Məlum olduğu kimi Avropa İttifaqının (AI) Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) çərçivəsində mülki missiyası 20 fevral 2023-cü il tarixindən Ermənistanda fəaliyyət göstərməkdədir. Missiyanın məqsədi Ermənistanın Azərbaycanla sərhədyanı ərazilərində sülhə və sabitliyə töhfə vermək, o cümlədən delimitasiya və demarkasiya prosesində iki ölkə arasında etimadın yaradılmasına dəstək verməkdir. 
Qısa xatırlatma üçün qeyd edək ki, Aİ missiyasının bölgəyə gəlməsi Brüssel sülh danışıqlarının prinsiplərinə tamamilə ziddir və faktiki olaraq birtərəfli fəaliyyət kimi səciyyələndirilməlidir. Belə ki, Ermənistan, Azərbaycan, Avropa İttifaqı Şurası və Fransa liderləri arasında 2022-ci ilin oktyabrında Praqada əldə edilmiş razılaşmaya əsasən, vəziyyətin monitorinqi, təhlili və yerlərdə vəziyyətlə bağlı hesabatların təqdim edilməsi məqsədi ilə oktyabrın 20-də Azərbaycanla şərti sərhədin Ermənistan tərəfi boyunca Aİ-nin monitorinq missiyasının yerləşdirilməsinə razılıq vermişdi. Missiya 2 aylıq nəzərdə tutulmuşdu və müddət dekabrın 19-da tamamlandı. Sonrakı dövrdə belə bir missiyanın göndərilməsi rəsmi Bakının icazəsi olmadan qərara alınıb.

Bu məsələyə münasibət bildirən Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində Praqa görüşünün detallarına toxunaraq bildirib ki, təkliflərdən biri Azərbaycan tərəfinə missiya göndərilməsi barədə olub. “O vaxt da danışıldı və orada müzakirə olundu ki, bu missiya qısamüddətli olacaq, 40 nəfərdən ibarət olacaq və cəmi iki ay çəkəcək. Mən də bununla razılaşdım. Ancaq sonra nədənsə bu danışıq, yəni bu razılaşma pozuldu. Bu, əlbəttə ki, çox məyusedici bir məqamdır. Çünki biz ciddi adamlarıq. Burada ciddi söhbətlər gedir. Bir müddət sonra Avropa İttifaqının yüksəkvəzifəli şəxsi demişdi ki, missiya uzadılacaq. Ondan sonra Fransanın xarici işlər naziri demişdi ki, biz missiyanı uzadacağıq. Əlbəttə, biz dərhal hərəkətə keçdik və izahat tələb etdik. Bu, nə məsələdir? Siz bunu necə uzadacaqsınız? Siz axı bu missiyanın göndərilməsini bizimlə razılaşdırmısınız. Nə üçün? Çünki bu, bizim sərhədimizin yanında olacaq. Necə ola bilər ki, bizimlə bu razılaşdırılmasın? Ondan sonra rəsmən dekabrın 19-da missiyanın fəaliyyətini dayandırdılar. Amma dekabrın 20-də yeni missiya göndərdilər. Bu da sadəcə olaraq, manipulyasiyadır. Bizdə olan məlumata görə, fevral ayında böyük heyətlə yenə də oraya göndəriləcəklər. Yenə də bizimlə razılaşdırılmadan”.

Azərbaycan Xarici İşlər Nazirliyi də mövzuya şərh verərək bildirib ki, belə bir fəaliyyətin Praqada əldə edilmiş razılaşmalarla ciddi ziddiyyət təşkil etdiyini və Aİ-nin etibarlılığına və şəffaflığa, ümumi etimada təsir edəcəyini bildiridi. Sitat: “Aİ-nin Ermənistanda monitorinq missiyasının mövcudluğu Ermənistan tərəfindən hər üç istiqamətdə normallaşma prosesini pozmaq cəhdlərinin artması, o cümlədən Azərbaycan, Ermənistan və Aİ Şurası liderlərinin üçtərəfli görüşünə əsassız ittihamlarla zərbə vurulması ilə üst-üstə düşdü. Beləliklə, Aİ missiyasının normallaşma gündəliyinin irəli aparılmasına töhfə verəcəyi ilə bağlı ilkin gözləntilər sarsıldı”.

