Martın 5-də keçirilən tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı ilə bağlı söz-söhbət hələ davam edir. Konkret suallar və tapşırıqlarla bağlı etiraz bildirən müraciətlərin də olduğu imtahanlara iradlar səhv, ya da qoyuluşu mürəkkəb olan suallarla məhdudlaşmır. Belə ki, Dövlət İmtrahan Mərkəzinin keçirdiyi imtahanları Elm və Təhsil Nazirliyi ilə “soyuq savaş”ın nəticəsi, “müəllifinin belə cavabını bilmədiyi” sualları iki qurum arasında münasibətlərin faktiki nəticəsi olduğuna inananlar, Dövlət İmtahan Mərkəzini (DİM) məqsədini aşmaqda qınayanlar var.

Dövlət İmtahan Mərkəzinin düyünü açmayan açıqlaması

Sosial şəbəkələrdə qızışan müzakirələrin və DİM-ə ünvanlanan müraciətlərin ardınca qurumdan açıqlama gəlib. Açıqlamaya görə, qurumda riyaziyyat fənnindən bütün variantlar üzrə sual kitabçalarında 83 nömrəli test tapşırığı ilə bağlı müraciətlər araşdırılıb. “Yanlış” və ya “qəliz” hesab edilən suallardan sonra, anlaşılmazlığına görə, DİM-in bu cavabı da müzakirə olunub.

DİM-in yaydığı həmin məlumatda deyilir: “Şagirdlərə təqdim olunan yazılı cavab tələb edən açıq tipli bu tapşırıq qüvvədə olan təhsil proqramı və dərsliklərdə yer alan və tapşırıqda yoxlanılması nəzərdə tutulan biliklər əsasında elmi-metodiki qaydalara uyğun şəkildə hazırlanan meyarlar əsasında qiymətləndirilə biləcək bir tapşırıqdır. Məlum olduğu kimi, yazılı tapşırıqlarda şagirdlərin verdiyi cavablar cavab vərəqində yer alır və yoxlama əsnasında onların bilikləri cavablandırma üsullarından, hesablama prosesinin mərhələlərindəki qeydlərindən, səhvlərindən asılı olaraq tam, üçdə iki, yarım, üçdə bir olmaqla müxtəlif səviyyələrdə qiymətləndirilir. 5 mart tarixində keçirilən imtahanda istifadə olunan və yazılı cavab tələb edən bütün tapşırıqların qiymətləndirmə meyarları da müvafiq prosedurlar başa çatandan sonra elan ediləcək".

“Özləri bilmədikləri ilə uşaqları sınağa çəkirlər”

Filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan dili fənni üzrə mütəxəssis Könül Aydın Nəhmətova Faktyoxla Lab.-a açıqlamasında bildirib ki, sözügedən imtahanda Azərbaycan dili fənni üzrə də publisistik mətn və onunla bağlı verilmiş test tapşırıqları əsaslı olaraq abturiyent və müəllimlərin etirazına səbəb olub: “Testin sualları çətin anlaşılan və vaxtaparan olduğu üçün abituriyentlərin imtahan vaxtının sui-istifadəsinə səbəb olmaqla digər testlərə diqqət ayırmalarına mane olub: ““Telekinez: reallıq, yoxsa illüziya” adlı publisistik mətn əsasında təqdim edilmiş test tapşırıqları çətinliyinə görə deyil, mürəkkəbliyinə, sualların çətin anlaşılmasına, eyni biliyi bir neçə nümunə əsasında yoxlaması və s. ilə diqqəti çəkir. Mən belə bu mətnin suallarını cavablandırmağa bir saata qədər vaxt sərf etdim, çünki tapşırıqlar qeyri-dəqiqliyi və anlaşılmazlığı ilə vaxtımı aldı. Həmçinin testdə iki sualı yanlış hesab edirəm. Müəllimlərin əksəriyyəti sualları nəinki 1 saata, 1 günə də həll edə bilməzlər. Yazıq uşaqlar, 11 ildə biz sizə nə vermişdik ki, bir saata nə tələb edirik?!”

Könül Aydın  sualları belə qiymətləndirib: “Çox düşünmə tələb edən suallardır. Mətn maraqlıdır, suallar vaxt aparır. Tam səmimi etiraf edirəm ki, nə DİM, nə MİQ, nə sertifikasıya tarixi belə suallar görməyib. Ona görə də bu, abituriyentlərə ədalətsizlikdir! Buraxılış imtahanında təqdim edilən publisistik mətn üzrə testdə abituriyentlərin 11 illik təhsili müddətində tədris çərçivəsində qazandıqları bilik və bacarıqların səviyyəsi ilə uyğunsuzluğuna görə də imtahanı ədalətli hesab etmək mümkün deyil. Azərbaycanda abituriyentləri mətn sualları ilə yoxlamağa heç kimsənin haqqı yoxdur: Etirazı olan hər kəslə polemikaya hazıram. Böyüklər çox zalımdırlar: özləri bilmədikləri ilə uşaqları sınağa çəkirlər”.

