Azərbaycan müstəqilliyin ilk illərindən, yəni ötən əsrin 90-cı illərin əvvəllərindən Tehran İran dövlət səviyyəsində Azərbaycan Respublikasına qarşı destruktiv fəaliyyətə başlamışdır. Bu fəaliyyətdə fars-molla rejiminin xüsusi xidmət orqanları, diplomatları, ruhaniləri, KİV-ləri, media-ekspertləri və digər bu qəbildən olan şəxslərin Azərbaycana qarşı kompleks fəaliyyətləri daha qabarıq nəzərə çarpıb. Fars-molla rejiminin mediası haqda 1-ci yazıda məlumat vermişdik, bu dəfə media-ekspertlər və trol şəbəkələri haqda danışacağıq.
Ehsan Movəhhediyan
İranın 2-ci dərəcəli mətbuat orqanlarında “ekspert” və “analitik” kimi təqdim edilir. Halbuki belə bir şəxsin varlığı barədə 2020-ci ilin sentyabr ayına qədər elə də ciddi məlumatlara rast gəlinmirdi. Yəni, Tehranın akademik mərkəzlərinin informasiya resurslarında bu şəxs barədə bioqrafik məlumatlar tapmaq çətindir. Yalnız “Magiran” saytında E.Movəhhediyanın Əllamə Təbətəbai Universitetinin beynəlxalq münasibətlər ixtisasında doktorantura pilləsində təhsil aldığı qeyd edilir. Tehran mediasında çox nadir hallarda yazılarına rast gəlinir.
Son vaxtlarda yazdığı, kiber sahədən tutmuş Amerika, Avropa, iqtisadi və sosial məsələlər barədə bir neçə məqaləsi isə elmi deyil, şəxsi düşüncəsini ehtiva etdiyindən, bu düşüncəni isə dayaz elmi bilgililərdən formalaşdığı üçün geniş elmi auditoriya toplaya bilməmişdir. Belə uğursuz fəaliyyət səbəbindən də, görünür, ötən illər ərzində ciddi akademik çevrələrdə və beyin mərkəzlərində onu savadlı ekspert, fundamental biliklərə sahib şəxs kimi qəbul etməmiş və bu cür mərkəzlərdə fəaliyyəti müşahidə edilməmişdir.
Lakin 2020-ci ildə Vətən müharibəsindən sonra regionda yaranan yeni geosiyasi reallıqlar qarşısında İranın “cığallığı” kölgədə qalan şəxslərin “fars millətçiliyi” və “iranşəhri” ideologiyasına söykənən Ehsan Movəhhediyan kimi şəxslərə populizmlə məşğul olub karyera irəliləyişinə nail olmaq üçün həm də arena yaratmışdır. Məsələn, “İran diplomatiyası” saytına baxdıqda E.Movəhhediyanın qatı fars millətçiliyinə və ermənipərəstliyə söykənən, reallıqdan tam uzaq və heç bir elmi əsası olmayan, dayaz cümlərlə doldurulmuş yazılarının dərc edildiyi müşahidə edilir.
Onun cari ilin fevral ayında Ruben Vardanyandan aldığı və İranın “Şərq” qəzetinin saytında dərc edilən, amma bir neçə saat sonra oradan silinən müsahibəsini də bu aspektdən dəyərləndirmək lazımdır.
Sosial platformadakı hesablarında baxdıqda da E.Movəhhediyanın əvvəllər izləyicilərinin 500-750 nəfər arasında dəyişdiyini görmək olar. Amma qeyd etmək lazımdır ki, əksəriyyəti ermənilər və saxta profillər olan azsaylı bu auditoriyanı da Vətən müharibəsindən sonra populist çıxışları nəticəsində əldə edə bilib. Hazırda isə o, erməni həmfikirləri ilə birgə yaradıb, idarə etdiyi, izləyici sayı 1000 nəfəri güclə keçən “Qafqazda tufan” teleqram kanalında anti-Azərbaycan məlumatlar dərc etməklə ermənilərdən aldığı “like” və “ürək”lərdən ekstaz vəziyyətinə çatmaqdan başqa elə də ciddi işlə məşğul olmur. Bir sözlə, heç bir ciddi nəaliyyəti olmayan bu şəxsi demək olar ki, heç İranda ciddiyə alan yoxdur. Həm də yazılarından çıxarılan nəticələrə görə psixoloji portreti çəkilərsə, bu şəxsdə ciddi psixoloji problemlərin olduğu üzərində düşünməyə də əsas verir. Odur ki, İranda müəyyən çevrələr də hazırda bu şəxsdən müəyyən dövri maraqları üçün istifadə edir, təbii ki, bir müddətdən sonra o, dayaz səviyyəsinə uyğun yerə göndəriləcək.
