Xankəndinə bir neçə müddətdir verilişi dayandırılmış qaz nəqli iyulun 8-dən bərpa olunub. Lakin erməni mənbələr bir gün sonra qaz verilişində yenidən fasilə yarandığını bildiriblər. mənbə
Faktyoxla Lab. bu problemin yaranma səbəblərinə aydınlıq gətirməyə çalışıb.
Qondarma qurumun əsas təbliğatçılarından olan, separatçı Beqlaryanın fikirlərindən məlum olur ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda qaz nəqlinə müvəqqəti məsul olan şirkət iyulun 9-da qaz təchizatının bərpası ilə əlaqədar tədbirlər görüb və hazırda bütün abonentlərin qazla təmin edilməsi işləri aparılır. istinad
A.Beqlaryan özü də etiraf edib ki, Ermənistandan Qarabağa nəql edilən qaz bərpa olunub. Yəni, erməni mediasının, sosial media fəallarının “qaz yenidən kəsilib” ittihamı yalandır.
Mediada yayılan məqalələrdə də ermənilər saxta məlumatlardan istifadə edirlər. Misal üçün, "Azadlıq" radiosunun erməni bürosunun 10 iyul tarixində paylaşdığı məqalədə Xankəndinə qaz təchizatının fasilələrlə verildiyi qeyd olunur. Amma məqalədə nədənsə Xankəndidə 18 yanvar 2023-cü il tarixində çəkilmiş foto təqdim edilib.
Məqalədəki digər faktların saxtalaşdırılmasını bir kənara qoyub, yalnız bu fotoya diqqət yetirəriksə, maraqlı məqamlar ortaya çıxar.
Diqqət edək:
1) Əgər doğrudan da uşaq şam işığında əyləşibsə onun proyeksiyası (sarı xətlə göstərilib) arxa divarda aydın əks olunmalı idi. İndiki halda biz bu proyeksiyanı görmürük.
2) Eynilə uşağa çörək uzadan qadının əlinin proyeksiyası (mavi rənglə göstərilib) divarda görünməli idi. Bu da yoxdur.
3) Bəs bu proyeksiyaların görünməmə səbəbi nədir? Soyuducunun qapısında əks olunan gur işıq selinin əksi. Yəni, fotonun çəkildiyi nöqtədən arxada, çox böyük ehtimal ki, küçə işıq dirəklərinin və ya bu səhnəni çəkən fotoqrafın əlavə işıq gücləndirmə qurğusunun (az ehtimal) işıq seli düşür. Yani daha gur işıq şam işığının şaxələnmiş proyeksiyasının yaranmasına mane olur. Əgər küçə işıq dirəkləri yanırsa evdə isə blokada şəraitində işıqsız və qazsız yaşayan ailənin fotosunu çəkib, təbliğat aparmaq etik deyil.
4) Hələ işıq qovşağına qoşulmuş (qırmızı rənglə işarələnib) soyuducunu demirik.
Belə fotolar, səhnələşdirilmiş situasiyalar çoxdur.
İndi isə bu bölgəyə məişət qazını haradan və "kim" tərəfindən verildiyini, “mavi yanacağın” hansı kəmərlə nəql olunduğunu dəqiqləşdirək.
Bu yazını ingilis dilində oxuya bilərsiniz: Who cuts the gas supply to Khankandi?
Əvvəla, qeyd edək ki, Xankəndinə verilən qazın kəsilməsi birinci hal deyil və bir neçə dəfə belə hadisə baş verib. 2022-ci ilin dekabr ayında Azərbaycanın ekofəallarının Şuşa-Xankəndi yolunda başladığı aksiyanı dünya ictimaiyyətinə “humanitar blokada” kimi təqdim edən separatçı rejim və onların sosial media resursları, erməni mediası belə təsəvvür yaratmağa çalışırdı ki, Xankəndini qazla təmin edən kəməri Azərbaycan qəsdən bağlayıb. Terrorçu rejimin qaz təsərrüfatına nəzarət edən qondarma şirkət belə bir bəyanatla çıxış etmişdi ki, Azərbaycan 12 dekabr 2023-cü il tarixdən etibarən qaz xəttində təmir adı altında Qarabağdakı erməni sakinlərini "humanitar blokadaya" alıb. mənbə
Həmin vaxt Azərbaycanın mərkəzi qaz təsərrüfatçısı olan “Azəriqaz”ı İstehsalat Birliyi rəsmi açıqlama yayaraq erməni saxtakarlığını ifşa etdi: “Ermənistan mətbuatında yayılan dezinformasiyaya görə, guya Azərbaycan tərəfi Rusiya “sülhməramlıları”nın müvəqqəti yerləşdiyi ərazilərdə mavi yanacağın təchizatını dayandırıb. Şübhəsiz ki, bu, beynəlxalq ictimaiyyətin çaşdırılmasına və beynəlxalq ictimai rəyin səhv istiqamətə yönləndirilməsinə xidmət edir. “Azəriqaz” İB olaraq bəyan edirik ki, Azərbaycanın sözügedən məsələ ilə heç bir əlaqəsi yoxdur. Belə ki, Rusiya “sülhməramlıları”nın müvəqqəti yerləşdiyi ərazilərdə qaz təchizatı Ermənistan tərəfindən həyata keçirilir və sözügedən ərazilər ölkəmizin qaz təchizatı sisteminə inteqrasiya olunmayıb”. istinad
Ona görə də bölgədə qaz nəqlində yaranmış fasilənin Azərbaycana aidiyyatının olmadığını birmənalı olaraq bildirmək mümkündür.