Göründüyü kimi missiya Brüssel sülh formatını tamamilə heçə sayaraq Azərbaycanın sülh təşəbbüslərinə və bölgədə normallaşma prosesinə deyil, regionda öz məkrli planlarını həyata keçirmək istəyən Avropanın siyasi mərkəzi hesab edilən Parisin istəyinə və ssenarisinə uyğun təşkil olundu. Fransanın təşəbbüsü ilə Aİ Şurası Azərbaycanın mənafeyini nəzərə almadan, Bakı ilə razılaşdırılmadan birtərəfli addım ataraq sərhədyanı rayonlara 50-si müşahidəçi olmaqla 100 nəfərdən ibarət mülki və yarımhərbi missiyanı göndərdi. istinad

Məsələ ondadır ki, missiyanın yarısı faktiki olaraq hərbi heyətdən ibarətdir. Aİ missiyasının tərkibində təkcə mülki mütəxəssislərin deyil, Fransa jandarmiyasına və Almaniya hərbi polisinin şəxsi heyətinə aid hərbçilərin olduğunu nəzərə aldıqda missiyanın yarımhərbiləşdirilmiş fransız kontingenti olmasına şübhə qalmır.
Bunlar azmış kimi Aİ missiyası gəldiyi ilk günlərdən Parisdən gələn təlimatlara uyğun olaraq Ermənistanı “hücuma məruz qalan” ölkə kimi beynəlxalq ictmiayyətə təqdim etmək, günahkar obrazı və  guya Azərbaycanın gözlənilən aqressiyalarından qorumaq görüntüsü yaratmaqla məşğul olmağa başladı. Biz bunu son bir ay ərzində Aİ missiyasına daxil olan bir neçə müşahidəçinin ermənipərəsət mövqe nümayiş etdirməsindən görə bilərik. Həmin şəxslərin mediaya verdiyi açıqlamaların üslub və məzmunu, təqdimat tərzi erməni yalan və hiyləgərliyinin ritorikasından seçilmir. Məsələn, missiyanın Martuni (Ermənistanda rayon-red.) üzrə qrupunun rəhbərinin müavini, Yunan Kiprini təmsil edən Xristos Hadjizeduli iddia edir ki, Sotk kəndinin (əvvəlki adı Zod-red.) girişindən sərhədə qədər məsafədə olan Azərbaycan hərbçiləri Ermənistan ərazisinə 3 km, bəzi yerlərdə və 4 km, daha da yaxınlaşır, gecə saatlarında sərhədə yaxın olan kəndləri atəşə tutmaqda davam edir.

Sitat: “Sotkda insanlar bir neçə dəfə bizə dedilər ki, atışmalar xüsusilə gecələr olur. İnsanlar bizə bir az qorxduqlarını deyirlər, amma indi biz gələndən sonra özlərini daha təhlükəsiz hiss edirlər. Çəkilişlərlə bağlı məlumat alırıq, bəzən atışmaları özümüz eşidirik. Və təbii ki, biz hər gün hesabatlar hazırlayır və onu Yeqnadzordakı qərargahımız vasitəsilə Brüsselə göndəririk”. mənbə

Bu, açıq ittihamdır, Azərbaycan dövlətinə qarşı böhtan, milli maraq və mənafeyi əleyhinə yönəlmiş təxribatdır. Azərbaycan Ordusunun dinc erməni kəndlərini atəşə tutması barədə ortada heç bir fakt və dəlil yoxdur. Əgər belə hadisə varsa, atəşə məruz qalmış ərazi, nöqtələr, güllə izləri niyə toplanıb təqdim edilmir. Bu cür yalanın Aİ missiyasının heyətinin üzvlərinin birinin dilindən səslənməsi çirkin oyuna alət olmaqdan başqa bir şey deyil. Bu azmış kimi Azərbaycanın əleyhinə toplanmış böhtan xarakterli “məlumatlar” Yeqnadzordan Brüsselə göndərilir.
Halbuki, Aİ missiyasının Ermənistana yerləşməsindən sonra hücum və təxribatlara cəhd göstərən qarşı tərəf olub, Avropalı patrul dəstəsinin “xidmətindən” ürəklənən terrorçu ölkənin silahlı qrupları sinxron şəkildə Azərbaycan ərazilərini atəşə tutmağa başlayıb. Fevralın 21-22-də Tovuz və Naxçıvanın ərazisində yerləşən Azərbaycan Ordusunun mövqeləri 15 dəfə atəşə tutulub. Bu aramsız davam edən 2 günlük təxribat Aİ missiyasının gözü qarşısında baş verib. istinad