İranda uzun illərdir anti-Azərbaycan şəbəkənin bədnam simalarından biri də Salar Seyfəddini adlı şəxsdir.
İranın Milli Təhlükəsizlik Nazirliyinə (Ettelaat-red.) yaxın olduğu bildirilən bu şəxs uzun illərdir həmin çevrələr tərəfindən Azərbaycana qarşı aparılan çirkin kampaniyaların əsas oyunçularındandır. O, təsis etdiyi “Azəriha” saytı vasitəsilə həm Azərbaycan dövlətçiliyinə, həm də cənublu-şimallı Azərbaycan millətinə qarşı təhqirlərdən çəkinməməsi, düşmən mövqe sərgiləməsi və ermənilərə rəğbət bəsləməsi ilə seçilir. Salar Seyfəddini 1984-cü ildə Təbrizdə doğulsa da, onun milli mənsubiyyəti barədə dəqiq bir fikir söyləmək çətindir. Paniranist, ermənipərəst və anti-Azərbaycan dünyagörüşünü, eləcə də Azərbaycan dilində danışmadığını nəzərə alaraq onun Təbrizdə yaşayan azsaylı ermənilərdən biri olduğunu ehtimal etmək olar. S.Seyfəddini uzun illərdir ki, Azərbaycan xalqının milli kimliyi, tarixi, mədəniyyəti və dövlətçilik ənənələrini saxtalaşdırmaq, bu dəyərlərimizi ya farsların, ya da ermənilərin adına çıxmağı ilə diqqət çəkir.
İranlı jurnalistə öz tarixi mənbələri ilə cavab: Şuşa yoxsa “Şuşi”?
Bu şəxs, uzun müddət İranın Prezident Aparatı yanında Strateji Araşdırmalar Mərkəzində ekspert kimi də çalışmışdır.
Onun yazılarında “arsax”, “şuşi”, “erməni soyqırımı” və digər qıcıqyaradacaq ifadələrə tez-tez rast gəlinir. Seyfəddini 2017-ci ilin noyabr ayında özünü Qarabağdakı terrorçu rejimin “xarici işlər naziri” kimi təqdim edən Masis Mayılyandan müsahibə alması ilə xatırlanır. Həmin müsahibədə S.Seyfəddini Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı hörmətsizlik edərək İranın həmin qondarma rejimi tanımasının “vacib” olduğunu qeyd etmişdi.
Hazırda da S.Seyfəddini İranda anti-Azərbaycan seqmentdə fəaliyyət göstərən əsas fiqurlardan biri olaraq qalır.
Vətən müharibəsindən sonra anti-Azərbaycan, ermənipərəst və paniranist seqmentdə, peyda olanlardan biri də “Sepah”a məxsus Telegram kanallarında “media fəalı” kimi təqdim edilən Rza Abbasi adlı sosial şəbəkələrdə fəaliyyət göstərən profildir. Tvitter hesabında “sərbəst jurnalist” olduğunu qeyd edən R.Abbasi ətrafında apardığımız araşdırmalar onun saxta hesab olduğu qənaətinə gəlməyimizə əsas vermişdir.
2021-ci ilin may ayında açdığı tvitter hesabında əsas etibarilə Azərbaycan əleyhinə təbliğatla məşğul olan, İrandan başqa, onun Rusiya, Çin, Ermənistan və digər bu kimi “müttəfiqləri” lehinə məlumatlar tirajlayan bu şəxs haqqında İranın informasiya resurslarında bir cümlə belə məlumat yoxdur. Bu isə həmin profilin İranın xüsusi xidmət orqanlarının mesaj çatdırmaq və dezinformasiyalar tirajlamaq üçün açdıqları saxta profil olduğunu deməyə əsas verir.
