Enerji qiymətlərinin artması ilə neft şirkətləri davamlılıq fəaliyyətləri çərçivəsində müəyyən etdikləri iqlim hədəflərini geri götürməyə başladılar. İqlim hədəfləri ilə bağlı aldadıcı elanlar isə iqlim dəyişikliyi ilə mübarizəni ləngidir.

İqlim dəyişikliyinin qlobal miqyasda əhəmiyyətini sübut etmək üçün uzun illər lazım oldu. Böyük şirkətlər yüksək karbon emissiyaları ilə bu problemin ən ciddi səbəblərindən biridir.

Aşkar edilmiş şirkətdaxili yazışmalar sübut edir ki, bir çox iri neft şirkətləri öz fəaliyyətlərinin qlobal istiləşməyə səbəb olduğunu bilirdilər, lakin bunu ictimaiyyətdən gizlədirdilər. Bir neçə il əvvəl eyni aktyorlar qarşıya qoyduğu davamlılıq hədəfləri ilə yeni obraz yaratmağa çalışıblar. İndi isə ictimaiyyətə elan etdikləri bu iqlim hədəflərindən bir-bir geri çəkilirlər.

Əməl edə bilməyəcəkləri vədlər verməklə məsuliyyətli və “ekoloji cəhətdən təmiz” imic yaratmağa çalışan çirkləndirici şirkətlər “yaşıl yuyulma”nın getdikcə daha çox yayılmış üsuludur. Şirkətlər tərəfindən cəmiyyəti bu şəkildə çaşdırmaq iqlim dəyişikliyi ilə mübarizəyə əngəl törədir.

Davamlılığın artan əhəmiyyəti təkcə dövlətləri deyil, həm də şirkətləri ətraf mühitə təsirlərinə görə cavabdeh olmağa sövq edir. İqlim dəyişikliyi və onun hər keçən gün daha çox nəzərə çarpan mənfi təsirləri biznes modellərini təhdid edən risklər yarada və şirkətlərin xərclərini də artıra bilər. Şirkətlərin uzunmüddətli davamlılığına və sosial reputasiyasına əhəmiyyət verən səhmdarlar, həm də şirkətlər üçün iqlim hədəflərinin müəyyən edilməsində hərəkətverici qüvvə rolunu oynadılar.

Şirkətlərin öz səhmdarları qarşısında cavabdehlik öhdəliyi bir çoxlarını, xüsusilə də böyük neft şirkətlərini son illərdə iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində iddialı davamlılıq hədəfləri müəyyənləşdirməyə vadar etmişdi. Neft nəhənglərinə əlavə olaraq, özəl sektorda iki yüzdən çox şirkət 2040-cı ilə qədər emissiyaları sıfıra endirəcəyinə söz verib. Lakin şirkətlər tez-tez səssizcə bu "yaşıl" məqsədlərdən geri çəkilirlər, bu da bazar tendensiyalarına xidmət edir. Son zamanlar getdikcə daha çox şirkət öz məqsədlərindən geri çəkilir.

Böyük neft istehsalçılarının “neytral karbon” siyasətlərinə artan həvəsi əslində Covid-19 pandemiyası dövrünə təsadüf edir. Pandemiyanın təsiri ilə enerji qiymətlərinin aşağı düşməsi bazarı alternativlər axtarmağa vadar etdi. Lakin 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində təbii qaz və neftə çıxış məhdudlaşdı. Müharibənin və pandemiyanın təsirləri birləşdikdə, dünya enerji böhranına girdi və bu dəfə qiymətlər qalxdı. Bu nöqtədə, şirkətlərin iqlim hədəflərini geri çəkməyə başlamasının əsas səbəbi olaraq yenidən qalıq yanacaq qiymətlərindəki artım göstərilir. Bu prosesdə şirkətlər quraşdırılma xərclərini əsas gətirərək, bərpa olunan enerjiyə keçmək planlarından imtina etdilər. Xatırladaq ki, “Shell "xalis sıfıra" getməyə söz vermiş, “Exxon” isə yosunlardan yanacaq istehsal etməyi planlaşdırırdı.

