“Azadlıq” qəzeti iddia edir ki, Azərbaycan Avropa məkanında məhbuslara ən az xərcləyən ölkələrdəndir. Qeyd edilir ki, məhkum edilmiş hər bir nəfər üçün günlük xərc 8 avro təşkil edir. Sitat: “Ermənistanda hər məhbusa 32 avro, Azərbaycanda 8 avro xərclənir. Bəzi Avropa ölkələrində məhbuslara günlük xərclər belədir- Norveç 378, Lüksemburq 327, İsveç 322 avro”.

Faktyoxla Lab.
“Azadlıq” qəzetinin bu iddiasını araşdırmaq üçün qeyd edilən ölkələrin təcridxanalarında məhbusların ərzaq, səhiyyə, digər zəruri ehtiyacları üzrə vəziyyətinə nəzər salıb.

İlk növbədə, məhbuslara çəkilən xərc dedikdə nələrin nəzərdə tutulduğuna aydınlıq gətirək. Bura məhbusların gündəlik gigeyena, təmizlik, yataq yerlərinin və əşyalarının yuyulması və kamera və həbsxananın təmizliyi, geyim, həbsxananın su, istilik, işıq, qaz, kommunal xidmətləri, digər təsərrüfat xərcləri, eyni zamanda burada çalışan işçilərin əməkhaqları, mühafizə, nəqliyyat, rabitə, digər zəruri xərclər daxildir. Bütün bu xərc maddələri əsasında yekun olaraq bir məhbusa düşən yekun xərc dəyəri hesablanır. Bu baxımdan Avropa ölkələrində sadaladığımız bütün xidmət və təsərrüfat xərcləri çox baha olduğundan Azərbaycan və MDB ölkələrinə nisbətdə hər məhbusa düşən xərc də yüksəkdir.
Avropa Birliyi ölkələrində məhbuslara çəkilən xərcin tərkibində ərzaq xərcləri daha az yer tutur, əsas yüksək xərcləri saxlanma, təsərrüfat, komunal və digər xərclər tutur. Həmin ölkələrdə məhbusların qida rasionu xüsusi menyu və ya təmtəraqlı ərzaq çeşidlərindən ibarət deyil və adi məhbus menyusu müəyyən edilib. Heç bir ölkədə, o cümlədən, Avropa Birliyi üzvü olan Norveç, Almaniya, Lüksemburq, eləcə də Böyük Britaniyada məhbuslara verilən ərzaqlar xüsusi hazırlanmış və ya seçilmiş yemək növlərindən ibarət deyil. Bütün ölkələrdə məhbusların qidalanması üçün müəyən edilmiş ərzaq normativi var.

Belə ki, Almaniyada məhbuslara verilən yeməklər səhərlər adi yüngül yeməklərdən ibarətdir. Bura dənli bitkilərdən hazırlanmış yarma və ya düyü supu, yoğurt, salatlar, kolbasa, omlet və yumurta daxildir. Nahar və şam yeməyi üçün çörək, ət (donuz əti) yumurta, kartof püresi, turşu və kotlet daxildir.
Böyük Britaniyanın həbsxanalarında məhbuslara sobada bişmiş, praktiki olaraq duzsuz olan yeməklər təklif olunur. Həbsxananın qidalanmasında əsas diqqət karbohidratlara verilir, onların miqdarı həmişə gündəlik qəbula uyğun gəlir. Bu ölkədə də səhər yeməyində yarma supu, çörək, süd verilir. Naharda isə tərəvəzlə makaron, sendviçlər, donuz əti, az həcmdə mal əti və omlet verilir. Axşam yeməyinə isə mal ətindən hazırlanmış müxtəlif yeməklər,  vegetarianlar üçün  salat, tərəvəz və piroq nəzərdə tutulub. Məhbuslara həftədə bir dəfə çay və ya qəhvə təklif olunur.
Avstraliyada həbsxana yeməkləri ət, yumurta və süd, dənli bitkilərdən hazırlanmış qidalar, soyuq balıq və ətli sendviçlər, toyuq supundan ibarətdir.
Norveçdə həbsxananın qida sistemi digər Avropa ölkələrindən bir qədər fərqlidir. Bunun da səbəbi məhbuslar yalnız bir mütəşəkkil yeməklə kifayətlənmirlər, ümumi yeməkxanadan başqa, onlar özləri də yemək bişirirlər. Ancaq dövlət onların qidalanmasına çəkdiyi xərcin maddi dəyəri təxminən 8 dollar təşkil edir. mənbə