Xankəndinə qaz təchizatı necə həyata keçirilir?
Xankəndinə qaz təchizatı Azərbaycan torpaqları Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmazdan bir neçə il əvvələ kimi, daha dəqiq desək, 1990-cı ilə qədər Azərbaycanın vahid qaz şəbəkəsinin tərkibində olmaqla həyata keçirilib. Sovet dövründə Ağdam şəhərindən Xankəndinə çəkilmiş qaz xətti vasitəsilə bu bölgə uzun illər “mavi yanacaq”la təmin olunub. İşğal illərində isə Ermənistan Silahlı Qüvvələri, terror birləşmələri Qarabağda bütün zəruri infrastrukturları, o cümlədən də qaz təsərrüfatını tamamilə darmadağın ediblər. Ağdam-Xankəndi qaz xəttinin sıradan çıxması nəticəsində qazsız qalmış bölgənin yanacaq təminatını üzərinə götürən Rusiyanın “Qazprom” şirkətinin törəmə müəssisəsi olan “Qazprom Ermənistan” mövcud qaz sistemi şəbəkəsini Gorus-Laçın-Xankəndi xəttinə birləşdirməklə Xankəndinə yeni qaz xətti çəkib. Qeyd edilən şirkət hətta bu kəmərin “modernləşdirilməsinə” də vəsait xərcləyib, Ermənistan sərhəddindən Xankəndiyə qədər təxminən 80 kilometrlik kəmərin kiçik təmir və rekonstruksiya işlərini aparmaqla terrorçu rejimin qaz sənayesini yeniləşdirib. Ərazidə qaz təsərrüfatını idarə etmək üçün qondarma "istehsalat birliyi" yaradıb. mənbə
Rusiyanın il ərzində Ermənistana nəql etdiyi 2.5 milyard kub.metr qazın təxminən 50 milyon kub.metri Xankəndi və bitişik ərazilərə verilir. “Qazprom Ermənistan” Xankəndinə qazı, vaxtilə Azərbaycanın çəkdiyi Bakı-Yevlax-Ağdam-Xankəndi-Laçın-Gorus-Naxçıvan qaz kəmərinin hazırda istismarda olan Gorus-Laçın-Xankəndi xətti ilə ötürür. Həmin kəmər isə Laçın dəhlizinə paralel olsa da, Rusiya “sülhməramlı”larının məsuliyyət zonasından keçir və kəmərə Azərbaycanın qaz təsərrüfatı orqanının fiziki olaraq müdaxilə etmək imkanları məhduddur. istinad
Göründüyü kimi Bakı-Yevlax-Ağdam-Xankəndi qaz marşrutu ermənilər tərəfindən qəsdən sıradan çıxarıldığından Xankəndinə qaz nəqli Xankəndi-Laçın-Gorus xətti ilə ötürülür ki, qazın ötürülməsi və dayandırılması “Qazprom Ermənistan”ın əlindədir. Hazırda həmin bölgədə qaz xətlərinin layihələndirmə və pasportlaşdırma işləri, yeni xətlərin yenidən qurulması sxemləri tam hazır olmadığından Azərbaycan Xankəndinə ötürülən qazın köhnə xəttlə müvəqqəti nəqlinə imkan yaradır.
Kəmərin yalnız Şuşa yaxınlığında keçən təxminən 1 km-lik hissəsi Azərbaycanın nəzarətindədir. Ancaq bu ərazilər ümumilikdə, Rusiya “sülhməramlı”ların məsuliyyət zonasına aid olduğundan Azərbaycan qaz idarəsi işçilərinin fiziki müdaxiləsi mümkün deyil və qazın verilişində müxtəlif vaxtlarda yaranan fasilələrin Azərbaycanla heç bir əlaqəsi yoxdur.