Bərpa olunan enerjidən uzaqlaşma, əsasən investorların təzyiqi və bazar gözləntiləri ilə şərtlənir. Şirkətlər səhmdarlarına ödəmələri artırmaq üçün öhdəliklərini zəiflədir və ya geri götürürlər. Bu, tez-tez "biz sadəcə artan tələbata cavab veririk " kimi alibi ilə müdafiə olunur və top səhmdarlara ötürülür.

“Shell”in 2021-ci ildə elan etdiyi strategiyalar arasında neft hasilatını hər il azaltmaq da var idi.

Amma şirkət 2022-ci ildə 40 milyard dollar qazanc əldə edərək rekord qırdı. Bundan sonra “Shell”in yeni baş direktoru Vael Savan 2023-cü ilin iyun ayında iqlim hədəflərinə çatmaq planlarının olmadığını açıqladı. Qərara bəraət qazandıran “Shell”, Texasdakı neft yatağının satışı hesabına hasilatın azaldılması hədəfinə nail olduğunu iddia etdi. Savanın fikrincə, aşağı gəlir gətirəcək bir hərəkətin edilməsi üçün heç bir əsas yox idi. Hazırkı planlarına görə, neft nəhənginin hasilatı 2030-cu ilə qədər sabit qalacaq və 2035-ci ilə qədər neft və təbii qaz hasilatına 40 milyard dollar sərmayə qoyulması planlaşdırılır.

İqlim üzrə öhdəliklərin bir hissəsi olaraq, “Total” 2050-ci ilə qədər emissiyaları xalis sıfıra çatdırmağı qarşısına məqsəd qoyub. Yenilənə bilən enerji sərmayələrinin artacağını ifadə edən “Total”, günəş, külək və anbar layihələrinə də əhəmiyyətli investisiyalar etməyi planlaşdırır.

 Bütün öhdəliklərinə baxmayaraq, indi “TotalEnergies” kimi tanınan “Total” iri neft və təbii qaz layihələrinə sərmayə qoymağa davam edir. Məsələn, şirkətin Şərqi Afrika Xam Neft Boru Kəməri ( EACOP ) layihəsində iştirakı tənqidlərə səbəb oldu. 2019-cu ildə təxminən 16 milyard dollar sərmayə qoyaraq Mozambikdə yeni təbii qaz yatağında istehsala başladı. Bununla belə, bu investisiya sentyabr ayında ciddi beynəlxalq mübahisələrə səbəb oldu, çünki çirkləndirici emissiyalara, habelə yüzlərlə Mozambik vətəndaşının işgəncə və qətlinə səbəb oldu. “Total” cari strategiya planında 2030-cu ilə qədər yeni neft quyularına sərmayə qoymağa davam edəcəklərini bildirir. Baş direktor Patrik Pouyannenin sözlərinə görə, şirkət insanların təbii qaz və neftə olan tələbatı davam etdiyi müddətcə, istehsalı davam etdirəcək (mənbə).

Bütün hədəflərin Paris razılaşmasına uyğun olduğunu vurğulayan “Exxon”un da verdiyi vədləri tuta bilməyəcəyi aydın oldu. Şirkət özünü “emissiyaları azaltmağa sadiq” kimi bazara çıxarsa da, onun qalıq yanacaqlara və istehsal səviyyələrinə investisiyaları əksini göstərir.

“Exxon” 2022-ci ildə 56 milyard dollar mənfəət əldə edib. Baş direktor Darren Vuds investorlarla görüşdə "şirkətin qalıq yanacaq istehsalını azaltmamasının düzgün olduğunu" müdafiə etdi. Lakin “Exxon” 2022-ci ilin yanvarında “xalis sıfır” planlarını açıqlayandan yalnız bir il sonra. Çünki “Exxon” 2022-ci ildə rekord gəlir əldə etməklə Ağ Evin diqqətini çəkirdi. Ağ Ev “Exxon”u yüksək mənfəət əldə etməsinə baxmayaraq, benzinin qiymətini aşağı salmamaq üçün neft hasilatını artırmadığına görə tənqid etmişdi.

