoxla Lab. bu suala aydınlıq gətirməyə çalışıb.
“GTB STEEL” MMC-nin məlumatından görmək olar ki, zavodun özünün əritmə sexləri olacaqdır və əsasən armatur, bucaq və borular istehsal ediləcək. Əritmə prosesi elektrik qövs sobasına əsaslanacaq ki, bu da hədsiz dərəcədə böyük temperaturda emal deməkdir. Zavodda ildə 180 min ton qara metal qırıntısının emalı planlaşdırılır. Qara metal emalı ekoloji təsir və qiymətləndirmə baxımından ən mürəkkəb proseslərdəndir. mənbə
Beynəlxalq ekoloji tətdqiqat institutlarının apardığı araşdırmalar və hazırladığı hesabatlar təsdiq edir ki, metal qırıntılarının əridilməsi prosesi zamanı havaya buraxılan zəhərli qazların miqdarı hədsiz dərəcədə artır və ərazidə çirklənmə səviyyəsi yüksəlir. Sənaye müəssisələri arasında ətraf mühitin çirkləndirilməsinə görə birinci yeri metallurgiya sənayesi tutur. Bu sənaye sahəsində emal-tədarük prosesi zamanı əmələ gələn bərk və maye tullantılarının tərkibində canlı orqanizmlərə toksiki təsir göstərən maddələrin miqdarı normadan qat-qat çoxdur. Məsələn, metallurgiya emal tullantılarında əmələ gələn əlvan və ağır metal duzları, domna qazı və koks qazının cəmi 40 %-i utilizə edilir və ya zərərsizləşdirilir, qalanı isə ətraf mühitə yayılaraq atmosferə buraxılır.
Ona görə də, dünya praktikasında dəmir-metal istehsalı və emalı müəssisələri yaşayış sahələrindən 20-30 km kənar ərazilərə yerləşdirilir ki, yaxın ətrafda yaşayan insanların sağlamlığına zərərlər toxunmasın. mənbə
Ermənistan isə metallurgiya kompleksini Azərbaycanın yaşayış məntəqələrinin 4-5 kilometrliyində yerləşdirib. Yəni, o deməkdir ki, “GTB STEEL” MMC-nin qurduğu zavodun ətraf mühitə və insanların həyati sağlamlığına hədsiz ağır təsirləri olacaqdır. Zavod fəaliyyətə başladıqdan sonra Araz çayı zonasındakı yaşayış sahələrinin ekosisteminin pozulması və havanın zəhərli tullantılarla çirklənməsi nəticəsində minlərlə insanın həyatı üçün ciddi təhülkələr yaranacaqdır. Bu ərazinin Naxçıvanın Sədərək rayonunun yaşayış məntəqələrinə yaxın olması Azərbaycan vətəndaşlarının həyat və sağlamlığının gələcəkdə ağır nətizələrlə üz-üzə qalması deməkdir.
Nəzərə alsaq ki, tarixi Azərbaycan ərazisi olan Vedibasar mahalının Arazdəyən kəndi Araz çayının kənarında yerləşir və Naxçıvanın bir neçə yaşayış sahəsinə çox yaxın ərazidir.
Bu zavodun təhlükə mənbəyi olmasının bir qolu da zavoddan çıxan tullantıların Araz çayına axıdılacağı haqda verilən proqnozdur. Araz çayının bir qolu olan “Şir arxı”nı ermənilər onsuz da illərdir müxtəlif sənaye tullantıları ilə çirkləndirirlər. Metallurgiya zavodunun tikintisi isə tullantıların daha da artmasına və Araz çayının çirklənmə səviyyəsinin ekoloji böhran həddinə qədər çatacağına səbəb olacaq.