Bunlar SEPAH-ın ekspertləri idi. İndi isə Azərbaycan əlehinə fəaliyyət göstərən böyük trol şəbəkəsinin əsas ideloqu Əli Əkbər Raefipur haqda.
Əli Əkbər Raefipur İranda universitet müəllimi, əsas konspirasiya nəzəriyyəçilərindən və sosial şəbəkələrdə müxtəlif həştəqlərlə kampaniyalar keçirən fiqurlardan biridir. Anti-Qərb, anti-semit və yəhudilərə qarşı nifrət çıxışları ilə gündəmə gələn Raefipur 2010- cu ildə təsis etdiyi “Sionizm, Abonizm və Masonluqla Mübarizə Müəssisəsi” (Abreviasiyası: Məsaf- red.) adlı təşkilata rəhbərlik edir. Təşkilatın adının abreviasiyası- yəni “Məsaf” fars dilində həm də “döyüş meydanı” mənasını verir. O, mühasibatlıq ixtisası üzrə bakalavr dərəcəsinə malik olduğunu iddia edir. Özünü “axırzaman” (Qiyamət günü ərəfəsi- red.) və “sionizm” sahələri üzrə tədqiqatçı, həmçinin mətbuat nümayəndəsi və universitet müəllimi kimi təqdim edir. Hökumət tərəfindən Raefipura hər il universitetlərdə yüzlərlə saat mühazirə oxumaq imkanı verilir. “Azadlıq Radiosu”nun farsdilli şöbəsi, eləcə də xarici dövlətlərdə fəaliyyət göstərən İran müxalifəti nümayəndələri onu İranın hakim dairələri və “Sepah”a bağlı şəxs adlandırırlar.
Ə.Ə.Raefipur 28 aprel 1984-cü ildə Tehranda doğulmuşdur. İddiasına görə, cənubi azərbaycanlıdır və Azərbaycan dilində bəzi çıxışları sosial şəbəkələrdə mövcuddur.
Raefipur hər il universitetlərdə yüzlərlə saat mühazirə oxumaq imtiyazına sahibdir. O, çıxışları və mühazirələrində “satanizm”, “masonizm”, “sionizm”, “mehdəviyyət” (Şiə məzhəbində imam Mehdinin zühuruna inam-red.) və digər bu kimi mövzularla əlaqədar mifik fikirlər səsləndirir və bu məsələrlə maraqlanan şəxslər arasından özünə kifayət qədər tərəfdarlar toplamağa nail olub. mənbə Tənqidçiləri və ekspetlər onun iddia, nəzəriyyə və proqnozlarının heç bir elmi dəlilə söykənmədiyini, dedi- qodular əsasında irəli sürüldüyünü, eləcə də beynəlxalq məsələlərlə bağlı iddialarının mətbuatda çıxan bir- biri ilə əlaqəsi olmayan xəbərlərin müxtəlif yollarla əlaqələndirilməsi ilə meydana gətirildiyini qeyd edirlər. Tənqidçilərinə qarşı aqressiv, xoşagəlməz və təhqiramiz ifadələrdən istifadə etdiyi üçün onu tənqid edənlərin sayı da azdır. Onun siyasi proqnozlarını da digər şəxslərin eyni mövzuda fikirlərindən oğurlayaraq irəli sürdüyü bildirilir; mənbə
Raefipurun fikirləri və çıxışları əsas etibarilə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olur. O, İran rejiminə və onun teokratik ideologiyasına bağlı şəxslər olan “hizbullahçı gənclər” adlandırılan qruplar arasında “fake” xəbərlər və konspirasiya formalaşdıran əsas fiqur hesab edilir və onlar bu informasiyaların sosial şəbəkələrdə geniş kütlələr arasında yayılmasını təmin edirlər.
