Ötən ay narkotik aludəçisi olduğu iddia edilən uşağın video görüntüləri yayıldı. Video çox böyük ilgi çəkdi. Fakta olduğu kimi, görüntülərin açıq şəkildə yayılmasına da eyni soyuqqanlı reaksiya müşahidə olundu. Ancaq uşağın sosial şəbəkələrdə paylaşıldıqca yayılan çarəsiz görüntülərinə, tək-tük də olsa, etiraz edənlər tapıldı. Belə ki, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov öz feysbuk hesabından “Narkotik aludəçisi olan uşağın "Baby face filter" tətbiq etmədən vidiosunu yayırlar. Aidiyyatı qurumlardan da heç bir reaksiya yoxdur. Heç uşaq hüquqlarını müdafiə edən QHT-lərdən də səs çıxmır" – şəklində paylaşım edərək bu həssas mövzuya diqqət çəkdi.
“Baby face filter” hansı halarda tətbiq edilməlidir? Uşaq hüquqlarının qorunmasında nəzərə alınması şərt olan məqamlar hansılardır? Məsələn, anasının sözügedən videonun yayılmasına razılığının olduğu bildirilir. Valideynin razılığı uşaqla bağlı yayılan və cəmiyyətdə onun mənafeyinə xələl gətirən xəbər və görüntüləri yayanları məsuliyyətdən xilas edirmi?
“Elə mən özüm də dərindən araşdırmamışam ki, hansı hallarda uşaqların üzü gizlədilməlidir”, - deyən Sahib Məmmədov əmindir: “Birmənalı olaraq yadda saxlamaq lazımdır ki, uşaqların mənafeyinə xələl gətirəcək informasiyalarda ən azı filtr qoyulmalı, ad-soyad gizlədilməlidir. Bu ciddi məsələdir. İnsan taleyindən söhbət gedir. Avropada uşaqlığında seksual zorakılığa məruz qalanları göstərərkən belə onların icazəsi alınır”.
Qanunlar ÖNCƏ UŞAQLAR deyir
Uşaq hüquqlarından bəhs edərkən əsas istinadgah BMT-nin “Uşaq hüquqları haqqında” konvensiyasıdır: “Sənəd bununla bağı müvafiq tədbirlər görməyi dövlətə tapşırır. Əsas tələb budur ki, KİV standartlara əməl etsin ki, uşağın rifahına bir xələl gəlməsin”. Bəs, o standartlar hansılardır?
Sahib Məmmədov qanunlara istinad edərək Faktyoxla LAB.-a bildirib ki, ümumiyyətlə, istər ölkəmizdə qüvvədə olan qanunlar- uşaq hüquqları haqqında qanunvericilik bazası, istərsə də, qoşulduğumuz beynəlxalq sənədlər uşaq hüquqlarını öndə tutur: “Azərbaycan BMT-nin “Uşaq hüquqları haqqında” ali konvensiyasına da qoşulub. Konvensiyada bir neçə yerdə bu, xatırladılır. Məsələn 17-ci maddədə iştirakçı dövlətlər kütləvi informasiya vasitələrinin vacib rolunu təsdiq edərək təmin edirlər ki, uşaq müxtəlif milli və beynəlxalq mənbələrdən informasiya və materiallar, xüsusən onun sosial, ruhi və əxlaqi rifahına, habelə sağlam fiziki və psixi inkişafına köməyə yönəldilmiş informasiya və materiallar ala bilsin. Bu məqsədlə iştirakçı dövlətlər kütləvi informasiya vasitələrini uşaq üçün sosial və mədəni baxımdan faydalı olan informasiya və materiallar yaymağa həvəsləndirir, ancaq uşağı onun rifahına ziyan vuran informasiya və materiallardan qorumağın lazımi prinsiplərinin hazırlanmasını da vacib hesab edirlər. Bu məqsədlə dövlətlərin üzərinə bəzi öhdəliklər qoyulur. Məsələn, uşaqlarla bağlı problemlərin qabardılması, uşaqların əxlaqi rifahına, ruhi, sosial vəziyyətinə kömək edən informasiyaları yaymağa KİV-i təşviq edir. Eyni zamanda, onların ziyanına, ümdə mənafelərinə ziyan vuran informasiyaları yaymaqdan çəkindirir. Məsələn, barəsində danışdığımız narkotik istifadəçisinə çevrilmiş uşaq, ola bilsin bir müddət sonra sağaldı. Vizual görüntüləri ilə, adı ilə paylaşılan informasiya sağaldıqdan sonrakı həyatında ona ciddi problemlər yarada bilər. Yaxud seksual zorakılığa məruz qalan azyaşlı barədə xəbəri onun üzünü, kimliyini gizlətmədən, valideynlərinin adı ilə paylaşırlar. Bu yanlışdır”.