Məlumdur ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu torpaqlarımızı azad etdikdən və ərazi bütövlüyümüz təmin olunduqdan sonra həmin bölgədə zəruri infrastrukturların bərpası və yenidən qurulmasına başlanılıb. Dövlət başçısının müvafiq sərəncamlarına əsasən Qarabağ və Şərqi-Zəngəzur iqtisadi rayonları yaradılıb. İqtisadi rayonlaşmadan sonra həmin bölgədəki bütün infrastrukturların vahid reyestri və təsərrüfat sxemləri tərtib olunmaqdadır. Ona görə də, vaxtilə Ermənistandan Xankəndinə çəkilmiş qanunsuz qaz xətti Qarabağ iqtisadi rayonunun kommunal infrastruktur sisteminə daxil olduğundan həmin ərazidən keçən qaz xətti faktiki olaraq mərkəzi təsərrüfatçı orqan olan “Azəriqaz”ın nəzarətinə keçməkdədir. Ağdərə və Xankəndinin də qaz təsərrüfatının yenidən qurulması, müvafiq infrastrukturların yaradılması, qazpaylayıcı şəbəkələrin və qaz xətlərinin işinin təmin edilməsi, qaz təchizatına nəzarətin təmin olunması və digər tədbirlərin həyata keçirilməsi üçün “Azəriqaz” İB qarşısında müvafiq tapşırıqlar qoyulub.
Bu yazını rus dilində oxuya bilərsiniz: Кто перекрывает подачу газа в Ханкенди?
“Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planına əsasən, Azərbaycan hökuməti tərəfindən 2025-ci ilə qədər Ağdam -Xankəndi qaz kəməri çəkilərək istismara verilməli, qaz kəmərinin və üzərində qaz tənzimləyici məntəqələr quraşdırmaqla qaz verilişi vahid mərkəzdən təmin edilməlidir. Bu isə avtomatik olaraq Gorus-Laçın xətti üzrə nəql edilən qazın kəsilməsinə səbəb olacaq.
Mənbə: “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planı. ( Fəaliyyət istiqaməti 4.4. Ərazilərin qaz təchizatı üçün magistral şəbəkənin qurulması. 10-cu bənd Səh 24.)
Buna görə də, Ermənistan müxtəlif təxribatlar törətməklə Azərbaycanın Xankəndinin qaz təminatını üzərinə götürmək və yeni qaz təchizatı sistemi qurmaq planlarını məqsədli şəkildə gözdən salmağa cəhd göstərir. Bura qədər ümumi mənzərə aydındır.
İndi Rusiyadan Ermənistana qaz nəqlində son 4 ayda baş verən qırılmaların xronolgiyasına diqqət edək.
18 fevral 2023. Xəbər başlığı: "Qazprom-Ermənistan" Rusiyanın bu ölkəyə qaz tədarükü qismən dayandırılacaq. Məlumatda bildirilir ki, Stavropol vilayətində “Şimali Qafqaz-Transqafqaz” qaz kəmərinin blokadası (?-red.) səbəbindən Rusiyadan Ermənistana qazın tədarükü əhəmiyyətli dərəcədə azalıb. Bu barədə "Qazprom-Armenia" şirkətinin mətbuat xidməti xəbər verir. Fevralın 14-də Stavropol vilayətində təxminən saat 16:00-da qaz kəməri bağlanıb. Bu da Ermənistana qaz nəqlində fasilələrə səbəb olub və Rusiyadan idxal olunan təbii qazın kifayət qədər azalması müşahidə edilib. mənbə
01 may 2023. Rusiyadan Ermənistana qaz nəqli mayın 1-i saat 08:00-dan, mayın 4-ü saat 20:00-a qədər dayanıb. Bu barədə “Qazprom Ermənistan” məlumat yayıb. Məlumata görə, buna səbəb "Şimali Qafqaz-Zaqafqaziya" qaz kəmərində aparılan təmir işləridir. mənbə
04 may 2023. Xəbər başlığı: “Qazprom” Ermənistana təbii qaz nəqlini bərpa edib. "Qazprom-Armeniya" saytının verdiyi məlumata görə, Şimali Qafqaz-Transqafqaz qaz kəmərində planlaşdırılmış təmir işləri başa çatdıqdan sonra Ermənistana təbii qazın verilməsi bərpa olunub. mənbə
09 iyul 2023. "Ermənistandan Qarabağa təbii qaz ötürülməsi bərpa olunub". Bu haqda “Armenpress” məlumat yayıb. Məlumatda deyilir: “Ermənistandan Qarabağa qaz təchizatının bərpası nəticəsində iyulun 8-də axşam saatlarında yığılan (toplanmış) qazın təhlükəsizlik məqsədilə əvvəlcə yalnız qaz stansiyalarına tədarükü başlayıb. İndi isə bu işlərə müvəkkil şirkətin işçiləri qaz təchizatı sisteminin hazırlanması məqsədilə əlavə texniki işlər həyata keçirirlər. Şirkət hazırlıq işləri ilə paralel olaraq, bu gündən etibarən bütün abonentlərə qaz təchizatının mərhələli şəkildə bərpa edib”.