“Exxon”, “Shell” və “Chevron” kimi iri neft şirkətləri tərəfindən iqlim dəyişikliyinə qarşı mübarizə apardıqlarını elan etmək üçün ciddi şəkildə reklam edilən başqa bir layihə "yosunlardan ekoloji cəhətdən təmiz yanacaq" istehsalına əsaslanırdı. 2013-cü ildə bu layihənin kommersiya baxımından əlverişli olması üçün iyirmi beş il lazım olacağı deyilirdi. Bunu deyən şəxs isə “Exxon”un keçmiş baş direktoru Reks Tillersondur.

Öhdəliklər “yaşıl yuyulma”nın ən təmiz formasıdır

2015-ci ildə imzalanan “Paris İqlim Sazişi” ilə qlobal istiləşmənin 1,5°C ilə məhdudlaşdırılması qərara alındı. Sənayedən əvvəlki qlobal orta temperaturla müqayisədə 1,5°C artım göstərən bu hədəf iqlim dəyişikliyinin ən dağıdıcı təsirlərinin qarşısını almağı qarşısına məqsəd qoymuşdu.

“Oil Change International” 2024-cü ilin may ayında səkkiz əsas beynəlxalq neft və qaz istehsalçısının iqlim planlarını araşdırdı. Hesabata görə, bu planların heç biri qlobal istiləşməni 1,5°C ilə məhdudlaşdırmaq məqsədi ilə uyğun gəlmir. Əksinə, “Climate Action Tracker”in hesabatına görə, şirkətlər tərəfindən qoyulan 2030 hədəfləri temperaturun 2,4°C-dən çox artmasına səbəb ola bilər. Hesabatda bu şirkətlərin iqlim planlarının 1,5°C hədəfi üçün "qeyri-adekvat" və ya "tamamilə qeyri-adekvat" olduğu müəyyən edilmişdir.

“Carbon Tracker”in 25 qalıq yanacaq şirkətinin iqlim öhdəliklərini qiymətləndirən hesabatı da fərqli nəticələr təqdim etmir. Şirkətlər Paris razılaşmasına əməl etmir və qalıq yanacaq istehsalını artırmağı planlaşdırır.

Bu hesabata görə, BP 2030-cu ilə qədər hasilatı azaltmağı hədəfləyən yeganə şirkətdir. ABŞ-da yerləşən “ConocoPhillips” növbəti on ildə istehsalını 47 faiz artırmağı planlaşdırır. Buna görə də ən mənfi iqlim hesabat kartına malikdir.

Bərpa olunan enerjiyə tələbatın artacağı gözlənilir

İqlim dəyişikliyinin dağıdıcı təsirləri artdıqca, Beynəlxalq Enerji Agentliyi (IEA) neft tələbinin 2028-ci ilə qədər azalacağını proqnozlaşdırır. Neft bazarının qeyri-sabitliyi və qiymətlərin qəfil enmə potensialı bərpa olunan enerji layihələrinin sabitliyini cəlbedici edə bilər. Çünki bu layihələr elektrik enerjisinin sabit qiymətlərlə və uzunmüddətli müqavilələrlə satışını mümkün edir. Başqa sözlə, təmiz enerjiyə tələbatın nəhayət artacağı təxmin edilərkən, davamlı enerji şirkətlərinin də uzunmüddətli perspektivdə qazanc əldə etməsi gözlənilir. Çünki neft şirkətlərinin dəyişikliklərə müqavimət göstərməsinin ən mühüm səbəbi bu sektorun yüksək mənfəət gətirməsidir.