"Baby face filter" tələb edilən hallar
Yanlış olan başqa hansı hallardır? S.Məmmədovun sözlərinə görə, məişət zorakılığının qurbanı olan uşaqları göstərərkən də diqqət edilmir: “Halbuki hətta ailədə boşanma olanda uşağın mənafeləri üstün tutulur. Ona görə də, ailədaxili münaqişələrin, məişət zorakılığının qurbanı olan uşaqların üzləri bağlanmalı, adları, ünvanları gizlədilməlidir”.
“Cinayət törətmiş uşaq bəlkə islah olub cəmiyyətə qayıdacaq, onları cinayəti ilə məşhurlaşdırmaq onu ömürlük cinayət dünyasına həbs etmək olmazmı”, - deyən S.Məmmədov hesab edir ki, günahlandırmağa maraqlı olan cəmiyyət uşaqlara münasibətdə də fərqli deyil: “Cəmiyyətimiz məhkəmədən öncə hökm çıxaran cəmiyyətdir. Bu, böyüklərə münasibətdə də var, uşaqlara münasibətdə də. Xarici ölkələrdə uşaqlığında cəza çəkmiş böyüklərin belə tarixçəsini açıqlamırlar. O ki qala, uşaqların”.
Qeyd: Təqdim etdiyimiz kollaj mediadan götürülüb. Ağır şəraitdə yaşayan bir ailə haqda məlumat verilir. Təəssüf ki, bütün fotolarda uşaqların siması açıq-aşkar görüntülənir. ("Baby face filteri" biz tətbiq etmişik)
Cinayət, zorakılıq qalsın bir yana, uşaqların sağlıq problemləri belə bəzən onların mənafeyinə zidd bir şəkildə təqdim edilir. S.Məmmədov hesab edir ki, xəstəliklərdən, lap elə şəkərli diabetdən, yaxud serebral iflic xəstəliyindən əziyyət çəkən uşaqlar barədə hər hansı informasiyanın onların üzünü gizlədərək şərti adla verilməsi məqsədəuyğundur. Bu, hətta kütləvi tədbirlərdə də gözlənilməlidir: “Şağanda və Saray qəsəbəsindəki sağlamlıq imkanları məhdud uşaqlar üçün internat tipli məktəblərində bayram konsertləri, şənliklər keçirilir. Həmin konsertlərdən reportajlar, videoçəkilişlər hazırlanır. Hətta həmin çəkilişlər zamanı filtrdən istifadə edilib-edilməməsi məsələsi qanunla tənzimlənməlidir”.
Qeyri-hökumət təşkilatlarının fəaliyyətsizliyinə diqqət çəkən S.Məmmədov “Bəzən uşaqların hüquqlarını onları müdafiə edənlərin özü pozur” deyir: “Nəinki uşaqlarla, bu, qadınlarla bağlı da baş verir. Şəxsi həyata müdaxilə elementi olan məlumatları hər kəs qorumalıdır”.
S.Məmmədov hesab edir ki, uşaqların mənafeyi tələb edirsə, onların adları, cizgiləri gizlədilməlidir: “Hesab edirəm jurnalistlər üçün təlimlər keçmək lazımdır. Əlilliyi olan şəxslərlə bağlı bir ara kim nə gəldi yazırdı, sonra Almaniya İnkişaf Agentliyinin təşəbbüsü ilə, həmçinin əlilliyin dərki ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişləri oldu və təlimlər keçirildi. Həmin təlimlərdən sonra jurnalistlərin terminalogiyasında xeyli dəyişiklik oldu, problemlər aradan qalxdı. O cümlədən bu məsələdə də belə tədbirlərə ehtiyac var”.
