İnternetdə almaq istədiyiniz məhsulu tapmaq çox asandır. Çətin tərəf onlarla seçim arasından hansını üstünlük verəcəyinizi müəyyənləşdirməkdir. Axtarış nəticələrində görəcəyiniz məhsullar çox güman ki, ən yüksək bal toplayan və ən çox şərh alan məhsullardır. Bənzər məhsullardan hansının seçiləcəyinə qərar vermək vaxtı gəldikdə, digər istehlakçıların şərhlərindən və reytinqlərindən dəstək almaq ümumi bir üsuldur.
Əsas problem isə e-ticarət saytlarında bəzi məhsul rəylərinin saxta olmasıdır. Bu, bütün dünyada qlobal problemdir. Sosial mediada bir çox istifadəçi “saxta şərh dəstələri” haqda məlumat verir. Buna uyğun olaraq, “stok” sözünün yer aldığı şərhlərin saxta ola biləcəyi bildirilir. Əlbəttə ki, məhsulun yüksək bal və yaxşı rəylərə sahib olması həmişə bu rəylərin saxta olduğunu göstərmir. Rəylərin saxta olub-olmadığını aşkar etmək asan olmasa da, şübhələrimizi təsdiqləmək üçün ipucları var.
Faktyoxla Lab. xarici mediaya istinadən e-ticarət saytlarında saxta rəyləri aşkar etməyin yollarını araşdırıb.
E-ticarət saytlarından alış-veriş edərkən şərhlərə və ya reytinqlərə baxmaq alış-veriş prosesinin təbii hissəsidir. Aldığımız məhsul istər telefon qutusu olsun, istərsə də telefonun özü, onu daha əvvəl alıb istifadə etmiş insanların fikirləri qərar vermə prosesimizə təsir edir.
ABŞ-da “Pew Araşdırma Mərkəzi”nin apardığı araşdırmaya görə, böyüklərin 82 faizi məhsul almadan əvvəl rəylərə müraciət edir. Fərqli bir araşdırmada bu nisbət yüzdə 91-ə yüksələrkən, insanların yüzdə 84-ü bu şərhlərə bir dostu tərəfindən tövsiyə edilmiş kimi etibar edir.
Bununla belə, Birləşmiş Krallıqda 2023-cü ildə aparılan bir araşdırmaya görə, e-ticarət platformalarında satılan elektronika, ev, mətbəx və bağ məhsullarına yazılan şərhlərin 11-15%-i çox güman ki, saxtadır.
Saxta məhsulları aşkar etmək niyə vacibdir?
Çünki yaxşı yazılmış rəy istehlakçını inandırmaq gücünə malikdir. Araşdırmaya görə, yaxşı yazılmış saxta rəy istehlakçının həmin məhsulu alma ehtimalını 3 faiz artırır. Eynilə, “McKinsey & Company” konsaltinq firmasının 2 il ərzində 70 ən çox satılan kateqoriyanı və yüz minlərlə fərdi məhsulu əhatə edən araşdırmasına görə, yüksək ballar daha yüksək satış deməkdir. Bəs bunun nə əhəmiyyəti var? Dünya İqtisadi Forumunun 2021-ci ildə dərc etdiyi məlumatlara görə, saxta rəylər ildə 152 milyard dollar itkiyə səbəb olur. Digər tərəfdən, saxta rəylərlə vurğulanan məhsullar həmişə fotoşəkillərdə göründüyü və ya spesifikasiyalarda göstərildiyi kimi olmur. Beləliklə, məhsulun geri qaytarılması prosesi zamanı istehlakçı həm vaxt, həm də pul yükü ilə üzləşir. Həmin məhsulu tapmaq üçün itirdiyiniz vaxtdan danışmayın, belə ki, bütün bu ağrılı proses sizi başladığınız yerə qaytara bilər. Üstəlik, məhsul fotoşəkillərdə və təsvirdə göstərildiyi kimi gəlsə belə, o məhsulu almanızın səbəbi ona ehtiyacınız olmadığı üçün deyil, inflyasiya reallığında qiymətin artacağından qorxmağınız və şərhlərdə gördüyünüz səbəb, “stok” təzyiqidir.
Satıcıların qazanclarını artırmaq üçün saxta rəylər alması və ya təşviq etməsinin bir səbəbi var. Məsələn, məhsulun reytinqində əlavə bir ulduz gəliri 5 faizdən 9 faizə qədər artıra bilər. ABŞ-də onlayn və interaktiv təlimlər təklif edən “Legacy Learning Systems” şirkətinə qarşı açılan məhkəmə iddiasında, saxta rəylərə xərclənən 250 min dolların 5 milyon dollardan çox satış qazandırdığı məlum olub ki, bu da bunun parlaq nümunələrindən biridir. İtki təkcə iqtisadi sahədə deyil, saxta rəylər səbəbilə istehlakçıların həm platformalara, həm də satıcılara etibarı 28% azalır.
Saxta rəyləri necə aşkar etmək olar?
Elektron ticarət saytlarında anonim qalmaq mümkündür. Bu, istehlakçı kimi saxta rəyləri tez aşkar etməyi çətinləşdirir. Ancaq bəzi məsləhətlərdən istifadə edərək etibarsız rəyləri aşkar etmək mümkündür. Bəs şərhləri oxuyarkən nələrə diqqət etməliyik? Saxta şərhlərin forması və məzmunu tez-tez dəyişsə də, həmişə etibarlı olan bəzi məqamlar aşağıdakılardır:
-Real insanlar tərəfindən yazılan rəylərin ən mühüm xüsusiyyəti məhsulun həm müsbət, həm də mənfi tərəflərini əhatə etməsidir. Yalnız müsbət və ya mənfi ifadələrdən ibarət şərhlər saxta ola bilər.
