Azərbaycan xalqı mərhəmətlidir. Ehtiyacı olan kəslərə daim kömək əli uzatmağa çalışandır. Şübhəsiz dövrün tələbi ilə yardımetmə üsulları da dəyişir. Son dövrlər geniş yayılmış yardımlaşma kampaniyalarından biri də bank hesabı, kartdan karta köçürmə üsulu ilə həyata keçirilir. Etiraf etmək lazımdır ki, imkansızlıqdan ailə üzvlərini, qohum-əqrəbalarını müalicə etdirə bilməyənlər bu üsulla dərdlərinə çarə tapıblar. Əlbəttə bu təqdirəlayiq haldır. Amma...
İşin amması odur ki, xalqımızın mərhəməti, humanistliyi, səxavəti fırıldaqçılar, kibercinayətkarlar üçün qaçılmaz fürsətdir. İş hətta o yerə çatıb ki, bu şəxslər sosial şəbəkələrdə ödənişli reklamlarla yardım kampaniyaları təşkil edir, pul toplayırlar.
Faktyoxla Lab. belə sponsorlu paylaşımlarla pul toplayan səhifələrdən biri haqqında araşdırma aparıb.
Söhbət “Azerbaycan Xalqı” adlı facebook səhifəsindən gedir. Səhifə 24 may 2023-cü il tarixdə “Milli Portal” adı ilə yaradılıb. Daha sonra eyni gündə “Azerbaycan Xalqı” olaraq dəyişdirilib. Diqqət edirsinizmi, bir gün ərzində səhifə yaradılır və adı iki dəfə dəyişdirilib? Əminliklə demək olar ki, bir müddətdən sonra səhifə tamamilə silinəcək. Çünki belə işlər üçün istifadə edilən səhifələr adətən qısamüddətlik olur. Yəni “vur-qaç” üsulu ilə nə yığa bildin-bildin.
İndi gəlin səhifənin yeganə və son paylaşımına baxaq. Mənbəyi bilinməyən video, tələsik, necə gəldi və hisslərə toxunan yazı üslubu, bank kartı və hesab nömrəsi paylaşımın ilk baxışdan fərqli məqsədlər üçün istifadəyə hədəfləndiyini göstərir.
Bu da hamısı deyil. Araşdırma zamanı o da bəlli olur ki, sözügedən bu paylaşım 50 dollar məbləğində ödənişli reklama qoyulub.
Qısamüddətli paylaşım üçün kifayət qədər böyük məbləğ hesab oluna bilər. Həssas məzmun isə torasalma üçün əla fürsətdir. Qısa müddət ərzində 90 minə yaxın baxış olan videodan təsirlənib 20 manat göndərilsə...
Yəni bu internet fırıldaqçısı 50 dollar xərcləməklə xeyli “gəlir” əldə edir. Çünki artıq həmin səhifə reklam yayımlamır.
Yekunda bir məqamı da qeyd edək. Paylaşımda görünən uşağın fotosunu təkrar axtarışa verdikdə Cənub-Şərqi Asiya, Latın Amerikası və Türkiyədən linklər aşkarlandı. Məlum oldu ki, həmin fotolardan dəfələrlə istifadə olunub.
Nəticə: Sponsorlu paylaşım qanunsuz yollarla pul toplamaq üçün yaradılıb. Bu kiber-fırıldaqçılıqdır. Nəzərə almaq lazımdır ki, bu tipli paylaşımlarda adətən xəstənin adı, soyadı, yaxını barədə məlumatlar yerləşdirilir. Diqqətli olmalı və hər kəs belə fırıldaqçıların əməllərini ifşa etməlidir. Çünki bizim yardımımıza ehtiyacı olan yüzlərlə xəstə var. Məhz bu kimi fırıldaqçıların sayəsində onlar bu yardımlardan məhrum ola bilər.