Beləliklə, Avropa ölkələrində, o cümlədən bir məhbusun günlük ərzaq xərci 8 dollar və ya 7,1 avro təşkil edir. Gündəlik kommunal, tibbi xidmət, gigiyena və s. xərclərin dəyəri açıqlanmasa da, ən yüksək halda 50 avrodan çox ola bilməz.
Göründüyü kimi “Azadlıq” qəzetinin Norveç və Lüksemburqda məhbuslara gün ərzində 322-378 avro xərclənməsi barədə dedikləri həqiqətə uyğun deyil.
Bu iddianın qeyri-ciddi olmasını möhkəmləndirən digər arqumentlər üzərində də dayanaq. Hazırda Norveçdə aylıq orta əməkhaqqı ayda təxminən 54.000 Norveç kronu və yaxud 5000 avro və ya 5385 dollar təşkil edir. mənbə.
Norveçdə
orta aylıq əməkhaqqı  5000 avro olduğu halda, məhbusa ayda 378*31 =11,8 min) 11,8 min avro verilməsi inandırıcıdırmı? Hökumətin məhbusa dayanmadan çalışan məmura, həkimə, müəllimə, alimə, mühəndisə, vergi, bank ya sığorta işçisinə, şəhər bələdiyyəsinin məmuruna verdiyi aylıq maaşdan 2,5 dəfə çox pul xərclənməsi mümkündürmü?
Eləcə də İsveçdə orta aylıq əməkhaqqı 2787 dollar və ya 2600 avro olduğu halda, məhbusa bir ay ərzində (322*31=9,9 min) 10 min avroya yaxın, yəni işləyənlərdən 4 dəfə çox pul xərcləməsi realdırmı?
Burada bir məqama da diqqət etmək lazımdır, Avropa ölkələrində məhbuslar müxtəlif iş və xidmətlərə, sənaye-emal fəaliyyətlərinə cəlb olunaraq dövlətin gəlirlərinin müəyən bir hissəsini təmin edirlər. Yəni, məhbuslar işləyərək hər il Avropa ölkələrinin büdcəsinə gəlir gətirirlər. Hökumət isə həmin gəlirləri onların özlərinə qaytarır. 200-300 avro da məhz budur.

“Ermənistana bir məhbusa gün ərzində 32 avro xərclənməsi” fikrinə aydınlıq gətirək.  Bu, bir ayda 992 avro, erməni pul vahidi ilə 418 min dram edir. Yaxud, dollar ifadəsi ilə gündəlik 34 dollar, aylıq 1054 dollara bərabərdir. Ermənistanda orta aylıq əmək haqqı 2023-cü ilin birinci yarısında 25,5 min dram təşkil edib.


“Azadlıq” qəzetinin facebook səhifəsi xaricdən ianələrlə, “Hayastan” Fondunun yardımı və xarici borclarla hər ilə dövlət büdcəsinin 1 milyard dollar kəsirini bağlamağa çalışan bu ölkənin məhbusa ən yüksək maaş alan vətəndaşından 2 dəfə çox pul xərcləməsini necə iddia edə bilər? “Azadlıq” qəzetinin bu gülünc iddiasını və yalanını hətta Ermənistanın baş naziri Nikol Paşinyan da təkzib edib.
Diqqət edək: N.Paşinyan bir neçə il əvvəl Ermənistan məhbuslarının sosial şəraitinin, xüsusilə də qida təminatının yarıtmaz şəkildə təşkil olunğunu bildirərək Ədliyyə Nazirliyinə və digər qurumlara həbsxanaların layiqli yeməklə təmin edilməsini tapşırmışdı. Ermənistanda cəzaçəkmə müəssisələrində qidalanmanın keyfiyyətinin yaxşılaşdırılması üçün pilot layihəyə start verildiyini xatırladan Paşinyan həmin proqrama əsasən, həbsxanalara ərzaq təminatının kommersiya şirkətləri tərəfindən təşkil olunacağını və bir məhbus üçün yemək xərcinin 1500 drama (3,5 avro) çatdırılacağını bildirmişdi. istinad
Bu rəqəm onu isbatlayır ki, Ermənistanda bir məhbusa düşən gündəlik ərzaq xərci 1500 dramdan da aşağıdır ki, hökumət növbəti illərdə bu xərci qeyd edilən göstəriciyə çatdırmaq istəyir. Bu, gündəlik ərzaq xərcinin dəyəridir, digər xərcləri də nəzərə alsaq, bir məhbusun ümumi xərcləri 7 dolları ötə bilməz.

