“Facebook”-da Azərbaycan Beynəlxalq Bankının abreviaturası “ABB” ilə “ABB bankdan möhtəşəm xəbər: Hər bir istifadəçi 500 AZN hədiyyə ala bilər” elanı paylaşılır.

Faktyoxla Lab.  “ABB” bankın bu elanının doğru olub-olmadığını araşdırıb.

1-ci mərhələ: Bu elanda şübhəli görünən bir çox detalları analiz edirik: 

Əvvəlcə həm orijinal, həm də saxta səhifə təəssüratı yaradan hər iki səhifənin dizaynını müqayisə edək.

Bu, Azərbaycan Beynəlxalq Bankının rəsmi "facebook" səhifəsinin görüntüsüdür: 

Bu isə saxta səhifənin görüntüsüdür:

2. Bankın rəsmi səhifəsinin adı “mavi tıkla” “ABB” kimi, saxta profil isə “A B B.” ilə yazılıb. Bundan başqa rəsmi səhifədə elanda bankın saytı abbbank.az, saxta səhifədə naməlum (hələlik) “abb-baku.space” linki görünür.

3. Saxta səhifənin "haqqında" bölməsində 4 izləyicisinin olduğu və 15 yanvar 2025-ci ildə yaradıldığı qeyd olunub.

Oxucu və ya “facebook” istifadəçisini necə tələyə salırlar?

Sıravi oxucuları bu cür tələlərdən qorumaq üçün prosesi pillə-pillə göstəririk:

1. “500 manat” hədiyyə qazanacağımızı vəd edən cəlbedici elanda göstərilən “daha ətraflı” düyməsinə sıxdıqda ilk olaraq xoş mesajla rastlaşırıq və şirnikləndirmə davam edir: Kliklədiyiniz zaman məbləğ bank hesabınıza yatırılacaq.

2. Dedikləri kimi edib, “Davam et” düyməsini sıxdıqda “fin nömrə”miz istənilir:

3. Prosesi məntiqi nəticə ilə sonlanması və fərdi informasiyalarımızın sızmaması üçün təsadüfi hərf və rəqəmləri həmin xanaya yazırıq:

4. Sistem bizim yanlış məlumat yazdığımızı anlayır: 

Saxta nömrəmizlə buradan o tərəfə keçə bilmirik. Bildirək ki, vəd olunan saxta və şirnikləndirici sözlərə inanan istifadəçilər məhz bu mərhələdə tələyə düşürlər. İstifadəçilər “fin nömrə”, “Asan imza” və ya mobil nömrələrini doğru yazdığı halda, növbəti mərhələdə kart hesabı istənilir ki, bunu etmək qəti olmaz. Çünki bizim yazdığımız saxta nömrə və rəqəmləri tutan sistemi idarə edənlər üçün kart hesablarından vəsait çəkmək adi bir məsələdir.

2-ci mərhələ. Aşkar olunan domen haqda əldə edə bildiklərimiz.

Abb-Baku.space linkinə tıkladıqda əsas səhifədə ABB abreviaturası və bir neçə alt qrupların düymələri görünür. Həmin düymələrdən istənilən birinə sıxdıqda səhifənin tapılmaması haqda mesaj göndərilir:

Qeyd olunan linki domen axtarış sistemlərində yoxlayırıq. Nəticələrdən biri sayt sahibinin Rumıniyanın Citaru bölgəsindən olması haqda informasiya verir:

Digər axtarış sistemində isə saytın IP nömrəsinin Rusiyanın Perm vilayətinə məxsus olması haqda məlumat verilir: 

Buradan həmin İP-yə bağlı daha 3 saytın mövcudluğunu tapırıq:

İP-axtarış nəticələrinə əsasən iki fərqli məlumatımız olmasına baxmayaraq yalnız bir server qeydiyyatçısının olduğu dəqiq göstərilib: “Atak Domain Bilgi Teknolojileri A.Ş”.

Bu qeydiyyatçının öz səhifəsində “Abb-Baku.space” domenini axtarışa verdikdə bu nəticələri alırıq

Domen və hostinq satışı ilə məşğul olan “Atak Domain Bilgi Teknolojileri A.Ş”. şirkəti ilə bağlı araşdırma apardıqda Türkiyənin məşhur istehlakçı hüquqlarının müdafiəsi saytı “Şikayətim var”-da 78 şikayətçinin olduğunu görürük. 

 

Həmin 78 şikayətdən yalnız ikisi:

"Cem" adlı istifadəçi yazıb: "Saxta sayt adresləri yüksək gəlir vəd edib xalqı aldadırlar. Bunlara qəti inanmayın. Təsadüfi deyil ki, bunlara xidmət edən domen şirkəti Atak Domain Bilgi Teknolojileri a. Ş-dir".

"Okan" adlı istifadəçi isə hesab edir ki, bu şirkətin verdiyi domen və adlar şübhəli saytlarda istifadə olunur.

 

Beləliklə,

- Azərbaycan Beynəlxalq Bankının  abreviaturasından istifadə edərək “Hər bir istifadəçi 500 AZN hədiyyə ala bilər” elanını yayan səhifə saxtadır.

-Həmin elandakı şirnikləndirici vədə inanıb, deyilənləri yerinə yetirən şəxslərin bank hesablarından vəsait oğurlanması ehtimalı yüksəkdir.   

- Bu sayta hostinq xidməti göstərən "Atak Domain Bilgi Teknolojileri a. Ş" şirkəti şübhəli əlaqələri ilə diqqət çəkir və şirkətdən 78 şikayətçi var.