Az müddət öncə müəyyən ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul qaydalarında dəyişiklik edilib. Belə ki, III ixtisas qrupuna daxil olan ixtisasların dil-tarix (DT) və tarix-coğrafiya (TC) altqruplarına, I ixtisas qrupuna daxil olan ixtisasların isə informatika yönümlü (Rİ altqrupu) və mühəndislik (RK altqrupu) ixtisaslarına bölünməsi qərara alınıb.
İddia: hazırlaşarkən əziyyət çəkəcək
İxtisas qruplarında aparılan son dəyişikliklər hazırda cəmiyyətdə geniş müzakirə olunur. İctimaiyyətin münasibəti isə birmənalı deyil. Ciddi maraq, xüsusən mübahisə doğuran məqamlar çoxdur. İctimai müzakirələrdə beynəlxalq münasibətlər ixtisasının II qrupdan çıxarılıb III qrupa keçirilməsi yanlış hesab edilir. 6 fəndən hazırlaşmalı olacağını nəzərə alaraq bu dəyişiklik abituriyentlərin artıq yüklənməsi kimi qiymətləndirilir. Sadəcə bu ixtisas qrupu üzrə abituriyentlərin 6 fəndən hazırlaşmaq məcburiyyətində qalacağını əsas gətirərək dəyişikliyin “ya başqa ixtisaslara da şamil olunmalı, ya da heç birinə” yanaşması irəli sürülür.
Faktyoxla Lab. ixtisas qruplarında nəzərdə tutulan dəyişikliklərin imtahana hazırlaşan abituriyentlərə təsirini araşdırıb.
Dəyişiklikləri məntiqsiz adlandıran təhsil eksperti Ramal Şəmşədli öz açıqlamasında fikrini belə əsaslandırıb:
“Coğrafiya fənni əlavə edilən ixtisas qrupundan artıq fənlərin çıxarılmalı olduğu bildirilir. Sadəcə regionşünaslıq və beynəlxalq münasibətləri seçənlər coğrafiyadan imtahan verəcəklər. Lakin bir reallıq var ki, abituriyenlərin çoxu imtahan verdikdən sonra bala uyğun ixtisas seçir. Bu da abituriyentin 6 fəndən hazırlaşmalı olduğunu ortaya çıxarır. Topladığı bal uyğun gəlməsə, əbəs yerə hazırlaşmış olacaq. Bu abituriyentlərə ağır bir yükdür. Coğrafiya fənnini iki ixtisasa görə əlavə edirlərsə, o zaman həmin ixtisas qrupundan artıq fənlər çıxarılmalıdır. Beynəlxalq münasibətlərdə riyaziyyat niyə olmalıdır? Riyaziyyatdan imtahan sualları asan olsa belə, abituriyent istənilən halda o fənn üzrə hazırlaşmalıdır. Əgər riyaziyyatdan sıfır alsa, müsbət nəticə sayılmayacaq. 5 və 6 fənn ya bütün ixtisaslara şamil olunmalıdır, ya da heç birinə. Onsuz da indiyə qədər 5 fənn yük kimi qiymətləndirilirdi. Maksimum 3-4 fənn olmalıdır”.
Ekspert hələ 15 il öncə coğrafiya fənninin III itisas qrupundan çıxarıldığına diqqət çəkərək dəstəklədiyi dəyişikliklər olduğunu da deyib: “Xatırladım ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (indi Dövlət İmtahan Mərkəzi – red.) 15 il əvvəl III ixtisas qupundan coğrafiyanı çıxarıb, riyaziyyat fənnini əlavə etmişdi. Həmin vaxtlarda da bu, böyük müzakirələrə səbəb oldu. Necə ola bilər ki, tarix fakültəsində təhsil alan şəxs riyaziyyatı bilməli, coğrafiyanı bilməməlidir. Belə bir şey ola bilərmi?! Təbii ki, yox. 15 il sonra haradasa səhvə yol verdiklərini anladılar”.
Regionşünaslığın III qrupa haradasa uyğun olduğunu deyən ekspert həmin fənnin II ixtisas qrupundan III-yə keçirilməsi cəhdini bəyənir: “Amma beynəlxalq münasibətləri II qrupdan çıxarıb III qrupa keçirmə xəta doğurur”. (Mənbə)
Cavab: ali məktəbdə işi daha asan olacaq
Ümumiyyətlə, ali təhsil müəssisələrinə qəbul imtahanlarında 5 fənndən test salınması da artıq yük kimi qiymətləndirilir. Ekspertlərin qənaəti budur ki, fənlərin sayı 3-4-ə endirilməlidir. Buna DİM nə deyir?