 
Bütün bunlara rəğmən, Paşinyanın hələ 2-3 il əvvəl verdiyi vədlərin heç birinə əməl olunmayıb və məhbusların “layiqli qida” ilə təminatı, 1500 dram məsələsi də heç həllini tapmayıb. Ermənistanın hüquq müdafiəçilərinin, vətəndaş cəmiyyəti institutlarının, məhbuslarla işləyən ictimai təşkilatların nümayəndələrinin apardıqları monitorinqlər də təsdiqləyir ki, Paşinyan komandasının hakimiyyətdə olduğu bu illər ərzində penitensiar müəssisələrdəki problemlərin həlli praktiki olaraq dəyişməyib. Ermənistanın hüquq müdafiəçisinin müşaviri Vahe Arutyunyanın sözlərinə görə, vaxtaşırı olaraq penitensiar müəssisələrə baş çəkilir, məhbusların ailələri ilə görüşülür və ümumi nəticə ondan ibarətdir ki, məhbusların heç bir problemi həll olunmayıb, təcridxanalarda saxlanma şəraiti heç bir meyarlara cavab vermir. Məhbusların sosial şəraiti ilə bağlı hökumətin söylədikləri yalnız kağız üzərində qalıb. istinad
Həbsxana yeməklərinin keyfiyyəti isə bu ölkədə uzun illərdir ki, mübahisələrə səbəb olmaqdadır. Məhbuslar yeməklərinin keyfiyyətsizliyindən və çeşidlərin azlığından şikayətlənirlər. Bu onunla bağlıdır ki, həbsxana yeməkləri çox vaxt kütləvi şəkildə istehsal olunur və keyfiyyəti çox aşağıdır. Bunun da səbəbi hökumətin ayırdığı gündəlik qida büdcəsinin az olmasıdır.

Məsələ ondadır ki, Ermənistanın Baş Prokurorluğu da həbsxanadakı vəziyyətlə bağlı araşdırma aparıb və məhbuslara lazım olduğundan daha az yemək verilməsi barədə Penitensiar Xidmət qarşısında məsələ qaldırıb.  Prokurorluğun məlumatında qeyd edilir ki, cəzaçəkmə müəssisələrində verilən yeməklərin kalorisi azdır, pəhriz müxtəlifliyi (gündə ən azı 2800 kilokalori miqdarında) ilə bağlı dövlət tələbləri pozulub. Yeməyin kalorililiyi tələb olunandan aşağı, bəzi hallarda isə 50%-ə çatıb. Qida təminatını həyata keçirən təchizatçı şirkət “Ralph Group” MMC büdcədən kəsilmədən nəzərdə tutulan ərzaq normativləri üzrə vəsaitləri alıb, ancaq təcridxana rəhbərliyi ilə qidanın menyusunu “kəsiblər”. Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin bir sıra digər maddələri ilə cinayət işi başlanıb və iş Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə göndərilib. istinad
Göründüyü kimi, Ermənistanda məhbusların saxlanma şəraitinin, tibbi xidmətin, digər təminatların, xüsusilə də ərzaq və qida təchizatının vəziyyəti qeyri-qənaətbəxşdir, məhbuslar lazımi və keyfiyyətli qida ilə təmin olunmur. Bu faktlar isə bir daha Ermənistanda məhbusların saxlanmasını Azərbaycandan yaxşı olması və yaxud onlara gün ərzində 32 avro pul xərclənməsi barədə deyilənləri ifşa edir, “Azadlıq” qəzetinin iddialarının saxta olmasını təsdiqləyir.
Bu müqayisələrdən sonra Azərbaycanda məhbusların ərzaq və digər sosial-məişət təminatları və hər nəfərə çəkilən xərcin məbləğini müəyyən etməyə çalışaq.
Nazirlər Kabinetinin “Məhkumların yemək və maddi-məişət normalarının təsdiq edilməsi barədə” 2001-ci il 25 sentyabr tarixli 154 nömrəli qərarına əsasən, “Məhkumların yemək və maddi-məişət normaları” təsdiq edilib. Həmin normalara görə, cəzaçəkmə müəssisələrində saxlanılan məhkumların gündəlik ərzaq normaları (Bir adam üçün sutka ərzində, qramla) 1-ci növ buğda unundan çörək 700 qram, 2-ci növ buğda unu 15 qram, müxtəlif yarmalar 125 qram, makaron məmulatı 25 qram, ət 80 qram ( bir ayda 3,2 kq), balıq 100 qram, şəkər tozu 30 qram, kartof 550 qram, tərəvəz 250 qram və s. nəzərdə tutulub. mənbə