Maraqlıdır ki, Aİ missiyası və onun rəhbəri Markus Ritter 1 km yaxınlığında sərhəddə baş verən bu hadisələri “görməyib”. Aİ missiyasının tərkibində yuxarıda vurğuladığımız kimi Fransa jandarmiyası və Almaniya hərbi polisinə aid kifayət qədər təcrübəli, peşəkar hərbçinin olmasını nəzərə aldıqda güllənin hansı və kim tərəfindən atılmasını, atəş açanların harada yerləşməsini müəyyənləşdirmək çətin deyil. Belə halda erməni diversiya qruplarının bu təxribatlarını görməzliyə vurmaq “sülhə və sabitliyə töhfə vermək” üçün gəlmiş missiya heyətinin ədalətini, obyektivliyini ilk günlərdən sual altına salmış oldu. Ermənistan silahlı qüvvələrinin növbəti günlərdə də davam edən bu hərəkətlərinə mülki missiyanın rəhbəri, 2020-ci ildən Almaniyanın Ştutqart Şəhər Polis İdarəsinin keçmiş rəhbəri 61 yaşlı Markus Ritter dürüst və ədalətli qiymət vermək əvəzinə, riyakar mövqe ilə rastlaşdıq.

Ritter mart ayının sonlarında Almaniyanın “Deutsche Welle” (DW) media orqanına müsahibəsində Azərbaycan Ordusu haqda yalan məlumat verməklə obyektivliyini sual altına aldı “Əgər bu yaz azərbaycanlıların hücumu olmasa, Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyasının uğurlu olduğunu söyləmək olar. Ermənilər Azərbaycanın yaz hücumu olacağını deyirlər. Əgər bu baş verməsə, bizim missiyamız uğurlu nəticə əldə etmiş olacaq”.
Bu, missiyanın mandat və səlahiyyətlərinə uyğun olmayan yanaşmadır. Aİ missiyasının rəhbəri bu fikiləri ilə Azərbaycan Silahlı Qüvvələri haqqında aqressiya  və işğalçı imici formalaşdırmağa çalışır, belə təsəvvür yaradır ki, guya onlar olmasa Azərbaycan erməni kəndlərini atəşə tutacaqdır və məhz missiya “Ermənistanı işğaldan qorumaq”la bölgədə uğurlu fəaliyyət göstərir.
Ritter və həmfikirləri bu ədalətsiz yanaşmasını kənara qoyub, 2022-ci il sentyabrın 12-də Azərbaycan -Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində baş vermiş toqquşmaları dərindən araşdırsa görərlər ki, sərhəd ərazilərindəki mövqelərə hücum etməyə, təxribatlar törətməyə cəhd göstərən məhz Ermənistandır. Ötən il Ermənistanın genişmiqyaslı təxribatlar törətməsi sayəsində Azərbaycan Ordusunu 50-dən artıq şəhid verməsi faktdır. Ermənistan silahlı qüvvələrinin diversiya qrupları həmin vaxt gecə saatlarında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib, Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görülüb. mənbə


Azərbaycanın heç vaxt Ermənistan əraziləri ilə bağlı iddiası olmayıb və hücum arzusu, niyyəti də yoxdur.

Rəsmi Bakı 2 ildir ki, Brüsseldə ən yüksək Aİ rəsmilərinə ərazilərin delimitasiyasının tezliklə başa çatdırılmasını, sülh müqaviləsinin imzalanmasını tələb edir, qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınması və daxili işlərə qarışmamaq prinsipi ilə normal qonşuluq yaradılmasını irəli sürür.

Qarşı tərəf isə sülh quruculuğuna zərər verən ritorika nümayiş etdirir. Aİ missiyası bu gerçəkliyi görmək, barış və sülh yönündə təşəbbüskarlıq etmək əvəzinə, eynilə ermənilərin təxribatçı ruhuna uyğun hücum və qan tökülməsini təşviq edən propaqanda aparır.

Ona görə də, təcavüzkar və aqressor ölkənin ərazisində oturub Azərbaycanı ittiham etmək Markus Ritterin və mülki missiyasının digər üzvlərinin apardığı monitorinqlər əsasında Brüsselə təqdim edilən hesabatların obyektivliyini də bəri başdan şübhə altına alır.