Bir sözlə, Sahib Məmmədov hesab edir ki, sivil cəmiyyətlərdə uşaqların yalnız onların rifahına ümdə mənafelərinə xeyir gətirən hallarda üzlərinin göstərilməsi, kimliyinin aşkarlanması doğrudur. Qalan bütün hallarda onların üzü gizlədilməlidir”.
Uşaq ancaq reklam xatirinə paylaşılırsa...
Sahib Məmmədov “Aidiyyatı qurumlardan da heç bir reaksiya yoxdur”, - iradında haqlıdırmı? Aidiyyəti qurum – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində belə faktların monitorinqi aparılırmı? Onlarla mübarizə necə təşkil edilib?
Cəmiyyətdə baş verən bu və bunun kimi hüquq pozuntularına qarşı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin münasibətini qurumun Hüquq şöbəsinin baş məsləhətçisi Tural Hüseynzadə açıqlayıb: “Əlimizdə aşkar məlumat olsa ki, uşağın şəklinin paylaşılmasında yaxınının, valideyninin, qəyyumunun xəbəri yoxdur, uşaq reklam xatirinə paylaşılır, o zaman bunun qarşısını dərhal alırıq. Təəssüf ki, AQUPDK media qurumlarına rəsmi formada məktub ünvanlayaraq televiziyada uşaqların üzünün göstərilməsində həssas yanaşma tələb etsə də, müşahidələrimiz göstərir ki, buna əməl edilmir”.
Bəzən daha tez nəticə əldə etmək üçün məktubdan öncə birbaşa əlaqə yaradılır: “İnformasiya şöbəmizin əməkdaşlarının köməyi ilə xəbərlərin tirajlanmasının qarşısını almağa çalışırıq. Bunu edə bilmədikdə gördüyümüz faktlarla bağlı dərhal telekanalla, valideynlə əlaqə saxlayır, uşağın üzünün göstərilməsinə ailəsinin icazəsinin olub-olmadığını dəqiqləşdiririk. Ən sonda media siyasətini həyata keçirən qurumlara müraciət edirik”.
Uşaqlarla bağlı xəbərlərdə qadağalar
Baş məsləhətçi uşaqların üz cizgilərinin dəyişdirilməsi, kimliyinin gizlədilməsi tələb edilən məqamlara da toxunub: “Uşaqlar haqqında onların aciz, köməyə ehtiyacı olan, digər uşaqlardan daha aşağı səviyyəli olduğu vurğulanaraq haqqında məlumat verilməsi qəti qadağandır. Bu nə etik normaya uyğundur, nə də uşağın mənafeyi baxımından doğrudur. Yaxud bir uşağın aztəminatlı ailənin uşağı, ya da müalicəyə ehtiyacı olduğuna görə ad, soyad açıqlanması, üzünün göstərilməsi məqsədəmüvafiq sayılmır”.
Haşiyə: Qurum təmsilçisinin fikirlərinin Azərbaycan mediasında necə riayət olunmasını apardığımız kiçik monitorinq nəticəsində müşahidə etdik. Bu faktlar imkansız ailələrə kömək, müalicəyə ehtiyacı olan uşaqlara yardım toplanması üçün mediada verilən elan-məlumatlardan götürülüb. Öncədən qeyd edək ki, fotoda görünən uşaqların üzlərini biz bağlamışıq.
Valideyn xəbərdardırsa...
