Sovet İttifaqının dağılmasından sonra üzv respublikalarının yenidən müstəqillik əldə etməsi Cənubi Qafqaz regionunda da geosiyasi mənzərənin dəyişməsi ilə nəticələndi. Bu istiqamətdə Azərbaycan Respublikasının yenidən öz müstəqilliyinə qovuşması İran üçün “arzuedilməz” siyasi proseslərdən biri olmuşdur. Bunu elə 18 oktyabr 1991-ci ildə müstəqilliyimizi rəsmən elan etdikdən sonra İranın atdığı addımlarda da görmək mümkün idi. Belə ki, 1991-ci ilin 27 noyabr tarixində Moskvaya rəsmi səfər edən həmin dövr İranın xarici işlər naziri olan, hazırda isə bu ölkənin ali rəhbəri Seyid Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri kimi mühüm post tutan Əli Əkbər Vilayəti “Exo Moskva” radiosuna verdiyi müsahibədə rəsmi Tehranın Azərbaycanın müstəqilliyini tanımaq niyyətində olmadığını bəyan etmişdi.
Hələ 1991-ci ilin noyabr ayının 27-də “İzvestiya” qəzeti yazırdı ki, “İranın Xarici İşlər naziri Əli Əkbər Vilayəti dünən “Exo Moskva” radiosuna müsahibəsində bildirib ki, “biz Azərbaycanın dövlət müstəqilliyini tanımağa hazırlaşmırıq”. Yəni, İranın əvvəldən Azərbaycanın müstəqilliyini tanımaq fikri yox idi. Lakin, hadisələrin sonrakı inkişafı İranı Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur etdi və məcbur edilmiş İran hakimiyyəti az sonra Vilayətini təcili Bakıya göndərdi. Qeyd edək ki, müstəqil Azərbaycana səfər edən ilk xarici ölkə rəsmisi kimi Əli Əkbər Vilayəti tarixə düşdü.
Məhz bu səbəbdən müstəqilliyin ilk illərindən, yəni ötən əsrin 90-cı illərin əvvəllərindən İran, dövlət səviyyəsində Azərbaycan Respublikasına qarşı destruktiv fəaliyyətə başlamışdır. Bu fəaliyyətdə əsasən 3 istiqamət nəzərə çarpıb:
1. İranın xüsusi xidmət orqanları, diplomatları, ruhaniləri, kütləvi informasiya vasitələri, ekspertləri və digər bu qəbildən olan şəxslərin Azərbaycana qarşı kompleks fəaliyyətləri. İran bu cür rəsmi şəxslər vasitəsilə ötən əsrin 90-cı illərindən Azərbaycana qarşı müxtəlif istiqamətlərdə fəaliyyətlər təşkil etmişdir;
2. İranın emissarları tərəfindən Azərbaycanda bu ölkənin dini ideologiyasını yaymaq. Bununla da Azərbaycanda sabitliyi pozmaq, inkişaf dinamikasının qarşısını almaq və ölkədə İran tipli dövlət modeli yaradaraq onun İrana birləşdirilməsini təmin etmək bu fəaliyyətlərin əsas hədəflərindən olmuşdur. Təəssüf ki, bu istiqamətdə fəaliyyətin aparıcı qüvvəsi İrana dini təhsil adı ilə aparılaraq bu ölkənin xüsusi xidmət orqanları tərəfindən cəlb edilmiş Azərbaycan vətəndaşları olmuşlar;
3. Ermənistana iqtisadi, siyasi və hərbi dəstək göstərmək.
Biz, bu istiqamətlərdə hazırladığımız 3 yazını oxucularımıza təqdim edəcəyik.
Beləliklə,
İranın rəsmi orqanlar və şəxslər vasitəsilə anti-Azərbaycan siyasəti
Azərbaycanın müstəqillik qazanmasının ilk günlərindən start verilən bu destruktiv fəaliyyətin səbəbləri var idi. İranda milyonlarla soydaşımızın yaşaması səbəbindən rəsmi Tehran ilk günlərdən müstəqil və güclü Azərbaycan dövlətinin mövcudiyyəti ilə barışa bilməzdi. Elə həmin dövr, yəni ötən əsrin 90-cı illərində İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei etdiyi çıxışlardan birində ölkənin dövlət qurumlarına Azərbaycan kimi ölkələrlə bağlı xüsusi missiya həyata keçirməyi tapşırmışdır. Belə ki, o, bu ölkələrdə insanlara namaz qılmaq, oruc tutmaq kimi dini hökmləri öyrətməyi deyil, onları İranın proksi qüvvələri kimi yetişdirməyə hesablanmış “düşünülmüş proqramlar” həyata keçirməyə dair tapşırıqlar vermişdir.
