Avropa Şurasının Nazirlər Komitəsi və Avropa İttifaqının nümayəndə heyəti oktyabrın 18-də Strasburqda keçirilən görüşdə Ermənistan/Azərbaycan münaqişəsi ilə bağlı bəyanat qəbul ediblər.
Faktyoxla Lab. bəyanatın qəbulu proseduru və diqqətçəkən digər məqamlarla bağlı araşdırma aparıb.
Əvvəla onu qeyd edək ki, bu “bəyanat” söylənildilyi kimi “Avropa Şurasının Nazirlər Komitəsi və Aİ nümayəndə heyəti” tərəfindən deyil, Avropa Şurası Nazirlər Komitəsinin və Avropa İttifaqının Avropa Şurasındakı Nümayəndəliyinin (European Union Delegation to the Council of Europe) iclasında qəbul olunub.
Həmin bəyanata Avropa İttifaqının Avropa Şurasındakı Nümayəndəliyinin saytında rast gəlinir.
Bəyanatı yayan sayt Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) rəsmi səhifəsidir.
Araşdırma nəticəsində bəlli oldu ki, prosedurlara görə, Nazirlər Komitəsinin növbəti iclas gününün vaxtı, gündəlik fəaliyyət planı, məruzələr, hesabatlar, qətnamələr haqda məlumatlar (iclas gününə 2 həftədən az vaxt qalmamış) qurumun saytında yerləşdirilir. Sonuncu 18 oktyabr iclasının gündəliyi 6 oktyabr 2023-cü ildə sayta daxil edilib.
Burada vacib vurğulamalı bir məqam da odur ki, əslində bu fəaliyyət planı Avropa Şurasının Nazirlər Komitəsinin də deyil, Nazir müavinlərinin iclası üçün nəzərdə tutulub.
Həmin linkdə olan “Gündəlik sənədlər”, “tövsiyələr”, “qətnamələr”, “işçi sənəd, “yayılan sənəd”, “hesabatlar”, “çıxış”, “Fəaliyyət planı” bölmələrində axtarış apardıqda “Avropa Birliyinin Ermənistan/Azərbaycan haqqında bəyanatı” adlı (EU statement on Armenia/Azerbaijan”) sənədə rast gəlinmir.
Yəni, bu məsələ nəinki öncədən, hətta sonrakı günlərdə də 18 oktyabr 2023-cü il tarixli iclasının “fəaliyyət planına” daxil edilməyib.
Bəs, Avropa İttifaqının Avropa Şurasındakı Nümayəndəliyinin Nazirlər Komitəsi ilə birgə bəyanat qəbul etmək statusu varmı?
Qurumun “Prosedurlar və fəaliyyət metodları”nda “Nümayəndəliklərin” səlahiyyətləri barədə bənddə yazılıb.
İlk sözü “Avropa İttifaqı hesab edir ki...” ilə başlayan “bəyanat”da 4 dəfə məhz Avropa İttifaqının qənaəti vurğulanır və yekunda Albaniya, Andorra, Bosniya və Hersoqovina, İslandiya, Lixtenşteyn, Monako, Monteneqro (Qaradağ), Şimali Makedoniya, Norveç və San-Marinonun da bu bəyanata Ermənistan mediasının iddia etdiyi kimi "imzaladıqları" deyil, məhz "qoşulduqları" qeyd olunur.
Dövlətlərin qoşulması məsələsinə gəldikdə, bəllidir ki, adıçəkilən dövlətlərdən heç biri Avropa İttifaqının üzvləri deyillər. Bundan əlavə, Balkan ölkələri- Albaniya, Bosniya və Hersoqovina, Monteneqro (Qaradağ) və Şimali Makedoniya Avropa İttifaqı ilə “Stabilləşmə və assosiasiya haqqında” (European Commission Stabilisation and Association Agreement) Saziş imzalayıblar. Bu Saziş, Avropa İttifaqı ilə Balkan ölkələri arasında “Stabilləşmə və Assosiasiya Prosesi”nin həyata keçirilməsi üçün əlaqələrin əsasını təşkil edir. Saziş hər bir tərəfdaş ölkənin konkret vəziyyətinə uyğunlaşdırılır və Aİ ilə sazişi imzalayan ölkə arasında azad ticarət zonası yaratmaq, həmçinin ümumi siyasi və iqtisadi məqsədləri, regional əməkdaşlığı təşviq edir. Avropa İttifaqına daxilolma kontekstində bu Saziş qoşulma prosesinin həyata keçirilməsinin əsasını təşkil edir. Yəni, sazişi imzalayan dövlətlər Avropa İttifaqının tövsiyələrini, çağırışları qeyd-şərtsiz yerinə yetirir. Belə çıxır ki, Avropa Şurasının Nazirlər Komitəsinin iclasında Avropa İttifaqının bu qurumdakı nümayəndəliyinin bəyanatı yayılır və Avropa Birliyinə daxil olmayan ölkələr də bu “bəyanata” Sazişin tələblərinə uyğun olaraq məcburiyyətdən qoşulurlar.
Yekunda, Avropa İttifaqının Avropa Şurasındakı nümayəndəliyinin və Avropa Şurasının Nazirlər Komitəsi ilə birgə səsləndirdiyi “bəyanat”ın hüquqi statusu barədə: "Bu formatda qəbul olunan qərarlar heç bir halda Nazirlər Komitəsinin qərarı sayılmır, Avropa Birliyinin adından yayılan bəyanatlar isə humanitar xarakterli hesab edilir. Bu cür bəyanatlar səsvermə tələb etməyən və maarifləndirmə xarakterli bəyanatlardır” (mənbə)
Nəticə:
- Avropa Şurasının Nazirlər Komitəsi və Avropa İttifaqının nümayəndə heyətinin Ermənistan/Azərbaycan münaqişəsi haqqında "bəyanatı" hüquqi prosedurlar pozulmaqla yayılıb;
- Səslənən bəyanat heç bir hüquqi əsası olmayan, səsvermə tələb etməyən, yalnız maarifləndirmə xarakterli bəyanatdır;
- Bəyanata qoşulan dövlətlərin yarısı Avropa İttifaqı ilə “Stabilləşmə və assosiasiya haqqında” saziş imzalayıblar ki, bu sazişə əsasən qeyd edilən dövlətlər Aİ-dən gələn bütün təkliflərlə razılaşmalı və dəstəkləməlidilər