Şurnux kəndinin Azərbaycan hərbçilərinin nəzarətində olan hissəsində və ətrafında fəal mühəndis-istehkam işləri aparılır. Bu barədə kənd icmasının rəhbəri Akop  Arşakyan “Sputnik Ermənistan”a müsahibəsində deyib. "Kəndin onların nəzarətinə keçən hissəsində bokslar qoyublar, qarşıdakı yüksəkliklərdən birində də post qururlar" deyə Arşakyan sözlərinə əlavə edib.  İki hissəyə bölünən kəndin icma sədri  hesab edir ki,  Azərbaycan tərəfi bu işlər fonunda nə isə  planlaşdırır.  Onun sözlərinə görə, hər gecə Azərbaycanın hərbi kalonları (7-8 maşın) Şurnuxa yaxın ərazilərə  daxil olur.

Xatırladaq ki,  bu ilin yanvar ayında Azərbaycan-Ermənistan dövlət sərhədində aparılan dəqiqləşdirmələr çərçivəsində  Şurnux kəndinin 12 evdən ibarət hissəsi Azərbaycanın Qubadlı rayonunun inzabati-ərazi vahidinə qaytarılıb. Br qədər də konkret ifadə etsək,  bununla Azərbaycan öz suveren ərazisi üzərində nəzarəti bərpa edib.

Qeyd edək ki,  Ermənistan silahlı birləşmələri Qarabağı və ətraf rayonları işğal etdikdən sonra Şurnux kəndi ərazisində də dövlət sərhədinə məhəl qoymayıblar və  kəndin   ərazisi Azərbaycan torpaqları hesabına “genişləndirilib”.   İkinci Qarabağ müharibəsindən sonra aparılan sərhəd dəqiqləşdirməsi zamanı Azərbaycanın Şurnux istiqamətində  sərhədi bərpa olunub. Və bu proses sovet dövrünə aid xəritələr  üzrə,  həmçinin GPS vasitəsilə həyata keçirilib.

Qeyd edək ki, tarixən Şurnux kəndində azərbaycanlılar yaşayıb. Bir neçə dəfə deportasiyaya məruz qalan kənd sakinləri, sonuncu dəfə  1988-ci ildə bu yaşayış məntəqəsindən deportasiya ediliblər. Sonradan burada ermənilər məskunlaşıb.  Xatırladaq ki,  REAL telekanalının rəhbəri, jurnalist Mirşahin Ağayev kənddən reaportaj hazırlayarkən, orada məskunlaşdırılan erməni ailələrindən biri ilə söhbətləşib. 

 

Şurnuxun ermənilər məskunlaşan hissəsində lentə alınan görüntülər onıarın ağır sosial şəraitdə yaşadıqlarını deməyə əsasə verir.  Stepan adlı kənd sakini  suyun azlığından şikayətlənib. Videoda ermənilərin Şurnuxa 30 il əvvəl köçdüklərini etiraf etmələri diqqət çəkir. Halbuki,  Ermənistan hökumətində təmsil olunan bir sıra məmurlar ermənilərin bu kəndin yerli sakinləri olduqlarını iddia edirdilər.

Ermənilər özləri bu əraziləri işğal etdiklərini və torpaqları mənimsədiklərini inkar etmirlər. “Sputnik Ermənistan” nəşri Qafan yaxınlığındakı  dağ silsiləsinin  yenidən Azərbaycanın nəzarətinə qaytarılacağını yazıb.  Məqalədə istifadə edilən “yenidən” sözü o deməkdir ki, işğaldan əvvəl həmin dağ silsiləsi Azərbaycan ərazisində olub və ermənilər tərəfindən tutulub. Belə ki, Birinci Qarabağ müharibəsi zamanı (1992 - 1994) ermənilər həmin silsilədə atəş nöqtələri yaradıb. Burdan isə Azərbaycanın rayonlarını işğal etmək üçün hücumlar təşkil olunub.