Qurumun mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə Faktyoxla Lab-a bildirib ki, “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarının II ixtisas qrupundan çıxarılaraq III ixtisas qrupunda yerləşdiriləcəyi ilə bağlı məlumat hələ 2020-ci ilin dekabrın sonunda ictimaiyyətə təqdim edilib: “Bu dəyişiklik 2022-ci ildən başlayaraq qəbul imtahanlarında nəzərə alınacaq. Yeni qaydalara əsasən TC altqrupuna daxil edilən “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarının müsabiqəsində iştirak etmək istəyən abituriyentlərin imtahanın II mərhələsində Azərbaycan (rus) dili və tarix fənləri ilə yanaşı coğrafiya fənnindən, DT altqrupuna daxil olan ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlərin isə ədəbiyyat fənnindən imtahan verməsi nəzərdə tutulur. Yəni “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarına qəbul olmaq istəyənlər ədəbiyyat əvəzinə coğrafiya fənnindən imtahan verəcəklər. Göründüyü kimi fənlərin sayında hər hansı bir dəyişiklik yoxdur, sadəcə abituriyentlərə öz istəklərinə uyğun seçim etmək imkanı yaradılır. Yox əgər kimsə hər iki altqrupa daxil olan ixtisasların müsabiqəsində iştirak etmək istəyərsə, yalnız o zaman Azərbaycan (rus) dili, tarix və ədəbiyyat fənləri üzrə imtahan verdikdən sonra, əlavə olaraq coğrafiya fənnindən fərq imtahanı verməlidir”.
I ixtisas qrupuna aid olan dəyişiklik isə 2023-cü ildən başlayaraq tətbiq olunacaq: “I qrup üzrə informatika yönümlü (Rİ altqrupuna daxil olan) ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər imtahanın II mərhələsində riyaziyyat və fizika fənləri ilə yanaşı informatika fənnindən, digər mühəndislik (RK altqrupuna daxil olan) ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər kimya fənnindən imtahan verəcəklər. Rİ altqrupuna 9 ixtisas (informatika müəllimliyi, riyaziyyat və informatika müəllimliyi, kompüter elmləri, informasiya təhlükəsizliyi, informasiya texnologiyaları, kompüter mühəndisliyi, mexatronika və robototexnika mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi, sistemlər mühəndisliyi) daxildir. Yəni yuxarıdakı ixtisaslara qəbul olmaq istəyənlər imtahanın II mərhələsində kimya deyil, informatika fənni üzrə imtahan verəcəklər. Burda da fənlərin sayında hər hansı bir dəyişiklik yoxdur və abituriyentlərin imtahan yükü olduğu kimi qalır, sadəcə onlara istəklərinə uyğun seçim etmək imkanı yaradılıb. Bu qrup daxilində bütün ixtisaslar üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər isə II mərhələdə riyaziyyat, fizika və kimya fənləri üzrə imtahan verdikdən sonra əlavə olaraq informatika fənnindən fərq imtahanı verəcəklər”.
Həyata keçirilən dəyişikliklərlə bağlı bir müddət idi ki, həm ictimaiyyət, həm də DİM-in elmi-metodiki seminarlarında ekspert qrupları arasında müzakirələr aparıldığını deyən X.Xanlarzadə bildirib ki, dəyişikliklərdə ali təhsil müəssisələrinin tələbləri də əsas götürülüb: “Bilirsiniz ki, ali təhsil müəssisələrinə qəbul zamanı oradakı ixtisaslar üzrə tədris planları və onları mənimsəmək üçün abituriyentlərdən tələb olunan fundamental bilik və bacarıqlar nəzərə alınır. DİM tərəfindən ixtisas qrupları və ora daxil olan fənlər də buna uyğun olaraq müəyyən edilir. Bu dəyişikliklərdən sonra əvvəlcədən müvafiq ixtisas altqrupu üzrə seçimini etmiş abituriyent ali təhsil müəssisəsində tədrisə başlayarkən daha hazırlıqlı olacaq və bu onun gələcək təhsilinə öz müsbət təsirini göstərəcək”. Dəyişikliklərlə bağlı əlavə məlumat üçün linklər:
2023-cü ildə I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin informatika yönümlü ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə!
III ixtisas qrupunda “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq (regionlar üzrə)” ixtisaslarına hazırlaşan abituriyentlərin nəzərinə!
Nəticə: Dəyişikliklər ediləcəyinin əvvəlcədən elan olunduğunu bildirən DİM abituriyentlərin yüklənəcəyi ilə bağlı iddiaları əsassız hesab edir. DİM hesab edir ki, bu dəyişikliklərdən sonra əvvəlcədən müvafiq ixtisas altqrupu üzrə seçimini etmiş abituriyent ali təhsil müəssisəsində tədrisə başlayarkən daha hazırlıqlı olacaq və bu onun gələcək təhsilinə öz müsbət təsirini göstərəcək.