Mütəxəssis DİM-dən tələb edir:  “Buraxılış və qəbul imtahanlarını abituriyentlərin 11 illik təhsili müddətində aparılmış summativ qiymətləndirmələrin məzmun və səviyyəsinə uyğunlaşdırsın. Məncə, yetər artıq uşaqların məktəblərdə görmədikləri qiymətləndirmələrlə sınağa çəkilmələri. Bu anormal vəziyyətə son qoymağın vaxtı çatmadımı? DİM-dən tələbim var: buraxılış imtahanını yenidən keçirsin və tələblərimizi nəzərə alsın!”

Mütəxəssis bu vəziyyətin, sadəcə uşaqların deyil, hər kəsin sağlamlığına təsir etdiyini qeyd edib: “Övladlarımın yaşadıqları stres bir yana qalsın, təhsil ömrümün kabusu oldu. Dərsliklərinizə baxın, müəllimlərinizə baxın, təhsildə davamiyyətə baxın, sonra qərar verin ki, bu yazıq günə qoyduğunuz uşaqları nə ilə yoxlayacaqsınız!”

Sualların tərtibi Elm və Təhsil Nazirliyində həyata keçirilməlidir

Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov da imtahanların sərtləşdirməklə daha yaxşı nəticələrə əldə olunacağın inanmır, hətta yetişməkdə olan nəslin sağlamlığını itirən insan toplusuna çevriləcəyini düşünür: “İmtahanları sərtləşdirməklə Azərbaycanın gələcəyi olan uşaqları gərgin psixoloji durumda saxlayırıq. İmtahanlar bitəcək, bəs bu uşaqların sağlamlığını kim qaytaracaq? Təhsilin məqsədi nədir? Biz peşəkarlar yetişdirmək istəyirik. Təhsili, biliyi əmək bazarında özlərinə yer tutmalarına kömək etsin, deyirik. İmtahan suallarının bu qədər çətin olmaması təhsilin əlçatanlığı baxımından da önəmlidir. Ümumiyətlə, düşünürəm ki, buraxılış imtahanları bu qədər sərt ola bilməz, bu, yanlışdır. Baxmayaraq ki, şagirdlərimizin baza təhsilinin güclü olması tərəfdarlarından biriyəm. Amma biz bu prosesin sonunda əmək bazarında özünə asanlıqla yer tutan kadrlar yox, gərgin, psixoloji travmaları olan insanlarla rastlaşırıq”.

Onun fikrincə, çıxış yolu gecikmədən tapılmalıdır: “Dövlət İmtahan Mərkəzindəki obyektivliyi, şəffaflığı yüksək qiymətləndirirəm. Amma imtahan suallarının DİM-də tərtib olunmasını düzgün hesab etmirəm. Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs olaraq imtahan prosesini həyata keçirməlidir. Amma sualların tərtibi Elm və Təhsil Nazirliyində həyata keçirilməlidir. Təhsil verən, bu prosesi həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı Elm və Təhsil Nazirliyi olduğu üçün sualları da onlar tərtib etməlidir.

İ.Orucovun fikrincə, sadəcə buraxılış imtahanları deyil, qəbul imtahanları və universitetlərə qəbul prosesi də sadələşdirilməlidir. Beynəlxalq təcrübəyə istinad edərək deyə bilərəm ki, dünyanın ən nüfuzlu ali təhsil müəssisələrinə belə qəbul prosesi bu qədər çətin deyil. Bu, necə ola bilər? Universitetlərimizin giriş qapılarını geniş açıb, çıxış qapılarını daraltmalıyıq. Ancaq bizdə mövcud vəziyyət belədir ki, 100 nəfər hüquq fakültəsinə qəbul olur, 300-500 nəfər bitirir. Bunu gizlətməyin yeri yoxdur”.

İ.Orucovun fikrincə, təhsil sistemimizdə bu reallıq dəyişməlidir: “Dünyada universitetlərə qəbul olunmaq asan, bitirmək çətindir. Bizdə əksinədir, universitetlərə qəbul olunmaq çətin, bitirmək isə çox asandır”.

Nəticə:

- Dövlət İmtahan Mərkəzinin tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında istifadə edilən testin sualları çətin anlaşılan və vaxtaparan olub.

- Birmənalı olaraq təsdiq edilən bu iddialara cavab olaraq qurumdan verilən açıqlama da yetərli qədər açıqlayıcı olmayıb.