Ermənilər işğal zamanı nəqliyyat infrastrukturunu genişləndirərək işğal etdikləri Azərbaycan torpaqlarında yollar çəkdiklərini də etiraf edirlər.  “Sputnik Ermənistan” yazır ki, 26 il davam edən atəşkəs müddətində Sünikdəki (Zəngəzur) nəqliyyat infrastrukturu xeyli dəyişib. Yol şəbəkəsi sərhədlər nəzərə alınmadan, kommunikasiyaların həqiqi ehtiyac və rahatlığına əsaslanaraq inşa edilib.  İndi bu yollar qismən Azərbaycan ərazisindən keçir və yerli sakinlər istifadə etməkdən qorxurlar,  yeni marşrutların çəkilməsi üçünsə vaxt lazımdır. Xatırladaq ki,  sovet dövründə çəkilən  Gorus-Qafan yolunun bir hissəsi də Azərbaycan ərazisindən keçir və yeri gəlmişkən, sözügedən yol  Şurnux kəndinin Azərbaycanın nəzarətində olan hissəsinə də düşür. 

Qeyd edək ki, Şurnuxda aparılan dəqiqləşdirmələr zamanı  Ermənistan rəsmiləri Azərbaycanın hərəkətlərinin qanuniliyini inkar edirdilər.  Nəhayət  Ermənistan Təhlükəsilzik Şurasının keçmiş katibi Armen Qriqoryan sərhəd dəqiqləşdirməsinin konkret sənədlər əsasında aparıldığını bəyan etdi.  Qriqoryan bildirdi ki,  Azərbaycan tərəfi  sərhədin yüksəklik hissəslərində mövqe tutub və bu,  bir sıra çətinliklər yaratsa da prosesin  sənədlərə əsaslanan delimitasiya olduğunu başa düşməliyik.  Əslində hazırda Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan da vəziyyətlə barışmağa çağırmışd. O, Azərbaycanla sərhədlərin dəqiqləşdirilməsi prosesində iki yaşayış məntəqəsində problemlərin yarana biləcəyini bildirmişdi.   

Paşinyan hökumətin iclasında  Vorotan və Şurnux yaşayış məntəqələri ilə bağlı ağrılı vəziyyət olduğunu qeyd etmişdi. “Lakin əmin etmək istəyirəm ki, vətəndaşlarımızın maraqları tam qorunacaq. Vətəndaşların mümkün əmlak itkiləri hökumət tərəfindən tam kompensasiya olunacaq", - deyə Paşinyan sözlərinə əlavə etmişdi.

Göründüyü kimi,  Paşinyan çıxışında kəndin bölünməsinə qarşı çıxmayıb, əksinə vətəndaşlara təzminat vəd edib. Bu isə o deməkdir ki, o,  Azərbaycan tərəfinin Şurnuxda apardığı sərhəd dəqiqləşdirməsini qanuni sayır.

Şurnux ərazisində sərhəd zastavasının qurulması,  mövqelərin gücləndirilməsinə gəlincə, bu, Arşakyanın iddiasının əksinə olaraq təhlükəsizliyin təmin edilməsinin zəruriliyi ilə bağlıdır. Çünki  erməni tərəfi Şurnux ərazisində dəfələrlə təxribatlar törədib.

Belə ki,  Ermənistanın Baş naziri Nikol Paşinyanın aprelin 21-də Zəngəzur vilayətinə səfərindən sonra Ermənistan tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində təxribatlar törədilib.  Azərbaycan Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, həmin gün axşam saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Seyidlər kəndində yerləşən Dövlət Sərhəd Xidmətinin bölmələri, eləcə də bu istiqamətdə Ermənistan tərəfdə xidmət aparan Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin bölmələrinin yerləşdiyi mövqelər Ermənistan hərbi qulluqçuları tərəfindən atəşə tutulub. Eyni zamanda, həmin gün Qubadlı rayonunun Şurnux kəndi istiqamətində 30-40 avtomobildə dövlət sərhədinə doğru hərəkət edən bir qrup şəxs erməni dilində Azərbaycan əleyhinə şüarlar səsləndiriblər.

Sadalanan faktorlar göstərir ki,   icma rəhbərinin Şurnuxla bağlı  narahatlığı əsassızdır. Azərbaycan tərəfinin həyata keçirdiyi tədbirlər ermənilər üçün təhlükə yaratmır,  əksinə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədinin təhlükəsizliyini təmin etmək  məqsədi daşıyır.

Bu qənaətə gəlib ki,  erməni icma rəhbərinin açıqlaması əsassızıdır.