Digər təəccüb və təəssüf doğuran hal odur ki, Avropa İttifaqının missiyası  Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatlara göz yummaqla həm də separatçıların növbəti təxribatlarına rəvac verir, yeni gərginliklərin yaranmasına həvəsləndirir. Eyni zamanda, erməni silahlı qruplaşmalarının təkcə sərhəd zonalarında deyil, Qarabağ və Şərqi-Zəngəzurda yeni aqressiya və təxribatlara sövq edir. Bu da aydındır, çünki Fransa və digər Aİ gücləri Rusiya-Ukrayna müharibəsi, Rus “sülhməramlılarının” qeyri-qənətbəxş fəaliyyəti, digər geopolitik proseslərin fonunda  Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvlərinin təhriklərinin artmasına və rusların Aİ sülhməramlıları ilə əvəz olunmasına çalışır. Aİ missiyasının bölgəyə gəlişindən sonra Paşinyanın açıq şəkildə anti-rus mövqeyini nümayiş etdirməsi, erməni səmiyyətində Rusiya qarşı əhval-ruhiyyənin qızışdırılması, sülh danışıqlarının pozulması və revanşa çağırış meyillərinin güclənməsi təsadüfi deyil.

Aİ missiyasının Ermənistana gəlişindən sonra rəsmi İrəvanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən imtina etməsi, danışıqlar prosesini mümkün qədər uzatmaq üçün davamlı təxribatlara əl atması, aqressiv revanşçı davranışlar sərgiləməsinin arxasında Fransanın və digər qütblərin dayanması istisna deyil. Məqsəd bölgədə gərginliyi artırmaq, Rusiya sülhməramlılarının yarıtmazlığı fonunda Avropa İttifaqının bölgəyə gəlişinə nail olmaqdır. Bunu Aİ-nin xarici siyasət komissarı Jozef Borrelin bir müddət əvvəlki açıqlamasında çatdırdığı eyhamlarından da hiss etmək olar. Ermənistana göndərilən 100 nəfərlik missiyanı  “Aİ-nin Cənubi Qafqazdakı vəziyyətə cəlb edilməsində yeni mərhələ” adlandırmaqla Borrel  regionda proseslərin idarə olunmasında Avropa Birliyinin ön plana çıxacağına ümid edir. istinad

Ancaq ali komissar unudur ki, Cənubi Qafqazın qapısı Azərbaycandır və Bakının etimadını itirmək regionu itirməyə bərabərdir.

Digər bir ziddiyətli mənzərə Qərbin ağır sanksiyalarından fəlakətli iqtisadi-sosial durumla üzləşmiş, Avropa İttifaqını “şər və şeytan yuvası” adlandıran İranın Aİ missiyasının düz sərhədlərinin biraddımlığına gəlməsinə nəinki etiraz etməməsidir, əksinə bunu normal qarşılamasıdır. Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan bəyan edib ki, İran rəsmiləri İrəvanı əmin edib ki, Aİ-nin Ermənistandakı missiyasının sərhəddə yerləşdirilməsindən narahat deyil və missiyanın uzunmüddətli fəaliyyəti Tehran üçün problem yaratmır.  Sitat: “İran Aİ-dən müşahidəçilərin göndərilməsinin əleyhinə deyil və bunu müsbət qiymətləndirir”. istinad


İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zohuri də bildirib ki, İran Aİ-nin mülki missiyasının Ermənistan və Azərbaycan sərhədində yerləşdirilməsinin əleyhinə deyil. Sitat “Digər ölkələr də regionda təhlükəsizliyin və sülhün təmin edilməsinə töhfə verə bilər”.

Azərbaycan dəfələrlə bəyan edib ki, Aİ missiyasının Azərbaycanla sərhəddə görünməsi nəinki regionda vəziyyəti sabitləşdirəcək, əksinə, vəziyyəti daha da gərginləşdirəcək. Ələxsus da bu prosesdə Fransanın xüsusi maraq və “fəallığını” nəzərə aldıqda normallaşma deyil, qanlı toqquşmaların yarana biləcəyi qorxusu meydana çıxır. Çünki  Fransa Ermənistanla sərhədə ayaq açmaq və öz hərbi kontingentini bu ərazidə yerləşdirmək üçün müxtəlif planlar çızır, missiyanın daha da “uzunmüddətli olması üçün gərginliyin artmasına çalışır. Yaxın tariximizə nəzər salsaq fransız imperalizminin simasında bu oxşaq ştrixləri görə bilərik, Fransanın sülhməramlılarından ibarət missiyaları fəaliyyət göstərdiyi müxtəlif regionlarda həmişə münaqişələri alovlandırıb, on minlərlə günahsız mülki insanların qətliamına rəvac verib, özü birbaşa iştirakçı olub.