Bəllidir ki, İranın teokratik dövlət modelinə əsasən, ölkənin ali rəhbəri hesab edilən Əli Xamenei “ilahi vəzifə” daşıyır və İran siyasətini formalaşdıran əsas fiqurdur. Ölkədə baş verən bütün proseslər və xarici siyasət şəxsən onun tərəfindən formalaşdırılır və tətbiq edilir. Onun təsdiqləmədiyi qanun, rəsmi şəxs, prezident və s. legitim hesab edilmir. “Ali rəhbər” “ilahi vəzifə” kimi qələmə verildiyindən ölkə konstitusiyasından da üstün hesab edilir, o, heç bir qanun, konstitusiya və xalq qarşısında məsuliyyət daşımır. Məhz bu tapşırıq ilk illərdən İran emissarlarının Azərbaycana qarşı destruktiv fəaliyyətlərinə yaşıl işıq yandırmışdır. Belə ki, birinci Qarabağ müharibəsi zamanı İrandan guya Azərbaycana dəstək kimi göndərilən “Sepah” generalı Mənsur Həqiqətpur və onun başçılıq etdiyi hərbi heyət Azərbaycandan məxfi hərbi məlumatları oğurlayaraq Ermənistan tərəfə ötürmüş, bununla da Qarabağın işğalına ciddi dəstək göstərmişdir.
Bu səbəbdən 1994-cü ildə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində general Mənsur Həqiqətpura qarşı cinayət işi açılmışdır. (mənbə) Lakin sonuncu müxtəlif yollarla ölkədən qaçmağa nail olmuşdur. İrana qayıtdıqdan bu günə qədər müxtəlif vəzifələrdə çalışan M.Həqiqətpur anti-Azərbaycan mövqe və fəaliyyətlərini davam etdirməkdədir.
Bu haqda Faktyoxla Lab-ın Türk redaksiyasının hazırladığı yazını buradan oxuya bilərsiniz:
SEPAH generali Mansur Hakikatpur’un Azerbaycanla ilgili söyledikleri doğru mu?!
Qonşuları ilə mehriban qonşuluq siyasətini rəhbər tutan Azərbaycana həmin illərdə gələnlərdən biri də Əsğər Fərdi olmuşdur. Dahi Cənubi Azərbaycan şairi Məhəmməd Hüseyn Şəhriyarın tələbəsi olmasından istifadə edərək Azərbaycanda rəğbət qazanmağa, ilk vaxtlar Azərbaycanı sevən şəxs kimi pərdələnməyə çalışmışdır.
Lakin həmin illərdə çəkdiyi “Qafqazın 17 şəhəri” adlı filmlə Azərbaycan Respublikasına qarşı əsas çirkin simasını üzə çıxarmış, ölkəmizə qarşı ərazi iddiaları irəli sürdüyündən ölkədən qovulmuşdur. İranın Kəşfiyyat Nazirliyinin (Ettelaat-red.) əməkdaşı olan və Xarici İşlər Nazirliyinin Qafqaz şöbəsində rəhbər vəzifələrdə çalışan Ə.Fərdi İrana qayıtdıqdan sonra da Azərbaycanla düşmənçiliyini davam etdirmiş və 1997-ci ildə İran Dövlət Teleradio Şirkətinin xaricə yayım şöbəsinin tərkibində hazırda da Azərbaycan əleyhinə fəaliyyət göstərən “Səhər Azəri TV”ni təsis etmiş, burada Azərbaycan əleyhinə verilişlər aparmışdır.
O, həmin telekanalda “Kompas” adlı verilişin aparıcısı olub, fəaliyyət müddətində Azərbaycan Respublikasında baş verən hadisələri təhrif etməyə çalışıb, Azərbaycanda baş verən və İranla bağlı əksər hadisələrə ideoloji istiqamət verib.
Onun anti-Azərbaycan fəaliyyətlərinə yaxından şahid olan bir şəxs, Azərbaycanda Rafiq Tağının onun yaxın adamları tərəfindən öldürüldüyü barədə GünAz TV-yə məlumat verib. Onun nardaranlı “ekstremistləri” silahlandırmaqda xüsusi rol oynadığı da bildirilir.