Qurum yetkilisi deyir çox vaxt yalandan valideynlərin məlumatlı olduqlarını deyirlər: “Düzdür, qanun valideyndən, yoxdursa qanunla müəyyən edilmiş qəyyumundan, ya da uşağın özündən icazə alaraq çəkməyə icazə verir. Ancaq bu o demək deyil ki, media nümayəndəsi onun üzünü göstərmək üçün fürsət axtarmalıdır. Əksinə, o, üzü ictimailəşdirməmək üçün variantlar tapmağa çalışmalıdır. Uşağın mənafeyini nəzərə alaraq onun xeyrinə olan məlumatı onun kimliyi haqqında dəqiq informasiya ötürmədən, üzünü göstərmədən verməyin yollarını fikirləşməlidir. Uşaq özündə deyil, ondan necə icazə alırlar? Ya da psixoloji cəhətdən gərgin vəziyyətdə olan valideynə sual verib cavab alırlar. Valideynin heç yadına düşmür ondan icazə alındığı... Ümumiyyətlə, istənilən halda uşaqlar haqqında məlumatlar ictimaiyyətə açıqlanarkən onların həssaslığı nəzərə alınmalı, məxfiliyi qorunmalıdır”.
Efir üçün icazə prosedurunun da yanlış olduğunu vurğulayan Tural Hüseynzadə müşahidələrinə istinad edir: “Bunu necə həyata keçirdiklərinə baxın. Kameranı işə salıb əvvəlcə uşağın üzünü göstərir, sonra ondan soruşurlar. Artıq çəkdikdən sonra soruşmaq yersizdir. Yaxud, ailəsi ilə birlikdə uşağı çəkir, çəkiliş prosesində soruşur ki, sizi efirə verəcəyik, olar? Bu, yanlışdır. Ümumiyyətlə, uşaqların adı, soyadı, yaşayış yeri gizlədilməlidir. Tutaq ki, uşaq zorakılığa məruz qalıbsa, hətta valideynin icazəsi olsa belə, jurnalist fakta etik normalar çərçivəsində yanaşmalıdır. Zorakılıq, ailədaxili münaqişələrdən əziyyət çəkən uşaqların adları şərti göstərilməli, yaxud, adının, sadəcə baş hərfləri qeyd edilməlidir. Bu da uşaqlarla bağlı məlumatın işıqlandırılmasında həssas yanaşmanın məntiqidir”.
T.Hüseynzadə deyir şərti adların verilməsi qaydası da gözlənilməlidir: “İstənilən məlumatı adı şərti göstərərək yaymaq ən doğrusudur. Əksərən jurnalistlər şərti adlar verirlər. Ancaq bəzən görürsən ki, adı şərti verərərkən ünvanı dəqiq göstərib. Məsələn, hansısa rayonun bəlli kəndində B.U. ilə bağlı informasiya paylaşılıb. Guya uşağın adı açıqlamayıb, əslində, kimliyi göstərilib. Balaca bir kənddə uşaq sayı hamıya bəllidir. Baş hərfləri ilə söhbətin kimdən getdiyi dərhal aydınlaşır. Ona görə uşağın yaşadığı yer barədə məlumatın verilməsi də qəti şəkildə olmaz”.
Haşiyə: Şamaxıda bağçada müəllimənin uşağın saçından dartması videosu yayılandan sonra böyük səs-küy yaratmışdı. Bu kadrları "apaTV" öz youtube kanalında yayıb. Kadrlarda uşaqların siması açıq görünür, bu problem deyil. Amma saçı dartılan uşağın siması gizlədilməyib. Hətta videonun sonlarında uşaq kameraya tərəf çevrilir və sifəti kadra tam düşür.
T.Hüseynzadənin fikrincə, istənilən qurum, hətta vəkil belə uşaqlarla bağlı məlumat verəndə onun məxfiliyini qorumalıdır: “Çünki hər şeydən əvvəl uşağın gələcəyi bütün mənafelərdən üstündür. 8, 10, 15 yaşında uşağın başına iş gəlirsə, bu onun ömrünün sonunadək iz buraxa, həyatına və ya psixologiyasına təsir edə bilər. Bu hadisəni təkrar-təkrar yaşamaması üçün onun məxfiliyi qorunmalıdır. Uşaqlara can yandırmaq adı ilə 11 yaşında hamilə qalmış uşağı Gürcüstanda da gördülər. Bu uşağa kömək etmək deyil. Nəzərə almaq lazımdır ki, uşağın problemlərini onun kimliyini, üzünü göstərərək ictimailəşdirmək ona vura biləcəyimiz ən böyük ziyandır. Yaxud, xəstə uşağa kömək adı altında onun hüquqlarını tapdalayır, mənafeyinə ziyan vururlar. Uşaq bu xəstəlikdən sağalsa, bu dəfə yardım videolarına baxıb stress keçirəcək”.
