“Nəqliyyat vasitəsilə məhdud miqdarda istənilən xüsusu təhlükəli yükü daşımaq olar. Bunun üçün icazə lazım deyil və bundan ötrü xüsusi təhlükəli yüklərin daşınması qaydalarını tətbiq etmək və həmin sürücünü buna görə məsuliyyətə cəlb etmək olmaz”. Bu fikirlə nəqliyyat üzrə ekspert Ərşad Hüseynov çıxış edib. O bu fikirləri avtomobilində məişətdə istifadə olunan qaz balonu daşıyan şəxsin avtomobilinin Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYP) əməkdaşları tərəfindən cərimə meydançasına aparılmasına münasibət bildirərkən səsləndirib.
Faktyoxla Lab.ekspertin bu açıqlamasının əsaslı olub-olmdığını dəqiqləşdirib.
Qeyd edək ki, ekspert fikrini əsaslandırmaq üçün Nazirlər Kabinetinin 10 saylı qərarına istinad edib.
Nazirlər Kabinetinin 27 yanvar 2000-ci il tarixli 10 saylı qərarı ilə təsdiqlənən “Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması Qaydaları”nın 1.2-ci hissəsinə əsasən bir avtomobil nəqliyyatı vasitəsi ilə məhdud miqdarda təhlükəli maddə və məmulat təhlükəsiz yük kimi daşına bilər. Bu zaman həmin təhlükəli maddə və məmulatın miqdarı “Təhlükəli yüklərin beynəlxalq avtomobil yolları ilə daşınması” barədə BMT-nin Avropa Sazişinin müddəaları, həmçinin digər müvafiq normativ sənədlərin tələbləri əsasında təsbit edilir və müəyyən növ təhlükəli yüklərin daşınması şərtlərində qeyd olunur.
Eyni zamanda həmin bənddə qeyd edilib ki, məhdud miqdarda təhlükəli maddə və məmulatın daşınması zamanı onların qabları, qablaşdırılması, qabların nişanlanması və s. üzrə müvafiq tələblərə əməl edilməlidir. Məhdud miqdarda təhlükəli maddə və məmulatları daşıyan nəqliyyat vasitələrində bu Qaydalarda nəzərdə tutulan digər təhlükəli yüklər daşınmamalıdır.
Əsasnamədə nəqliyyat vasitəsilə məhdud miqdarda təhlükəli maddə və məmulatın təhlükəsiz yük kimi daşınması nəzərdə tutulsa da konkret olaraq icazəsiz, eyni zamanda şəxsi nəqliyyat vasitəsilə vətəndaş tərəfindən daşınması məsələsi əksini tapmayıb. Tələblər əsasən bu işlə məşğul olan hüqiqi və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsləri əhatə edir. İlk növbədə əsasnamənin 1.3-cü bəndində qeyd edilib ki, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər təhlükəli yüklərin daşınması üzrə fəaliyyət növünə Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsindən (Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi -red) xüsusi razılıq (lisenziya) almalıdırlar.
Sənədin “Təhlükəli yüklərin daşınma marşrutlarının müəyyən edilməsi və razılaşdırılması Qaydaları” adlı II hissəsində isə yüklərin daşınma marşrtunun rayon icra hakimiyyəti, DYP və Fövqəladə Hallar Nazirliyinin təhlükəli yüklərin daşınmasına nəzarət müfəttişliyi ilə razılaşdırılması tələb olunur. Sənəddə yalnız təbii fəlakətlər, bədbəxt hadisələr və s. zamanı qəza-bərpa işlərinin icrası üçün məhdud miqdarda partlayıcı maddə və məmulatların təcili daşındığı hallarda marşrutun DYP ilə razılaşdırılması tələb edilmir. Bu cür daşınma halları, daşınmanın məqsədi və daşınan təhlükəli maddə və məmulatın miqdarı göstərilməklə daşınma üçün verilmiş xüsusi razılığın (lisenziyanın) şərtlərində öz əksini tapmalıdır.
Əsanamədə həmçinin təhlükəli yükləri daşiyan nəqliyyat vasitələri üzrə əlavə tələblər müəyənləşdirilib. Məsələn, tez alışan maye və qazları daşıyan nəqliyyat vasitəsinin səsboğanı asan sökülən və quraşdırılan qığılcımsöndürənlə təchiz edilməli, həmin nəqliyyat vasitələrinin yanacaq çənlərinin qabaq və arxa tərəfləri metal lövhələrlə qorunmalı, oturacağına 10x10 mm ölçüdə deşikləri olan metal tor quraşdırılmalıdır.
Qaydalarda əksini tapan bu və digər tələblərə əsasən demək olar ki, təhlükəli maddənin istənilən nəqliyyat vasitəsilə daşınmasına icazə verilmir.
Bundan başqa əsanaməyə olunan 9 əlavədə bu proseslə bağlı bir sıra tələblər qoyulub. Bura nəqliyyat vasitəsində təhlükəsiz maddə kimi daşınan maddələrin məhdud miqdarı, yaxud qabların sayı, çəkisi və digər məsələlər daxildir.
Qeyd edək ki, təhlükəli yüklərin daşınması proseduru təkcə bu əsasnamə ilə deyil, həmçinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bu qanunun 57-ci maddəsində (Yüklərin daşınması) birmənalı şəkildə bildirilir ki, tezalışan, partlayış qorxusu olan, radioaktiv, güclü zəhərləyici maddələr və ya digər təhlükəli yüklər yalnız fərqləndirmə-tanınma nişanları olan xüsusi təchiz edilmiş nəqliyyat vasitələri ilə və xüsusi qaydalarda müəyyən edilmiş şərtlərlə daşınmalıdır.
İnzibati xətalar Məcəlləsinin 348-ci maddəsinə (Nəqliyyat vasitələri ilə təhlükəli yüklərin daşınması qaydalarının pozulması) əsasən nəqliyyat vasitələri ilə təhlükəli yüklərin daşınması qaydalarının pozulmasına görə fiziki şəxslər üçün yüz manat, vəzifəli şəxslər beş yüz manat, hüquqi şəxslər beş min manat məbləğində cərimə nəzərdə tutulub.
Sadalananlara əsasən bu nəticəyə gəlmək olar ki, birincisi, qanunvercilikdə məhdud miqdarda təhlükəli maddə daşınması nəzərdə tutulsa da bunun üçün icazə alınması, həmçinin bir sıra təhlükəsilzik tədbirlərinin görülməsi şərti qoyulub. Bundan başqa qanuvercilik bu tipli yüklərin xüsusi təchiz edilmiş nəqliyyat vasitəsilə daşınmasını tələb edir.
Faktyoxla Lab.bu qənaətə gəlib ki, ekspertin təhlükəli yüklərin daşınması ilə bağlı açıqlaması əsaslı deyil.