-Bütün saxta şərhlər və rəylər məhsulu tərifləmək məqsədi daşımır. Məlumdur ki, bəzi brendlər rəqib brendin məhsulunun reytinqini aşağı salmaq üçün saxta rəylər alırlar.
-“Gözəl məhsul, əla” kimi qısa, ümumi rəylər də saxtakarlığın əlaməti ola bilər.
-Fərdi istehlakçıların nəzarət edə biləcəyi başqa bir detal, rəylərin tarixləridir. Bir-birinə yaxın qruplaşdırılmış və oxşar sözləri ehtiva edən şərhlər şübhəli ola bilər. Məsələn, sosial mediada bir çox istifadəçi tərəfindən irəli sürülən bir iddia, "stok" sözünü ehtiva edən şərhlərin saxta şərh qruplarına aid ola biləcəyi idi .
-Rəqib markanın məhsulunu xəbərdarlıq olaraq tənqid edərkən sözügedən məhsulu tərifləyən şərhlərin tezliyi açıq görünür.
-Mütəxəssislərin tövsiyə etdiyi digər üsul isə şübhəli şərhlər yazan insanların digər şərhlərini araşdırmaqdır. “Amazon”da rəyçinin profilinə və nəzərdən keçirdiyi məhsullara daxil olmaq mümkün olsa da, “Hepsiburada” və “Trendyol” kimi saytlarda istehlakçıların profillərinə daxil olmaq mümkün deyil.
-Məhsulu tərifləyən saxta rəylərin beşulduzlu, məhsul haqqında mənfi saxta rəylərin isə birulduzlu olduğu ən çox rast gəlinən hallardır. Ortadakı ulduzlarda real təcrübələrə əsaslanan şərhləri görmək ehtimalı daha çoxdur. Çünki heç bir marka rəqib brendə veriləcək 3 ulduza görə pul ödəmək istəməz.
E-ticarət saytları saxta rəylərin qarşısını almaq üçün nə edir?
E-ticarət saytlarından edilən alış-verişlərdə geri qaytarma və göndərmə şərtlərinin nisbətən daha aydın və şəffaf olması istehlakçının xeyrinə olsa da, saxta rəylərə aldanaraq alınan məhsulların qaytarılması yorucu bir prosesdir.
Şirkətlər də uzun müddətdir ki, saxta baxış problemindən xəbərdardırlar. Artıq problemə göz yuma bilməyən “Amazon”, “Booking.com”, “Expedia Group”, “Glassdoor”, “Tripadvisor” və “Trustpilot” kimi şirkətlər hətta keçən il etibarlı rəylər üçün qlobal koalisiya qrupu yaratdılar. İlk iclasından sonra mətbuata bəyanatla çıxış edən koalisiyanın əsas missiyasının saxta şərhləri aşkar etmək və araşdırmaq üçün ən yaxşı üsulları tapmaq naminə əməkdaşlıq etmək olduğu vurğulanıb.
Məsələn, “Amazon”un Təhlükəsizlik şöbəsinin xarici işlər üzrə rəhbəri Rebekka Mond deyir ki, onlar “Amazon”da istifadəçilər tərəfindən göndərilən bütün şübhəli şərhləri nəzərdən keçirirlər. Keçən il 200 milyon saxta rəyi bloklayan “Amazon”un müştəri etibarlığı komandasının rəhbəri Dharmeş Mehta deyir ki, bu dezinformasiya uçqunu “hansı məhsulu almalı və ya almamalı olduğuna aldanan” istehlakçılara zərər verir. Mehtanın xəbərdarlığı ondan ibarətdir ki, onun saxta rəy brokerləri adlandırdığı və kiçik bir sənayeyə bənzətdiyi saxta rəyçilər günü-gündən artır. Saxta şərh yazanlar adətən fərdi istifadəçilər olmadığı üçün bəzən bu şərhlərin arxasında yüzlərlə əməkdaşın olduğu komandalar olur.
“Amazon”un saxta rəylərlə mübarizədə yeni üsulu süni intellektdən yararlanmaqdır. İstifadə edilən süni intellekt vasitələri ilə şərhçinin keçmiş hərəkətlərini, giriş məlumatlarını və satıcılar da daxil olmaqla digər hesablarla əlaqələrini araşdıraraq şübhəli şərhləri aşkar etməyi hədəfləyir.
Amma burada diqqətdən qaçırılmaması lazım olan vacib bir məqam var: saxta şərhlər yazan insanlar süni intellekt alətlərindən istifadə edərək daha inandırıcı şərhlər də yarada bilərlər.
“Amazon”un başqa bir həll yolu etibarlı və dürüst hesab etdiyi istifadəçilərini pulsuz məhsullarla daha çox şərh verməyə təşviq edən "vine” proqramıdır. “Vine” nişanı olan istifadəçilər digər istifadəçilər arasında daha etibarlı kimi qəbul edilsə də, bu sistemi tənqid edənlər də var. Çünki bu hədiyyəlik məhsulların satışı və hədiyyə edilməsi qadağan olunsa da, buna nəzarət mexanizmi yoxdur.
“Trendyol”da qeyd edilir ki, şərhlər qaydalara uyğun gələrsə, yoxlanıldıqdan sonra ən qısa zamanda dərc olunacaq. Lakin hansı qaydaların tətbiq olunacağı və hansı şərhlərin məqsədəuyğun hesab ediləcəyi barədə dəqiq məlumat yoxdur. “Hepsiburada”, məhsulun vizual və təsvirlərində natamam və ya səhv məlumat olduğunu düşünən istehlakçılar məhsulun təsviri bölməsinin altındakı "Yanlış məzmunu bildirin" düyməsindən istifadə edərək şikayətlərini təqdim edə bilərlər.