İran mətbuatında bu şəxslə bağlı ziddiyyətli məlumatlar mövcuddur. Bir qrup xəbər və məqalələrdə onun fikirləri dərc edilsə də, digər qrupda onun şəxsi və fikirləri tənqid edilir; (mənbə)
Tərəfdarları onu “ustad”, İranın rəsmi “İSNA” agentliyi isə “yaşayan iranlı Nostradamus” adlandırırlar. Maraqlıdır ki, özlərini “Hüseynçilər” adlandıran Azərbaycan vətəndaşlarından ibarət radikal islamçı dəstə üzvləri də onu “ustad” adlandırır və Raefipura rəğbət bəsləyirlər. Həmçinin Raefipurun Taleh Bağırzadənin aclıq aksiyası ilə əlaqədar Tvitter səhifəsində etdiyi paylaşım da “Hüseyniyyun” üzvləri tərəfindən xüsusi coşğu ilə qarşılanmışdı.
Azərbaycan Respublikasına qarşı aparılan kampaniyada müəyyən məsələlərdə bəzi tezislərin “Hüseyniyyun” üzvlərinə Raefipur tərəfindən ötürüldüyü də nəzərə çarpır. Belə ki, “Sepah”ın “Qüds Qüvvələri”nin öldürülmüş komandanı Qasım Süleymani tərəfindən yaradılmış “hüseyniyyun” terror qruplaşmasının KİV və sosial şəbəkələr sahəsində Raefipurun “kurasiyası”na verildiyi və onun trol dəstəsi kimi çıxış etdiyi nəzərə çarpır. mənbə1 mənbə2 mənbə3 mənbə4
Hətta aparılan təhlillər göstərmişdir ki, “hüseyniyyun”un təsis etdiyini iddia etdiyi, fars dilində fəaliyyət göstərən və Orxan Məmmədovun başçısı kimi təqdim edilən “Azərbaycan araşdırmaları mərkəzi” də Raefipur və onun “Məsaf” komandası tərəfindən idarə və kurasiya edilir və Raefipurun dəstəsi də bu faktı etiraf edir;
Rəhbərlik etdiyi “Sionizm, Abonizm və Masonluqla Mübarizə Müəssisəsi”nin bir neçə şöbəsi var. Bunlar əsas etibarilə iqtisadi, siyasi və mədəni sahələrdə fəaliyyət göstərirlər. Lakin 2018- ci ilin “Qüds günü”ndə (Ramazan ayının son cümə günü- red.) Raefipurun “Məsaf” təşkilatının dizayn və istehsal etdiyi “Zülfüqar” adlı avtomat silahı təqdim etməsi ciddi müzakirələrə səbəb olmuşdu. Yuxarıda sadalanan sivil sahələrdə fəaliyyət göstərdiyini iddia edən “Məsaf” təşkilatının hansısa dövlət və ya hərbi orqanın bir şöbəsi kimi fəaliyyət göstərdiyinə dair fikirlər irəli sürülmüşdü. Həmin vaxt mütəxəssislər bu silahın Belçika istehsalı olan SCAR-H avtomat silahından kopyalandığı bildirirdilər.
2020- ci ildə isə Raefipur “Məsaf”ın kiçik dronlarla mübarizə üçün radar sistemi istehsal etdiyini bildirmiş və onu təqdim etmişdi. Həmin əsnada İranın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaydığı bəyanatda bu radarın sərnişin təyyarələrinin GPS sistemində problemlərə səbəb olduğunu və qəza riski meydana gətirdiyini bəyan etmişdi; Ümumiyyətlə həm avtomat silahı, həm də radar istehsalı Raefipur və onun rəhbərlik etdiyi təşkilatın İranın hansısa hərbi və ya xüsusi xidmət orqanı, əsas etibarilə isə “Sepah”a bağlı olması barədə ehtimalları daha da artırır;
Raefipur və onun təşkilatı sosial şəbəkələrdə müxtəlif həştəqlərlə trend formalaşdırırlar. 2020- ci ilin aprel ayında onlar İsrailə qarşı “#Covid1948” həştəqi ilə geniş kampaniya keçirmişdilər. Bu səbəbdən Raefipurun Tvitter hesabı silinmişdi. Lakin sonra yenidən Raefipurun adına yeni tvitter hesabı açılıb.
(davamı var)