Ötən əsrin 90-cı illərdən etibarən Azərbaycanın varlığını heç cür qəbul edə bilməyən İran hökuməti Azərbaycana qarşı təbliğat aparan onlarla beyin mərkəzi və informasiya resursları yaratmışdır. Bunlardan bir hissəsi böyük miqyasda Azərbaycan üzrə ixtisaslaşıblar. Yüzlərlə əməkdaşı olan bu təsisatların bir çoxunun kadr təminatının İranın xüsusi xidmət orqanları və Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirildiyi məlumdur. Maraqlı məqamlardan biri də həmin təsisatların əməkdaşlarından bəzilərinin ötən illərdə rəsmi olaraq Azərbaycana nümayəndə kimi göndərilməsinə baxmayaraq ölkəmizdə anti-Azərbaycan davranışlarına görə buradan qovulmasıdır. Bu istiqamətdə bir müddət İran Dövlət Teleradio Şirkətinin Azərbaycandakı nümayəndəsi olan və 2011-ci ilin sonlarında ölkədən qovulan Əhməd Kazımini göstərmək mümkündür. Hansı ki, həmin Əhməd Kazımi hazırda da bu televiziyanın tədqiqat mərkəzində çalışır və anti-Azərbaycan, Ermənistana dəstək istiqamətində vaxtaşırı mətbuatda məqalə və müsahibələrlə çıxış edir. Həmin təsisatlar və informasiya resurslarının xüsusilə “Aprel döyüşləri” və Vətən müharibəsindən sonra Azərbaycana qarşı düşmən mövqeyi və dezinformasiya kampaniyasını daha da genişləndirdiyi, 2017-ci ildə Qarabağda işğal dövründə mövcud olmuş qondarma rejimin “xarici işlər naziri” kimi təqdim edilən Masis Mayılyandan və 2023-cü ildə terrorçu rejimin “dövlət naziri” kimi təqdim edilən Ruben Vardanyandan provokativ müsahibələr almasına qədər iki ölkə münasibətlərinin perspektivini ciddi şəkildə şübhə altına alacaq addımlar atdıqları müşahidə edilmişdir. Bundan başqa onun “Zəngəzur dəhlizi” ilə bağlı fikirləri Ermənistan mediasında böyük rəğbətlə qarşılanır.
İranda Azərbaycan əlehinə fəaliyyə göstərən təşkilat və media orqanlarından bəzilərini təqdim edirik:
✅ 2000-ci ildə Təbrizdə yaradılmış “Aran Beynəlxalq Mədəni Araşdırmalar Mərkəzi”. Direktoru Məhəmmədrza Kəffaşdır. Mərkəzin “Aran news” saytı və “Azər Aran” adlı jurnalı fəaliyyətdədir.
✅ 2001-ci ildə təsis edilmiş Tehranın “Əbrare-Moaser Beynəlxalq Məsələlərin Araşdırılması və Tədqiqatı Mərkəzi”;
✅ 2005-ci ildə Tehranda yaradılmış “İran və Avrasiya Araşdırmaları İnstitutu”. Bu müəssisə həm də ermənilərin İranda anti-Azərbaycan tədbirlər və görüşlər keçirməsi, eləcə də Azərbaycan və Türkiyə əleyhinə çıxışlar etməsinin platforması rolunu oynayır;
✅ 2010-cu ildə Ərdəbildə təsis edilmiş “Qafqaz Mədəniyyət Mərkəzi”. Rəhbəri Ərdəbilin imam cüməsi Ayətullah Seyid Həsən Amilidir. Mərkəzin “Qafqaz.ır” saytı və “Qafqaz” adlı jurnalı fəaliyyət göstərir;
✅ Tehranın “Əbrare-Moaser Beynəlxalq Məsələlərin Araşdırılması və Tədqiqatı Mərkəzi”
✅ İran Dövlət Teleradio Şirkətinin Araşdırmalar Mərkəzi
✅ “Azəriha”, “Anac” (Anaj. ir), “Dana”, “Məşreq”, “Təbrize-bidar”, “Badkubeh”, “Şərq” qəzeti, “Təsnim” və “Fars” informasiya agentlikləri, rəsmi “Press TV”nin informasiya agentliyi, rəsmi “Əl-Aləm” televiziyası, İran ermənilərinin “Alik” qəzeti və digər bu kimi informasiya resursları anti-Azərbaycan şəbəkəsində özünəməxsus yer tutmaqdadılar.
(Davamı var)