Ermənistan layihənin ətraf mühitə mənfi təsirlərinin olmayacağını bəyan etsələr də, həm beynəlxalq praktika, həm də ermənilərin indiyə qədər və hal-hazırda Azərbaycanın ekoloji mühitinə vurduğu amansız zərbələr yeni metallurgiya zavodunun işə düşməsindən sonra bu ekoloji cinayətlərin baş verəcəyinin davam edəcəyini əsaslandırır. Çünki Ermənistanın ekoloji terrorunu Azərbaycan hazırda inşa olunan metallurgiya zavodundan əvvəllər istifadəyə verilmiş bir neçə müəssisənin timsalında yaşayıb və yaşamaqdadır. “Metsamor” Atom Elektrik Stansiyasının ətraf mühitə mənfi təsirləri məlumdur. Yaxud, Sərsəng su anbarından ekoloji silah kimi istifadə olunması, Azərbaycanın əsas su mənbələrindən olan Araz çayının Ermənistandan keçən hissəsinin məqsədli şəkildə çirkləndirilməsi, digər saysız cinayətlər bunları təsdiq edir. Yaxud, Ermənistanın Qafan və Qacarandakı Mis-Molibden Zavodu və Zod Filizsaflaşdırma Kombinatının Zəngiçay və Oxçuçaya buraxılması, kimyəvi tullantılarla zəhərlənməsi faktları barədə Azərbaycan hökumətinin əlində tutarlı sübutlar toplanıb və müvafiq beynəlxalq qurumları təqdim olunub. istinad
Bəs, beynəlxalq hüquq və ekoloji standartlarla bağlı konvensiyalar nə deyir?
Ermənistan ətraf mühitin mühafizəsi sahəsində və qlobal ekoloji problemlərin həllində iştirakına dair bir çox konvensiyalara qoşululub və üzərinə həmin hüquqi sənədlərin tələblərinə riayiət etmək öhdəliyi götürüb. Həmin ekoloji konvensiyaların tələbləri birmənalı olaraq Metallurgiya zavodunun inşasında Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi prinsiplərinin nəzərə alınmadığını göstərir. Belə ki, BMT-nin 1991-ci ildə qəbul etdiyi “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya”nın (Espo Konvensiyası) tələblərinə əsasən, hansısa ölkə öz ərazisində planlaşdırdığı iri təsərrüfat fəaliyyətini və layihəni icra etməzdən əvvəl digər ölkələrin ərazisində mənfi ekoloji təsirlərini nəzərə almalı, Ətraf Mühitə Təsirin Qiymətləndirilməsini həmin ölkələrin müvafiq qurumları ilə razılaşdırılmalıdır. (Guıdance on the Practıcal Applıcatıon of the Espoo Conventıon. Maddə 2.4, 2.5, 2.6, 2.7, 3.1, 3.2). istinad
Həmçinin, BMT-nin “Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsinin spesifik metodoloji məsələləri” adlı sənədində regional proqramların icrası zamanı transsərhəd təsirlərə məruz qalan bütün tərəflərin ətraf mühitin qiymətləndirilməsində iştirakı nəzərdə tutulub. (Mənbə. Current Policies, Strategies and Aspects of Environmental Impact Assessment in a Transboundary Context). mənbə
BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin tələblərində əsasən, insanların sağlamlığının təmin edilməsi (3-cü məqsəd), təmiz su mənbələri ilə təchizatı ( 6-cı məqsəd), ətraf mühitin mühafizəsi, torpaq ekosisteminin qorunması (15-ci məqsəd) və digər ekoloji-sosial mühafizə ilə bağlı (13-cü məqsəd) başlıca normalara əməl olunması üzv dövlətlərin hər biri üçün qeyd-şərtsiz əsas tələblərdir. mənbə
BMT “Biotəhlükəsizliyə dair Kartagena Protokolu”na əsasən, sənaye və mineral xammalın istehsalı texnologiyaları, regional planlaşdırma, infrasruktur işləri ilə bağlı baş verən dəyişikliklər landşaftların dağıdılmasına gətirib çıxarmamalı, mühafizəsi qorunmalıdır. mənbə
BMT-nin Avropa İqtisadi Komissiyasının “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Konvensiyası” və “Su və sağlamlıq haqqında” Protokoluna əsasən, insanların su ehtiyatı təminatı və sağlamlığının möhkəmləndirilməsi əsas şərtlərdən biridir. Sənaye və iqtisadi fəaliyyətlə bağlı hərəkətlər həmin təbii ehtiyatlardan asılı olan insanların sağlamlığı və rifahı üçün arzuolunmaz nəticələrə gətirib çıxarmamalı, su ehtiyatlarının qorunması bütün tərəflərin üzərində götürdüyü əsas öhdəlikdir. mənbə
“Davamlı üzvi çirkləndiricilər haqqında Stokholm Konvensiyası” əsasən, insan sağlamlığına və ətraf mühitə zərərli təsir göstərən kimyəvi maddələrdən istifadə qəti yolverilməzdir və buna görə, konvensiyaya qoşulmuş bütün üzv ölkələr məsuliyyət daşıyır. mənbə
BMT-nin Avropa İqtisadi Komissiyasının “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında Bazel Konvensiyası”na və BMT-nin Avropa İqtisadi Komissiyasının “Sənaye qəzalarının transsərhəd təsiri haqqında Konvensiya”sına əsasən, sənaye məqsədli fəaliyyətlər ətraf mühitə və insan sağlamlığına zərər vurmadan həyata keçirilməlidir.