Yeri gəlmişkən, Dövlət Statistika Komitəsinin Ərzaq Balansına əsasən, ölkəmizdə bir nəfərə düşən illik ət (mal və qoyun əti, balıq və donuz əti istisnadır) təxminən 40-44 kq təşkil edir. Bu, bir ay ərzində, 3,4 kq deməkdir. istinad
Məhbuslara gündəlik 80 qram ət verildiyini nəzərə aldıqda, onların azadlıqda sərbəst və daha əlçatan imkanlar hesabına ay ərzində istehlak etdiyi normada yediyi ətin həcminə yaxın (ayda 2,5 kq) qidalandığı məlum olur.
Yəni, Azərbaycan bütün dünya ölkələrində qəbul olunmuş standartlar əsasında hər bir məhbusun qida rasionunu təmin edir, saxlanma-sosial şəraitini həmin qaydalar əsasında tənzimləyir. 
Azərbaycanın Penitensiar Xidməti məhbusların qidalanması və saxlanmasını, tibbi xidmətlərlə təchizatı, dərmanlarla təmin olunması və s. təminatları daim nəzarətdə saxlayır,  onlara çəkilən xərcləri müvafiq qurumlar təftiş edir.  
Eləcə də müxtəlif ictimai təşkilatların, vətəndaş cəmiyyəti institutlarının, insan haqları üzrə xarici təşkilatların nümayəndələri dəfələrlə cəzaçəkmə müəssisələrində olaraq məhbusların saxlanma şəraiti, qida təchizatı ilə yerindəcə tanış olurlar. Onların qida ilə bağlı hansısa narazılıqlarına demək olar ki, rast gəlinməyib.

Nəticə:

“Azadlıq” qəzetinin facebook səhifəsinin iddia etdiyi

-“Ermənistanda hər məhbusa 32 avro xərclənir” fikri yanlışdır. Bu ölkədə məhbuslara ayda 992 avro ( 418 min dram) pul xərclənir. Ermənistanda orta aylıq əmək haqqı 2023-cü ilin birinci yarısında 25,5 min dram təşkil edib. Belə çıxır ki, bu ölkədə məhbusa ən yüksək maaş alan vətəndaşından 2 dəfə çox pul xərcləyib?

-“Bəzi Avropa ölkələrində məhbuslara günluk xərclər belədir -Norveç 378, Lüksemburq 327, İsveç 322 avro” fikri də saxtadır. Təkcə Norveç misalını gətirək. Bu ölkədə orta aylıq əməkhaqqı 5000 avro olduğu halda, məhbusa ayda (378*31 =11,8 min) 11,8 min avro verilməsi inandırıcıdırmı? Hökumətin məhbusa dayanmadan çalışan məmura, həkimə, müəllimə, alimə, mühəndisə, vergi, bank ya sığorta işçisinə, şəhər bələdiyyəsinin məmuruna verdiyi aylıq maaşdan 2,5 dəfə çox pul xərclənməsi mümkündürmü?