Afrikada Fransanın missiyalarının fəaliyyətini xatırlamaq kifayət edər. Çad, Qabon, Seneqal, Ruanda, Mərakeş,  soyqırımları, Kot d'İvuar, Mərkəzi Afrika Respublikası, Niger, Toqo, Malidə minlərlə insanı qətlə yetirməsi, “Əlcəzair genosidi”, digər dəhşətli faktlar Fransanın “sülhyaratma missiyasının” izləridir. Fransa Afrika ölkələrində sülh və sabitlik yaratmaq adı altında 2,5 milyondan çox insanı qətlə yetirib. Təkcə Əlcəzairdə fransız ordusu 1,5 milyon insanın həyatına son qoyub. istinad

Əlcəzair ərazisinə 5 milyondan çox mina basdıran Fransa hələ də mina xəritələrini vermir, hələ də mülki insanlar həlak olurlar. Heç təəccüblü deyil ki, həmin dəst-xətti Azərbaycanda da görürük. Ermənistan fransızların bu “tarixi təcrübəsi”ni öyrənərək Azərbaycanın hər qarış torpağını minalayıb və “mina terroru” hələ də davam etməkdədir.
Ona görə də, Fransanın vasitəçi və aktor olduğu sülhyaratma missiyalarının dövlətlərə ancaq qan və fəlakət gətirdiyini unutmaq olmaz.


Sözsüz ki, Azərbaycan bu gün daha qüdrətli və güclüdür, Fransanın hansısa məkrli planının regionda həyata keçməsinin qarşısını qətiyyətlə almağa qadirdir.
Əvvəla, Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və qəbul edilir. Avropa İttifaqı ilə də, digər beynəlxalq qurumlarla da etimada əsaslanan münasibətlər qurub.
Eyni zamanda, Azərbaycan prinsipial mövqeyi ilə milli maraqlarına zidd olan, bölgədə ümumi rifah və təhlükəsizliyə zərər vuran  bütün fəaliyyətlərə qarşı da barışmazdır. Bu xüsusda, Aİ strukturlarındakı ermənipərəst güclər və Fransa qarşılıqlı əməkdaşlığa, münasibətlərə zərər vurmağa cəhd etməklə özlərinin gələcək etibarını və perspektivlərini itirmiş olurlar. Azərbaycan Prezidentinin 3 ay əvvəl yerli televiziya kanallarına müsahibəsində verdiyi açıq mesaj bunları dərk etmək üçün kifayətdir: Aİ bölgədə sülhə deyil, başqa məqsədlərə xidmət etsə nəticədə Minsk qrupunun taleyini yaşayacaq. Sitat:Təəssüf ki, qarşı tərəf Fransanın pozuculuq fəaliyyətinə ortaq olaraq öz maraqlarını qurban verir, Cənubi Qafqazdakı əsas tərəfdaşı ilə münasibətlərə mənfi təsir göstərəcək qərarlar qəbul edir. Bununla da ilk növbədə özünə zərbə vurur, inamı sarsıdır. Bir vaxtlar necə ki, Azərbaycan cəmiyyətində ATƏT-in Minsk qrupuna inamsızlıq var idi, indi də Aİ öz addımları ilə vasitəçilik səylərinə kölgə salmaqla məşğuldur. Azərbaycanın mövqeyi aydındır və burada dəyişəcək heç nə yoxdur. Ona görə də Bakı ilə səmimi olaraq əməkdaşlıq etmək, prosesə həqiqətən də töhfə vermək istəyən tərəflər öz mövqelərində düzəlişlər etməlidirlər”.

Yekun olaraq belə qənaət yürütmək mümkündür ki, Aİ-nin mülki missiyasının bölgəyə gətirilməsində əsas təşəbbüskar ölkə olan Fransanın niyyət və məramı regionda sülhün təmin edilməsinə deyil, sülh müqaviləsinin imzalanmasının həllinin uzadılmasına, gərginliyin uzadılmasına xidmət edir və Paris bu vasitə ilə regionda qalıcı müddətini uzatmaq istəyir. Eyni zamanda, Avropa İttifaqının mülki missiyasının bir ay yarımlıq fəaliyyəti bu qurumun ədalətli və dürüst fəaliyyətinə şübhə salır, Cənub Qafqazdakı etibarını və nüfuzunu sarsıdır.