Nəinki xəstə, zorakılıq qurbanı uşaq, hətta zorakılıqdan, pis vərdişdən danışarkən başqa uşaqları göstərmək də yanlışdır: “Xəbər yayılır ki, məsələn, məktəbdə intihar hadisəsi baş verib. Telekanallar yığışıb gedir, kameraları açıb girirlər məktəbin qapısından içəri. Budur, ekranlarda 500 uşağın üzü görünür. Televizora baxan hardan bilsin zorakılığa məruz qalan hansıdır. Birinin üzünü görür, yaddaşında qalan o üzü eşitdiyi xəbərlə birləşdirir. Jurnalist səhvinə davam edərək uşağın birinə mikrofon uzadıb intihara cəhd edən yoldaşının hərəkətinə münasibət soruşur. Bununla da “Bax, mikrofon uzadırlar mənə”, - deyə düşünməsinə səbəb olur, intiharı uşaq üçün cəlbedici edir. Artıq o uşağın da eyni davranışı etməyəcəyinin zəmanəti yoxdur”.
T.Hüseynzadə deyir uşaqlarla bağlı məsələləri işıqlandıranda həm də ona görə ehtiyatlı olmaq lazımdır ki, yayılan xəbər bilib-bilmədən hər işə qarışan cəmiyyətin yanlış müdaxiləsinə, mənfi reaksiyasına səbəb olmasın. Hamı eşitdiyi xəbərə məntiqli yanaşa bilmir və yayılan xəbərdən çox onun doğurduğu reaksiya təsiredici olur.
ÇIXIŞ YOLU NƏDİR?
Baş məsləhətçi onu da qəbul edir ki, media nümayəndələri bu qədər incəlikləri bilməyə bilər: “Biz mütəxəssisik, bilirik, jurnalistlərin də bilməyi üçün təlimlər keçirilmlidir”.
Çünki ən yaxşı tədbir profilaktik olandır: “Hətta hüquq belə hər zaman sanksiya tətbiq etməyin tərəfdarı deyil, cəza mexanizmini deyil, profilaktik mexanizmi əsas tutur. Bir məsələ ilə bağlı qabaqlayıcı tədbir nə qədər yüksək səviyyədə olsa, məsələnin həlli o qədər keyfiyyətli olur. QHT-lər, media orqanları, məktəblər, uşaq tərbiyə müəssisələrinin müəllimləri, dövlət qurumlarında uşaqlarla işləməli olan mütəxəssislərə Mili Fəaliyyət Planı çərçivəsində tədbirlər həyata keçiririk. Həmin tədbirlərdə uşaqlarla bağlı məsələlərdə necə davranmaq lazım olduğundan danışırıq. Bu tədbiri mütəxəssis keçirir. İcra hakimiyyətlərində, polisdə, tərbiyə müəssisələrində məsul şəxslərə profilaktik tədbir keçirərək onlara uşaqlarla davranış qaydalarını xatırladırıq”.
NƏTİCƏ
Qanunun gözündə uşaqlar hamıdan üstündür. Azərbaycan qanunları uşaqları qoruyur. Onlara əməl edərək hər kəs gələcək nəsli qoruya bilər. T.Hüseynzadə deyir: “Uşaqlarla bağlı Nazirlər Kabinetinin qərarları, qaydalar öz yerində, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunu, Uşaq hüquqları haqqında konvensiya, Ailə Məcələsi, hətta ölkə konstitutsiyası uşaq hüquqlarını üstün tutur, ilk növbədə uşağın mənafeyini nəzərə almağı tələb edir. Belə bir yanaşma var: hardasa insan hüququ uşaq hüququ ilə kəsişirsə, uşaq hüququ üstün sayılır”.
Qalır qanunun baxışını mediaya da gətirmək. Bunun üçün isə təlimlər təşkil edilməli, jurnalistlər maarifləndirilməlidir.