mənbə
Beləliklə, BMT, Avropa İttifaqı Komissiyasının mövcud konvensiya və protokolları, qərar və digər hüquq norma və prinsipləri Ermənistanın sözügedən layihənin tikintisində beynəlxalq tələbləri gözləmədiyini, Azərbaycanla razılaşdırmadan özbaşına həyata keçirdiyini təsdqiləyir. Sadaladığımız beynəlxalq hüquqi sənədlər Ermənistanın üzərinə götürdüyü öhdəliklərə məhəl qoymayaraq növbəti ekoloji terrora imza atdığını təsdiqləyir.
Ermənistanı bu qədər “cəsarətli” göstərən, layihənin icrasında geri addım atmayacağı barədə bəyanat verməsinə və arxayınlığına səbəb nədir?
Birincisi, beynəlxalq cəzasızlıq sindromu. Ermənistan Metsamor AES-lə regiona sarsıdıcı ekoloji zərbələr vursa da heç bir beynəlxalq təşkilat tərəfindən sanksiyaya məruz qalmayıb, cəza tətbiq olunmayıb. Eyni zamanda, vaxtilə işğalda saxladığı Azərbaycan torpaqlarındalı təbii-mineral ehtiyatları vəhşicəsinə istismar etmiş Ermənistana heç bir beynəlxalq təşkilat tərəfindən cəza verilməməsi İrəvan hökumətini arxayınlaşdırır, növbəti iqtisadi-ekoloji cinayətlərə şirnikləndirir.
İkincisi, layihənin maliyyələşməsində ABŞ investorlarının yer almasıdır ki, onların amerikalı konqresmenlər, erməni lobbi-maqnat qrupları ilə əlaqələri güclüdür. Metallurgiya zavodunu inşa edən “GTB STEEL”in əsas səhmdarı olan hindistan əsilli ABŞ vətəndaşı Bobbi Kanqın biznesin əsasən Kaliforniyada yerləşir, qardaşları Baldev Kanq və cənab Sammi Kanqla birlikdə “Salsan Steels Pvt” Ltd, “Prabal TMT”, “Hydreight Inc” və digər nüfuzlu markalara sahibdir. Onun Kaliforniya ilə bir çox iqtisadi bağlantıları vardır və çoxşaxəli biznesinin inkişaf etdirilməsində sözsüz ki, həmin bölgədə güclü siyasi-inzibati resursları olan erməni konqresmenlər, qubernatorlarla partnyorluq da istisna deyil..
Onun partyorları sırasında Kanadalı iş adamları, İran əsilli Delvarani Biznes ailəsinin də bağlantıları da böyükdür. Kaliforniyada qurulmuş “Cargo Solutions Management, Llc” korporosaiyası Kang və Delvarani ailəsinin ortaq biznesidir. istinad
Onların birgə bizneslərindən biri olan “Dodo International Inc” Kanadada 50 səhmdar korporasiyanı özündə birləşdirir. Bu baxımdan Kanada-Kaliforniya marşrutu coğrafi yaxınlıqdan daha çox, erməni lobbisinin üstünlüyünün təmin olunduğu siyasi tranzit kimi diqqətdən qaçmamalıdır. mənbə
Bunları qeyd etməklə onu xatırlatmaq istəyirik ki, kifayət qədər böyük maliyyə şəbəkəsi olan Kanqın arxasında durduğu metallurgiya zavodunun tikintisinə ABŞ-Kanada səviyyəsində böyük iqtisadi-siyasi dəstək mövcuddur.