Burada bir məqamı qeyd edək ki, Rusiyanın rəsmi xəbər agentliyi olan İTAR-TASS yaydığı məlumatda təhriflərə yol verib. Qeyd edilən xəbərdə yazılır ki, "Ermənistandan Qarabağa (agentlik “Naqorno-Karabağ” yazıb-red.) ötürülən qaz kəmərinə nəzarət edən Azərbaycan zaman-zaman Qarabağa qaz verilməsinin qarşısını kəsir. Regionun erməni sakinləri təxminən 6 aydır ki, qaz təchizatından məhrum edilib”. Halbuki, “Qazprom”-un xətlərində nasazlıq yarandığı üçün qaz nəqlinin kəsilməsini xəbər agentliyi məlumatlarında qeyd edib. Regionun erməni sakinlərinin qazla təminatında problemlər isə cəmi 3 dəfə yaranıb və səbəbini artıq izah etmişik.
Diqqət yetirdinizsə, Rusiyadan- Ermənistana, Ermənistandan isə Qarabağa təbii qaz ötürülməsində problem yaranan kimi, erməni mediası, sosial media aktivləri və xaricdə erməni lobbisinin dəstəyi ilə fəaliyyət göstərən fərdlər və təşkilatlar Azərbaycanı Qarabağda yaşayan erməni sakinlərini “qaz blokadasında” saxlamaqda günahlandırırlar. Halbuki, problem özlərindən qaynaqlanır.
Burada iki versiya var:
Birincisi, Ermənistan məqsədli şəkildə qaz xəttində texniki nasazlıq adı altında fasilələr yaratmaqla Xankəndi sakinlərini Azərbaycanın mərkəzi hökumətinə qarşı narazılığa və etiraza sövq etmək, bölgədə gərginliyi artırmaq məqsədi güdür. Bunun da başlıca səbəbi Xankəndinin Azərbaycan qanunları əsasında idarə olunması istiqamətində intensiv işlərin sürətlənməsi və Xankəndindəki separatçı rejimin bütün dayaq nöqtələrinin sıradan çıxarılması, bölgənin Azərbaycanın legitim hüquq prinsiplərinə tabe etdirilməsinin yekunlaşmasıdır ki, bu qüvvələr qeyd edilən situasiyanı qəbul etmək istəmirlər. Bir sözlə, qaz nəqlində qırılmalar da məqsədli şəkildə törədilmiş təxribatdır.
İkincisi, Ermənsitan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması istiqamətində səylərin müsbət sonluğa yaxınlaşması və iki ölkə arasında siyasi-iqtisadi təmaslar üçün zəmin mühitin yaradılmasıdır. Regionda sülhün və etimadın bərqərar olması prosesləri sayəsində sözsüz ki, Xankəndində yaşayan ermənilərin Azərbaycan vətəndaşlığını daşıyacağını qəbullanan İrəvan administrasiyasının perspektivdə həmin bölgədə yerləşən iqtisadi-kommunal infrastrukturların, tranzitlərin Azərbaycanın suveren hüquqları çərçivəsində tənzimlənməsinə də irad və narazılığı olmayacaqdır. Bu xüsusda Ermənistandan Xankəndinə nəql edilən qaz xətti, eləcə də elektrik və rabitə kabelləri, digər kommunal şəbəkələr avtomatik olaraq Azərbaycanın yurisdiksiyasına keçməklə, Bakıdan idarə olunacaq. Gorus-Xankəndi qaz xətti birdəfəlik bağlanacaq və şəhər sakinləri Azərbaycanın qaz təsərrüfatı ilə müqavilə bağlayaraq, “Azəriqaz”ın qaydaları əsasında yanacaq təminatı alacaq. Nəticədə “Qazprom”un və qondarma şirkətin bölgədəki mövcudluğu aradan qalxacaq. Bunu isə istəməyən qüvvələr var.
Nəticə:
♦“Azərbaycan Xankəndinə qaz nəqlini dayandırıb” iddialarının heç bir əsası yoxdur.
♦ Bu kampaniyada əsas məqsəd bu cür təxribatlarla Azərbaycanı “humanitar böhran” yaratmaqda suçlamaqdır.
♦ Xankəndinə ötürülən təbii qazın dayandırılması, “nasazlıq” və digər problemlərin baş verməsində Azərbaycanın qaz təsərrüfatçısının heç bir günahı yoxdur.
♦ Ermənistan və maraqlı qüvvələr qaz kəmərinin “texniki nasazlığından” siyasi məqsədlər üçün istifadə etməyə çalışırlar.