Üçüncü amil, Amerikanın bölgədəki maraqlarıdır. Vaşinqtonun həyata keçirilən iqtisadi layihənin arxasında əslində siyasi niyyətlərinin gizlənməsi istisna deyil. Regionda Rusiyanın iqtisadi-siyasi-hərbi proyektlərinı sıxışdırıb çıxarmağa çalışan Qərbin Ermənistanın sənaye komplekslərini tədricən ələ keçirməsi və mövqelərini möhkəmləndirilməsi prizmasından yanaşsaq, bu baxımdan Ermənistana sərmayə planlarının təməllərinin qoyulması onlar üçün daha önəmlidir, nəinki ekoloji mühit amili. Dolayısı ilə ətraf mühit amilinə “göz yumulması” İrəvanın əl-qolunu açır.
Bu məsələdə Azərbaycanın ekoloji qurumlarının, vətəndaş cəmiyyəti institutlarının, dövlət və hökumət təşkilatlarının üzərinə ciddi iş düşür, məsələ barədə ABŞ hökumətinə, BMT-yə, Avropa ekoloji təşkilatlarına müraciətlər aramsız xarakter daşımalı, Ermənistanın ekoloji terroruna rəvac verilməsinin qarşısı alınmalıdır.
Artıq Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilk addımı atıb, nazirliyin iyunun 7-də yaydığı bəyanatda Ermənistanın Azərbaycanla sərhəd yaxınlığında Metallurgiya zavodu inşa etməsini beynəlxalq hüquq norma və prinsiplərini, xüsusilə də BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyasının (Espo Konvensiyası) müddəlarını kobud surətdə pozması kimi qiymətləndirib. Nazirlik Ermənistan bu qanunsuz fəaliyyətinin təkcə Azərbaycanın deyil, ümumi regionun ekoloji mühiti üçün təhlükə mənbəyinə çevrildiyini xəbərdar edərək beynəlxalq hüquq normalara zidd olan bu əməllərini qətiyyətlə pisləyib, beynəlxalq ictimaiyyəti məsələyə xüsusi diqqət göstərməyə çağırıb. istinad
Azərbaycanın bu bəyanatına baxmayaraq, Ermənistanın beynəlxalq hüquq və normalarına qarşı hörmətsizliyi yenə özünü biruzə verib, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bəyanatından sonra Ermənistanın “GTB STEEL” şirkəti cavab bəyanatı ilə çıxış edərək açıq şəkildə ekoloji soyqırıma sadiq qalacaqlarını bildiriblər. Sitat: “Metallurgiya Zavodunun tikintisi ER qanunvericiliyinə uyğun olaraq həyata keçirilir və müvafiq sınaq tələbləri ilə milli səlahiyyətli orqan olan ER Ekologiya Nazirliyindən ətraf mühitə təsir barədə müsbət rəy almışdır, layihə ekoloji qiymətləndirmə meyarlarına görə, bütün beynəlxalq standartlara cavab verir. Şirkət layihəni davam etdirməyə sadiq qalacaqdır”.
“GTB STEEL” şirkətinin bu “saymazyana” bəyanatı bir daha onu göstərir ki, Ermənistan üçün artıq beynəlxalq hüquq və normaları pozmaq adi hala çevrilib və bu ölkə ilə hüquq və qanunla, anlaşılan dildə danışmaq, beynəlxalq prinsipləri masada başa salmaq olmur.
Bir yol qalır: 30 ilə yaxın Azərbaycan ərazilərini işğalda saxlamaqla BMT Qətnamələrinə məhəl qoymayan Ermənistana qarşı yenə də təkbaşına tədbir görmək, BMT qətnamələrini öz gücünə icra etdiyi kimi, digər beynəlxalq konvensiyaları də öz qətiyyəti ilə yerinə yetirmək. Çünki beynəlxalq birliyin ikili standartları və saxtakarlığına arxalanan ölkənin hərəkətləri başqa çıxış yolu qoymur, Azərbaycanı bu addımı atmağa vadar edir.